Stopnarkotik.az-dan tam fərqli layihə!
Dəyərli oxucular!
Stopnarkotik.az saytı 2024-cü ildə olduğu kimi, 20025-ci ildə də öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir. Sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “qalibləri”ni də tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.
Beləliklə, bu dəfə YANVAR ayının nəticəsi ilə oxucularımızı tanış edirik.
Narkotacirlərin sayında artım müşahidə olunur
İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən aylarda olduğu kimi, yanvarda da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalarını davam etdirib. DİN-in rəsmi məlumatlarına istinadən deyə bilərik ki, yanvarda həbs olunan narkotik tacirlərinin sayında ötən aylara nisbətən ciddi artım müşahidə olunub. Belə ki, dekabrda narkoticarətlə məşğul olan 287 nəfərin qoluna qandal vurulmuşdusa, yanvarda saxlanılanların sayı 728 nəfər olub.
Qeyd edək ki, yanvarda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilən əməliyyatlarının sayında da ciddi artım var. Məsələn, ötən ay DİN-in müvafiq qurumları - Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Su Nəqliyyatında Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi və s. tərəfindən ümumilikdə 2 əməliyyat keçirilmişdisə, yanvarda 6 əməliyyat baş tutub.
DİN-in yanvarda keçirdiyi əməliyyatlarla bağlı aşağıdakı linkə daxil olaraq, daha ətraflı informasiya əldə edə bilərsiniz:
Hesabat dövründə Dövlət Sərhəd Xidməti (DSX) passiv fəaliyyəti ilə seçilsə də, yanvarda nisbətən aktiv olub. Belə ki, ay ərzində 4 dəfə fərqlənən qurum tərəfindən İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də, əvvəlki aylarda olduğu kimi, yenə passiv fəaliyyəti ilə yadda qalıb. Hansı ki, yanvarda bircə fakt belə, aşkarlanmayıb.
Dövlət Gömrük Komitəsi (DGK) də yanvarda cəmi 1 fakt üzrə ölkə sərhədindən keçirilən narkotik vasitələrin qarşısını almağı bacarıb:
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da hər ay olduğu kimi, yanvarda da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı statistik məlumatları açıqlamaqla işini bitmiş hesab edib:
Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə isə, ötən ay olduğu kimi, yanvardada ümumi nəticəni qənaətbəxş hesab etmək olmaz. Hansı ki, Naxçıvan MR və paytaxt Bakının rayonları ilə birlikdə yanvarda cəmi 28 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti, yəni 19-u yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.
Beləliklə, dəyərli oxucularımızı oktyabrda daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə yaxından tanış edək. Məlumat üçün bildirək ki, ötən ay Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 3 uğurlu əməliyyat keçirməklə, ilk yerdə qərarlaşıblar:
Hesabat ayının ikinciləri isə Sabunçu RPİ, Nərimanov RPİ, Xəzər RPİ, Xaçmaz RPŞ, Masallı RPŞ, Saatlı RPŞ, Sabirabad RPŞ, Samux RPŞ və Şirvan RPŞ olub. Bu polis idarə və şöbələrinin hər biri ötən ay 2 əməliyyat keçirərək, öz həmkarlarından fərqlənməyi bacarıblar:
Yasamal, Xətai, Ağcabədi, Ağdaş, Ağsu, Astara, Biləsuvar, Cəlilabad, Goranboy, Hacıqabul, İmişli, İsmayıllı, Qazax, Lənkəran, Siyəzən, Tovuz, Yevlax və Zərdab rayon polis idarə və şöbələri isə ötən ay hərəyə 1 əməliyyatla mübarizəyə töhfə verməyə çalışıblar:
Təkrar cinayətkarlıq
Hesabat ayında təkrar cinayətkarlıq sahəsində vəziyyət olduqca acınacaqlı olub. Belə ki, 2025-ci ilin ilk ayında ölkəmizdə ümumilikdə 62 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunlardan 34 nəfər bilavasitə narkotiklə əlaqədar, 28 nəfər isə digər cinayət faktları ilə bağlı saxlanılıb:
Bu dəfə də qeyd etməyi özümüzə borc bilirik ki, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.
Onu da nəzərə alsaq ki, bütün statistik göstəricilər üzrə açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə istər təkrar cinayətkarlığın, istər də narkoticarətin və narkomaniyanın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.
Oktyabrda narkotikin təsiri altında avtomobil idarə edən 9 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:
Bundan əlavə, hesabat dövründə narkotik ticarəti ilə bağlı 5 qalmaqallı məhkəmə prosesi də keçirilib ki, bunlar medianın diqqətini cəlb edib:
Beləliklə, 2025-ci il yanvar ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, qarşıdakı aylarda bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.
Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.
Stopnarkotik.az