Dünya iqtisadiyyatında qanuni mal dövriyyəsindən başqa, istənilən məhsuldan daha gəlirli olan narkotik satışıdır. Əlbəttə, silah ticarətini də yaddan çıxarmaq olmaz. Ən gəlirli və sərmayəsi ölüm olan iki biznes sahəsi silah və narkotik alveridir. Dünya bu müstəvidə iki yerə bölünüb: ölümdən pul qazananlar və qurbanlar.
Yəqin ki, dünyanın silah sənayesində özünəməxsus imzası olan məşhur “Lockheed Martin” şirkətinin sorağını eşitmisiniz. Silah və narkotik biznesi sahibləri, insan həyatı da daxil olmaqla, hər şeyə qazanc pəncərəsindən baxırlar. Məsələn, bu günlərdə “Lockheed Martin” silah şirkətinin rəhbəri Ceyms Taiklet dünyanı İsraili hərbi əməliyyatdan çəkindirməməyə çağırıb. O belə deyib: “İsraili hərbi əməliyyatlardan saxlamağın mənası yoxdur. Nə mənası var? Sənaye kompeksimizin gələcək inkişafında ÜDM-in 2%-dən çoxunu verəcək silah istehsalının rolu var. Silahla həll edilməli olan münaqişələr var və biz bu silahları verməyə hazırıq”. İnsan həyatına duyarsızlığın, hər şeyə pul gözü ilə baxılmasının çirkinliyini görə bilirsinizmi?
Narkotik biznesinin sahibləri də eyni düşüncədədir. Onlar insana balıqçı tilovundakı şikar, narkotikə isə tilovun ucunda şikarı tələyə salan yem kimi baxırlar.
Azərbaycanda da məmur himayəsi altında bərqərar olmuş narkotik biznesi öz qurbanlarını “həzmi-rabedən” keçirməkdə davam edir. Nİyə məmur himayəsi? Əks təqdirdə narkotikin qaynağı, tranziti “ələkeçməz Zorro” kimi ələkeçməz olmazdı, narkodilerlər şəbəkəsi onların “çətir altında” qorunaqlı şəkildə ardı-arası kəsilmədən fəaliyyət göstərməzdi.
Təxminən son 10 ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda narkotikin təsiri altında, yəni narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş cinayətlər 2013-cü ildə pik həddə çatıb. Belə ki, 2002-ci ildən 2011-ci ilə kimi müddətdə orta templə üzüyuxarı artmaqda olan göstərici 2012-ci ildə də özünü göstərib. Həmin il cinayət sayı 150, bu cinayəti törədən şəxslərin sayı isə 144 rəqəmi ilə qəfil artımla müşahidə olunub. 2013-cü ildə 161 cinayət faktı ilə paralel, cinayət törətmiş şəxslərin sayı da 171-ə çatıb. 2015-ci ildə isə 76 və 109-a enib. 2016-cı ildə də narkotikin təsiri altında törədilmiş cinayətin sayı azalaraq 26-ya düşüb, cinayət törətmiş şəxslərin sayı da 33-ə düşərək stabilləşib. 2022-ci ildə bu rəqəm cinayət sayına görə 7, cinayət törətmiş şəxslərin sayına görə 17 olub.
Amma qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və ya satma (maddə 234) ilə bağlı cinayət faktlarının sayında artma baş verib. Məsələn, 234-cü maddə ilə bağlı cinayət sayı 2013-cü ildə 2519 idisə, 2022-ci ildə 10157 olub. Qanunsuz olaraq tərkibində nartkotik maddələr olan bitkiləri kultivasiya etmə (maddə 237) ilə bağlı rəqəm 2013-cü ildə 171 idisə, 2022-ci ildə 392 olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayına gəlincə, 2013-cü ildə bu rəqəm 2241, 2022-ci ildə 8587 olub. 2013-cü ildə bu cinayətkarların 614 nəfəri residiv (təkrar cinayət) olub, 2022-ci ildə residiv narkotik cinayəti törədənlər 2953 olub. 2013-cü ildəki göstəricinin 2029 nəfəri işləməyən və oxumayanlardır, 2022-ci ildə isə işləməyən və oxumayan narkotik satıcıları 6248 nəfərdir.
2013-cü ildə narkotik satışı ilə bağlı cinayət törətmişlərin 62 nəfəri qadın olub, 2022-ci ildə isə qadınların sayı 229 nəfər olub.
2013-cü ildə narkotik satışı cinayəti törədən 2241 şəxsin 8 nəfəri 14-17 yaşda, 532 nəfəri 18-29 yaşda, 1701 nəfəri isə 30 və ondan yuxarı yaşda olub. 2022-ci ildə isə 8587 nəfər narkotik satıcısının 13 nəfəri 14-17 yaşda, 2034 nəfəri 18-29 yaşda, 6540 nəfəri isə 30 və ondan yuxarı yaşda olub.
Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı məhkum olunanların sayı 2013-cü ildə 2111 nəfər, 2022-ci ildə 7498 nəfər olub.
2013-cü ildəki 2111 nəfərin 2063 nəfəri kişi, 48 nəfəri qadın olub. 2022-ci ildəki 7498 nəfərin 7338 nəfəri kişi, 160 nəfəri qadın olub. 2013-cü ildə bu şəxslərin 94 nəfəri ali təhsilli, 1701 nəfəri orta təhsilli, 316 nəfəri isə digər kateqoriyasına aid olub. 2022-ci ildə ali təhsilli narkotik satıcıları 271 nəfər, orta təhsilli 5712 nəfər, digər kateqoriyalı satıcı isə 1515 nəfər olub.
Gördüyümüz kimi, narkotikin səbəb olduğu cinayətlərin sayı durmadan yüksələn xətlə artır. Azərbaycan əhalisinin sayı ilə müqayisə etsək vəziyyət fəlakətli tempə doğru gedir. Bunu da nəzərə almalıyıq ki, bu, sadəcə rəsmi statistikanın verdiyi rəqəmlərdir. Əslində isə, bu rəqəmlərin daha yüksək olduğuna şübhə yoxdur.
Narkotik istənilən an cinayətə açılan qapıdır. Buna dövlət və cəmiyyət olaraq qəti şəkildə “YOX” deməliyik. Yoxsa toplum olaraq kökü kəsilmiş, deqradasiyaya uğramış, yoxluğa yuvarlanmağa məhkum olmaqdan canımızı qurtara bilməyəcəyik, yox olacağıq.
Hazırladı: Asya ŞÜKÜROVA
Stopnarkpotik.az
P.S. Onu da qeyd edək ki, 2023-cü ildə və 2024-cü ilin ilk rübündə narkotiklə əlaqədar cinayət faktlarının sayı dəhşətli dərəcədə artıb. Bütün bunlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.