“ÖVLADINIZA ÖZÜ OLMAĞI ÖYRƏDİN” – Günay Hüseynli: “Valdeynlər yarımçıq qalmış arzularını övladları üzərində davam etdirməməlidir”

Narkomaniyanın qarşısının alınmasında onu yaradan səbəblərin araşdırılması və aradan qaldırılması faktoru mühüm yer tutur. Söhbət xüsusilə sosial-psixoloji səbəblərdən gedir. Stopnarkotik.az olaraq psixoloqlarla müsahibələrə üstünlük verməyimiz də təsadüf deyil. "Azad Həyat" Reabilitasiya Mərkəzinin klinik psixoloqu Günay Hüseynli ilə söhbətimiz də bu qəbildəndir və onunla müsahibəmizdə məsələnin dərinliklərinə varmağa çalışdıq.

(Əvvəli bu linkdə: “Yeni qurulan hər bir ailə məcburi qaydada psixoloji dəstək almalıdır”)

- Orta məktəblərdə fəaliyyət göstərən psixoloqların qeyri-peşəkarlar, bəzi hallarda hətta təhsili olmayan evdar qadınlar olduğu haqda iddialar var. Belə vəziyyətdə məktəblərdə yetərli təbliğat işi aparmaq mümkündürmü?

- Çox gözəl bir məsələyə toxundunuz. Bu gün bizim cəmiyyətin ən böyük bəlalarından, problemlərindən biri də budur. Yəni hər kəs öz işiylə məşğul olsa, hər sahədə öz işini bilən, peşəkar mütəxəssis olsa, məncə, cəmiyyət olaraq daha çox irəli gedərdik. Bu gün mənim özüm də dəfələrlə eşidirəm ki, baxırsan, məktəbdə psixoloq var, amma sual verəndə deyir ki, mən informatikanı bitirmişəm, kimya üzrə təhsil almışam və s. Soruşuram ki, psixoloq kimi təhsil almısan? Deyir, yox, ştatlı gəlmişəm. İşsiz qalmamaq, harasa ilişib qalmaq, dost-tanışın vasitəsilə gəlib psixoloq işləyirlər. Doğrudur, bu gün kifayət qədər savadlı, işini bilən, peşəkar psixoloqlarımız da var, onların haqqına girə, zəhmətlərini dana bilmərik. Amma təəssüflər olsun ki, ştat boş qalmasın deyə, bu sahədən xəbəri olmayan şəxsləri məktəblərə psixoloq kimi işə götürürlər. Təbii ki, bu reallığın qarşısı mütləq alınmalıdır. Hətta məktəbdə bir peşəkar psixoloqun olması da kifayət etmir. Çünki ibtidai siniflər üçün ayrıca psixoloqlar olmalıdır. 5-8-ciniflər üçün başqa, 9-11-ci siniflər üçün isə tamam başqa psixoloq olmalıdır. Yəni hər yaş dönəminə yüklənib, öz işini tam dərindən, dolğun şəkildə görə bilən peşəkar insanlar lazımdır ki, uşaqların davranışını öncədən görsünlər. Məsələn, əgər bir uşaq danışmırsa, özünə qapılırsa, dərsinə cavab verə, özünü ifadə edə bilmirsə, hər zaman məktəbdə parta arxasında oturub heç kimlə fikrini bölüşmürsə “bu uşaq sakitdir” deyib keçməməlidirlər. Burda müəllim də mütləq psixoloqa məlumat verməlidir. Psixoloq o uşaqla danışmalıdır. Bütün valideynlərin telefon nömrəsi psixoloqda olmalıdır, lazım gəldikdə ata-ananı çağırmaq, danışmaq, şagirdin vəziyyətini analiz etmək lazımdır.

- Belə anlaşılır ki, məktəb psixoloqlarının işi heç də gedib kabinetdə oturmaqdan ibarət deyil…

- Bu, çox böyük həcmli bir işdir. Mən bunu verilişlərdə, youtube kanallarında da deyirəm ki, səsimiz lazımi yerlərə çatacaq. Bu, tamamilə başqa bir proses olar ki, zamanında 18 yaşa qədər uşaqların travmaları, ailədaxili problemləri üzə çıxarılsın və həlli yolları ortaya qoyulsun. Bunun üçün də mütləq məktəb psixoloqları savadlı işləyə bilən insanlar olmalıdırlar.

- Necə düşünürsünüz, övladın narkoman olmasında valideynin məsuliyyət payı nə qədərdir?

- Cəmiyyətə sağlam şəkildə övlad böyütmək üçün məktəblərdə uşaqlara idman fənni mütləq şəkildə keçirilməlidir. Bundan əlavə, müxtəlif kreativ yaradıcılq sahələri üzrə məşğələlər, qruplar olmalıdır. Uşaqlar üçün fərqli, öz məşğuliyyətlərini üzə çıxara biləcək yeniliklər olmalıdır. Məncə, bunlar təbliğ olunmalıdır. Bunun üçün valideynlər də əllərindən gələn etməlidirlər ki, övladlarını özünüifadə üçün sevdikləri işə yönləndirsinlər.

Mən sizin saytınız, mətbuat vasitəsilə valideynlərə səslənirəm. Uşağınıza özü olmağı öyrədin. Sizin onlardan gözlədiyiniz şəkildə tələb etməyin ki, sən bu sahədə çalışacaqsan, sən mütləq bu işlə məşğul olacaqsan. Bax, mənim bu işim yarımçıq qaldı, həkim olacaqdım, sən həkim olacaqsan. Və yaxud mən polis olmadım, sən polis olacaqsan. Valdeynlər yarımçıq qalmış arzularını övladları üzərində davam etdirməməlidir. Öz travmalarını övladlarının beyinlərinə yükləməsinlər. Dediklərim çox önəmli məsələdir. Mən özüm də hər zaman valideynlərə deyirəm ki, övladınız hər bir fəndən mütləq 5 almaldır deyə bir şey yoxdur. Hansısa fəndən 3, 4 aldığı üçün onu döymək, təhqir etmək, başqaları ilə müqayisə etmək lazım deyil. Övladınız nəyi gözəl bacarırsa, nəyi qavraya bilirsə öz potensialını o cür yansıtsın, özünü o cür ifadə etsin. Nədənsə 5 alar, nədənsə 4 alar, nədənsə 3 alar, bunun heç bir önəmi yoxdur.

Bir övlad üçün ana rolu necə önəmlidirsə, ata rolu da bir o qədər önəmlidir. Valideynlərə səslənirəm ki, çalışın öz övladınızı sevin, emosional təmas edin, kürəklərinə sığal çəkin, başlarını tumarlayın, alnından öpün. Mütləq emosional toxunuş edin. Gözlərinin içinə baxın, söhbət edin, danışın. Bir arada vaxt keçirin, sevgi ötürün. Onlar üçün bu çox önəmlidir. Onlar sevgidən doyaraq “tox” olmalıdırlar ki, gələcəkdə sevgi acısını yaşayıb çöllərə düşməsin, özlərini orda-burda tamamlamağa can atmasınlar.

“Mən böyüyəm, mən çox bilirəm, sən az bilirsən” prisipini valideynlər üçün qətiyyən qadağa edirəm...

Çox vacib, önəmli bir məsələyə də toxunacam. Bəzən ailə münasibətlərini analiz etdikcə görürsən ki, hər şey kənardan göründüyü kimi deyil. Heç də övladına hər şeyin yaxşısını almaq çıxış yolu deyil, “maşın aldım”, “telefon aldım”, “dünyanı gəzdirdim” və s. bunlar hər şey demək deyil. Bunlar gözəldir. Amma bütün bunların ən önəmlisi emosional yanaşmadır, uşaqlar sizinlə zaman keçirməlidir. Hər zaman onların hərəkətlərini dəyərləndirin, qiymətləndirin. Layiq olduqları dəyəri verin, gözəl sözlər deyin, fəxr etdiyinizi söyləyin. “Nə yaxşı ki, övladımsan” sözünü söyləyin. Əgər səhviniz varsa, övladınızdan üzr istəməyi də bacarın. “Mən böyüyəm, mən çox bilirəm, sən az bilirsən” prisipini valideynlər üçün qətiyyən qadağa edirəm. Çünki bu gün siz şəxsiyyət formalaşdırırsınız. Sağlam şəxsiyyət tərbiyə edirsinizsə, ona sevgiylə, nəvazişlə dəstək olun.

Mən 3 illik təcrübəmə əsasən onu deyə bilərəm ki, kifayət qədər təhsilli, bilikli, zəngin mənəviyyatı olan, ailə dəyəri çox-çox dərin olan insanlar var ki, narkotikin qurbanı olublar. Amma bu gün mübarizə aparırlar, çalışırlar, çaba göstərirlər. Mən və "Azad Həyat" Reabilitasiya Mərkəzindəki komandamız əlimizdən gələni edirik ki, onları yenidən normal həyata qaytaraq. Çox şükürlər olsun, saysız-hesabsız insanlar var ki, narkotikdən geri dönüş ediblər. Narkotik adlı “ağ ölüm”dən canlarını qurtarıb, yenidən sağlam həyata qayıdıblar, ailə münasibətləri bərpa olunub. Bunlar çox önəmlidir. Çünki bu halda bizim cəmiyyət qazanır. Yıxılana daş atmaq asandır, onlata kömək olmaq, əl uzatmaq isə hər bir insanın işi deyil. Mən sizin mətbuat vasitəsilə demək istəyirəm ki, gəlin kömək olaq, hər bir narkotik asılısını, alkoqol asılısını cəmiyyətimizin sağlamlığı naminə yararlı, keyfiyyətli halda normal həyata qaytaraq.

- İstər narkomaniya, istər iqromaniya, istər də digər asılılıqlar sahəsində hansı tədbirlər planı həyata keçirilməlidir ki, gənclərimizi bu bəladan xilas edə bilək?

- Bilirsiniz necədir, mövzu o qədər dərindir ki, bununla bağlı saysız-hesabsız məqalələr yazmaq olar. Mən bir məqama da toxunacam. Mümkün olarsa, onu da müsahibdə qeyd edin. İnsan olaraq heç kim heç bir cəmiyyətdə sinəsinə vurub deyə bilməz ki, mənim ailəmdə, nəsilimizdə narkotik istifadəçisi yoxdur. Çünki gizli narkotik istifadəçiləri olur, 3 il, 5 il heç kəs bilmir. Bəli, yoxdursa, çox şükür, heç olmasın. Amma heç kəs cəmiyyətdə bundan sığortalanmayıb. Ona görə də qonşuda, qohum-əqrəbada narkotik istifadəçisi varsa, “narkomandır da” deyib keçməsinlər. Bu, narkotik qurbanı olan insandır, ona dəstək olmaq lazımdır. O insanlara ağır söz deməyin, incitməyin, acılamayın. Əksinə, dəstək olun, kömək olun.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az