Son vaxtlar yeniyetmələr arasında intihar halları niyə artıb? – PSİXOLOQ SEVİNC HƏBİBOVA SƏBƏBLƏRİ AÇIQLADI

“Uşaqların intihara meylli olmasının səbəbi sevgisizlik, ilgisizlik, diqqətsizlikdir...”

Son günlər Xırdalanda bir-birinin ardınca yeniyetmələrin müəmmalı intihar hadisələri baş verdi. Hansı ki, bu məsələ sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi, hərə məsələyə fərqli prizmadan yanaşdı. İndiyədək həmin yeniyetmələrin özlərinə qəsd etməsinin səbəbləri ilə bağlı hər hansı rəsmi açıqlama da verilməyib. Maraqlıdır, bu cür müəmmalı intihar hadisələri nə ilə bağlıdır? Sosial şəbəkələrdə iddia olunduğu kimi, yeniyetmə və gənclərimizin özlərinə qəsd etməsinin arxasında onların narkotik maddə qəbul etməsi dayanır? Stopnarkotik.az bu və digər suallara psixoloq Sevinc Həbibova ilə söhbətdə aydınlıq gətirməyə çalışıb.

- Sevinc xanım, sizcə, son vaxtlar yeniyetmələr arasında müəmmalı intihar hadisələrinin artmasına səbəb nədir?

- Mənə elə gəlir ki, intiharların səbəbi uşaqlara qarşı olan diqqətsizlikdir. Uşaqlarla maraqlanmaq lazımdır. Onları başlı-başına buraxmaq lazım deyil. Uşağı ilk öncə ailə yetişdirir, sonra onları cəmiyyətə buraxırlar. Yəni uşaq ailədə sevgi, mərhəmət, açıqsözlülük görməlidir. Sanki onlarla ailədə heç kim danışmaq istəmir, uşaqları başından edirlər. Hamı çörəkpulu dalınca qaçır, ana işdə olur, ata işdə olur, uşaqlar öz-özlərilə qalırlar.

Mən hətta bir çıxışımda da qeyd etmişdim ki, bu yeniyetmələrin siqaret alışqanlığı da diqqətsizliklə bağlıdır. Onlar sanki təsəllini çöldə tapırlar. Evdə uşaqlarla ciddi məşğul olmurlar. Amma qeyd edim ki, bunu da hamıya şamil etmək olmaz. Yenə deyirəm, uşaqlarla maraqlanmaq lazımdır. Heş kəs dünyaya oğru, yalançı, pis vərdiş aludəçisi olaraq gəlmir. Uşaqlarla söhbət aparmaq, daimi ünsiyyətdə olmaq lazımdır.

Mən tövsiyyə edərdim ki, ailələr övladları ilə maraqlansınlar. Uşaqlar azyaşlı olan zaman onları özlərinə cəlb edib, onlarla müəyyən oyunlar oynasınlar. Mən hətta deyərdim ki, məktəblərdə xüsusi konfranslar keçirib valideynlərin, uşaqların həmin tədbirlərdə iştirakını təmin etmək, övladlarıyla necə davranmaq gərəkdiyini anlatmaq lazımdır. Birmənalı olaraq deyə bilərəm ki, uşaqların intihara meylli olmağında səbəb ancaq sevgisizlik, ilgisizlik, diqqətsizlik, onlarla maraqlanmamaqdır. Yenə qeyd edim ki, bu, hamıya aid deyil. Elə valideyn var ki, uşağı ilə də maraqlanır, 24 saat vaxtını övladına sərf edir. Amma elə uşaq var, ata oturur evdə, deyir get mənə siqaret al. Əlbəttə, uşaq da böyüyüb siqaret çəkən olacaq.

Uşaqların heç bir günahı yoxdur, sadəcə onlara vaxt ayırmaq lazımdır. Övladlarına vaxt ayıran valideynlər həyatda uduzmazlar. Uşaqları həm universitetlərə qəbul olarlar, həm də universitetlərə qəbul olmasalar belə, ən azından tərbiyəli, cəmiyyətə yararlı fərdlər, ilk növbədə ailəyə, sonra isə cəmiyyətə faydalı şəxslər ola bilərlər.

- Sizin dediklərinizdən belə aydın olur ki, cəmiyyətdə uşaqlara gərəkdiyi qədər diqqət göstərilmir və bu, əksəriyyət təşkil edir. Və söhbət yalnızca təhsildən getmir, uşaqları insan kimi yetişdirmək lazımdır...

- Əlbəttə, yenə deyirəm, heç kəs anadan oğru, yalançı, narkotik aludəçisi kimi doğulmur. Bunlar sonradan qazanılmış şeylərdir.

- Siz həmçinin qeyd etdiniz ki, məktəblərdə bu mövzuda valideynlərlə uşaqların iştirak etdiyi konfranslar keçirilsəydi, problemə yaxşı təsir göstərərdi. Dedilərinizdən belə anlaşılır ki, valideynləri də maarifləndirmək lazımdır. Bəlkə də övladını necə yetişdirməyi bilməyən valideynlər var.

- Doğrudur. Mən belə təklif edərdim ki, bu mövzuda tez-tez tədbirlər keçirilsin. Valideynlərlə uşaqları bu tədbirlərə çağırsınlar. Çünki, belə deyim, biz uşaqları müalicə edə bilərik, amma onlar yenidən öz ailələrinə, yaşadıqları mühitə qayıdacaqlar. Ona görə valideyn də müalicə olunmalıdır. Ailədə 5 nəfər varsa, 5 nəfərin 5-i də müalicə olunmalıdır. Çünki 5 nəfərlik ailənin bir üzvü sağalır, o biriləri həminki vəziyyətdə qalmağa davam edir. Müalicə olunan yenə həmin insanlarla ünsiyyətdə olur və dəyişiklik olmur. Bu səbəbdən, uşaqlar nənə ilə yaşayırsa onunla birgə, yaxud ana ilə qalırsa ana ilə birgə terapiyaya getməlidir. Bu, natamam ailələrə də aiddir. Natamam ailə yalnız o demək deyil ki, ana ilə ata ayrılıblar. Elə ailələr var ki, zahirən normal, tam ailə kimi görünürlər, amma ailəiçi münasibətlər normal deyil, yola getmirlər. Həmin ailədə böyüyən uşaqlar necə yaxşı şeylər görsünlər ki, hər şey gözlərinin qarşısında baş verir? Onlar da natamam ailədir. Əksər hallarda uşaqların və yeniyetmələrin intiharlarının səbəbi birmənalı olaraq sevgisizlik, ilgisizlik, diqqətsizlikdir. Araşdırsanız görərsiniz ki, bu halların çoxu natamam ailələrdə baş verir.

- Sevinc xanım, son vaxtlar yeniyetmələr arasında narkotikdən istifadə halları da artıb. Necə düşünürsünüz, bu kimi intihar hadisələrinin narkotiklə hər hansı bağlılığı ola bilərmi?

- Mən ailə psixoloquyam, ancaq öz sahəmə uyğun danışa bilərəm. Bu barədə elə bir şey deyə bilmərəm. Amma görürsünüz də, indi azyaşlı uşaqlara da narkotik satırlar. Narkotiklər çox yayılıb. Bu sahənin mütəxəssisləri daha dolğun danışa bilərlər. Amma yenə deyim ki, valideynlərin sevgisi, qayğısı olsa nə pis vərdişlər olar, nə həmin uşaqlar küçədə olar, hər kəs öz işində olar, firavan həyat sürərlər.

- Yəni problemin başinda valideyn-övlad münasibəti durur...

- Sevgisizlik, ilgisizlik, övladı ilə maraqlanmamaq, ünsiyyət qurmamaq, kobud şəkildə övladının suallarını cavablamaq. Bu, mənim şəxsi fikrimdir. Ata-ana vaxtlı-vaxtında övladlarıyla dost olsalar, intihar halları baş verməz.

-Ümumiyyətlə, sizə elə gəlmirmi ki, gənclərimizin psixoloji durumu daha da həssaslaşıb, yaxud kövrəkləşib? Bəlkə bu səbəbdən daha çox yeniyetmə və gənc yaşda olan insanlar narkotiklərə və digər asılılıqlara meyllənir?

- Əgər uşağın 3 yaşı varsa və misal üçün deyirsə ki, mən bunu yeyirəm, artıq bu uşaq formalaşmaqdadır. Biz eləcə də yeniyetməni necə pisləyə bilərik? Təhqir olunnan uşaqlar gələcəkdə özlərini çox lazımsız hesab edirlər. Onlar çox təhqir olunduqları, danlandıqları üçün kövrək olurlar. Deyirlər biz heç kimə lazım deyilik. Nəyi isə bacarmayanda, onlara motivasiya etmək, ruhlandırmaq lazımdır. Demək lazımdır ki, sən bacarıqlısan, həyat bununla bitmir. Amma indiki valideynlər dözümsüzdürlər. Hətta bu gərginlikdə universitetə qəbul olan uşaq da travmalı olacaq. Alınmayanda alınmır da. Bəzən uşaqlar səhv edir, ata ona deyir ki, bunu düzəltməsən mən gələnə qədər özünü as, yaxud özünü ölmüş bil. Ya da deyirlər, səni öldürəcəyəm. Mən yenə də vurğulayaraq deyirəm ki, hər valideynə bunu şamil etmirəm. Amma övladlarına bu formada təzyiq göstərən valideynlərin özləri də uşaqlıq dövründə travma almış uşaqlar olub. Belə valideynlər də öz uşaqlarına - bunu belə etməsən belə edəcəyəm, mən gələnə qədər bunu yerinə yetirməlisən, yoxsa sən nəyə lazımsan - kimi göstərişlər aşılayırlar. Uşaqlar da çıxış yolunu intiharda görürlər. Onlar yeniyetməlik dövründə böhran yaşayırlar. Hətta travmalar üzündən bu böhran dövrü 40 yaşınadək sürə bilir. Sonra təqaüd, sonra ölüm krizisi. Təhqir olunan uşaqlar sabah öz ailəsində necə olacaq, istər qız, istər oğlan. Yaxud təhqir olunan oğlan - sabahsı günün kişisi necə ailə başçısı olacaq, travmalı qız öz ailəsinə nə verəcək...

- Travma zənciri davam edəcək.

- Əlbəttə, oğlanların qürurunu tapdamaq olmaz. Qızları da aşağılamaq olmaz. Hamıya diqqətli yanaşmaq lazımdır. İstər yaşlı, istər gənc insan olsun, hamının dərmanı sevgidir.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az