“Yeni qurulan hər bir ailə məcburi qaydada psixoloji dəstək almalıdır” - KLİNİK PSİXOLOQ

Günay Hüseynli: “Narkotik asılılığında psixoloji faktor çox önəmli rol oynayır

“Uşaqları 6-7 yaşı tamam olandan sonra narkomaniyanın zərərləri haqda maarifləndirmək lazımdır”

Narkomaniyanın qarşısının alınmasında onu yaradan səbəblərin araşdırılması və aradan qaldırılması faktoru mühüm yer tutur. Söhbət xüsusilə sosial-psixoloji səbəblərdən gedir. Stopnarkotik.az olaraq psixoloqlarla müsahibələrə üstünlük verməyimiz də təsadüf deyil. "Azad Həyat" Reabilitasiya Mərkəzinin psixoloqu Günay Hüseynli ilə söhbətimiz də bu qəbildəndir və onunla müsahibəmizdə məsələnin dərinliklərinə varmağa çalışdıq.

(Əvvəli bu linkdə: “Hər bir insan yaradılışdan asılıdır…”)

- Günay xanım, bir halda ki, problemin qismən aildən qaynaqlandığını düşünürüsünüz, sizcə, o zaman ailə psixoloqlarına ehtiyac yaranmırmı?

- Bəli. Cəmiyyətdə bu cür sağlam seçim etməyən insanların olmaması üçün biz mütləq ailə psixoloqunun olmasını tətbiq etməliyik. 5 il ərzində mütəmadi olaraq, kişi və qadın psixoloji dəstək almalıdır. Bir çox məqamlar var ki, onları öz aralarında həll edə bilmirlər. Bu zaman ailə psixoloqunun olması çox önəmlidir. Dövlət bunu tələb etməlidir ki, siz gedib mütləq qeydiyyatdan keçməlisiniz. Və mütləq hesabat verilməlidir ki, bəli, bu cütlük beş il ərzində mütəmadi psixoloji dəstək alıb. Bu təməl qoyulduqdan sonra, gələcəkdə artıq bir çox şeyin həll yolunu özləri tapa biləcəklər.

Digər tərəfdən, yaxın iki il ərzində evlənən cütlüklərin ailəsində artıq övlad dünyaya gəlir. Övladın sağlam mühitdə böyüməsi üçün öncə ata və ana sağlam olmalıdır. Onlar həm də sağlam münasibətdə olmalıdırlar ki, övlad da doğulanda sağlam tərbiyə alsın. Tutaq ki, narkotik qəbul edən ata, ana necə sağlam olmalıdır? Burda da yenə ailə psixoloqunun rolu çox önəmlidir. Mən bunu daim vurğulayıram, çağırış edirəm ki, bu, mütləqdir. Şərt olaraq hər bir yeni qurulan ailəyə ailə psixoloqu məcburi tələb olunmalıdır.

- Ümumiyyətlə, narkomanların müalicəsində psixoloji faktor nə dərəcədə rol oynayır?

- İlk öncə “narkoman” deyil, “narkotik asılısı” deyək, bunun adı bu cürdür. Narkotik asılılığında psixoloji faktor çox önəmli rol oynayır. İnsanın şəxsiyyət olaraq darmadağın olduğu bir prosesdə onun şəxsiyyətinin yenidən bərpası üçün mütləq psixoloji müdaxilə olmalıdır. Bu, olmalıdır ki, o, yenidən həyata sağlam insan olaraq geri dönüş edə bilsin.

Yenə də deyəcəm, "Azad Həyat" Reabilitasya Mərkəzində 3 ildir ki, fəaliyyət göstərirəm. Həmişə də valideynlərə deyirəm ki, reabilitasiya mərkəzini doğru-düzgün seçmək üçün nəyə fikir vermək lazımdır... Protokol üzrə iş prinsipi var. Reabilitasiya mərkəzinin həm psixatrı, həm klinik psixoloqu olmalıdır. Bu mərkəzlər əsasən "12 addım” adlı psixoloji, mənəvi proqram vasitəsilə müalicə tətbiq edirlər. Bu, Amerikadan gəlmiş müalicə metodudur, son 3 ildir ki, Azərbaycanda da istifadə olunur. "12 addım” psixoloji, mənəvi proqramdır. Narkotik və alkoqol asılılarının müalicəsində tətbiq olunan, təsir gücü olan yeganə proqramdır ki, xroniki xəstəliklər bunun vasitəsilə müalicə olunur. Burada yenə də önəmli olana fikir verməliyik ki, bu psixoloji, mənəvi proqramdır. Təbii ki, bu, bir komanda işidir. Reabilitasiya Mərkəzinin təsisçisinin özü bu proqrama bələd olmalı, özü bu proseslərdən keçmiş olmalıdır. Özünün ayıqlığı olmalıdır. Biri var, kor-koranə istifadə edirsən, biri də var, sən psixoloji olaraq sən lazımi psixoloji dəstəyi almısan, sağalırsan. Sağalma yolunda olaraq, ayıq qalmaq çox önəmlidir. Ona önəm vermək lazımdır ki, Reabilitasiya Mərkəzinin təsisçisinin özü “öndə gedən” kimi digər narkotik asılısına nümunə olmalıdır ki, bax, məndə alınıb, bacarmışam, siz də bacaracaqsınız. Yəni bu bir “mayak”dır, özünəinamdır.

Burada psixoloqun olması da çox önəmli faktordur. Daha sonra Reabilitasiya Mərkəzində müalicə alan insan üçün komandada kimlər olmalıdır, onu vurğulamaq istəyirəm. Baş proqram koordinatoru, konsultantlar, kimlər ki, bu yolu keçiblər, müalicə yolunu bilirlər. Bunların müalicə alınanlara ciddi dəstəyi olur. Ən önəmli prinsplərdən biri isə budur ki, mütləq psixoloq olmalıdır. Psixoloq onların travmaları ilə işləyir, korreksiya edir, onlara sağlam motivasiyanı öyrədir. Pisoxoloqun onların sağlam düşüncələrinin formalaşmasında çox böyük rolu var. Yenə də deyirəm, bu, psixoloji, xroniki xəstəlikdir. Odur ki, burda klinik psixoloq da mütləq olmalıdır. Çünki bu, önəmli faktordur. Onların müalicəsində çox böyük rol oynayır.

- Sizcə, narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə işi hansı yaşdan aparılmalıdır? Ümumiyyətlə, burada orta məktəblərin rolu nələrdən ibarət olmalıdır?

- Belə demək olarsa, uşaq danışmağa başlayıb, söhbət etməyi öyrəndiyi andan. Düşünürəm ki, məhz həmin vaxtdan ailənin içindən ata-ana bununla bağlı danışmalı, tədbirlər aparmalıdır. Narkomaniyadan, onun fəsadlarından əziyyət çəkən insanları uşaqlara elə göstərmək lazımdır ki, uşağın şüuraltında bir qorxu olsun. Qəbul etsin ki, bəli, narkotik istifadə edənin axırı yoxdur. Bunu valideyn vaxtında, sağlam şəkildə izah edərsə, başa salarsa, məncə, daha düzgün olar. Məncə, uşaqlar bu tərbiyəni, maarifləndirməni birinci evdən almalıdır. Biri var, bu hadisə çöldə baş verir, uşaq kor-koranə nəisə öyrənir, biri də var, o, artıq agahdır. Yəni uşaq o yola addım atmamışdan, narkotiki əlinə almamışdan öncə bunun nə olması haqqında məlumatı olmalıdır. Bu baxımdan, hətta 6-7 yaşı tamam olandan sonra uşağı maarifləndirmək lazımdır.

Məktəbdə də ilk siniflərdən başlamaq lazımdır. Məktəb psixoloqları onları bir araya toparlayıb, maarifləndirməlidir. Müəllim də xüsusi tədbirlər təşkil etməli, səhnələr hazrılamalı, video-roliklər göstərilməlidir. Sağlam şəkildə ötürülməlidir ki, şagirdlər maariflənsin.

Bəzən deyirlər ki, vaxtından tez gərəksiz şeyləri niyə öyrədək, onların niyə gözünü açaq?! Xeyr, elə biz çox şeyin üstünü ört-basdır etdiyimiz üçün cəmiyyət olaraq, bu problem yaşayırıq. Onsuz da indiki dövrün uşaqları hər şeyi tez əldə edirlər, sosial şəbəkələr vasitəsilə öyrənirlər. Ona görə, birinci növbədə mütləq özümüz maarifləndirici olmalıyıq. Yəni öncə özümüz maariflənməli, daha sonra övladımızı maarifləndirməliyik. Təbii ki, burada da məktəbin, müəllimin, psixoloqun çox böyük rolu var.

Mən həmişə vurğulayıram ki, mütləq məktəblərdə psixoloqlar vaxtaşırı, məsələn, ayda bir dəfə valideynlərlə görüş keçirməli, onlarla maarifləndirici söhbət etməlidir. Mən xüsusi vurğulayım ki, həm ata, həm də anan mütləq gəlib iştirak etməlidirlər. Psixoloq onlarla söhbət aparmalıdır. Onların ailədə olan münasibətini öyrənməlidir. Valideynlərin övladları ilə münasibətlərində problem varsa, onu psixoloqa danışmalıdırlar. O, bunu korreksiya etməlidir.

Mən belə düşünürəm ki, məktəbin bir yox, bir neçə psixoloqu olmalıdır. Bir psixoloq bu işi təkbaşına görə bilməz. Məktəbdə bir neçə psixoloq olarsa, daha çox fayda verər. Ona görə, burda mütləq şəkildə məktəbin də çox böyük rolu var. Amma, bird aha qeyd edim ki, öncə ailə maarifləndirməlidir, paralel məktəb də öz işini görməlidir.

- Orta məktəblərdə fəaliyyət göstərən psixoloqların qeyri-peşəkarlar, bəzi hallarda hətta təhsili olmayan evdar qadınlar olduğu haqda iddialar var. Belə vəziyyətdə məktəblərdə yetərli təbliğat işi aparmaq mümkündürmü?

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az