Ceyhun Alıyev: “Hesab edirəm ki, narkomaniya həm şəxsiyyətdaxili, həm də sosial-psixoloji səbəblərlə şərtlənərək meydana çıxan problemdir”
Narkomaniyanın qarşısının alınmasında onu yaradan səbəblərin araşdırılmadsı və aradan qaldırılması mühüm yer tutur. Xüsusilə sosial-psixoloji səbəblərdən söhbət gedir. Son vaxtlar Stopnarkotik.az olaraq müxtəlif psixoloqlarla müsahibələrə üstünlük verməyimiz də təsadüf deyil.
Psixoloq Ceyhun Alıyevlə söhbətimiz də bu qəbildəndir və onunla müsahibəmizdə məsələnin dərinliklərinə varmağa çalışdıq.
- Ceyhun müəllim, son günlər narkomaniya ölkəmizdə sürətlə yayılır. Sizcə, gənclərimizin bu bəlaya düçar olmasının əsas səbəbləri nələrdir?
- Əvvəlcə onu qeyd edim ki, narkomaniya bütün dünyanı narahat edən problem kimi dövlət və xalq olarq bizi də düşündürür və narahat edir. Dövlət səviyyəsində bu problemə qarşı mübarizənin təzahürü olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılması və əksər nazirliklərin həmin komissiyanın tərkibinə cəlb olunmasını qeyd edə bilərik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin narkotikin bəşəriyyətin gələcəyi üçün böyük təhlükə törətməsi və Ümumilli lider Heydər Əliyevin narkomaniya mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüur sağlamlığı uğurunda aparılan mübarizədir - fikirləri ölkəmizdə bu problemlə bağlı narahatlığın nə qədər yüksək bir səviyyədə olduğu mesajını verir. Amma bütünlükdə götürəndə, hesab edirəm ki, narkomaniya həm şəxsiyyətdaxili, həm də sosial-psixoloji səbəblərlə şərtlənərək meydana çıxan problemdir.
- Bəs, bu sosial-psixoloji səbəblər arasında əsasən hansıları sadalaya bilərsiniz?
- Bura çox məsələlər daxildir. Məsələn, gəncin, yeniyetmənin xroniki olaraq stress içində yaşaması və yaxud həmyaşıdlarının təzyiqi - xüsusilə yeniyetməlik yaşında; ailədə tərbiyə işinin düzgün aparılmaması, valideynlə övlad arasında sevgi, diqqət, qayğı və ünsiyyət əskikliyinin olması; yeniyetmənin asosial uşaqlarla təmasda olması; narkotik istifadəçiləri ilə tanışlıq; yeniyetmə və gəncin emosional tələbatlarının ödənilməməsi və s. xüsusiyyətlər.
- Bir psixoloq kimi deyə bilərsinizmi, narkotik aludəçisi yalnız fiziki asılılıqdan qurtulmaqla, öz iradə gücü ilə narkomaniyadan xilas ola bilərmi?
- Gəlin, ilk növbədə “narkotik asılılığı” anlayışını izah edək. Asılılıq kliniki bir temindir və o diaqnozun qoyulması heç də bildiyimiz qədər asan deyil. Asılılıq – kənardan aldıqlarımızla bədənimizi və psixolojimizi rahatladan hər bir şeydən asılı olaraq yaşamaq deməkdir. Asılılıq başqa bir şeydir, istifadə etmək başqa bir şeydir. Onları bərabər səviyyədə qəbul etmək olmaz. Ola bilər ki, kimsə ondan istifadə etsin. Amma, bu onun cəmiyyətdə və şəxsi həyatında fəaliyyət və yaşamasının normal şəkildə davam etməsinə qətiyyən təsir göstərməsin. Problem asılılığın olması ilə başlayır. Amma bir məslə də var ki, norma həddini aşmaqdan qorunmaq çox çətindir və bu girdaba düşənlərin böyük əksəriyyəti məhz “mən öz normamı bilirəm” deyib o normanı gözləyə bilməyənlər arasında olur. Kimi narkotik asılılığı olan şəxs adlanıra bilərik? Həmin şəxsin davranış və rəftarında mütləq olaraq aşağıdakı əlamətlərin olduğunu müşahidə etməyimiz lazımdır ki, həmin adamı narkotik asılılığı olan şəxs adlandıra bilək.
- narkotik maddə və uyğun davranışa həddən çox maraq və vaxtın ayırılması;
- narkotik maddə və uyğun davranış ucbatından şəxsin həyat və fəaliyyətinin normal gedişinin pozulması;
- narkotik maddədən istifadə edə bilməyəndə və yaxud uyğun davranışı yerinə yetirməyəndə əsəb sarsıntısının keçirilməsi;
- narkotik maddə və davranışın verdiyi zərərlərin ört-basdır edilməsi yaxud da onun olduğunu imtina etmək və ya gizlədilməsi;
- həmin maddə və uyğun davranışı yerinə yetirmək üçün gizli yolla qaynaq, mənbə və məkan axtarışı yaxud ona hazırlıq görülməsi.
Bu əlamətlərdən üçü müşahidə olunursa, bu, artıq həmin şəxsdə narkoasılılığın olduğu qənaətinə gəlməyimizə əsas verir. Amma bu əlamətlərin olmaması da o demək deyil ki, gələcəkdə onlar olmayacaq. Ola bilsin ki, şəxs narkotik istifadəsinə yeni başlayıb. Ola bilsin ki, o adam hələ “qırmızı xətti” keçməyib, özünə sərhəd qoyduğunu düşünür, amma onun sabah o sərhədi keçməyəcəyinə heç kimin zəmanəti yoxdur.
Ona görə də sizin sualınıza cavab olaraq deyə bilərəm ki, iradə güc anlayışı subyektiv məzmuna malikdir. Ola bilər ki, bir insan öz iradi gücü və səyi hesabına bu bəladan qurtulsun. Əksər hallarda isə narkomaniya kimi ağır bəladan qurtulma bir komanda işi sayəsində mümkün olur. Bu xilasetmə komandasına mütəxəssislər və ailə üzvləri daxil edilməlidir. Əks təqdirsə müalicə və şəxsi cəhd o qədər də səmərəli olmur.
- Ceyhun müəllim, sizcə, bu problemin qarşısının alınması, eləcə də həmin şəxslərin sağlamlığının bərpa olunması və cəmiyyətə inteqrasiya olunması yolunda hansı maneələr var?
- Bu gün narkomaniya ilə mübarizənin aparılmasının çətinləşdirən məsələlərdən biri narkomanlarla bağlı cəmiyyətdə olan stiqma və diskriminasiyanın olmasıdlr. Stiqmalı münasibət onsuz da ağır vəziyyətdə olan narkomanların vəziyyətini bir az da ağırlaşdırır. Belə olan təqdirdə onlar özlərini daha çox gizlədərək əziyyət çəkərək yaşamaqda davam edirlər. Bir atalar sözümüz var: içim özümü yandırır, çölüm də özgəni. Bu məsələ uyğun olaraq narkomanların düşüdüyü bəla bir tərəfdən onların özlərini məhv edir, digər tərəfdən isə daxil olduqları ailə və cəmiyyət onların ucbatından həm mənəvi-psixoloji, həm də maddi əziyyət çəkirlər. Azərbaycan mədəniyyətinin daha çox kollektiv yönümlü mədəniyyət olduğunu nəzərə alsaq ailədə və qohumda narkomanın olması nəinki həmin şəxsin, eləcə də bütün ailə və qohumların sosial nüfuzuna ciddi şəkildə mənfi təsir göstərir.
Stiqma – bir şəxsin başqalarının gözündə nüfuz, hörmət, inam və eitabradan düşürülməsidir. Bu mənada narkotik istifadəçi olmaq şəxsin narkoman stiqması ilə üzləşməsi və onunla yaşaması deməkdir. Stiqma xarici və daxili olmaqla iki yerə bölünür. Narkomanların üzləşdiyi stiqmaya misal olaraq onlar haqqında olan dedi-qodu, təhqir, şifahi formada hədə qorxu; fiziki izlənmə; toy, yas və digər ailə və ictimai məclislərdə olmağa qoyulan qadağa və yaxud dəvətin olmaması; ailə tədbirində iştiraka qoyulan məhdudiyyət, evlənmə təklifinə imtina, özünügünahlandırma, özünühörmət hissinin aşağı düşməsi, oğru kimi baxmaq, intihar düşüncəsilə yaşamaq və s.
Bəzi hallarda isə narkomanların özünüdiskriminasiya halları onların reabilitasiyasını və həm də bu bəlaya qarşı mübarizənin aparılmasını çətinləşdirir. Özünüdiskriminasiyaya aşağıdakıları nümunə göstərə bilərik: evlənməmək, uşaq olmasının qabağını almaq, müalicə olunmaqdan yayınmaq, həmyaşıdlardan, qohumlardan, ailə və uşaqdan özünü təcrid etmək, toy, yas və s. ictimai tədbirlərdən uzaq olmaq, işdən çıxmaq, oxumaqdan imtina etmək, intim yaxınlıqdan qaçmaq və s.
Stiqma və diskriminasiya qarşılıqlı əlaqədədir və onlar bir birini gücləndirir və qanuniləşdirir. Demək olar ki, diskriminasiya – stiqmanın praktiki olaraq tətbiqinin nəticəsidir. Öz növbəsində diskriminasiya stiqmanın rəğbətləndirir və gücləndirir. Deməli ki, narkomaniya kimi ağır bir problemin qarşısını alan məsələlərdən biri məhz narkomanlarla bağlı cəmiyyətdə yaranan stiqma və diskriminasiya məsələsidir. Çünki stiqma və diskriminasiya həmin problemin açığa çıxmasına və zərərin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə mane olur. Demək istəyirəm ki, bu məsələnin həlli kompleks yanaşma tələb edir.
(Ardı var)
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az