TÜRKİYƏDƏ MƏRC QALMAQALI - Şübhəlilər arasında “Galatasaray” və “Beşiktaş”ın futbolçuları da var

Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, oyunçular Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən PFDK-ya sövq olunublar.

Məlumata görə, PFDK-ya göndərilən futbolçulardan 27-si hazırda Super Liqada çıxış edən komandaların üzvləridir:

Ersin Destanoğlu, Necip Uysal (Beşiktaş), İzzet Çelik, Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt (Alanyaspor), Efe Doğan, Furak Orak (Rizəspor), Metehan Baltacı, Eren Elmalı (Qalatasaray), Muhammet Taha Güneş, Nazım Sangare (Qaziantepspor), İzzet Furkan Malak, Uğur Kaan Yıldız (Göztəpə), Kerem Kayaarası (Antalyaspor), Mükremin Arda Tüürköz (Eyüpspor), Ege Albayrak, Ali Emre Yanar (Kasımpaşa), Furkan Bekleviç, Kerem Yusuf Sirkeci (Fatih Karagümrük), Celil Yüksel (Samsunspor), Boran Başkan, Salih Malkoçoğlu (Trabzonspor), Adil Demirbağ, Alassane Ndao (Konyaspor) və Berkan Aslan, Abdulsamet Burak (Kayserispor).

***

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində 18 nəfər saxlanılıb.

"TRT HABER" xəbər verir ki, ilkin araşdırmalardan sonra “Eyüpspor” klubunun prezidenti Murat Özkaya və 3 hakim barəsində həbs qərarı çıxarılıb.

Məlumata görə, saxlanılanlardan 6 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, digər 9 nəfər barəsində isə istintaq tədbirləri davam etdirilir.

İstintaq hakimlərin və idman dairələrindəki bəzi şəxslərin onlayn mərc platformalarına üzv olması və bu fəaliyyətlər vasitəsilə maliyyə qazancı əldə etməsi şübhələri əsasında başlanıb.

Türkiyə Futbol Federasiyası və Ədliyyə Nazirliyinin də proseslə bağlı koordinasiyalı şəkildə məlumatlandırıldığı bildirilib.