Narkotik internet üzərindən necə və hansı yollarla satılır? – EKSPERT BÜTÜN SUALLARA AYDINLIQ GƏTİRDİ...

Elmar Çiqniyev: “Həmin nömrəni işlədən adam əksər hallarda Azərbaycanda olmur, xarici ölkədə olur...”

Narkotik satışının internetdə, “Telegram”, “Whatsapp” quplarında satışı çoxdan məlumdur və hətta bu, narkodilerlərin rahat çalışması baxımından ən uyğun variantdır. Xarici ölkələrdə də bu üsul daha açıq və rahat şəkildə tətbiq edilir.

Ölkəmizin İran tərəfindən narkotik müharibəsinə məruz qaldığını diqqətə alsaq, məsələ daha həssasdır və bu sahəyə daha çox diqqət yetirilməlidir. Xüsusilə, “Behzat”, “Mobil”, “Seyfur Rza”, “İsa”, “Hadi” kimi iranlı narkotacirlər gündəmdədirsə.

Ümumiyyətlə isə, internet oyunlarının dəbdə olduğunu və qruplar yaradılaraq komandalar şəklində aparıldığını nəzərə alsaq, etiraf etməliyik ki, bu oyunlarda narkotik satışı da reallaşdırıla, terrorçu qruplar da ələ keçmədən fəaliyyət gösərə bilər. Elə bu nüansı aydınlaşdırmaq üçün narkomaniya üzrə ekspert Elmar Çiqniyevin mövqeyini öyrəndik. 

- Elmar bəy, bundan əvvəlki söhbətlərinizdə bildirmişdiniz ki, narkotiklərin satışı sosial şəbəkələr vasitəsilə də aparılır. Zəhmət olmasa, bu barədə bir qədər geniş məlumat verə bilərsinizmi? Bu iş necə qurulur və onlayn satış narkodilerlərin ələ keçirilməsini çətinləşdirirmi?

- Əlbəttə ki, çətinləşdirir. Bu, çoxdan istifadə olunan üsuldur. Bizim ölkəyə xaricdən gəlib. Bu üsulun çox inkişaf etdiyi ölkələr Ukrayna ilə Rusiyadır. Hətta elə şəxslər var ki, onlara narkotik satışı aparan saytların adının küçələrin divarlarına yazılması üçün pul ödəyirlər. Onlar məhəllələrin divarlarına narkotik satılan, qumar oyunlarının getdiyi saytların adını yazır, təbliğat aparırlar.

Bizdə, Azərbaycanda da əksər narkotik istifadəçiləri bu saytları bilirlər. Onlar bu saytları kanallar adlandırırlar. Bu kanalların “Whatsapp” nömrələri var. Amma həmin nömrəni işlədən adam əksər hallarda Azərbaycanda olmur, xarici ölkədə olur. Məsələn, kiməsə narkotik lazımdırsa, həmin nöməyərə yazır. Qarşı tərəf də alıcıya istədiyi narkotikin miqdarını, kartın nömrəsini, ödənişin məbləğini yazır, deyir ki, pulu bu karta köçür, narkotikin qoyulduğu yeri deyəcəyəm. Pulu aldıqdan sonra asılı şəxsə ünvan göndərir. Ünvan istənilən yer ola bilər, tutaq ki, 9-cu mikrorayon, “Rahat” marketin binasının yanı. Və narkotikin qoyulduğu yerin şəklini göndərir. Narkotik istənilən yerdə yerləşdirilə bilər, hansısa sayğacın içində, kolluğun dibində siqaret qutusunun içində və s.. Hətta bunun üçün işçilər də tuturlar. İnternetdə işçi tuturlar, onlara deyirlər ki, biz sənə ayda bu qədər maaş verəcəyik, gedəcəksən hansısa rayona, narkotiki götürəcəksən, yükü böləcəksən, biz sənə dediyimiz ünvanlara atacaqsan. Bu, əsasən İrandan gələn narkotiklərə aiddir. Beləliklə, ölkəyə gətirilən narkotiklər paylanır və satılır.

Hətta bir neçə ilə əvvəl belə bir sistem ifşa olunmuşdu. Yəni bir nəfərin “tayfası”nı tutmuşdular. Ümumiyyətlə, bu poses dayanan deyil. Kriminal aləmdə bu tez-tez baş verən haldır. Bir baron gedirsə, onun yerinə başqası gəlir. Bir bariqa tutulursa, onun əvəzinə başqa bir bariqa gəlir. Bu sistem davamlı çalışır, tutulanlar da olur.

- Bildiyimizə görə, internet oyunlarında da qruplar şəklində komandalar yaradılır və narkotik satışı həmin qruplar vasitəsilə həyata keçirilir. Hətta belə iddialar var ki, terrorçu qruplar da bu üsulla əlaqə saxlayırlar. Bilirik ki, minlərlə internet oyunu var...

- Mən dəqiq deyə bilmərəm, bu qrupların arxasında terrorçular, ya kimlər dayanır, amma qumar oyunları haramdır və o qədər insanlar o oyunlardan bədbəxt olublar. Bu gün də siyahı dayanmır, arta-arta gedir. Nə qədər insan o problemlə üzləşir. Götürək, bu “Azxbet” saytını, idman mərc saytlarını, telefonda ruletka, kazino oyunlarını. Bunların hamısının güclü oyunları gedir. Bu saytları həmin oyunlar üçün yaradıblar. Hətta telefonda hər hansı oyun oynayanda, yaxud nəsə yükləyəndə bu mərc oyunlarının reklamı çıxır. Məsələn, mənim telefonumda islama aid proqram var, mən proqrama girirəm ki, Quran oxuyam, qəfildən reklam peyda olur, mənə qumar oyununu göstərir. Deyir ki, salam dostum, mən bu maşını sürürəm, sən də bu maşndan sürmək istəyirsənsə bu oyunu oyna. Əslində bu nağıldır. Bu yolla asılı şəxsləri cəlb edirlər, tələyə salırlar.

İkinci tərəfdən, bir şəxs bu oyunu telefonuna yükləyəndə onlar görürlər ki, o, yenidir, ona bir-iki uduş qazandırırlar. Ruletka oyununa 20—30 manat, 100 manat atır, 500 manat uduş əldə edir. Bununla da həmin şəxs oyun sahiblərinin tələsinə düşür. Bir-iki dəfə udmaqla asılı şəxs xoşbəxtlik hissləri yaşayır, gedib qazandığı pulla özünə nəsə maraqlı bir şey alır, sonrakı gün həmin pul qurtarır. İşləyib 500 manat maaş alandan sonra yadına salır ki, keçən dəfə mən 100 manat pulla 500 manat qazandım. İndi 500 manatla oyuna girim, onu 1000 manata çatdırım. Amma adam 1000 manatı da uduzandan sonra düşünür ki, gedim kimdənsə borc pul tapım, oynayım, heç olmasa 500 manatı qaytarım, bu ay dolana bilim, borcumu da qaytarım. Beləliklə, insanlar bu ümidlə evlərini də itirirlər. Bilirsiniz də, “iqraman”ların başına nələr gəlir. Bu oyunların arxasında istənilən şəxs dayana bilər - asılı insanları qumar oyununua cəlb etməklə varlanmaq istəyən şəxs də, hansısa bir kriminla qruplaşma da, terrorçu qruplar da, ekstremist qruplar da. Onlara nə lazımdır - öz işlərini rahat maliyyələşdirmək üçün pul.            

- Belə anlaşılır ki, qumar oyunundan qazanc götürən şəxs bir nəfərə uduş əldə etməyə imkan verərək bir sürü insanı bu oyuna salır...

- Söhbət asılı şəxsdən gedir. Asılı olmayan insan bir dəfə uduzmaqla başa düşür ki, bu oyun mənim nəyimə lazımdır. Amma asılı şəxslə belə olmur. Kim istəməz ki, asan yolla pul qazansın?! Kim istəməz ki, asan yolla “N-5” avtomobili alsın?! Hansı ki, qumar oyundakı şəxs bu maşını rekalm edir, deyir, mən maşını bu oyunda oynayaraq qazanmışam, əgər sənin evində 5 min manat pulun varsa, 5 ədəd BMW markalı maşın qazana bilərsən, o 5 min manatı götür, bu oyunu oyna. Asılı insan da girir oyuna, 5 min manatı vurur oyuna. Bütün pulu da uduzur. Çünki oyunu telefonuna yüklədiyi üçün ona deyilir ki, kartından bu pulu yüklə oyuna və oyna 5 min manatı 10 min manat et. Amma oyunçu bunu edə bilmir, əlində olan 5 min manatı da uduzur. Təzə niklə oyuna girənlərə cüzu uduş verirlər ki, oyunçular şirniklənsinlər. Amma sonra uduzdurulma başlayır. Bu proqramlar asılı şəxslərin çarəsizliyindən, xəstəliyindən pul qazanırlar.

- Səhv etmirəmsə, sizin rəhbərliyinizlə Lənkəranda reabilitasiya mərkəzi açılmaq üzrədir. Zəhmət olmasa bu barədə də məlumat verərdiniz.

- Bəli, mənə cənub zonasında reabilitasiya mərkəzinə rəhbərik etmək barədə təklif gəlib. Konkret desəm, Lənkəranda belə bir mərkəz açmaq təklifi gəlib. Yaxşı insanlar var ki, bu işə maddi vəsait sərf etmək, mənim biliyimdən istifadə etmək istəyirlər. Biliblər ki, mən bu işlə məşğul olmuşam, mənə etibar edirlər. Mənə maddi baxımdan və tibbi personal baxımından dəstək olacaqlar. Bakıda belə mərkəzlər çoxdur, amma rayonlarda bu şərait hələ yaradılmayıb. İlk öncə istiqamətimiz Lənkəranadır, sonra qismət olsa, inşallah, başqa rayonlara da gedərik.

Stopnarkotik.az