Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qasımov və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.
İttihamda deyilir ki, Müşviq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Müşviq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.