Hazırda “narkotik böhranı” bəşəriyyətin ən böyük problemlərindən birinə çevrilib. Artıq narkomaniyadan xilas yolu qlobal səviyyədə aparılan müzakirə mövzusudur. Heç də təsadüfi deyil ki, planetin ən öndə gedən ölkəsi statusunu əlində saxlayan ABŞ kimi nəhəng ölkə də “narkotik burulğanı”ndan çıxa bilmir. Üstəlik, o da maraqlıdır ki, ABŞ başda olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə “narkotik epidemiyası”nın inkişaf meyarı fentanildən ölənlərin sayı ilə ölçülür...
Qeyd edək ki, konkret olaraq ABŞ-da narkomaniyanın 10 illik dəhşətli yüksəlişindən sonra vəziyyətin yaxşıya doğru dəyişəcəyi ilə bağlı müəyyən ümidlər də yox deyil. Hətta Co Baydenin administrasiyası bildirir ki, həddindən artıq dozadan ölümün illik sayı nəhayət yumşaq yavaşlama istiqamətini alıb. Məsələn, 2022-ci ilin statistik rəqəmi 2021-ci ildən cəmi 5% yüksəkdir ki, bu, artım tempinin zəifləməsi anlamına gəlir...
Bununla yanaşı, hələ də fentanil və digər sintetik opioidlər ildə təxminən 75 000 insanın ölümünə səbəb olur ki, bu da 2019-cu ilin göstəricisindən iki dəfə çoxdur. Lakin Amerika tarixindəki ölümcül narkotiklə mübarizədə bu uğurlu rəqəm sayılır. Rəqəmlərin kiçik olması o demək deyil ki, mübarizə getmir. Hökumət “narkotik epidemiyası”nın qarşısını almaq üçün rekord məbləğlər xərcləyir. Vaşinqton həm də öz siyasətində yaradıcı yanaşma sərgiləməyə çalışır. Ölkənin daxili işlər naziri Alexandro Mayorkas bu yaxınlarda "The Economist"ə Meksika sərhədində fentanil aşkarlanmasını artırmaq üçün süni intellektdən necə istifadə edildiyini izah edib. Dövlət katibi Antoni Blinken isə bir müsahibəsində insan alveri ilə mübarizə və fentanil istehsalı üçün lazım olan kimyəvi maddələrin - prekursorların beynəlxalq ticarətini tənzimləmək üçün diplomatik təşəbbüslərin pik həddə çatdığını vurğulayıb. Hər ikisi də ABŞ daxilində narkotikə tələbatı azaltmaq səylərini ortaya qoyub.
Məlumatlara görə, Bayden prezident olduqdan sonra federal hökumət ilk dəfə müalicəyə qadağalardan daha çox pul ayırıb. “Biz ictimai məlumatlandırmadan (maarifləndirmə) tutmuş müalicəyə, sağalmaya, antidotlara qədər hər şeyə milyardlarla, on milyardlarla dollar sərf edirik”, - Blinken qeyd edir. Mayorkas isə öz növbəsində bildirir ki, administrasiyanın səyləri olmasaydı, insan tələfatı daha pis və narkotacirlərinin qazancı daha da böyük olacaqdı.
Fentanil sərhəddən necə keçir...
Əlbəttə, sərhədin özündə problemin miqyası aydındır. Fentanil yüksək konsentrasiyaya malikdir və buna görə də qaçaqmalçılıq yolu ilə aparılması asandır. Milli Təhlükəsizlik Şurasından Xuan Qonzalesin qeyd etdiyi kimi, agentlər kokain kimi tonla daşınan narkotikləri deyil, kiçik həblərin anbarlarını axtarırlar. İnsan alverçiləri onları yük maşınının və ya avtomobilin istənilən küncündə gizlədə bilərlər. Onları ticarət daşımalarında, “Coca-Cola” şüşələrinə, kokos qabıqlarına, qazon aksesuarlarına və ya avtomobil akkumulyatorlarına dolduraraq gizlədirlər. Fentanili təkərlərə və dişli çarxalara yığırlar. Kiçik miqdarlar kifayətdir: fentanil o qədər güclüdür ki, deyilənə görə, Meksikadan gələn üç yük maşını Amerikanın bir il ərzində bütün tələbatını təmin edə bilər. Sərhəddə fentanil müsdirələri keçən il demək olar ki, iki dəfə artıb. Amma dəqiq deyil ki, bu, daha effektiv ələk-vələk etmənin, yoxsa qeyri-leqal alverin daha çox artmasının nəticəsidir. Süni intellektin çaldığı səs avtomobil rentgenoqrafiyadan keçən zaman qəribə bir şeyin olub-olmadığını müəyyən etmək üçün istifadə olunur. 2023-cü ilin əvvəlində sərhəd postlarında 11 belə sistem fəaliyyət göstərirdi. İndi onların sayı 31-dir, daha 26-sı da quraşdırılır.
Amma nədənsə ABŞ-a daxil olan yük maşınlarının yalnız 20%-i və avtomobillərin 5%-dən azı rentgen müayinəsindən keçir. Administrasiya bunu artırmaq və həm narkotik alverini, həm də qeyri-qanuni immiqrasiyanı cilovlamaq üçün sərhədə daha çox agent göndərmək istəyir. Mayorkas qeyd edir ki, iki problem olduqca fərqlidir: narkotiklərin böyük əksəriyyəti qeyri-qanuni miqrantlar tərəfindən Amerikaya gətirilmir, kimlər daimi sərhəddən keçirsə onlarda ələ keçirilir.
Lakin keçən ay Konqresdəki respublikaçılar prezidentliyə namizdə Donald Trampın göstərişi ilə sərhəddə polis fəaliyyətini gücləndirəcək iki partiyalı qanun layihəsini səsvermədən keçməyə qoymadılar. Görünür, Tramp Baydenin sərhədlə bağlı uğura nail olmasını istəmir.
Beləliklə, Amerikanın opioid epidemiyasına diqqət siyasi dönəmlə artır və azalır. Tramp Bayden dövründə "sərhəd xaosunu" pisləməkdən məmnundur. Miqrasiya onun əsas mövzusu olsa da, buna fentanil də daxildir. O, ilk dəfə 2020-ci ildə Meksikayla əməkdaşlıq və ya onsuz narkotik dəstələrini məhv etmək üçün ABŞ qoşunlarını göndərmək ideyasını irəli sürdü. O vaxtdan bu fikir Respublikaçılar Partiyasının daxilində doktrinaya çevrildi və narkokartellər rəsmi olaraq terror təşkilatı elan edildi.
Maraqlıdır ki, narkotacirlər də vəziyyətə və yeniliklərə adaptasiya olunur. Məsələn, 2022-ci ildə ABŞ-Meksika sərhədində ələ keçirilən bütün fentanilin yarıdan çoxu San Dieqo, Kaliforniya yaxınlığında tutulub. Lakin son vaxtlar Arizona ştatının Tuson şəhərindən cənubda yerləşən sərhəd xətti əsas tranzit nöqtəsinə çevrilib. Arizona ştatının Noqales şəhərindəki bir məmur öz qoxubilən iti “Reks”i başqa avtomobilin dövrəsində gəzdirərkən “Hər şey biz tərəfdən keçib gedir” deyir. Bəzi məmurlar avtomobildə axtarış apararkən fentanillə təmas halında özlərini ayaqqabı örtükləri, əlcəklər və maskalarla qoruyurlar. Digərləri üstlərində təsadüfən fentanilə çox təmas halının qarşısını almaq üçün həddən artıq dozanın müalicəsində istifadə olunan "nalokson" dərmanını saxlayırlar.
Badalaq
Yüklərdə və maşınlarda fentanil axtarışı edən məmurların ehtiyatla davranışı anlaşılandır. Fentanil heroindən 50 dəfə güclüdür. Bəzi insanlar onu ilk dəfə qəbul edəndə ölürlər. Uzun müddətdir ki, fentanil kiçik dozalarda ağrıkəsici kimi təyin edilirdi. Bunu etmək asandır, buna görə də ABŞ-da 2010-cu illərdə əczaçılıq şirkətləri tərəfindən satılan reseptli opioidlərin sui-istifadəsinə qarşı mübarizə aparmağa başlayanda, narkotik tacirləri narkomanlara fentanil satmağa başladılar. Fentanilin cazibəsini artıran nüans onun güclü olmasıdır. Məsələn, “The Economist” də Tusonda keçmiş narkoman Haynesin bununla bağlı ilk təcrübəsi nəşr olunub: “Mən bunu sınadım və sonra həyatımın üç gününü itirdim. Öz-özümə dedim, vay, bu nə dəlisov bir şey idi. Bunu bir də etmək istəyirəm”.
Fentanilin ölkəni necə və hansı sürətlə pis günə qoyduğunu ifadə etmək çətindir. Fentanil 2013-22-ci illərdə narkotik aludəçisi olan bir milyon amerikalının üçdə birindən çoxunu öldürdü. Covid-19 pandemiyası zamanı ölümlər daha da artdı və o vaxtdan bəri azalmır. Onun sürətlə yayılmasının bir səbəbi ucuz olmasıdır. Haynes əvvəlcə onu sınayıb, çünki heroindən daha ucuz olub. ABŞ-ın "Narkotiklərlə Mübarizə Agentliyi"nin (DEA) üç il əvvəl başlatdığı ictimai maarifləndirmə kampaniyasındakı şüar kimi -“Bir doza bir dollardan ucuz başa gələ və bu bir həb öldürə bilər".
Məlumata əsasən, əvvəlcə ən çox fentanil Amerikaya birbaşa Çindən gəlib. Lakin 2019-cu ildə Çin hazır fentanil və onun istehsalı üçün ən çox istifadə edilən iki kimyəvi maddənin satışını qadağan etdi. Bu nöqtədə Meksika Çindən müxtəlif prekursor kimyəvi maddələr idxal edərək tədarük zəncirində mühüm rol oynadı, fentanil burada “bişirildi” və şimala göndərildi.
Tusonda sağalmaqda olan başqa bir keçmiş narkoman Eşli əvvəllər bu işin başında duran meksikalı qanqsterlərin ortağı olub. Əvvəlcə reseptli opioidlərin, sonra heroinin və nəhayət fentanilin daimi istifadəçisi olduqdan sonra o, vasitəçidən ayrılıb, birbaşa mənbəyə - “Sinaloa” kartelinə, Meksikanın şimal-qərbində yerləşən narkokartelə üz tutub. “Sinaloa” karteli Meksikanın əsas fentanil istehsalçısıdır. Eşli əvvəllər Sinaloa əyalətinin paytaxtı Kuliakana və Meksikanın digər şəhərlərinə nağd pul aparırdı. O, bu pulu böyük miqdarda fentanil, kokain və met üçün ödəyəcəkdi. Amma hökumət onu yaxaladıqdan sonra 2022-ci ildə narkotik alverində ittiham olunub. Onu 5-10 il həbs cəzası gözləyir.
“Qucaqlaşmalar” və quldurlar
ABŞ hakimiyyəti, təbii ki, “Sinaloa” karteli ilə mübarizə aparmağa çalışıb. Lakin bu səylər Meksika prezidenti Andrés Manuel López Obradorun kifayət qədər sübuta baxmayaraq, fentanilin Meksikada istehsal olunduğunu etiraf etmək istəməməsi ilə çətinləşib. Məsələn, bir il əvvəl Meksika ordusu Kuliakandakı bir narkotik laboratoriyasında yarım milyondan çox fentanil həbi ələ keçirdiyini söylədi. Obrador aprel ayında ABŞ prokurorları tərəfindən “Sinaloa” kartelinin liderlərinə qarşı irəli sürülmüş narkotik ittihamlarını "heç bir şəraitdə qəbul edilməməli olan təhqiramiz, təkəbbürlü müdaxilə" adlandıraraq etiraz etdi. Obradorun hökuməti narkotiklə mübarizə üzrə xarici agentlərinin Meksikada işləməsini çətinləşdirmək üçün təhlükəsizlik qanununa dəyişiklik etdi. O, narkobandalara üstün gəlmək üçün "güllə atmaq deyil, ağuşuna almağı" tövsiyə edir, yəni cinayətin cazibəsini azaltmaq üçün hökumət yoxsullara yardımı artırmalıdır.
Keçən il Meksika fentanilin prekursorlarının idxalına nəzarət etməyə yönəlmiş güclü qanunlar qəbul etdi. Bir il əvvəl Meksika ordusu “Sinaloa” kartelinin “Çapitos” adlanan dörd əsas patronundan birini həbs etdi, onlar kartelin qurucusu, hazırda Amerikada həbsdə olan Xoakin “El Çapo” Quzmanın oğullarıdır. Sentyabrda ələ düşən Çapito Ovidio Quzman Amerikaya təhvil verildi. Bir neçə gün sonra bəlli oldu ki, “Sinaloa” ərazisində insanlara fentanil hazırlamamaq barədə xəbərdarlıq edilib. Yəni yalnız başçıya yaxın şəxslərə fentanil bişirmə icazəsi verildi. Hətta “fentanil aşbazları” əvvəl marixuana əkdikləri torpaqlarda qarğıdalı və buğda becərməyə başlayıblar.
Məğlubiyyət qənimətləri
Meksikalı məmur deyir ki, Kuliakandakı anbarın ətrafında polis basqınlarında ən azı 2 milyon fentanil həbi ələ keçirilib. Həyətdə müsadirə edilmiş həb dəzgahları dayanır, hansı ki, onların hər biri saatda 10 000 həb hazırlaya bilər. Sinaloa böyük və kənd tipli şəhərdir. Yolları o qədər pisdir ki, ştatın bəzi hissələrinə çatmaq beş gün çəkə bilər. Fentanil aşpazlarının gizlənmək üçün çoxlu yeri var və hökumətdəki məmurların içində basqın olacağına dair məlumat olan zaman onu çatdıran çoxlu “xəbərçilər” var. Bir yük maşınının boşaldılması, sökülməsi və hərtərəfli axtarışı "iki-üç həftə" çəkə bilər. Prosesə ordu və polis kömək edir, lakin problemin miqyasını nəzərə alsaq, bu yetərli deyil. Mübarizənin gücünü üç dəfə artırmaq belə, uğura zəmanət verə bilməz. ABŞ-ın mübarizə üçün bütün texnologiyası var, amma bunu dayandıra bilmirlər. Keçən il Amerikanın ittiham aktında deyilirdi ki, “Sinaloa” karteli Çindən gələn 800 dollarlıq prekursorları 640 min dollarlıq gəlirə çevirə bilər. “Sinaloa” karteli həqiqətən fentanil istehsalını cilovlayırsa, bu, narkotikin şimala axınını dayandırmayacaq. Bunun əvəzinə, Meksikadakı ABŞ rəsmiləri deyirlər ki, istehsal sadəcə olaraq daha dağınıq və pərakəndə hala gəlir. Keçmiş fentanil aşpazı bildirib ki, o, cənub əyaləti olan Çiapasda və şərqdə Verakruzda, eləcə də Mexikoda fentanil laboratoriyalarının qurulmasına kömək etmək üçün dəvət olunub. “Los Çapitos bütün Meksikaya nəzarət edə bilməz. Bu çox asandır - mən asanlıqla yeni laboratoriya qura bilərəm", deyə fentanil aşbazı bildirir.
Bu oyun Çində də oynanılır. Meksikada olduğu kimi, hökumətin fentanillə mübarizə səyləri Pekinin ABŞ-la işinin nə qədər yaxşı getdiyindən asılı olaraq dəyişir.
(Ardı var)
Hazırladı: Asya ŞÜKÜROVA
Stopnarkotik.az