“Narkomaniya ən qorxulu xəstəliklərin mənbəyidir” – YAZGÜL ABDİYEVA

Bu vəziyyətin müsbətə doğru dəyişməsi valideyn, mütəxəssis, yeniyetmə və gənclərin birgə səyi nəticəsində reallaşa bilər

Son illər Azərbaycanda “narkomaniya bataqlığı”na düşən vətəndaşlarımızın sayının sürətlə artdığı kimsəyə sirr deyil. Hansı ki, bu da cəmiyyətimizi təhdid edən problemdir. Çünki, xüsusilə yeniyetmə və gənclərimizin narkomaniyanın ağuşuna düşməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə vəd edir. Görünür, bunu nəzərə alan düşmən qüvvələr də ölkəmizi məhz “narkotik silahı” ilə vurmağa çalışırlar.

Belə ki, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı “narkotik savaşı”nın elan edildiyi kimsəyə sirr deyil. Təbii ki, müvafiq dövlət qurumları bu “savaş”a qarşı uğurla müqavimət göstərməkdədir. Demək olar ki, hər gün onlarla narkotik alverçisinin yaxalanması, külli miqdarda narkotik vasitənin ələ keçirilməsi bunun bariz nümunəsi hesab oluna bilər. Lakin onu da etiraf etməliyik ki, bu problemin qarşısını almaq, cəmiyyətimizi narkomaniya bəlasından tamamilə xilas etmək mümkün olmur. Əksinə, narkomaniyanın qurbanı olan ailələrin sayının günbəgün çoxalması cəmiyyəti sosial və mənəvi anlamda çöküşə sürükləyir.

Bəs, bu problemdən xilas olmaq üçün daha hansı addımları atmalıyıq? Bu və digər suallara həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Yazgül xanım, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılsa da, bu sahədə ciddi irəlləyiş əldə etmək olmur. Sizcə, bu nə ilə bağlıdır?

- Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Prezident İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir…

- Sizcə, daha hansı addımlar atılmalıdır ki, narkomaniyanın kökünü tamamilə kəsmək mümkün olsun?

- Bu sahədə mübarizənin daha da gücləndirilməsi məqsədilə Azərbaycanda narkomaniyaya qarşı mübarizədə ictimaiyyət narkomaniyanın zərərləri haqqında maarifləndirmə işi aparmaqla, profilaktika və müalicə səylərini təbliğ etməklə mühüm rol oynaya bilər. İnsanları narkomaniyanın təhlükələri, cəmiyyətə təsiri barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirləri təşkil edilə bilər. İctimaiyyət narkomaniyanın zərərli təsirləri ilə bağlı məlumatları televiziyalarda, sosial şəbəkələrdə və digər platformalarda da paylaşa bilər.

Narkotik asılılığı ilə mübarizə aparan şəxslər başqalarını müalicə almağa təşviq etmək üçün öz sağalma hekayələrini paylaşa bilərlər. İctimaiyyət, həmçinin, narkomaniya ilə mübarizə aparanlara yardım göstərən müalicə mərkəzləri və təşkilatlara dəstək ola bilər.

İctimaiyyət istənilən qanunsuz narkotik fəaliyyəti barədə şübhəsi olarsa aidiyyəti qurumlara bildirməlidir.

Bütövlükdə, ictimaiyyət məlumatlılığı artırmaq, müalicəni dəstəkləmək, qeyri-qanuni fəaliyyət barədə məlumat vermək, profilaktika və müalicəni təşviq edən siyasətləri təbliğ etmə Azərbaycanda narkomaniyaya qarşı mübarizədə mühüm rol oynaya bilər.

Bununla yanaşı, Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Azərbaycan Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, xalqımızın qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır.

- Necə düşünürsünüz, son illərdə xüsusilə yeniyetmə və gənclər arasında narkomaniyanın sürətlə yayılması nə ilə əlaqədardı?

- Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.

Yeniyetmə və gənclər ilk vaxtlarda düşünürlər ki, narkotik qəbulu stressi azaldır, problemləri unutmağa, onlardan uzaqlaşmağa kömək edir. Müəyyən müddətdən sonra isə bu asılılıq onlarda bir problem halına çevrilib, digərlərinin üzərinə əlavə olunmuş olur. Ailə əgər qeyd edilən hallardan şübhələnərək, övladının narkotik maddə qəbul etdiyini anlayıbsa, həmin an yaşadıqları ani həyəcan və stress vəziyyətində yanlış addım atmamaları məsləhətlidir. Şiddətli və aqressiv davranışlar seçərsək, uşaq bu maddə istifadəsini daha da möhkəmləndirərək, onu tək sığınacağı bir şey olaraq görə bilər. Bu hal isə bizi problemin həllinə aparmaz, onu daha da böyüdə bilər.

Yeniyetmə və gənclər ilk başladıqlarında fikirləşirlər ki, bir dəfə istifadə ilə heç nə olmayacaq. Davamlı olaraq bu davranışa davam edir və düşünürlər ki, istədikləri zaman ondan imtina edib, yaxa qurtara biləcəklər. Ancaq sonrakı mərhələlərdə bu asılılıqdan yaxa qurtara bilməyəcəklərini anlayarlar. Bu vəziyyətin müsbətə doğru dəyişməsi isə valideyn, mütəxəssis, yeniyetmə və gənclərin birgə səyi nəticəsində reallaşa bilər.

Narkotik asılılığı olan birinin müalicə üsullarından biri isə “Musiqi terapiyadır”. Bu terapiya növü bu hallarda çox müsbət təsirə malikdir. Belə ki, maddə asılılığı olan yeniyetmə və gənclər “heç bir işə yaramıram, sona qədər də belə olacam” deyə bir düşüncədə olurlar. Ancaq musiqi ilə terapiya onlarda “varlığının insanlar tərəfindən də lazımlı olduğu” mesajını verərək, bir növ özgüvəni, insanın həyata motivasiyasını artırır.

Əgər narkomaniya ilə mübarizə aparan biri müəyyən psixiatrik və psixoloji dəstək alaraq, bu asılılığı aradan qaldırmağa nail olubsa, o zaman yenidən narkotik asılısına çevrilməmək üçün bu asılılığa onu təhrik edən səbəbləri aradan qaldırmalı, dost çevrəsini dəyişməlidir. Yenidən narkotik istifadəçisi olan bir mühitdə olarsa, risk faktorunu artırmış olar.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az