“Yerində güllələnsin!”, “Özünə yedirdilsin!”, “Ölüm hökmü verilsin!”…
Stopnarkotik.az saytı faəliyyətə başladığı 5 aya yaxın müddət ərzində Azərbaycanda narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində çoxsaylı təkliflərlərlə çıxış edib. Dəyərli oxucularımıza da məlumdur ki, bu təkliflərin hər biri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Əlbəttə, hansısa təklifə yüzlərlə şəxsin reaksiya verməsi həm də vətəndaş mövqeyi hesab oluna bilər. Bütün bunları nəzərə alıb, bu gündən etibarən Stopnarkotik.az-ın məqalə şəklində təqdim etdiyi hər bir təkilfinə verilən reaksiyaları da saytımızda geniş işıqlandırmaq qərarına gəlmişik. Bunu respondent kimi qəbul etdiyimiz oxucuların “sosioloji sorğu”ya reaksiyası kimi də qəbul etmək olar.
Azərbaycana narkotik vasitələrin təxminən 95 faizinin İrandan daxil olduğunu nəzərə alıb, ilk olaraq Stopanrkotik.az saytının bu ölkə ilə sərhədboyu istehkam qurğularının qurulması, beton divarın çəkilməsi təklifinə verilən cavablarla oxucularımızı tanış edək. Qeyd edək ki, “Azərbaycanda narkotik ticarətinin qarşısını almağın yeganə yolu... – İRANLA SƏRHƏD XƏTTİ BOYUNCA HASAR ÇƏKİLMƏLİ VƏ...” sərlövhəli yazımızı “Facebook” səhifəmizdə ümumilikdə 507 nəfər bəyənməklə, bizimlə həmfikir olduqlarını bildiriblər. 94 nəfər isə bu məsələ ilə bağlı öz rəyini yazıb ki, onların arasında da təklifi dəstəkləyənlər az deyil. Odur ki, həmin rəylərin bəzilərini dəyərli oxucularımıza təqdim edirik. Məlumat üçün bildirək ki, rəylərə redaktə xarakterli düzəlişlər edilib :
Ətrabə Məmmədova: “Hə, belə yaxşı olar”.
“Master Klassnıy” hesab edir ki, sərhədə hasar çəkməyin faydası yoxdur: “Yenə də xırda dronlar vasitəsilə hava yolu ilə keçirəcəklər”.
Hikmət İskəndərov da “Master Klassnıy” adlı sosial şəbəkə istifadəçisinin fikrini dəstəkləyir: “Dronlar nə sərhəd, nə də hündür hasar tanımır”.
Vaqif Məmmədov (Vagif Mamedov) deyir ki, İrandan narkotik daxil olmasının qarşısını almağın yeganə yolu Dövlət Gömrük Xidmətində islahatlar aparmaqdır: “Yeganə yol Gömrük Xidmətini dəyişməkdir...”.
“Tələt Mərdi-Həqq” adlı istifadəçi də onunla həmfikirdir: “Yox , can qardaş. Gömrükdən bir cib yaylığı da keçirmək olmursa, adamın alt paltarını da yoxlayırlarsa, deməli, narkotiki ölkəyə buraxan məhz Gömrük Xidmətidir. İranlı nə qoduqdur ki, quş uça bilməyən yerdən nəsə gətirsin?!”.
“Adish Bakinec” yazır: “Tələt Mərdi-Həqq qaqa, səni başa düşürəm... Amma sərhəd ayrıdır... İrandan sərhəd boyunca qaçaqmal keçirilir. Bunu yalnız belə etmək olar... Türkiyə dövləti artıq bir neçə ildir ki, İranla sərhəddini belə beton hasarla başdan axıra kimi hasarlayıb və effekti də əladır”.
Təyyar İsgəndərov isə “bəs kecid məntəqəsi?”, - deyə sual edir...
Natiq Musayev hesab edir ki, Ermənistanla sərhədə də hasar çəikilməlidir: “Ermənistanla sərhədə də bu səddən lazımdır”.
Nazim Tağıyev (Nazim Taghiyev) təklifi dəstəkləyir: “Mütləq və mütləq!”.
Ənvər Əhmədli (Anvar Ahmadi) isə məsələyə bir qədər ironik yanaşır: “Üstünü də örtün bu ölkənin, yaxşı olacaq”.
Etibar Hacıyev yazır: “Bəli, çox düzgün olardı ki, Türkiyə necə İranla sərhədboyu hündür beton hasar çəkib, biz də çəkməliyik. Onda sərhəddimizi qoruyan əsgərlərimiz də rahat olar, biz də”.
Ruslan Nəzərov (Руслан Назаров) isə təklifə qarşıdır: “Güldürməyin, divarla iş düzələn deyil...”.
Renad Muradov: “Bu məsələdə Azərbaycan hakimiyyətinin özü maraqlıdır, yəni narkotiki hakimiyyətin özü gətizdirir”.
Hacı Cəfərov (Гаджи Джафаров) isə tamamilə radikal qərarların tərəfdarıdır: “O qədər xərc çəkincə, narkotik gətirənləri yerində güllələsinlər, əl-ayaqları yığışsın”.
Razi Huseynov: “Ağıllı fikirdir”.
Fikrət Bağırov: “Sovet hökuməti "insaflı"idi, sim çəkmişdi, siz də beton çəkin, heç görünməsin. Gömrükçü və ya sərhədçi qoymasa, narkotik keçirmək olar?!”
Ziyafət Bayramova hesab edir ki, problemin həlli yolu vicdanlı insanları vəzifəyə qoymaqdır: “Məncə, bu, anaları ağlar, gəlinləri ərsiz, uşaqları atasız qoyan bu bəladan qurtarmağın yolu deyil. Daş hasarlar yox, vicdanlı insanlar bu işi görə bilərlər”.
Vüqar Hacıyev (Vugar Hacıyev): “Kasib o zibili gətirmir. Kimlırin gətibi payladığını yaxşı bilirlər... Allah xalqa kömək olsun”.
Asim Hacıyev: “Bu, əslinə qalsa, farsların oyunudur ki, Azərbaycan heç vaxt Cənubi Azərbaycana can atmasın”.
Gülşən İbrahimova: “Təkcə İranla deyil, Ermənistanla sərhədə də hasar çəkilməlidir”.
Mehriban Həsənova: “Narkotik satanlara, ölkəyə gətirənlərə və buna himayədarlıq edənlərə ölüm hökmü tətbiq olunmalıdır. Bu, yeganə çıxış yoludur”.
Rəşid Həsənov: “Gömrükdə qayda-qanun yaradılarsa, narkotiki gətirə bilməzlər”.
Nazilə Ağayeva: “Gömrük Xidməti narkotik keçirən ən böyük ticarətçidir, onu neyniyək?! Yekə ticarətçilər haqqını verib aparaturanı söndürtdürür və rahatca malını keçirir”.
Dürdanə Şirinova: “Bəli, pis qonşuyla belə də olmalıdır. İnşallah, torpaqlarımızı tam azad edib Ermənistanla da daha hündür hasarla sərhəd çəkərik”.
Cəmil Əliyev isə tamamilə fərqli proqnoz irəli sürür: “Beton səddə ehtiyac yoxdur, 2027-2030 -ci ildə sərhəd Zəncanda olacaq”.
Pərviz Mustafayev: “Biz öz torpağımızı ikiyə bölə bilmərik. Bu beton divarı narkotiki Azərbaycana gətirən böyük adamların biznesinə şərik çıxan balaca qaçaqçıları saxlamaq üçün tikmək istəyirlər”.
Rəşad Abbasov (Rashad Abbasov): “O qədər xərc nəyə lazımdır? Kimdə narkotik tutuldu özünə yedirtmək lazımdır, ölməsə təpəsinə də 1 güllə, qısa-konkret”.
Azər Hüseynli: “Yeganə yol Sərhəd Qoşunlarında islahat aparmaq və zabit heyətini - leytenatdan generala kimi - hamısını qovmaq lazımdır”.
Ceyhun (Ceyhun Ceyhun) adlı sosial şəbəkə istifadəçisi də bu fikirdədir ki, narkotikin ölkəyə gətirilməsi ilə bağlı məhz vəzifəli şəxslər məsuliyyət daşıyır: “Rusların bir məsəli var: əgər narkotiki ölkədə yox etmək istəyirsənsə, satanları yox, ilk öncə generalları tutub həbs elə”.
Ramin Roman: “Ümumiyyətlə, beynəlxalq narkotik şəbəkənin tranzit deyilən yolları var. Ən böyük tranzit yollardan biri Əfqanıstan-İran-Azərbaycan-Rusiya xəttidir. Azərbaycan hakimiyyəti bu beynəlxalq narkotik şəbəkəsinə savaş açsa, Azərbaycan dövlət olaraq məhv olar. Ona görə, kimsə boş söhbətlər eləməsin. Çıxış yolu ancaq gəncləri marifləndirmək, əyləncə vasitələrini çoxaltmaq, gəncləri işlə təmin etmək, pis vərdişlərə vaxt ayırmamağına səbəb olmaqdır”.
Aqşin Əbdülrəhimov (Abdulrehimov Akshin): “Yeganə yol hasar deyil. İndi dronlar var, onlar vasitəsilə də keçirmək olur. Yeganə yol - kim satır, onu təşkil edir, onları güllələməkdir”.
Sədrəddin Əsədov: “Xeyr, bu çıxış yolu deyil, iki 2 qardaşın arasına sədd çəkmək olmaz”.
Mehrab Mehdi Museyibov: “Düz edirsiniz, bu hasardan dığalara da sərhəd çəkmək lazımdır”.
Kənan Kərimli isə məsələyə məşhur el məsəlindən sitat gətirməklə reaksiya verir: “Tulanın qorxaqlığındandır ki, dovşan gəlib evin içində balalayır. Bu narkotiki gətirən Gömrükdən keçirir də, haqqı nədir, verir, onu da keçirir, vəssalam”.
Şəmsəddin Ağayev: “Bilirsiniz, Xruşovsayağı və iqtisadi, ekoloji cəhətdən bayağı təklifdir. Birincisi, müharibə gedən ölkədə bu qədər vəsaiti o istiqamətə yönəltmək olmaz. Yəqin ki, Polşa və Belorusiyanın sərhəddində belə divarın tikilməsinə( Belovejskiy Puşşa qoruğunda) ekologiyaya vurduğu zərərə görə (heyvanat aləminin arealı və s.) dünya ictimaiyyətinin necə etiraz sərgilədiyini gördük. Əsas iri partiya olan trafikin qarşısı alınmalıdır, yəqin ki, bu istiqamətdə hüquq-mühafizə orqanlarımız müsbət tədbirlər görür. Qaldı balaca partiyalara, bunun qarşısını divar ala bilməz, Müasir məişət dronları var ki, onlarla kiçik həcmli narkotiki keçirmək mümkündür”.
Qeyd: Stopnarkotik.az saytının yazısına verilən reaksiyalardan da göründüyü kimi, böyük əksəriyyət təklifi bəyənsə də, İranla sərhəd xətti boyunca istehkam qurğularının, beton hasarın çəkilməsinin problemin həllinə müsbət təsir etməyəcəyini düşünənlər də var. Lakin, şübhəsiz ki, belə bir zərurət olacaqsa, aidiyyəti qurumlar hər bir detalı ölçüb-biçmədən qərar verməyəcəklər...
Stopnarkotik.az