“Narkotikdən yalnız bu halda uzaqlaşmaq mümkündür...” - QHT RƏHBƏRİ İLƏ İLİN YEKUN DƏYƏRLƏNDİRMƏSİ

“Narkotik elə bir şeydir ki, ondan yalnız və yalnız maarifləndirmə ilə uzaqlaşa bilərsən”

“Narkotiklərin zərərlərini əks etdirən videoroliklərin, filmlərin sayı artmalıdır”

Azərbaycanda 2023-cü il narkomaniyaya qarşı mübarizənin kəskinləşdiyi il kimi yadda qaldı. Bəs bu ilki mübarizə nə qədər müvəffəqiyyətli oldu?

Təbii ki, əgər mübarizə qənaətbəxş olubsa, deməli, nəticələr də arzuedilən səviyyədədir. Bəs, həqiqətən də belədirmi? Stopnarkotik.az məsələyə Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova ilə müsahibədə aydınlıq gətirməyə çalışıb.

- Büllur xanım, 2023-cü ildə narkomaniyaya qarşı aparılan mübarizənin nəticələrini bir QHT rəhbəri kimi necə dəyərləndirirsiniz?

- Deyə bilərəm ki, maarifləndirmə tədbirlərinin sayı artıb. Daxili İşlər Nazirliyinin də keçirdiyi əməliyyatlar göz qabağındadır. Taksi sürücülərindən tutmuş, işğaldan azad olunmuş torpaqlarımızda düşmənlərimizin əkib-becərdiyi, ixrac etdiyi narkotiklərin ələ keçirilməsinə qədər işlər görüldü. Narkotacirlərlə mücadilə davamlı şəkildə gedir. Bu işlərin nəticələri görünür. Bu da çox gözəldir ki, iş gedir. Bir var ortada iş olmasın, bir də var ortada görülən işlər və nəticə var.

Deyə bilərik ki, son iki ildə DİN sürətli şəkildə bunları aşkarlayır, əməliyyatlar icra olunur. Ən sevindirici hal budur ki, narkomaniyaya qarşı mübarizə çərçivəsində təkcə DİN, bizim ictimai birlik, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu yox, təhsil sahəsi, mədəniyyət sahəsi, muzeylər, hətta diaspor təşkilatları da maarifləndirmə tədbirləri keçirirlər. Bu da o deməkdir ki, birlik nümayiş olunur. Biz birlik göstərsək, bu mücadilədə qalib ola bilərik. Son zamanlar da onu görürük ki, bu mübarizəni aparmaqda birlik formalaşır.

- Bəs, qarşıdan gələn 2024-cü il üçün narkomaniyaya qarşı mübarizədə gözləntiləriniz nələrdir? Daha effektiv sonuclar üçün hansı yenliklərə, dəyişikliklərə imza ata bilərik?

- Mütləq şəkildə beynəlxalq təcrübə öyrənilməldir. Son zamanlar narkotiklərlə mübarizə ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edirik. Bizim təcrübəmiz gözəl ola bilər, amma yenilikləri də öyrənməliyik. Çünki narkotacirlər günü-gündən peşəkarlaşırlar. Artıq narkotikin satışını sosial şəbəklər üzərindən aparırlar, canlı olaraq satış yoxdur. Mübarizə dərinləşdikcə narkotacirlər də özlərini inkişaf etdirir, ticarətləri üçün yeni yollar tapırlar. Bu səbəbdən, paralel olaraq mübarizə aparanlar da inkişaf etməli, beynəlxalq təcrübəni öyrənməlidirlər. Yaxın təşkilatlara müraciət etməlidirlər və başqa ölkələrin təşkilatları ilə birlikdə fəaliyyət göstərməlidirlər. Deyərdim ki, 2024-cü ildə qeyri-hökumət təşkilatları başqa ölkələrin qeyri-hökumət təşkilatları ilə əlbir şəkildə işləməlidirlər. Misal üçün, Türkiyə, Gürcüstan, hətta Avropa praktikasını öyrənməlidirlər. BMT-nin də tərkibində bu mübarizəni aparan qurum var. Bu qurumun da təcrübəsi öyrənilməlidir ki, görək mübarizə Avropada, yaxud Asiyada necə aparılır.

Türk Dövlətləri Birliyinə gəldikdə isə, məsələn, Özbəkistanın mübarizə üsulunu gözdən keçirə bilərik. Bunların hamısından bizə uyğun gələn nəticələr çıxarılmalıdır. Deyrilər ki, Avropanın mentaliteti fərqlidir, amma biz bunu öz mentalitetimizə uyğunlaşdırmalıyıq.

- Büllir xanım, aydındır ki, beynəlxlaq təcrübəni öyrənməliyik. Bəs, siz bu yenilikləri necə görürsünüz, bununla bağlı fikriniz varmı?

- Bizim təşkilatımız Özbəkistan təcrübəsini öyrənir. Həmçinin, Türkiyədə çalışan QHT-lərlə əməkdaşlıq edirik. Ardınca Avstriya təcrübəsini də öyrənməyi düşünürük. Bununla bağlı hətta XİN-ə də müraciət etmişik. İndi də cavab gözləyirik ki, bu məsələdə bizə kömək göstərsinlər. Bilirik ki, Özbəkistan Əfqanıstanla sərhəddir və onlarda narkoticarət məsələsi çox kritikdir. Orada vəziyyət Azərbaycandan daha çətindir. Son zamanlar bu bəla dünyaya dəhşətli dərəcədə çox yayılıb. Avropada da, Türkiyədə narkotik bəlası yayğındır. Bütün dünya ölkələri də özündə narkotik ticarətinin qarşısını kəsmək üçün mücadilə edir. Xüsusilə çalışırlar ki, əhalinin gənc təbəqəsini qorusunlar.

- Çünki narkoticarətin hədəf qrupu gənclərdir...

- Bəli. Niyə gənclərdir? Çünki ölkələrin gələcəyinin olmamasını istəyirlər. Gənclərimiz bizim gələcəyimizdir. Bunlar da düşünürlər ki, gəncləri nə qədər məhv etsələr, ölkələrin gələcəyini də o qədər məhv edəcəklər.

Özbəkistan təcrübəsində isə əsas üsul maarifləndirmə və reabilitasiya proqramlarıdır. Amma əsas üstünlük maarifləndirməyə verilir. Narkotik elə bir şeydir ki, ondan yalnız və yalnız maarifləndirmə ilə uzaqlaşa bilərsən. Maarifləndirmənin də yolları var. Onlarda mühazirə oxumaqdan çox, canlı şahidləri göstərmək daha çoxdur. Özbəkistanla Türkiyə narkotikə düçar olmuş, bundan əzab-əziyyət çəkmiş gəncləri nümunə göstərməyə üstünlük verir. Mütləq şəkildə bu fəlakət nümunələrlə göstərilməlidir.

- Yəni narkotiklərin qurbanlarını göstərmək daha kəskin sonuc verir. Necə deyərlər, “yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”.

- Bəli, qurbanları göstərmək, onların öz ailələrinə verdikləri xəsarətlər, yaşatdıqları fəlakətlər, fəsadlar, qurbanların sabahının olmadığı nümayiş etdirilməlidir. Məsələn, narkotikin qurbanının adı Əlidirsə, onun ailəsində yaranan problemlər göstərilməlidir ki, Əli ailəsinə hansı fəsadları verib, cəmiyyətdə hansı fəsadları törədib. Mən orada belə bir nümunəni gördüm ki, hansısa bir şirkətdə işləyən gəncin necə narkotikə qurşandığı, onun öz ətrafına verdiyi zərərlər, işlədiyi müəssisədə neçə iş yoldaşını narkotik bataqlığına çəkdiyi kiçik iki-üç dəqiqəlik videorolikdə nümayiş olundu. Mənim çox xoşuma gəldi, çox təsirli idi. Bu qəbildən olan videoroliklərin sayı da artmalıdır, səhnələşdirilməli, peşəkar videorolik çəkilməlidir.   

Buna dair deyə bilərəm ki, Azərbaycanda narkomaniyanın zərərlərini göstərən üç-dörd videorolik olar. Narkotiklərin zərərlərini əks etdirən videoroliklərin, filmlərin sayı artmalıdır. Son zamanlar hətta türk seriallarında belə, narkotiklərin nə qədər fəsadları olduğunu göstərirlər. Cəmiyyətə, ailələrə başa salırlar ki, sənin ailəndə belə hallar varsa, övladınla maraqlan, övladının problemini bilib gizlətmə, hansısa mütəxəssisə müraciət et, müalicəsi üçün çalış. Narkotik problemi başlayan kimi müalicəyə yönəltsələr, bəlkə sonradan bu qədər ağırlaşma olmaz. Amma narkotik elə bir şeydir ki, onu istifadə etmiş şəxs başlanğıcda həzz almaqdan ötrü ona üz tutsa da sonradan asılıya çevrilir. Onu ömür boyu qorumalısan. Bir də var ki, buna laqeyd yanaşasan, fikir verməyəsən. Narkotik istifadə edənlərin də sonu nə olur – ya ölüm, ya həbs. Ya öz ehtiyacını təmin etmək üçün oğurluq edir, ya da kiməsə xəsarət yetirir. Onlar bu hala düşəndə baxmırlar ki, ana kimdir, bacı kimdir, qardaş kimdir. Gözü yanındakı övladını da görmür. Azərbaycanda belə bir hal yaşanmışdı ki, ata öz uşağını narkotiki satmağa vadar etmişdi. Polislər bunu aşkarlamışdı. Buna görə, biz mütləq və mütləq ailələrə deyirik ki, ayıq-sayıq olsunlar. Onları da maarifləndirmənin yolunu dəyişirik. Məsələn, biz öz təcrübəmizdən deyək ki, apardığımız maarifləndirmə kapmaniyalarında taktikamızı dəyişmişik.

- Necə dəyişmisiniz?

- Bizim təşkilatımızın üzvləri arasında keçmişdə narkotik aludəçisi olmuş, sonradan müalicə olunmuş şəxslər var. Biz həmin gənclərlə bir yerdə tədbirlərdə iştirak edirik. Onların yaşadıqlarını nümunə çəkirik ki, digərləri bunları yaşamasın. Görüşlərdəki auditoriyalara, şagirdlərə, tələbələrə, onların valideynlərinə faktiki nümunələrlə göstəririk ki, baxın, belə insan hekayələri var, siz bunları yaşamamaq üçün narkotiklərdən uzaq olun.

Sonda bir daha qeyd edirəm ki, beynəlxalq təcrübə öyrənilməlidir və onun paylaşıldığı konfranslarda, tədbirlərdə iştirak önəmlidir. Təkcə Bakıda yox, xarici ölkələrdə bu mövzuda keçiirlən beynəlxalq tədbirlərdə də Azərbaycan hökumət və QHT təşkilatlarının nümayəndələri iştirak etməlidir. 

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az