Psixoloq Günay Hüseynli: “Hər bir atanın, hər bir ananın özünün də uşaqlıqdan gələn travması var”
“Ailədə sevgi görməyən uşaqlar onu çöldə axtarmağa başlayırlar, mən onlara "sevgi dilənçisi " deyirəm”
“Valideynlər övladlarını maddi cəhətdən aşırı dərəcədə təmin etməməlidir…”
Narkomaniyanın qarşısının alınmasında onu yaradan səbəblərin araşdırılması və aradan qaldırılması faktoru mühüm yer tutur. Söhbət xüsusilə sosial-psixoloji səbəblərdən gedir. Stopnarkotik.az olaraq psixoloqlarla müsahibələrə üstünlük verməyimiz də təsadüf deyil. "Azad Həyat" Reabilitasiya Mərkəzinin psixoloqu Günay Hüseynli ilə söhbətimiz də bu qəbildəndir və onunla müsahibəmizdə məsələnin dərinliklərinə varmağa çalışdıq.
- Günay xanım, son illər ölkəmizdə narkomaniya sürətlə genişlənməkdədir. Bir neçə ildir dövlət səviyyəsində ciddi mübarizə aparılsa da, təəssüf ki, narkomanların sayında artım müşahidə olunmaqdadır. Bunun psixoloji əsasları haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, cəmiyyətimizdə baş verən bütün proseslərin, fərqi yoxdur yaxşı və ya pis, hər bir hadisənin sonunda psixoloji bir səbəb var. İnsanların emosional durumunun, sosial mövqeyinin və s. onların həyatındakı seçimlərə birmənalı olaraq təsiri vardır. Ümumiyyətlə, bu gün biz cəmiyyət olaraq, istər dövlət orqanları, istər özəl sektor olsun, hamı "güc birlikdədir" prinsipinə əsaslanaraq, əlimizdən gələni edirik. Amma baxırıq, nədənsə, hələ də narkotik istifadəçilərinin sayı arta-arta gedir.
Məsələnin psixoloji səbəbləri haqda mən əsas onu deyə bilərəm ki, indi buna təsir edən faktorlar çoxdur. Hər zaman vurğulamışam, yenə də vurğulayacam, ilk öncə ailədaxili münasibətlər burada rol oynayır. Yəni bir şəxsiyyətin formalaşma dönəmində ailədə ata-ana modeli, ata-ana münasibəti, onların uşaqlara təsiri, hətta ata və ananın övlada olan münasibəti - bütün bu faktorlar mütləq öz sözünü deyir. Baxırsan ki, hansısa gəncin bir insan, bir şəxsiyyət kimi formalaşmasında boşluqlar olur. Sual verə bilərsiniz ki, o, hansı boşluqlardır? Sevgisizlik, məhəbbətsizlik, gərəksiz və lazımsız olmaq duyğusu ki, “mən sevilə bilmirəm”, “mən gərəksizəm” və s. Yəni mənəvi boşluq, mənəvi aclıq olur. Mən belə insanlara "sevgi dilənçiləri" deyirəm. Nə üçün? Çünki mən özüm üç ildir ki, narkomaniya, alkoqolizm asılılığı üzrə müalicə mərkəzi olan "Azad Həyat” Reabilitasiya Mərkəzində klinik-psixoloq və təlimçi olaraq fəaliyyət göstərirəm. Orada asılılıq psixologiyası ilə çalışıram.
Ümumiyyətlə, narkotik asılısı kimdir? El arasında “narkoman” deyirlər. Əslində, bu kəlmə kökündən yanlışdır. “Narkoman” deyil, buna xroniki, psixoloji xəstəlik olaraq “narkotik asılısı” deyə bilərik. Bu xəstəlik bir asılılıqdır. “Narkoman”, “alkoqolik” deyirlər. Xeyr, “alkoqol asılısı”, “narkotik asılısı”. Yəni bu, psixoloji olaraq asılılıq xəstəliyidir…
- Hesab edirsiniz ki, kimsə bu xəstəlikdən sığortalanmayıb?
- Cəmiyyətdə bir çox insanın asılılıqları vardır. Hər bir insan yaradılışdan nələrəsə asılıdır. Kimsə işindən asılı, kimsə hansısa bir vərdişdən asılı ola bilir. Misal üçün, aşırı dərəcədə dadlı yeməyin asılısı olanlar var. Hansı ki, bu insanlar hər vaxt dadlı yeməklər axtarırlar. Kimsə geyim, kimsə bahalı brendlər asılısıdır, bütün pulunu geyim-keçimə verir ki, həmin brendlər daim qarderobunda olsun. Və yaxud hansısa tele-serialın asılısı, avtomobil asılısı, sürət asılısı var. Təbii ki, gündəmdə sosial şəbəkə, smartfon, telefon asılıları da çoxluq təşkil edir. Yəni asılılıq növlərini saymaqla bitməz.
Bəs, nə üçün narkotik asılılığı günümüzdə ən böyük problemdir? Təbii ki, narkotik insanın genefondunu, mənəvi-psixoloji durumunu darmadığın edir. Narkotik bəşəriyyəti məhvə sürükləyən, o cümlədən bizim cəmiyyətimizin sağlamlığına zərbə vuran, ailədaxili münaqişələrin yaranmasına səbəb olan, insanların bir-birinə münasibətini dağıdan, insanı birbaşa ölümlə üzləşdirən vasitədir. Ona görə, bu gün cəmiyyətdə narkotik ciddi problemlərdən biridir.
Yenə də narkomaniyanın psixoloji əsasına qayıdaq. “Psixoloji əsas” deyərkən, burda söhbət nədən gedir?! Biz reabiliitasiya mərkəzində narkotik asılısına “asılı” deyirik. Təbii ki, narkotik asılısının yaşadığı və yaşatdıqlarından irəli gələrək, emosional olaraq onunla bağlı olan ailə üzvləri də asılıdırlar. Mərkəzdə onlarla işləyərkən, keçmişlərini - ailə münasibətlərini, ailədaxili tərbiyə prinsiplərini araşdırarkən görürsən ki, bir çox gənclərimizin uşaqlıqdan gələn - atadan, anadan və ya ata-ananın münasibətindən qaynaqlanan travmaları var. Bəzən nənə-baba faktoru da var. Bunların hamısının kökü yenə də ailəyə gəlir.
Burdan irəli gələrək nə baş verir? O mühitdə böyüyən uşaq gələcəkdə boşluğu doldurmaq üçün belə bir ortama gəlib düşür. Nə edir? Axtarışa çıxır. Özündən bir qədər güclü, yaşca özündən böyük uşaqlara meyllənir, onların təsiri altına tez düşür və s. Onlar başqalarının xoşuna gəlmək üçün hər şey etməyə hazırdırlar ki, onu qəbul etsinlər.
Baxırsan ki, 11-13 yaşdan sonra - təhlükəli dönəmdə - yeniyetmələr ailədən istədikləri isti münasibəti, qayğını ala bilmirlər. Qeyd etdiyim kimi, mən onlara "sevgi dilənçisi " deyirəm. Odur ki, sevgini çöldə axtarmağa başlayırlar. Nəticədə erkən yaşda siqaret aludəçisi olur, daha sonra alkoqol, sonda da narkotik asılısına çevrilirlər.
Bu səbəbdən də deyirəm ki, əsas psixoloji faktorlardan biri ailə faktorudur. Yəni ailədaxili sevgisizlik, özgüvənsizlik nəticəsində yeniyetmə gələcəkdə özünü “xoşbəxt etmək” üçün şüuraltı axtarışa çıxır. Bu zaman kimsə ona narkotik vasitə təklif edir, yaxud da özü buna maraq göstərir.
Çox vaxt “dostlar” əhvalı yaxşı olmayan birinə narkotik təklif edə bilər ki, istifadə elə, özünü yaxşı hiss edəcəksən. Deyirlər ki, bir dəfə istifadə elə, yetərlidir. Sual verirəm ki, bilirdinmi ki, bunun geri dönüşü yoxdur? Deyir ki, bilirdim, amma düşünürdüm, özümə inanırdım ki, bir-iki dəfə istifadə edəcəm və bitəcək. Sonra isə, hər əhvalı pozulduqda, problemlər yaşadıqda, keçmişdən qalan hansısa travma yadına düşdükdə, onu ört-basdır etmək üçün çox asan əldə olunan narkotik vasitədən istifadə etməyə başlayır. Psixoloji faktorların biri məhz budur.
- Belə anlaşılır ki, övladın narkotik asılısı olmasına görə məhz valideyn məsuliyyət daşıyır…
- Mən heç vaxt valideynləri yarğılamıram. Burdan da hər bir şəxsə səslənirəm ki, müsahibəni oxuyan. Hər zaman valideynlərlə işləyərkən də deyirəm ki, məqsədim sizi günahlandırmaq deyil. Reallığı göstərirəm ki, bununla digər valideynləri agah edək, gözlərini açsınlar, onları başa düşsünlər. Mən hər pasientimə də deyirəm, hər bir atanın, hər bir ananın özünün də uşaqlıqdan gələn travması var. Vaxtilə özləri ala bilmədiklərini, görə bilmədiklərini baxırsan ki, öz övladına ötürə bilmir. Öz travmasıyla ailə qurur, bu cür də davam edir. Bəzən də görə bilirsən ki, ata-anasından ala bilmədiklərini öz övladına aşırı dərəcədə verməyə çalışır. Bununla da öz travmasını korreksiya edir. Təbii ki, bu mövzunun başqa bir hissəsidir. Mən bəlkə də çox uzun danışıram. Çünki mövzu çox genişdir. Deyirsiniz ki, psixoloji əsasları haqda nə deyə bilərsiniz? Bunun psixoloji əsasları, kökü bundan irəli gəlir.
Bəzən də baxırsan ki, valideyn maddi baxımından övladına hər şey verir. Hər şeyin yaxşısını alır, gündəlik müəyyən məbləğ xərcləyir. Bax, bu da doğru, düzgün deyil. Çünki hər şey normasında olmalıdır. Nə maddi cəhətdən aşırı təmin edəcəksən, edirsənsə, onu tənzimləyəcəksən. Uşaq hər şeyi asan əldə edə biləcəyini düşünməməlidir. Bəzən görürsən ki, övladlar maddi tərəfdən doyurlar, emosional aclıq olur. Yəni artıq maddiyyat onun üçün çox maraqsız olur. Əlində olan pulla yeniliklər, ekzotik hisslər axtarır. Yüksək hiss, duyğular yaşamaq istəyir.
Bəzi pasientlər deyirlər ki, valdeynlərim mənə gündəlik xərclik üçün 200, 300, 400 manat verirdilər. Hər şey çox asan əldə olunurdu, artıq bilmirdim ki, gecə həyatı yaşayırdım. Altımda bahalı avtomobil, son model telefon, hər şeyin yaxşısı məndə idi. Mən artıq bilmirdim ki, nə edim. Odur ki, özüm üçün yeni əyləncələr axtarışına çıxırdım.
Sonda narkotikə sarı gedirlər.
(Ardı var)
Söhbətləşdi: Fuad BİLƏSUVARLI