Azərbaycanda yeniyetmə və gənclər arasında narkomaniya geniş vüsət alır. Bunun səbəbləri nədir?
Bu suala cavab olaraq demək lazımdır ki, gənclərin müxtəlif internet brauzerlərinə, saytlara, sosial şəbəkələrə, kanallara daha çox marağı var, nəinki orta və yaşlı nəslin. Hansı ki, burada da psixoaktiv maddələrin istifadəsini müzakirə edən xeyli sayda qruplar var. Üstəlik, bu müzakirələrdə sözügedən psixoaktiv maddələrin “tamamilə zərərsiz olduğu”, bəzi qabiliyyətləri, ünsiyyətcilliyi “sağlamlığa zərərsiz şəkildə” artırması iddia olunur. Bu kimi yanlış məlumatlar da gənclər arasında psixoaktiv maddələrə maraq oyadır və ondan istifadəyə sövq edir.
Qeyd etmək lazımdır ki, yeniyetmələrin yetkin, dolğun, oturuşmuş şəkildə formalaşmış psixikası yoxdur, onlar çox vaxt bir sıra hərəkətlərə şüursuz, dərinliyinə varmadan yanaşırlar. Ona görə də narkotiklərdən, psixoaktiv maddələrdən istifadənin sonrakı nəticələrini götür-qoy etmirlər, daha çox “modaya uyaraq” narkotik bataqlığına yönləndirilirlər.
Gənclər onları əhatə edən “dost-tanış” mühitinin təsirinə də asanlıqla düşürlər. Hesab edirlər ki, bu yolla öz yaşıdları arasında bir növ “nüfuz qazanırlar”. Nəticədə isə sonunu düşünmədən narkotik aludəçisinə çevrilirlər.
Əlbəttə, yeniyetmə və gənclərin narkotik asılısına çevrilməsində çox vaxt valideynlərin də nöqsanları olur. Yəni övladlarının əməllərinə nəzarət etmirlər. Uşaqların çoxlu boş vaxtı ola bilər və onlar boş vaxtı müsbət işlər - idman, dərslər, musiqi kimi məşğuliyyətlərlə doldurmurlarsa bütün bunlar psixoaktiv maddələrin istifadəsinə, gələcəkdə gənclərdə narkomaniyanın inkişafına gətirə bilir.
Bəs nə etməli?
Məktəblərdə uşaqlara çox diqqət yetirilməlidir. Çünki indi hər bir təhsil müəssisəsində psixoloq var. Müxtəlif psixoloji problemləri olan uşaqları ilkin mərhələdə vaxtında aşkarlaya bildikləri üçün onların üzərinə böyük iş düşür. Çünki istənilən psixoloji problem həm də narkotikdən istifadəyə, yaxud başqa növ asılılığa gedən yoldur. Bu problemləri müəyyən edən psixoloq problemi öz səviyyəsində, artıq ehtiyac yaranıbsa uşağın valideynləri ilə birlikdə həll etməlidir. Lazım gələrsə, narkologiya üzrə mütəxəssis dəvət etməli və gənclərə kömək etməyə çalışmalıdır.
Və təbii ki, gənc nəslin daim öz inkişafı ilə məşğul olması lazımdır! Gəncləri həyat yolunda hələ “narkotiklərlə tanış olmamış” dil öyrənməyə, hobbilərə, hansısa maraqlı məşğələlərə yönəltmək lazımdır. Əsas odur ki, onların bu həyatda nail olmaq istədikləri məqsədi, can atdıqları hədəfi, uğrunda çarpışacağı amalı olsun! Ona görə də pedaqoqlar və valideynlər yeniyetmə və gənclərə bu müqəddəs məqsədə çatmaqda birgə kömək etməlidirlər. Ancaq artıq problemlərin olduğundan şübhələnirlərsə və uşaq narkotik maddəyə “ilişibsə”, eləcə də diqqət, yaddaş pozğunluğu, uşağın sadə bir söhbətə diqqətini cəmləyə bilməməsi, immunitetin düşməsi, ağızda yara varsa təcili narkoloq-mütəxəssisə müraciət etmək lazımdır. Bildirək ki, narkotik sayəsində reproduktiv funksiya da pozulur.
Narkomaniya ilə mübarizənin əsas yolu profilaktik tədbirlərdir ki, burada da başlıca məqsəd narkomaniyanın yayılmasının qarşısını almaqdır. Tibb müəssisələri, qanunverici orqanlar, hüquq-mühafizə orqanları, elmi müəssisələr təşviqat prosesinə cəlb edilməlidir. Narkomaniyanın qarşısının alınmasının ən geniş yayılmış yolu narkotik vasitələrin yayılmasının məhdudlaşdırılmasına, təbliğat-təşviqat fəaliyyətinə və sağlam həyat tərzinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsidir. Son məqsəd narkotik vasitələrin insanın həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsirləri barədə insanlara məlumat vermək olmalıdır. Ancaq daha bir əsas nüans da var: təbliğat üçün materialların hazırlanması ilə yalnız mütəxəssislər, yəni narkoloqlar, psixoloqlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, sosial işçilər onlarla məşğul olmalıdır.
Gənclər arasında narkomaniyanın qarşısının alınmasında təhsil müəssisələri və valideynlər mühüm rol oynayır. Belə ki, təhsil müəssisələrində seminarlar, mühazirələr, dərs saatları şəklində narkomaniyanın qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir. Yeniyetmə və gənclərə ciddi neqativ nəticələrə gətirən real narkomaniya hadisələri, narkotik vasitələrdən istifadənin sağlamlığa, intellektə, nəsilartırmaya zərərli təsirləri barədə məlumat verilməlidir. Metroda, avtobuslarda, multimedia ekranları, televizorlar var, bunlardan maksimum istifadə etmək lazımdır. Valideynlər də bu mövzu ilə bağlı biliklərlə “silahlanmalı”, broşuralar, əlavə məlumatlar almalı və övladlarına təlqin etməlidirlər.
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az