“Narkotik qəbulu cinsi aktivliyin azalmasına gətirib çıxarır” – ZİNYƏT MURADOVA

“Narkotik istifadə edən qız uşaqlarının 25%-də menstrual funksiyanın pozulması qeyd olunur”

Bu səhər mətbuatda Gəncə şəhərində iki azyaşlı körpənin nənəsi tərəfindən küçəyə atılması haqda xəbər verildi. Məlumatda deyilir ki, körpələrin anası narkotik aludəçisi olduğundan tüfeyli həyat sürürmüş, nənə də bu səbəbdən onları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına atıb.

Göründüyü kimi, narkotiklər nəinki analara dağ çəkir, onların əlindən övladlarını alır, həm də körpə övladları ana qucağından, ana himayəsindən məhrum edir. Eləcə də narkotiklər yeniyetmə yaşdakı şəxslərdə birbaşa reproduktuv funksiyalara dağıdıcı təsir göstərir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İntitutunun şöbə müdiri Zinyət Muradova ilə müsahibəmizdə məhz bu problemlərdən danışdıq.

- Zinyət xanım, yeniyetmə yaşda narkotik qəbul edilməsi orqanizmin reproduktiv orqanlarının formalaşmasına necə təsir göstərir? Narkotiklərin hansı fəsadları olur?

- Ailə münasibətləri və yeniyetmələrin narkotik maddələrdən istifadəsi arasında əlaqə müəyyən edilib. Narkotik qəbulu mərkəzi sinir sisteminə təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Eyni zamanda, reproduktiv sistemə öz mənfi təsirini göstərə bilir. Qız uşaqlarının 25%-də menstrual funksiyanın pozulması qeyd olunur. Oğlan uşaqlarında isə testesteron hormonunun sintezi azalır, yəni səviyyəsi aşağı düşür. Bu da onların cinsi aktivliyinin azalmasına gətirib çıxarır. Qız uşaqlarında hipotalamus və hipofiz arasında koordinasiyanın pozulması baş verir ki, bu da hormonal pozulmalara səbəb olur.

- Bəs uzun müddət narkotik qəbul etmiş şəxsin sağlam uşaq sahibi olmaq ehtimalı nə qədərdir?

- Hamiləlik zamanı narkotiklər plasentar baryerdən keçərək dölə geridönməyən təsir göstərir. Biz mama-ginekoloqların vəzifələrindən biri sağlam körpələrin dünyaya gəlməsinə yardım etməkdir. Bəzi yeniyetmələr narkotikin təsiri altında cinsi əlaqə qururlar və nəticədə sifilis, HİV, hepatit B ilə yoluxma artır. Bu zaman zehni və fiziki qüsurlu körpənin dünyaya gəlmə ehtimalı da artır. Qüsurlu körpə həm dövlət, həm də ailə üçün maddi və mənəvi zərbədir.

- Zinyət xanım, narkotikləri tərgitmək reproduktiv funksiyanın tam bərpa olunmasına imkan verirmi?

- Yeniyetmələrdə narkotik qəbulu erkən aşkar olunub, vaxtında müalicəyə başlanarsa bir o qədər də sağalma imkanı yüksək olar. Bizim məqsədimiz yeniyetmələri narkotikin mənfi təsiri haqqında məlumatlandırmaqdır. Ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram”ı çərçivəsində ölkəmizdə maarifləndirici işlər aparılmaqda davam edir.

- İş prosesində narkotikin fəsadlarından zərər çəkən pasiyentlərə rast gəlmisinizmi və ümumiyyətlə bu sahədə statistik göstəricilər nə yerdədir?

- Hamiləliyin patologiyası şöbəsi olaraq müxtəlif patologiyalı hamilələrə nəzarət edir və onların sağlam övlad dünyaya gətirməsi üçün əlimizdən gələni edirik. Həkim mama-ginekoloq olan fəaliyyətim illərində narkotikin fəsadlarından əziyyət çəkən pasiyentlə qarşılaşmamışam.

Hazırladı: Asya ŞÜKÜROVA

Stopnarkotik.az