Azərbaycan dövlətinin gündəmində hazırda əsas iki məsələ durur: ərazi bütövlüyümüzün tam təmin olunması və narkomaniyanın kökünün kəsilməsi. Stopnarkotik.az olaraq bu günə qədər bir çox ekspertlərlə apardığımız müsahibələrdə narkomaniyaya qarşı mübarizəyə toxunmuşuq. Demək olar ki, bütün ekspertlər narkotiklərin cənginə düşmüş cəmiyyətimizin xilas olmasının yolu kimi ilk növbədə maarifləndirmə zərurətini irəli sürürlər.
Bəllidir ki, biz cəmiyyət olaraq SSRİ-nin “şinelindən çıxmışıq” və o dönəmdə toplumun dövlətin təbliğat maşınında “yoğrulduğunu”, müəyyən bir istiqamətdə yönləndirlidiyini görmüşük. Tədris-təlim müəssisələrinin də bu məqsədə xidmət etdiyi bəlli idi. Sözsüz ki, bu yöntəmin müsbət və mənfi tərəfləri var. Amma bunu vurğulamalıyıq ki, əhalnin mənəvi tərəfdən tərbiyəsi və yönləndirliməsi xarici qüvvələrin yox, dövlətin monopoliyasında idi. Gəlin görək, indi durum necədir?
Hazırda dövlət bu funksiyanı demək olar ki, yerinə yetirmir. Odur ki, xarici dövlətlərin agentura şəbəkəsi bu seqmentdə “meydan sulayır”. Cəmiyyətin inkişaf etməsinə yönəlik bir sıra layihələrdə QHT-lər əsas rol alır. İndi dövlət, daha dəqiq desək hökumət bu seqmenti QHT-lərin öhdəsinə buraxıb. Belə demək olarsa, cəmiyyətin maarifləndirliməsi yönündə QHT-lər bir sıra layihələr reallaşdırır.
Narkomaniya sahəsində maarifləndirmə seqmentində də bəzi QHT-lər müxtəlif layihələrlə çıxış edir. Bəs, QHT-lərlə dövlətin təsir gücü eynidirmi? Üstəlik, QHT-lərin aldığı maliyyəyə uyğun effektiv iş sərgilədiyi də görünmür. Sözün qısası, cəmiyyətin mənəvi boşluğunun doldurulmasında QHT dövlətin rolunu yerinə yetirə bilməz.
Konkret olaraq narkomaniyanın qarşısının alınmasına gəlincə isə, bəllidir ki, bu işdə birinci addım maarifləndirmədən keçir. Narkomaniya probleminin çözüm yollarını açıqlayan ekspertlərin rəylərindən də belə qənaətə gəlmək olur ki, insanı narkotik bataqlığına itən asılılıq xəstəliyi daha çox ailədən, uşaqlıq travmalarından qaynaqlanır. Bu məqamda şərq mentaliteti dəyərlərinə aid yapon təcrübəsinə nəzər salmaq yerinə düşər.
Yeri gəlmişkən, ÜST ekspertləri deyirlər ki, narkotikdən istifadə edən gənclər arasında ən çox aşağıdakı motivlər fəaliyyət göstərir:
1. Marağın ödənilməsi (bütün narkotik istifadəçilərinin 75%-i ilk dəfə maraq üçün narkotiki sınaqdan keçirir);
2. Təqlid (bir narkotik və ya sərxoşedici maddəni ilk dəfə sınaqdan keçirən yeniyetmələrin demək olar ki, 1/3-i bunu özündən böyükləri, yaxud qibtə etdikləri yaşıdlarını, kumirlərini təqlid edərək edirlər);
3. Qeyri-standart davranış tərzi kimi narkomaniyanın "moda" halına gəlməsi;
4. İdealların və mənəvi-əxlaqi təlimatların dağılması.
Fikrimizcə, bizim cəmiyyətimizdə birinci səbəb - idealların və mənəvi-əxlaqi dəyərlər sisteminin dağılması digərlərini doğurub. Yaponların narkomaniyaya qarşı mübarizəsi bir sistematik xarakter daşıyır. Onların sistematik həll yanaşmasının əsasında üç amil var: qadağa + əhalinin dəstəyi + yaxşı qurulmuş nəzarət = narkomaniyanın aşağı səviyyəsi. Yaponiyada narkomaniya problemi uşaqların çox kiçik yaşlarından əxlaq və tərbiyəsində əsas rol oynayan məsələdir. Uşaqlara nizam-intizamın öyrədilməsi, təhsilə ciddi nəzarət və tədris proqramının tam və hərtərəfli səviyyədə standartlaşdırması dövlətin narkomaniyaya qarşı mübarizəsində önəmli yerdə durur. Bütün bunlarla yaponlar kompleks halda gənc nəsili milli ruhda tərbiyə edirlər. Yaponiyada ailə və mili mentalitet dəyərlərinin əsas təbliğatçı təşkilatı var. Bu qurum “BÜYÜK QARDAŞ VƏ BACILAR” qurumudur. Hazırda bu qurumun 17-30 yaşlı 6000-ə yaxın üzvü var. Yaşlı bacı-qardaşlar cinayət yoluna təzə qədəm qoymuş gənclərə dəstək olur, qanunsuz əməllərin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Onlar həm könüllülərlə, həm də peşəkarlarla sıx əməkdaşlıq edirlər. Bəzi hallarda polisə və "ailə məhkəmələri"nə kömək edirlər. Ailə şurasında həm dövlət, həm vətəndaş cəmiyyətinin nəzarəti var. Onlar yetkinlik yaşına çatmayanların cinayətləri ilə bağlı müxtəlif məsələlərlə məşğul olurlar.
Ailə şuraları təkcə gənclərə deyil, həm də onların valideynləri üçün məsləhət vermək səlahiyyətinə malikdir. Bu struktur məhkəmə və həbsdən əvvəl ara mərhələsidir. Yəni iş məhkəməyə çıxana qədər cəmiyyətdə, ictimai strukturlarda çözülməyə çalışılır. Adamı son fürsətə kimi həbsdən uzaq saxlamağa çalışırlar. Ailə şuraları həm də erkən aşkarlama və erkən müdaxilə yoludur. Burada çox sayda ailə böyüklərinin müdaxiləsi gənclər arasında cinayətkarlığın və narkotikdən istifadənin artmasına çəkindirici təsir göstərir.
Yapon nümunəsindən göründüyü kimi, “BÜYÜK QARDAŞ VƏ BACILAR” qurumu Azərbaycan adət-ənənəsində mühüm önəmə sahib Ağsaqqallar İnstitutunun, həm də sovet dönəmində olan “Oktyabryat”, “Pioner”, “Komsomol” təşkilatlarının analoqudur. Sovet dönəminin toplumu idarəetməsində bu təşkilatların rolu böyük idi. Dövlət bu yolla dəyərlər toplusunu açılamaqla insanların mənəvi qidasını təmin edərək ideoloji boşluğu doldururdu. Ailəsindən tərbiyə və diqqət görməyən uşaq və yeniyetmə bu xüsusiyyətləri dövlət müəssisələrindən əxz edirdi. Bu gün isə Azərbaycan toplumu mənəvi baxımdan aşınma vəziyyətindədir. Ona ən ağır zərbə isə sözün birbaşa və məcazi mənasında İrandan gəlir...
Ölkəmizdə ailə institutu laxlayıb. Valideynlərinin diqqətindən kənar qalan uşaqların iç dünyasını ya ətraf mühit, ya da TV məkanı ilə internet zibilliyi deqradasiya edir. Valideyn diqqəti görməyən, yaxud porblemli uşaqlıq, yeniyetməlik yaşayan şəxs travmaların cənginə düşür, asılılığın, narkotiklərin, iqromaniyanın və s. psixoloji problemlərin əsirinə çevrilir. Narkomaniya bəlası cəmiyyətin aşınmasında sadəcə bir təzahürdür. Bütün problemlərin əsas qaynağı ideoloji boşluqdur. Dövlət sovet dönəmindən sonra alt-üst olan yazılmamış qanunları mühafizə edə, yıxılan sovet dəyərlərinin yerinə topluma “ideoloji qalxan” verə bilmədi. Toplum ideoloji boşluğun içindədir. Problemlər isə mənəvi aşınmanın təzahürləri, simptomlarıdır.
Yapon nümunəsini misal çəkdik. Fikrimizcə, cəmiyyətimizin narkomaniyaya qarşı səfərbər olmasında qardaş Özbəkistan nümunəsi də maraqlı olar. Çünki nə qədər olmasa da Yaponiya da, Özbəkistan da bizə bir çox cəhətdən Avropadan daha yaxındır.
İyul ayında Özbəkistanda gənc vətəndaşalrın milli ruhda tərbiyəsini açıqlayan “2023-2027-ci illər üçün gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işlərin səmərəliliyinin artırılması konsepsiyası” masaya qoyuldu. Özbəkistanda 3 yaşından etibarən vətənpərvərlərin yetişdirilməsinə başlanacaq. Yəni “2023-2027-ci illər üçün gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işlərin səmərəliliyinin artırılması konsepsiyası”na əsasən, Özbəkistanda hərbi-vətənpərvərlik tərbiyəsinin 3 yaşından başlanması təsbit olunub.
Konsepsiyanın fəaliyyəti yaş qrupundan asılı olaraq 5 mərhələyə bölünür. I mərhələ 3-7 yaşlı uşaqlar, II mərhələ 7-10 yaş, III mərhələ 11-17 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. IV mərhələ 18-21 yaş arası gəncləri əhatə edəcək və V mərhələ - 22 yaşdan 30 yaşa qədər aparılacaq.
Hərbi-vətənpərvərlik tərbiyəsi çərçivəsində müsabiqələr, sərgilər, məsul struktur və idarələrin nümayəndələri ilə görüşlər, sağlam həyat tərzini, yad ideyalara və cinayətkarlığa qarşı mübarizəni təbliğ edən sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur. Ölkənin regionlarında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində işlərin əlaqələndirilməsi üçün qərargahlar yaradılacaq. Hərbçilər məhəllələrdə maarifləndirmə işləri aparacaqlar. Vətənpərvər Müdafiəyə Yardım Təşkilatları “açıq qapı” günləri keçirəcək.
Mütəşəkkil olmayan və qanun pozuntularına meylli gənclər üçün "Hərbi hissədə bir gün" təşkil olunur. "Vətənə dəstək" uşaq-gənclər hərəkatının fəaliyyətinin səmərəliliyinin artırılması nəzərdə tutulur.
Əslində hərbi vətənpərvərliyin təbliği, milli ruhda yetişdirilmə baxımından bu konsepsiya bizdə də həyata keçirilə bilər...
(Ardı var)
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az