“Övladın tərbiyəsinə beşikdən başlamaq lazımdır” – YAZIÇI-PUBLİSİST NARKOMANİYANIN YAYILMASI HAQDA DANIŞDI

Sevinc Muğanna: “Körpəlikdən başlayaraq övladlarımızla dost olmağa çalışmalıyıq, elə etməliyik ki, onlar bizdən çəkinməsinlər”

“Biz səhvlərimizin üstündə böyüyür, səhvlərimizin üstündə tərbiyələnirik”

“Körpəlikdən başlayaraq övladlarımızla dost olmalıyıq. Onlar bizdən çəkinməməlidirlər. Hətta səhv etməkdən də çəkinməməlidirlər. Biz səhvlərimizin üstündə böyüyürük, səhvlərimizin üstündə tərbiyələnirik”.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müəllimi, Filologiya üzrə fəlsəfə doktoru, yazıçı- publisist Sevinc Muğanna bildirib.

S.Muğanna deyir ki, hər bir valideyn gələcəkdə övladı yanlış yollara düşməməsi üçün ona körpəlikdən düzgün tərbiyə verməlidir: “Ümumiyyətlə, övladın düzgün tərbiyə olunmaması, hansısa səhv yola düşməsi və bu yolda addımlaması, belə deyək, korlanması yalnız yeniyetmə yaşlarına təsadüf etmir. Hər bir valideyn övladını körpəlikdən, ən kiçik yaşlarından tərbiyə etməlidir. Yəni onları zamanında düzgün yola yönəltmək lazımdır. Hətta mən belə düşünürəm ki, övladın tərbiyəsinə beşikdən başlamaq lazımdır. Hər bir ailədə düzgün tərbiyə metodu olmalıdır.

Hamı kimi, mən də həmişə demişəm və yenə də deyirəm ki, narkotikin əleyhinəyəm. Amma bu yolda olanlara anlayışla yol göstərmək lazımdır. Səhvsiz insan yoxdur. Ola bilər, övladımın hansısa bir səhvi olduqda döyərəm, vuraram. Amma istər ata, istər də ana olsun, bu şeylərdən tamamilə imtina edib, övladına bir psixoloq kimi yanaşmalı, onu doğru yola yönətməlidir.

Bizim mentalitetdə məni çox ağrıdan cəhətlərdən biri də odur ki, ailədə bütün yük ananın üstünə düşür, ata yaxasını tamamilə qırağa çəkir, övladından qalın bir pərdə ilə ayrılır. Nəticədə, çox vaxt ananın övladını təkbaşına tərbiyə etməyə gücü çatmır, bu halda da böyüdükdə doğru yolda addımlamamasına səbəb olur. Bu, bizim ağrılı yerlərimizdən biridir. Ona görə, körpəlikdən başlayaraq övladlarımızla dost olmağa çalışmalıyıq. Elə etməliyik ki, övladlarımız bizdən çəkinməsinlər. Hətta səhv etməkdən, səhv deməkdən belə, çəkinməməlidirlər. Biz səhvlərimizin üstündə böyüyür, səhvlərimizin üstündə tərbiyələnirik”.

Sevinc xanım deyir ki, valideynlər körpəlikdə övladlarının izlədiyi cizgi filmlərinə, filmlərə də diqqət etməlidirlər: “Doğru seçim etmək lazımdır. Çalışıb uşaqları kitaba öyrətmək, elmin necə faydalı olduğunu onlara başa salmaq lazımdır. Hər bir uşaq təhsildə yaxşı irəliləyərsə, keyfiyyətli təhsil alarsa, bacardığı qədər oxuyarsa, təbii ki, hamımız alim ola bilmərik, onun artıq ayrı maraqlara vaxtı qalmayacaq.

Gündəlik də olmasa, şənbə-bazar günləri evdə övladlarımıza 2-3 saat vaxt ayırmalıyıq. Onların ürəyindəkiləri dinləmək, əyləncəyə qatılmasına vaxt ayırmaq lazımdır. Yenə deyirəm, yeniyetmə və gənclərimizin düzgün tərbiyə olunmasında birinci növbədə valideynin, ailənin, sonra isə məktəbin böyük rolu var”.

Sevinc Muğanna hesab edir ki, yeniyetmə və gəncləri narkomaniyadan çəkindirmək üçün sərt cəza metodu seçməkdənsə, onları düzgün maarifləndirmək daha faydalı olar: “Təbii ki, cəzaların sərtləşdirilməsi məqbul sayıla bilər. Ancaq çox vaxt cəzaların daha kəskin olması, yaxud cərimələrin tətbiq edilməsi onları heç də qorxutmur. Buna görə, onları maarifləndirmək daha yaxşı olardı.

Uşaqların əyləncəsinə, maraq dairəsinə fikir vermək və körpəlikdən hər şeyin pisini, yaxşısını anlatmaq lazımdır. Başa salmaq lazımdır ki, narkoman olsan, mənəviyyatımıza, tərbiyəmizə əks bir işlə məşğul olsan, fəsadları nə ola bilər. Onun nəticəsini başa salmaq lazımdır. Çünki biz öyrəşmişik ki, deyək “olmaz”. Bu “olmaz”ın altında nələr gizlənir, bax, onları demək lazımdır”.

S.Muğannanın fikrincə, narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici video-roliklərin çəkilməsi, vaxtaşırı tanınmış simalarla məktəblərdə görüşlərin keçirilməsi problemin həllinə çox fayda verər: “Ölkəmizdə narkotik vasitələrin satışı qadağan olsa da, təəssüf ki, bunun sonunun nə ilə nəticələnəcəyini bilə-bilə, asan yolla gəlir əldə etməkdən ötrü bu sahəyə əl atanlar var. Ona görə, biz təbliğat işiylə məşğul olmalıyıq ki, yeniyetmə və gənclərimiz narkotik alverçilərinin “toruna” düşməsin”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az