“Metadon” proqramı narkotik asılılığından xilas yoludur? – TANINMIŞ EKSPERTLƏ MÜSAHİBƏ

Fəqan Zakirov: “Proqramın məqsədlərindən biri də “Metadon”un yavaş-yavaş azaldılaraq kəsilməsidir…”

Narkomaniyanın müalicəsində çox rast gəldiyimiz “Metadon” proqramıdır. Hansı ki, ölkəmizdə də bu proqram tətbiq olunur. Ancaq axır vaxtlar narkotik maddələrin çeşidi o qədər çoxalıb ki, bu proqramın tətbiqinin son nəticədə tam qurtuluşa gətirib-gətirməyəcəyi sual altındadır. Bu məqama tanınmış ekspert Fəqan Zakirovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- “Metadon” terapiyasına Azərbaycanda nə zamandan başlanıb və narkotik aludəçisi bu metodla neçə il yaşaya bilir? Və yaxud onun həyatı bu proqramla necə dəyişir?

- “Metadon” proqramı 1963-cü ildən bəri dünyada tətbiq olunur. “Metadon” opiat aqonist dediyimiz bir maddədir. Bizim ölkəmizdə də 2010-cu ildən bu yana “Metadon” proqramı var. “Metadon” xəstələrin ilk etapda detoksikasiya dediyimiz müddətində istifadə edilir. Daha sonradan xəstələr bu proqrama qəbul edilərək, sonradan “Metadon”un kəsilməsi planlaşdırılır. Yəni xəstənin uzun illər “Metadon” həblərindən istifadəsi çox uyğun görülmür. Proqramın məqsədlərindən biri də “Metadon”un yavaş-yavaş azaldılaraq kəsilməsi, eyni zamanda xəstələrin bu müddət ərzində psixo-terapiyaya daxil edilməsidir. Yəni öncə xəstəliklə necə mübarizə aparmağın öyrədilməsi, daha sonra “Metadon”un kəsilməsi vacibdir.

- Qazaxıstanda “Metadon” proqramının dövlət hesabına keçirilməsi müzakirə olunur və oradakı ekspertlər ümumən bu proqramın müalicədə qeyri-effektiv olduğunu bildirirlər. Bildirilir ki, “Metadon” qəbul edən şəxs köklü müalicə haqda duşunməyəcək və asılılıqdan biryolluq qurtulmaq istəməyəcək. Siz bu barədə nə düşünürsünüz?

- Əslində, bayaq da dediyim kimi, proqramın məqsədi budur. Proqramdakı hədəf budur. Bəzi xəstələrdə “Metadon” proqramı uzunmüddətli istifadəyə səbəb ola bilir. Eyni zamanda, xəstə kiçik dozada da olsa “Metadon”la həyatını sürdürür. Əslində, narkotik müalicəsində maddənin zərərinin azaldılması və tam müalicə vardır ki, bu proqram zərərin azaldılmasına hədəflənib. Proqram xəstənin həyat standartlarını daha yuxarı səviyyəyə qaldırır, eyni zamanda həyatındakı digər narkotiklərdən və xəstəliklərdən onu qorumuş olur. Çünki heroin istifadəsində başqa yoluxucu infeksion xəstəliklərə tutulma ehtimalı çoxdur, ancaq “Metadon” müalicəsində bunun qarşısı alınır. Bir tərəfdən baxdıqda, belə xəstələrin həyat standartları artırılmış olur. Digər ağır xəstəliklərə tutulma ehtimalı da azalmış olur. Proqramın məqsədlərindən biri də odur.

- Amma digər tərəfdən də ekspertlər ifadə edirlər ki, “Metadon” proqramı narkomaniyadan qurtulma problemini tam həll etmir.

- Bəli, problemi tam həll etmək üçün “Metadon”u tam kəsmək lazımdır. Yəni asılılıq müalicəsində iki metod vardır:

1. Zərəri azaltma;

2. Narkotiki tamamən kəsmə.

“Metadon” proqramı zərərazaltma yönündə olan proqramdır.

- Bəs tam sağalma üçün “Metadon” proqramından sonra 2-ci mərhələ sayıla biləcək proqram varmı?

- Bu reabilitasiya proqramıdır. Burada da psixoloq, yaxud həkim tərəfindən xəstə reabilitasiya edilərək, xəstəliklə necə mübarizə aparmalı olduğu, xüsusilə narkotik istəyinə qarşı necə mübarizə aparması gərəkdiyi öyrədilir. Və sağlam həyata, eyni zamanda narkotik maddəsiz həyata adaptasiya müddəti bu reabilitasiya müddətində olur.

- İkinci mərhələdə “Metadon” tam dayandırılır?

- Bəli, birinci mərhələnin hədəfi “Metadon” dozasının mərhələli şəkildə azaldılması və kəsilməsidir. Amma bəzi xəstələrdə bu kəsilmə olmadığı zaman zərəri azaltma yönündə prosesə keçilir və xəstənin uzunmüddətli “Metadon” istifadəsi, eyni zamanda narkotik maddədən gördüyü zərərin ən aza, yaxud yarı-yarıya endirilməsi metodu tətbiq olunur.

- “Metadon” proqramı hansı növ narkotiklərə qarşı effektlidir? Yəni o heroin və xaşxaş kimi narkotiklərlə yanaşı, sintetik narkotiklərə qarşı da eyni dərəcədə effektlidirmi?

- “Metadon” müalicəsi opiat dediyimiz narkotiklərə qarşı effektivdir. Bunların içində heroin, tramadol və s. opioidlərin müalicəsində istifadə edilir.

- Bəs, sintetik narkotiklərə qarşı “Metadon” təsirlidirmi? Məsələn, kokain, “patı” deyilən metamfetamin, amfetamin kimi…

-Xeyr, onların müalicəsində “Metadon”un təsiri yoxdur.

- Bəs sintetik narkotiklərin müalicəsində dərman rolunu oynayacaq hansı preparatlar qəbul edilir?

- Hal-hazırda stimulyant qrupuna daxil olan həmin sintetik narkotiklərə qarşı bəzi ölkələrdə inyeksiya müalicəsi aparılır, ancaq bir sıra ölkələrdə, o cümlədən də bizim ölkədə həmin preparatlar təsdiqlənməyib. Bunlar “Vanokserin konsta”, “Nalmefen konsta” adlı inyeksiya yolu ilə müalicədə tətbiq edilən dərman preparatlarıdır.

- Siz necə düşünürsünüz, ölkəmizdə narkomaniyanın köklü müalicəsində sadaladığınız preparatlar nə vaxtsa tətbiq oluna bilərmi?

- Təbii ki. İnşallah, olacaq. Nədən olmasın?! Çünki, belə deyim, bu dərmanlar dünyadakı, ən başda da Amerikadakı narkomaniyaya qarşı müalicədə istifadə olunursa, bizim ölkəmizə də gələcək.

- Sizcə, bu dərmanlarla müalicədən sonra narkomaniyadan tam xilas olmaq mümkündürmü?

-Narkomaniyanın müalicəsi tam dərmanla başa gələcək şey deyil. Burada xəstənin eyni zamanda psixoterapiyaya ehtiyacı var. Çünki bir insan özündəki narkotik maddə asılılığını gecikmədən qəbul etməlidir, asılılıqla necə mübarizə aparmaq lazımdır, bunu bilməlidir, daha sonra isə “Metadon” proqramı və sadaladığımız “Vanokserin konsta”, “Nalmefen konsta” kim preparatlar köməkçi rolunu oynayacaq. Məsələn, dərman müalicəsini bütöv pazlın bir parçası kimi hesab etmək olar. Bu pazlın digər parçası da psixoterapiyadır, dərman müalicəsidir, nəzarətdə olmaqdır, narkotestlərin düzgün şəkildə verilməsidir. Asılılıq müalicəsi bu şəkildə olmalıdır. Yəni tamamən dərman preparatları qəbul edərək narkotiklərdən xilas olacağına ümid etmək boşdur, çünki dərmanın təsiri keçdiyi zaman həmin insan narkotikə geri dönəcək.

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stopnarkotik.az