Hakim bəraət verdi, prokurorun protestindən sonra 9 il həbs cəzası aldı... – NARKOTACİRLƏR MƏHKƏMƏDƏ NECƏ SƏRBƏST QALIR?

Bir neşə gün əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, məhkəmədən bəraət alan şəxslər Mehman Səmədov və Ceyhun Xanmirzəyev barəsində prokurorun apellyasiya protestinə baxılıb.

Stopnarkotik.az xəbər verir ki, məhkəmənin hökmü ilə Səmədov Mehman Səməd oğlu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3 cü maddələri ilə bəraət alıb, Xanmirzəyev Ceyhun Əhməd oğlunun ittihamından CM-nin 234.4.1 və 237.2.1-ci maddələri xaric edilib, o, CM-nin 234.4.3 və 237.2.3- cü maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Bununla, Mehman Səmədov irəli sürülən ittihamlar üzrə təqsirli bilinərək, qəti olaraq 9 il Ceyhun Xanmirzəyev isə qəti olaraq 8 il həbs cəzasına məhkum edilib.

Maraqlıdır, məhkəmənin bəraət verdiyi şəxsin sonradan prokurorun protesti nəticəsində 9 il müddətinə azadlıqdan məhrum edilməsi hələ də hüquq sahəsində boşluğun olduğunu göstərmirmi? Əgər belədirsə, o halda cinayətkarı cəzasız buraxan hakimilərin özləri cəzalandırılmalı deyillərmi?

Tanınmış hüquqşünas Namizəd Səfərov Stopnarkotik.az-a deyib ki, belə hallarda hakimlərin cəzalandırılması nəzərdə tutulmur: “Ümumiyyətlə, aşağı məhkəmə instansiyalarında bəraət almış şəxs barəsində prokurorluğun protesti ilə yuxarı məhkəmədə yenidən ittiham hökmü çıxarıla bilər. Bəraət hökmü çıxarılıbsa, prokurorluğun protesti ilə, eyni zamanda tərəflərdən birinin – zərərçəkənin şikayəti ilə hökm Apellyasiya Məhkəməsində, yaxud da Ali Məhkəmədə ləğv oluna və ittiham hökmü çıxarıla bilər. Burada heç bir qeyri-adi bir şey yoxdur. Bilirsiniz ki, bizim ölkədə hakimlər bəraət hökmü çıxarmaqda olduqca simicdirlər. Yəni çox az hallarda belə bəraət hökmü çıxarırlar.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kiminsə barəsində bəraət hökmü çıxararkən, yəqin ki, toplanmış sübutlara qiymət verib. Söhbət təkcə ondan getmir ki, bu adamın əməlində cinayət tərkibi yoxdur. Sadəcə olaraq, bu, sübuta yetirilmir. Verilən ittiham kifayət qədər etibarlı sübutlarla sübuta yetirilmirsə, hakimin, yəni məhkəmənin ixtiyarı var ki, bəraət hökmü çıxarsın. Belə hallarda hakimlərin cəzalanması nəzərdə tutulmur. Yəni qanunvericilik hakimlərin səhv qərar verməsini mümkün hesab edir, elə ona görə də üç mərhələli məhkəmə instansiyası nəzərdə tutulub. Yəni birinci məhkəmə instansiyası səhv edə bilər. Apellyasiya Məhkəməsi də səhv edə bilər. Onda Ali Məhkəmə bu məsələlərə aydınlıq gətirir ki, üç məhkəmə instansiyası vətəndaşın qanunsuz məhkum olunmasına imkan verməsin.

Amma bizdə, çox təəssüf ki, belə deyil. Bizdə məhkəmə hökmləri daha çox bu və ya digər münasibətlər üzərində qurulub. Verilən ittihamlar bir qayda olaraq məhkəmələrdə təsdiq olunur. Amma vəziyyətdən çıxış yolu da var. Vahid Apellyasiya Məhkəməsinin qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti də verilə bilər. Ali Məhkəmə bu məsələyə yenidən baxıb, qanuni bəraət hökmü çıxara bilər. Ancaq, əgər orada qəsdən, qərəzli şəkildə, bilə-bilə bu qərarın qəbul olunduğu sübuta yetirilməsə, hakimlər cəzalandırılmır”.

Konkret olaraq narkotik satışı ilə bağlı bərat alan, daha sonra barəsində 9 il həbs cəzası çıxarılan məhkumdan söhbət getdikdə, N.Səfərov hesab edir ki, burada da yetərli sübutların olması vacibdir: “Bizdə bu ittihamlar yalnzı iki-üç nəfər polis əməkdaşının verdiyi ifadə üzərində qurulur. Polislər tutduqları şəxslərdən təzyiq vasitəsilə törətdikləri cinayətləri boyunlarına alan ifadələr alırlar və həmin şəxslər də gəlib məhkəmələrdə birmənalı qaydada bildirirlər ki, cinayəti törətməyiblər. Hakim də çıxılmaz vəziyyətdə qalır. Bir tərəfdən, üç nəfər polis əməkdaşının yalan ifadəsi, digər tərəfdən də insan boynuna almır, ona görə də hakim öz daxili inamı əsasında hökm çıxarır ki, bu şəxs bəraət almalıdır. Yəni toplanmış sübutlar kifayət deyil ki, bir insana bu qədər ağır ittiham irəli sürülsün”.

“Amma onu da nəzərə alaq ki, Azərbaycanda kifayət qədər narkotik satıcıları, “bariqa”lar, narkodilerlər var, onlar zaman-zaman həbsə düşür və bəraət alırlar. Sizcə, bu ittihamla həbsə düşənlərin hamısı günahsızdır” sualımıza N.Səfərovun cavabı isə belə oldu: “Söhbət verilən ittihamdan və yaxud ölkədə narkotik ticarətinin baş alıb getməsindən getmir. İnsanı ittiham etmək, yaxud onu 10 il azadlıqdan məhrum etmək üçün elə mötəbər sübutlar lazımdır ki, bu sübutlar bir-biri ilə bağlansın. Məsələn, həmən şəxsin barəsində sübutlar əldə olunur, o, qırx dəfə də desə ki, məni döydülər, boynuma qoydular, bir dənə etibarlı sübut yetir ki, bu adamın əməlində cinayət tərkibi var. Bizdə isə, yaxşı bilirik ki, heç bir belə sübut yoxdur, yalandan istintaq orqanı yazır ki, guya, əldə etdiyimiz məlumata görə şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, üç nəfər də polis əməkdaşını onun üzünə durdururlar. Məhkəmə istintaqı zamanı müəyyən olunur ki, polislərin verdikləri ifadələr bir-birinə uyğun gəlmir. Belə olan halda məhkəmənin də tam ixtiyarı var ki, bəraət hökmü çıxarsın, sübutları kifayət hesab etməsin.

Əlbəttə, mən də sizinlə razıyam ki, ölkədə narkotik ticarəti baş alıb gedir, insanlar narkotikə uyublar, özü də kütləvi şəkildə. Çox təəssüf ki, dövlət tərəfindən bu əmələ qarşı normal mübarizə aparılmır”.   

Bunun özü göstərirmi ki, Azərbaycanda narkotik tacirləri məhkəmələr, yaxud digər strukturlar tərəfindən böyük pulların qarşılığında himayə olunurlar? Namizəd Səfərov hesab edir ki, məhkəmələr himayəçi statusda çıxış etmirlər: “Məhkəməni deməzdim. Çünki məhkəmə sadəcə olaraq bu prosesə qoşulub ki, rüşvət almaqla qazanc götürsün. Ancaq əsas strukturlar başqalarıdır. Bu, dövlət tərkibində olan korrupsiyadır. Mən sizə deyirəm ki, dövlət proqramı ilə qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə aparılsa, bunun kökünü kifayət qədər kəsmək mümkündür. Baş Narkotiklərlə Mübarizə İdarəsi qətiyyən mübarizə ilə məşğul olmur”.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az