Ceyhun Alıyev: “Yaxın çevrəni bu prosesə qoşmaqla bu xəstəni narkotiklərdən uzaqlaşdıra bilərik”
“Narkotik aludəçilərinin əksəriyyətində “öz gözündən düşmə” baş verir”
Narkomaniyanın qarşısının alınmasında onu yaradan səbəblərin araşdırılması və aradan qaldırılması mühüm yer tutur. Xüsusilə sosial-psixoloji səbəblərdən söhbət gedir. Son vaxtlar Stopnarkotik.az olaraq müxtəlif psixoloqlarla müsahibələrə üstünlük verməyimiz də təsadüf deyil. Tanınmış psixoloq Ceyhun Alıyevlə söhbətimiz də bu qəbildəndir və onunla müsahibəmizdə məsələnin dərinliklərinə varmağa çalışdıq.
(Müsahibənin birinci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz: "Bu əlamətlərdən üçü olan şəxs narkotik asılısıdır...")
- Ceyhun müəllim, son günlər narkomaniya ölkəmizdə sürətlə yayılır. Sizcə, gənclərimizin bu bəlaya düçar olmasının əsas səbəbləri nələrdir?
- Narkomaniya bu gün bütün dünyanı narahat edən problemdir. Bizim ölkəmizdə də, bu problemə qarşı mübarizənin təzahürü olaraq “Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası” yaradılıb. Hesab edirəm ki, bu özü dövlət səviyyəsində narahatçılığın təzahürüdür və həmin komissiyanın tərkibində, demək olar, bütün nazirliklər cəm olub.
Bundan başqa, Prezident İlham Əliyevin “narkotiklər bəşəriyyətin gələcəyi üçün böyük təhlükə törədir”, eləcə də Ümumilli lider Heydər Əliyevin “narkomaniyaya qarşı mübarizə ölkənin fiziki və şüur sağlamlığı uğrunda aparılan mübarizəsidir” fikri ölkəmizdə narkomaniya ilə bağlı mübarizənin nə qədər yüksək səviyyədə olduğu mesajını verir. Biz problemin yalnız bir səbəbdən qaynalandığını deyə bilmərik. Amma bütünlükdə götürəndə, hesab edirəm ki, narkomaniya sosial-psixoloji səbəblərdən meydana çıxan problemdir, bir günün işi deyil.
- Bəs, bu sosial-psixoloji səbəblər arasında əsasən hansıları sadalaya bilərsiniz?
- Bura çox şeylər daxildir. Məsələn, gəncin, yeniyetmənin xroniki olaraq stress içində yaşaması və yaxud həmyaşıdlarının təzyiqi - xüsusilə yeniyetməlik yaşında; ailədə düzgün tərbiyə verilməməsi ucbatından və yaxud valideynlə övlad arasında sevgi, diqqət, qayğı əskikliyinin varlığı; yeniyetmənin asosial uşaqlarla təmasda olması; narkotik istifadəçiləri ilə tanışlıq buna yol aça bilər; insanda səbrsizlik, dözümsüzlük kimi xarakterik xüsusiyyətlərin olması kimi məsələlər gəncləri bu problemə sürükləyə bilər.
- Bir psixoloq kimi deyə bilərsinizmi, narkotik aludəçisi yalnız fiziki asılılıqdan qurtulmaqla, öz iradə gücü ilə narkomaniyadan xilas ola bilərmi?
- Gəlin, ilk növbədə “narkotik asılılığı” anlayışını izah edək. Əslində, “asılılıq” kliniki termindir. Bizim insana “narkotik asılılısı” adı qoymamız elə-belə məsələ deyil. Şəxsi narkotik asılısı adlandırmaq üçün müəyyən meyarlar var, onlardan ən azı üçünü həmin şəxsin davranışında, rəftarında müşahidə ediriksə, biz ona narkotik aludəçisi deyə bilərik. Məsələn, insan narkotik maddəyə çox maraq göstərirsə, yaxud belə davranışa vaxt ayırırsa, bu, birinci əlamətdir.
İkinci əlamət odur ki, narkotik aludəçisi davranışı şəxsin həyatının digər sahələrindəki finksiyalarını normal yerinə yetirməsinə mane olur. Tutaq ki, şəxs sürücüdür, amma işini yerinə yetirə bimir. Yaxud şəxs satıcıdır, amma narkotik asılılığı davranışı onun işləməsinə imkan vermir.
Üçüncü əlamət isə budur ki, şəxs narkotik maddədən istifadə edə bilmədikdə əsəb sarsıntsı keçirir. Məsələn, evin altını üstünə çevirir.
Dördüncü əlamət budur ki, şəxs narkotikin vurduğu zərəri ört-basdır edir. O bilir ki, narkotik onun sağlamlığına zərər vurur, işinə maneə törədir, fikrini cəmləməsinə mane olur, amma səbəbin nə olduğunu gizlədir, təkzib edir, inkar edir. Yaxud özünün narkotik aludəçisi olduğunu qəbul etmir.
Beşinci əlamət budur ki, aludəçi şəxs narkotik istifadəsi üçün gizlicə maddi hazırlıq görür. Maddi kanal axtarır ki, sabah mənə lazım olanda bu kanaldan istifadə edim. Bu əlamətlərdən heç olmasa üçü olarsa, biz güman edə bilərik ki, şəxs narkotk asılısıdır. Amma bu əlamətlərin olmaması da o demək deyil ki, gələcəkdə onlar olmayacaq. Ola bilsin ki, şəxs narkotik istifadəsinə yeni başlayıb. Ola bilsin ki, o adam hələ “qırmızı xətti” keçməyib, özünə sərhəd qoyduğunu düşünür, amma sabah o sərhədi keçməyəcəyinə heç kimin zəmanəti yoxdur.
Bəzən alıqşqanlıqla asılılığı qarışıq salırlar. İnsan bioloji varlıq olaraq uyğunlaşmağa məhkumdur. Məsələn, yaşadığımız yerə, iş yerimizə, ünsiyyətdə olduğumuz adama uyğunlaşmalıyıq. Uyğunlaşmasaq, yaşamaq çətin olar. Uyğunlaşmaq həyatımızı asanlaşdırır. Amma baxır sən nəyə uyğunlaşırsan. Özümüzü gərgin hiss edəndə ola bilsin ki, hansısa yerlərə gedirik. İnsanların narkotik istifadə etməsinin bir səbəbi məhz daxili gərginlikdən, can sıxıntısından xilas olmaq istəyidir.
- Yəni stress atmaq, rahatlamaq istəyi...
-Bəli, gərginlikdən xilas olmaq, rahatlamaq istəyidir. Bir tərəfdən isə daxili boşluq var. Çətin və gərgin şəraitə düşdükdə heç də hamı özünü o üsulla (narkotiklə) rahatlamır. Bunun normal yolu da var. Əksər insanlar heç də narkotikdən istifadə ilə özlərini sakitləşdirmirlər. Məqbul yollardan istifadə edirlər.
Narkomaniyadan uzaqlaşa bilməməyin, müalcə oluna bilməməyin başqa tərəfləri də var. İstənilən cəmiyyətdə “narkoman” adını qazanan insanlar həm də bir stiqma qazanırlar. Stiqma odur ki, bu şəxslər qınaq obyektinə çevrilirlər, cəmiyyətdən təcrid olunurlar. Bunlar bizim həmin problemləri həll etməmizə qarşı maneələrdir. Narkotik aludəçilərinə müəyyən təhqiramiz adlar verirlər, onları ailənin, yaxud qohum-əqrabanın toplaşdığı məclislərə çağırmırlar, əlaqələri kəsirlər, münasibət saxlamırlar. Bəzən olur ki, onlar özləri də müalicə olunmaqdan çəkinirlər. Demək istəyirəm ki, bu məsələnin həlli kompleks yanaşma tələb edir. O adamların özlərində də daxili stiqma olur. Daxili stiqma odur ki, insan öz-özünü günahlandırır, özündən qaçır. Düşünür ki, ətrafdakılar ona qarşı sərt münasibət göstərirlər, onu başa düşmək istəmirlər. Bu iki stiqmanın bir yerdə olması çox ağırdır.
- Ceyhun müəllim, siz qeyd etdiniz ki, çətinliyə düşən hər kəs narkotiklərə yönəlmir. Bəs ağrıdan qaçmaq üçün məhz hansı tip insanlar narkotiklərə yönəlir?
- Heç kim anadangəlmə narkotikə meylli doğulmur. Bunun baş verməsi müəyyən sosial çevrəyə, yaxud şəraitə bağlıdır. İnsan müəyyən tələbatları olan, qayğıya, hörmətə, diqqətə, sevgiyə, öyrənməyə, inkişafa ehtiyacı olan varlıqdır. Məsələn, ailədaxili münasibətlərdə yeniyetmənin bu təlabatlarda bir əskikliyi varsa, onun bu təlabatları ödənmirsə, içində daxili boşluq yaranır.
- O, bu üzdən travma yaşayır?
- Ən azı özünü narahat hiss edir, gərginlik keçirir. Ən azı bunu ödəmək üçün başqa yollar arayır. Biz konkret resept də verə bilmərik ki, bunu keçirən uşaqlar mütləq belə olacaq. Bu duruma gətirən sadalanan meyarlardır. Ola bilsin ki, yeniyetməlik dövründə həmyaşıdlarının, tay-tuşlarının sözü onun üçün daha keçərli olur, nəinki valideynlərinin. Ailəsinin sözünə inanmaqdansa, yeniyetmə daha çox tay-tuşlarının sözünə inanır. Ola bilsin, yeniyetmələr elə bir çevrədə olurlar ki, o çevrənin təzyiqi ilə bəlkə də ömrü boyu siqaret çəkməyən uşaq siqaretin “dadına baxmalı olur”.
- Məhz o tay-tuşun çevrəsinə qəbul olunmaq üçün?
- Bəli. Bu da bir səbəbdir.
- Burada ailənin davranışı necə olmalıdır?
- Ailənin övladla münasibəti səmimi olmalıdır. Müasir dövrdə çox ailələrdə valideynlər sanki öz borclarını yalnız uşağın maddi baxımdan təminatında görürlər. Yəni mənəvi baxımdan uşağın hansı ehtiyacları, hansı təlabatları olduğu, hansı hissləri keçirdiyi, sinifdə dostları kimdir, kiminlə oturub durur, kiminlə ünsiyyət qurur, hansı mahnıya qulaq asır, hansı saytlara baxır - bu suallar arxa plana keçir. Ola bilsin ki, iqtisadi faktorların bir az ürəkaçan olmaması səbəbindən valideynin vaxtı qalmır. Amma düşünürəm ki, istəsə vaxt ayıra bilər. Ya başa düşmür, fərqinə varmır ki, mən uşağımın yeməyindən, geyimindən çox onu düşündürən məsələlərlə tanış olsam ona daha çox qayğı göstərmiş olaram, nəinki ona 20 manatlıq yox, daha bahalı ayaqqabı almağı düşünüm. Yaxşı olar ki, valideyn ayaqqabısının qiymətindən çox, onun daxildə hansı problemləri yaşadığına önəm versin. Uşaqla bölüşə biməyi, mənəvi dayaq olmağı bacarmaq lazımdır. Məsələn, valideyn işdə nə baş verdiyini, yolda nələrin olduğunu danışmır. Elə bil ki, bu dövlət sirridir. Gündəlik həyatlarını bölüşmülər. Bu zaman uşaqlar da məktəbdə nə baş verdiklərini danışmırlar.
- Demək uşaqlar valideynlərini təqlid edir. Valideyn bölüşməlidir ki, uşaqlar da bölüşsün.
- Tamamilə doğrudur. Övladların “yeniyetməlik böhranı” deyilən dönəmi olur. Lap elə elə kiçik yaşdan bu olmalıdır. Valideynin paylaşması bölüşmə mədəniyyəti formalaşdırır. Nəticə etibarilə biz bölüşmədiyimiz üçün övlad da bölüşmür, bizə də bilmirik ki, onun həyatında nələr baş verir. O, kiminlə oturub-durur, yolda onun başına nə gəldi... Bizi təqlid etdiyinə görə susqun övlad yetişdiririk.
- Bəs fiziki asılılıqdan xilas olmaqla aludəçi öz gücünə psixoloji asılılıqdan da xilas ola biərmi?
- Gəlin nəzərə alaq ki, narkomaniyaya gəlib çxmaq iradi zəiflikdir. Yəni bu halda da aludəçilərn öz gücünə, kənardan dəstək olmadan xilası çox çətindir. Amma yaxın adamların dəstəyi, peşəkar xidmət sayəsində narkotiklərdən qurtulmaq olar. Bir məsələ də var ki, o problemlə üzləşən şəxsin gərək güclü şəkildə narkomaniyadan xilas olmaq motivasiyası olsun. Özü narkotikdən qurtulmağı istəsin. Xaricdə belə adamların bizdəki kimi problemləri olmur. Amma Azərbaycanda elə şəxslərin hətta evlənməsi də problem olur. O qınaqla üzləşən şəxs heç kimin qapısını bu niyyətlə aça bilmir. Bəzən özləri də imtina edirlər. Hətta evli olduğu halda övlad sahibi olmaqdan da çəkinirlər. Demək istəyirəm ki, narkotik asılılığı problemi ilə üzləşmiş şəxsin təbaşına xilas olmağa gücü çatmaz. Bu, yaxın adamların dəstəyi ilə olmalıdır. Biz həkimlər, psixoloqlar, psixoterapevtlər həmin şəxsin iradəsi rolunda çıxış etməliyik. İnsan beyninin belə bir xüsusiyyəti olur. İnsan beynində mükafatlandırma sistemi var - ağrıdan qaçmaq, həzə yönəlmək. Nəsə həzz verirsə beyin dərhal onu qeyd edir və qanda dopamin hormonu artır. Psixoloqlar onu “həzz hormonu” adlandırırlar. Müəyyən məhsulu əldə edəndə, bəzi yelərdə olanda düşünür ki, bu mənə həzz verir, yoxsa yox?! İnsan özünü yaxşı hiss etdiyi anda beyin qana dopamin püskürür. Yox bizə nəsə neqativ təsir göstərirsə, beyin onu qeyd edir, dərhal dopaminin səviyyəsi aşağı düşür. Məsələn, uşaqların məktəbə getməkdə belə istəksizliyi məktəbdə onun dopamin səviyyəsinin aşağı düşməsidir. Məktəb uşaqlarda dopaminin artmasına kömək etsə, böyük həvəslə məktəbə gedərlər. Narkomanlarda da narkotikdən alınan həzz dopaminin səviyyəsini çoxaldır, beyin onu müsbət təsir kimi qeydə alır, dopamin qalxdığı üçün yenidən onu əldə etmək istəyir. Amma hər dəfə daha çox narkotik lazım olur ki, dopamin ifraz olunsun. Bu isə asılılığa aparır. Əgər biz xəstəyə dopamini başqa yolla - əməklə məşğul olma, kitab oxuma, idmanla, zəhmətlə, ünsiyyətlə verə bilsək, kimyəvi narktoiklərdən alınan həzzin yerinə alternativ, başqa həzz mənbəyini verə bilsək, bu, onların xilası üçün əla yol ola bilər.
- Bu, mümkündür?
- Əlbəttə, əgər biz aludəçini araşdırsaq, görərik ki, o da hansısa sahədə fəaliyyət göstərib. Narkotiklərdən əvvəl zövq aldığı sahə olub. Yaxud bəlkə özü də bilmir ki, sən demə, bu sahə mənim üçün maraq kəsb edir. Aludəçi ilə psixoloq, psixoterapevt, narkoloq komanda şəklində çalışmalıdır. Onun yaxın ətrafı da, ailəsi də bu komandaya qoşulmalıdır ki, ona maraqlı ola bilən, ona həzz verə bilən məşğuliyyət növünü tapsınlar və o tərəfə yönəltsinlər. Biz bu yolla ona kömək edə bilərik. Sadəcə, bu, komanda işidir. Mən istisna etmirəm ki, insan özü də bu bataqlıqdan çıxa bilər, amma bu, az hallarda olur.
Müasir dövr fərqlidir -“həzz və sürət” dövrüdür. Həm də həzzin sürətli olması tərcih edilir. Yaxud müşahidə edirəm ki, gənc nəsil daha səbrsizdir, dözümsüzdür. Bunun da bir səbəbi müasir texnologiyadır. Adicə telefonu götürün, barmağımızı sürüşdürməklə internet məkanında gəzirik. Ola bilsin ki, o xəstəlikdən əziyyət çəkən şəxs də elə bir göz qırpımında xilas olmaq istəsin. Bu reallıqda mümkün deyil, müəyyən qədər zəhmət tələb edir.
- Ümumiyyətlə, narkoman üçün fizioloji, yoxsa psixoloji asılılıqdan qurtarmaq daha çətindir?
- Bunlar ətlə dırnaq kimidir. Amma ola bilsin ki, bir müddət istifadə etmədikdən, yaxud təcriddən sonra orqanizm təmizlənər. Psixoloji asılılıqdan qurtulmaq daha çətindir. Amma insan potensialı uyğunlaşmağa imkan verir. İnsan alışqanlıqlarını dəyişə bilməlidir. Alışqanlıqlarımız bizim həyatımızı asanlaşdırır. Amma elələri də var ki, bizə əziyyət verir. Alışqanlılar da normal olmalıdır. Əgər bir adam yatmamışdan əvvəl soyuducunu açmağa öyrəşibsə istər-istəməz kökələcək. Dəyişiklik insanda yavaş gedən prosesdir. Həm də alışqanlıqları bir-bir dəyişdirmək lazımdır. Birdən-birə bir neçə alışqanlığı dəyişdirmək mümkün deyil.
- Bəs, psixoloji asılılığın nədən qaynaqlandığını konkretləşdirə bilərikmi?
- Psixoloji asılılığın əsasında həzz dayanır. Psixoloji asılılıq odur ki, məsələn, guya, narkotikin verdiyi həzz insana çox yaxşı təsir göstərir. Əgər biz o həzzi başqa alternativ sağlam həzzlə əvəz edə bilsək, problemi həll edə bilərik. Məsələn, idmandan həzz almaq olar. Bir iş prosesinin özündən də həzz almaq olar. Yəni sağlam həzz mənbəyinə yönəlmək lazımdır.
- Ceyhun müəllim, narkotiklər insan psixologiyasına hansı səviyyədə zərər vurur? Yəni insanın sağlamlıq baxımından narkotiklərdən əvvəlki duruma qayıtması mümkündürmü?
- Bəli, qayıda bilər. Sağlamlığın bərpası o deməkdir ki, insan əvvəlki həyatına qayıda bilər. Yetər ki, narkotiklərdən tam uzaqlaşsın. Əgər bu adam narkotiklərdən uzaqlaşıb alternativ həzz mənbələrinə uyğunlaşıbsa, onun digər sahələrdə də həyatı bərpa oluna bilər.
- Sizin narkotik aludəçilərinə tətbiq etdiyiniz metodla digər pasientlərə tətbiq edilən metodlar arasında nə kimi fərq var?
- Mən daha çox həmin aludəçinin yaxın çevrəsinin müalicədə roluna əhəmiyyət verirəm. Yaxın çevrəsinin aludəçini dəstəkləməklə bu problemdən uzaq olmasını məqbul bilirəm. Onun özü ilə bağlı “müsbət mən” konsepsiyasının yaradılması zəruridir. Belə xəstələrin əksəriyyətində “özü öz gözündən düşmə” baş verir. Bu səbəbdən, insanın özünün öz gözündən düşməsinin qarşısını almaq üçün “müsbət mən konsepsiyası” lazımdır. Yaxın çevrəni bu prosesə qoşmaqla bu xəstəni daha da rahatladaraq, narkotiklərdən uzaqlaşdıra bilərik. Yaxud həmin adamın yəqin ki, narkotiklərə uymamışdan əvvəl xeyli müsbət xüsusiyyəti olub. Biz onun müsbət keyfiyyətlərini öz gözündə qabarda, “sən xeyirxah adamsan”, “sən fədakar adamsan” kimi fikirləri vurğulaya bilərik. Belə xəstələrin müsbət tərəflərini şişirtməklə onu müsbət tərəfə yönləndirə bilərik. Bu, komanda işidir.
Yaxud pasientləri zəhmətə yönləndirə bilərik. Beləliklə, bir çox zərərli vərdişləri tərgitməsinə nail ola bilərik.
Araşdırsaq görərik ki, bu insanların bir çoxunda əmək fəaliyyəti problemi var. Adları çıxdıqları üçün heç kim onları işə götürmür. Yaxud özləri özlərini təcrid edirlər. Onlara qarşı stiqmalı diskriminasiya olur. Belə xəstələrin immun sistemi də zəif olur. Fikir verirsinizsə, bu xəstələrin QİÇS virusuna tutulması yanaşması da var. Bu özü də bir stiqmadır ki, narkomanlarda QİÇS və s. xəstəliklər olur. Sanki aludəçilər bir labirintin içinə düşür və ondan çıxa bilmir, içində fırlanır.
- İldən ilə sizə narkomaniya ilə bağlı müraciət edən xəstələrin sayında artım varmı?
- Mən müraciət edənlərin dinamikasında elə bir artım müşahidə etmirəm.
- Ceyhun müəllim, bizdə narkomaniyanın müalicəsində müxtəlif ölkələrin təcrübəsindən istifadə edilir, amma elə də irəliləyiş yoxdur. Sizcə, biz öz mübarizə konsepsiyamızı hazırlamalıyıqmı və siz bu modeli necə görürsünüz?
- Mən bu konsepsiyanı belə görürəm: ilk növbədə ailələr, cəmiyyət maarifləndirilməlidir. Profilaktik tədbirlər görülməlidir. Bu problemin əvvəlcə qarşısnın alınması daha yaxşı olardı. Valideynlərin uşaqlarla münasibəti çox yaxın olmalıdır.
- Belə anlaşılır ki, ilk öncə valideyləri maarifləndirməliyik.
- Əlbəttə, valideynləri maarifləndirməliyik. Gərək ailələrdə bayaq sadaladığımız təlabatlar - sevgiyə, diqqətə, hörmətə, öyrənməyə, qayğıya olan təlabatlar lazımi şəkildə ödənilsin ki, uşaqlarda boşluq yaranmasın. Bu məsələ əksər hallarda boşluqdan yaranır. Hesab edirəm ki, insan münasibətlərini saflaşdırmaqla narkomaniya probleminin qarşısını ala bilərik. Yaxud ola bilsin ki, uşaqlara qarşı şərt irəli sürərək onları sevirik. Tutaq ki, valideyn uşağa sevilməsi üçün ona “bu qədər bal yığsan səni sevəcəyik”, - deyir. Yəni hər kəsin ali təhsil alması hökmdürmü? Ola bilsin ki, uşağın akademik qabiliyyəti o qədər də yüksək deyil. Bu o demək deyil ki, biz onu sevməli deyilik.
Nəinki valideyn-övlad münasibətlərində, elə müəllim-şagird münasibətində də bu amil özünü göstərir. Tutaq ki, uşaq fizikanı yaxşı oxumur. Bu əsas verirmi ki, müəllim ona qarşı diqqətsiz olsun? Məktəb ancaq mütəxəssis yetişdirməklə məşğuldur? Xeyr, orta məktəbin işi ölkə üçün vətəndaş hazırlamaqdır. Demək istəyirəm ki, şagirdə münasibət heç də onun akademik uğurları üzərində qurulmamalıdır. Qayğı görən insanın davranışı dəyişir.
- Orta məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Amma o da bəllidir ki, bu psixoloqların bir çoxu “evdar xanımlar”dır, hansı ki, adını psixoloq kimi yazdırıb, amma heç bir fəaliyyəti yoxdur. Əgər maarifləndirmə sistemi orta məktəblərdə qurulmalıdırsa, siz bunu necə görürsünüz? Peşəkar psixoloqların yetişdirilməsi üçün konsepsiyaya ehtiyac varmı? Psixoloqlar şagirdlərlə hansı formada işləməlidir, yalnız hansısa hadisə çıxanda, yoxsa mütəmadi hansısa dərs formasında fənn kimi tədris olunmalıdır?
- Bir şeyi deyim ki, “orta məktəblərdə psixoloq işləyən qeyri-peşəkar kadrlar” fikri əvvəllər mövcud idi. Son vaxtlarda dövlət səviyyəsində bizim ali təhsil sistemində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası var. Bir çox universitetlərdə o ixtisas üzrə kadr hazırlığı gedir. Biz o boşluğu əvvəl ixtisasdəyişdirmə yolu ilə doldururduq. Çünki kadr çatışmazlığı var idi. Amma son 5 ildə vəziyyət kökündən dəyişir. Universitetlərdə “Təhsildə sosial-psixoloji xidmət” ixtisası açılıb. Bu, orta məktəblərdə məhz psixoloq ştatını təmin etmək üçündür.
Digər tərəfdən, orta məktəblərdə psixoloqun fəaliyyətinin müxtəlif istiqamətləri var. Məsələn, valideynlərlə iş, şagirdlərlə iş, məktəb rəhbərliyi ilə iş. Yəni psixoloqun işi tək şagirdlərlə deyil. Psixoloqun işi şagirdlərin ünsiyyətdə olduğu kontingentlədir. O, valideynləri çağırıb şagirdlərlə bir yerdə də bu işi təşkil edə bilər ki, narkomanların əlamətləri bundan ibarətdir, nədən qaynaqlanır. Valideynlərlə psixoloji maarifləndirmə işi aparmaq psixoloqun səlahiyyətinə daxildir. Bu, onun özünün işə yanaşmasından asılıdır. Ailə və məktəb bir yerdə işləməlidir.
- Ailə ilə məktəb bir yerdə necə işləməlidir?
- Məktəb-ailə əlaqəsi sıxlaşdırılmalıdır. Bu, narkomaniyadan da böyük problemdir. Baxın, görün valideyn iclaslarına nə qədər atalar gəlir? Uşağın tərbiyəsi niyə yalnız ananın çiynində olmalıdır? Ata deyə bilər ki, vaxtım yoxdur, işləyirəm. Amma atanın məktəbə gəlməsi tam fərqlidir. Atanın uşaqlarla maraqlanması onun üzərinə məsuliyyət qoyur. Atanın da uşaq tərbiyəsində funksiyası var. Hesab edirəm ki, ataların məktəbə gəlməsi həm məktəb, həm də uşaq üçün böyük tərbiyəedici önəmə malikdir. Düşünürəm ki, uşaqların ailədə və məktəbdə ilk növbədə emosional tələblərinin ödənilməsinə fikir verilməlidir. Yəni qayğıya, hörmətə, nüfuza, sevgiyə olan təlabat. Maryan çökəkliyinin dərinliyini bilməmək münasibətlərə təsir etmir, amma hansısa sual verməkdən çəkinmək şagirdi inkişafdan saxlayır. Qarşı münasibətlərdə təməl təlabatların ödənilməsinə fikir vermək lazımdır. Uşaq və yeniyetməni yalnız uğuruna görə deyil, insan olduğuna görə şərtsiz sevmək lazımdır. Uşaqlara sərbəstlik, səbr, zəhmətsevərliliyi aşılamaq lazımdır. Dərsləri şagirdlər üçün maraqlı və cəlbedici etmək lazımdır. Təsviri incəsənət, musiqi, texnologiya, fiziki tərbiyə dərslərinin imkanlarından tam istifadə etmək lazımdır. Bu fənnlərə münasibət dəyişməlidir. O fənnlərin insanın daxilindəki yaradıcılıq potensialını üzə çıxarmaqda, həmçinin daxili gərginliyi kənarlaşdırmaqda rolu var. Ola bilsin, başqa fənnlərdə şagird gərginliyi kənara çıxara bilmir, amma musiqi, idman dərslərində çıxara bilər. Bu dərslərə bizdə səthi yanaşılır, amma bu münasibət dəyişməlidir. Fizikanı yaxşı bilməyən uşaq idman dərsində aktiv ola bilər.
Pozitiv ailə əlaqələrinin qurulması, valideyn-övlad münasibətlərinin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması, uşaqların idman dərnəklərinə cəlb olunması, ailədaxili qaydaların olması mütləqdir. Valideynlər uşaqlarının dostlarını tanımalıdırlar. Psixoloji sağlamlıq valideynlərin və məktəblərin diqqətində olmalıdır. Uşaqların potensialının üzə çıxarılması, yaxşı tərəflərinin daha da inkişaf etdirilməsi uşağa rəftarımızın mərkəzində durmalıdır. Məktəb psixoloqunun işi yalnız uşaqların problemini həll etmək yox, həm də onların potensialının üzə çıxarılması olmalıdır. Uşaq bilmir ki, onun nəyə bacarığı var. Uşaqların müsbət tərəflərini inkişaf etdirmək lazımdır. Bir əhvalatı danışım, məşhur futbolçu Pele sovet dönəmində SSRİ-yə gəlir, sovet futbolçularının oyununa baxır, hamı onun nə deyəcəyini gözləyir. Pele deyir ki, indi bildim sovet futbolu niyə axsayır. Soruşurlar niyə? Pele deyir ki, məşqçi oyunuçunun müsbət tərəflərini görmür.
Narkomaniya girdabına düşən insanların hamısının müsbət tərəfləri var. Narkomaniya yoluna düşəndən sonra onların müsbət tərəfləri kölgədə qalır, sanki hamı onların ancaq qaranlıq tərəflərini görür. Halbuki həmin adamların problemli tərəflərini arxa plana atsaq, onlara xilas olmağa kömək edərik. Onların içi özünü yandırır, çölü özgəni. Stiqma onların narkomaniyadan xilas olmasına mane olur.
Orta məktəblərdə dərsin maraqlı olmaması uşağın dərsdən yayınmasına kömək edir. Dərs, məktəb cəlbedici olmalıdır. Uşaq məktəbə can atmalıdır. Amma demək olmaz ki, narkomaniyaya düçar olan uşaqlar yalnız zəif oxuyan uşaqlar arasında olur. Yaxşı oxuyan uşaqlar arasında da, zəif oxuyan uşaqlar arasında da, maddi durum yaxşı və zəif olan şəxslər arasında da narkotiklərə uyanlar olur. Narkoman qrupuna ali təhsil alan da, almayan şəxslərdən də düşənlər var. Amma narkomanların ortaq xüsusiyyəti budur ki, bu bəla mənəvi boşluqdan qaynaqlanır. Ailədaxili münasibətlər, sosial-psixoloji faktorların təsiri, özünüqiymətləndirmənin aşağı olması narkomaniyaya yol açan faktorlardır.
Onu da deyim ki, 2020-ci ildə 44 günlük müharibədəki zəfərimizdən sonra bizi istəyən qüvvələr olduğu kimi, istəməyən qüvvələr də var. Burada həmin bizi istəməyən, bizi gözü götürməyən qüvvələrin Azərbaycan gəncliyini narkomaniya girdabına salmaq istəyi də rol oynaya bilər.
Söhbətləşdi: Asya ŞÜKÜROVA,
Stopnarkotik.az