Narkotik tacirləri üçün ayrıca türmə tikilməlidir? – Stopnarkotik.az saytının təklifinə OXUCU REAKSİYASI

Stopnarkotik.az saytı faəliyyətə başladığı 5 aya yaxın müddət ərzində Azərbaycanda narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində çoxsaylı təkliflərlərlə çıxış edib. Dəyərli oxucularımıza da məlumdur ki, bu təkliflərin hər biri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Əlbəttə, hansısa təklifə yüzlərlə şəxsin reaksiya verməsi həm də vətəndaş mövqeyi hesab oluna bilər. Bütün bunları nəzərə alıb, Stopnarkotik.az-ın məqalə şəklində təqdim etdiyi hər bir təkilfinə verilən reaksiyaları da saytımızda geniş işıqlandırmaq qərarına gəlmişik. Bunu respondent kimi qəbul etdiyimiz oxucuların “sosioloji sorğu”ya reaksiyası kimi də qəbul etmək olar.

Azərbaycanda son 2 il ərzində demək olar ki, hər gün onlarla narkotik satıcısı saxlanıldığından, təbii olaraq türmələrdə də “narkotik məhbusları”nın sayında ciddi artım müşahidə olunur. Əldə etdiyimiz informasiyaya əsasən, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində hazırda 27 min nəfərə yaxın məhbus var ki, onların da təxminən 15-16 min nəfəri məhz narkotiklə əlaqədar həbs olunub. Bu səbəbdən, Stopnarkotik.az olaraq, bir sıra ölkələrin təcrübəsini nəzərə alıb, narkotik ticarətinin daha da genişlənməməsi məqsədilə həmin məhbuslar üçün ayrıca türmə tikilməsi təklifi ilə çıxış etmişik.

Qeyd edək ki, “Narkotik alverçiləri üçün ayrıca türmə tikilməlidir? – ONLARIN CƏZALARININ 20-25 İLƏ QƏDƏR ARTIRILMASI DA TƏKLİF OLUNUR...” sərlövhəli yazımızı “Facebook” səhifəmizdə ümumilikdə 202 nəfər bəyənməklə, bizimlə həmfikir olduqlarını bildiriblər. 27 nəfər isə bu məsələ ilə bağlı öz rəyini yazıb ki, onların arasında da təklifi dəstəkləyənlər var.

Odur ki, həmin rəylərin bəzilərini dəyərli oxucularımıza təqdim edirik. Məlumat üçün bildirək ki, rəylərə redaktə xarakterli düzəlişlər edilib:

Tural Ağayev: “Bəli, ayrıca türmə tikilməlidir. Və narkomanların da cəzasının müddəti oradaca müalicə alıb, tam sağalana kimi olmalıdır. Çünki narkomaniya da bir xəstəlikdir”.

Alı Axundov: “Narkotik satıcılarını Nargin adasına basmaq lazımdır, orada bir-birini yesinlər”.

Alişan Qərib (Alishan Garib): “Narkotik alverçisinin yemək rasionu da tam həcmdə narkotiklərdən ibarət olmalıdır! Başqa heç bir yemək verməmək lazımdır!”

Sahib Süleymanov:Belələrini mühakiməsiz güllələmək lazımdır

Nilufər Babayeva Sahib Süleymanovun təklifinə münasibət bildirir: “Mən razı...”.

Məhəmməd Abbasov (Магамед Аббасов): “1 qram, 10 qram satanları yox, ölkəyə tonlarla narkotik gətirənləri güllələmək lazımdır”.

Ramil Suleymanov: “İstəsələr bunların kökunü bir gunə kəsərlər...”.

İlqar Babayev: “Çoxdan lazımdır...”

Vahid Əhmədov (Vahid Ahmedov): “30 ildir mübarizə aparırlar, nəticədə qabaqlar tutub 5-10 qram və ya yarım kq göstərirdilər, indi kütləvi olub, tutulan şəxsdən 50-100 kq “mal” çıxır. Hamısı da deyirlər ki, Cənub Sərhəd Zonasında yolun qırağında naməlum şəxsdən aldım. Yəni kütləsi artıb, özü də İrandan özü uçub gəlir yol kənarına, “pasatka edir”. Bu da bizim narkotiklə mübarizəmiz...”.

Babək Məmmədov (Babek Mamedov): “Yaxşı olar”.

Tahir Sofulu: “Gənclərə də heyif, dövlətin büdcəsinə də”.

Əli Məmmədov (Ali Mammadov): “Onlar üçün rahat yer düzəltmək lazım deyil. Tutub, aparıb onlara aylıq 6-7 yüz manat pul ayırmaq yanlışdır. Onlar üçün ayrıca iş yerləri açmaq, ya da vəhşicəsinə dənizdə işlətmək lazımdır. Aldığı maaşı da ailəsinə göndərmək lazımdır. Yoxsa, aparıb türmədə saxlayırlar, dövlət budcəsinə ziyan vururlar”.

Stopnarkotik.az