İranda azyaşlı qızlar narkotik ticarətinə cəlb edilir – ŞOK DETALLAR

“Narkotiklər 7-8 yaşlı qızların paltarına, hətta bədəninə yol tapır”

Son həftələr Tehran bələdiyyəsi sahibsiz küçə uşaqları, eləcə də valideynləri həbsdə olan uşaqlar üçün bir neçə uşaq evini bağlayıb. “Naser Xosro Uşaq Evi”nin bağlanması və təxliyyə edilməsi əmri ilə yanaşı, 17 və 18-ci məhəllədəki “Navid Mehr Uşaq və Ailələrə Dəstək Mərkəzi” kimi digər yardımçı qurumların da qapısı möhürlənib. O vaxtlar bu yerlər Tehranda işləyən uşaqlar və həbsdə olan valideynlərin zibil yığan uşaqlarının sığınacaqları idi.

Faktlar göstərir ki, təkcə Tehranda uşaqlara deyil, digər şəhərlərdə də hətta ali təhsil müəssisələrində çətin vəziyyətdə olan gənclərə də heç bir dəstək göstərilmir. Narkotik dövriyyəsində isə ən aktiv insanlar uşaqlar, xüsusilə də qızlardır; çünki polis onlardan şübhələnmir. Uşaq hüquqları müdafiəçisi “Iranwire”ə deyib ki, “narkotiklər 7-8 yaşlı qızların paltarına, hətta bədəninə yol tapır”.

Stopnarkotik.az xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin bir şəhərində “Ərşiyə” adlı Uşaq Hüquqları Müdafiə Təşkilatı valideynləri narkotik aludəçisi kimi həbsxanada olan uşaqların yaşadığı məhəllələrdə azyaşlıların acı taleyini araşdırıb.

Qərbi Azərbaycan əyalətinin bəzi şəhərlərində çalışan hüquq müdafiəçisinin sözlərinə görə, “məhkəmə və polisin çətin durumdakı uşaqlara qarşı tam biganəliyi çox ağrılı, sistemli və məqsədyönlüdür. Çünki onlar uşaqları bu şərtlərə layiq bilirlər".

Təhlükəsizlik məqsədilə özünü Ərşay kimi təqdim edən hüquq müdafiəçisi deyir: Uşaq hüquqları müdafiəçiləri kimi bizim məqsədimiz böyük şəhərlərin yoxsul məhəllələri, ucqar səmtləri müəyyən etmək və bu məhəllələrin uşaqlarına kömək etməyə çalışmaq idi. Xüsusi xidmət orqanları, təhlükəsizlik orqanları dindirmələrdə, işgüzar görüşlərdə mənə deyirlər ki, sənin bu işlərlə nə əlaqən var, başını aşağı sal və həyatını yaşa”.

Ərşay Şərqi Azərbaycan əyalətinin təcrid olunmuş ərazilərində risk altında olan uşaqları müəyyən etmək üçün bir qrup uşaq hüquqları fəalı ilə səyahət əsnasında Şərqi Azərbaycan vilayətinin marginal ərazilərində valideyinləri narkotik satan çox sayda uşaqla rastlaşır. Təbriz həbsxanasına və ya düşərgələrə göndərilənlər narkotikdən asılı vəziyyətdədirlər. O deyir ki, bu uşaqlar valideynləri həbs olunandan sonra faktiki küçə qalıblar. Burada hər iki valideyn həbsdə olduğuna görə qonşuları tərəfindən baxılan uşaqdan və ya valideynləri narkotik maddə alqı-satqı cinayəti ilə əlaqədar həbs edildiyi üçün uşaqları könüllü olaraq maddi durumu yaxşı olan ailəyə övladlğa verilən 8-9 yaşlı bacı-qardaşdan bəhs edilir. Hansı ki, övladlığa veriləndən sonra bu iki uşaqdan əsər-əlamət qalmayıb. Ərşayın sözlərinə görə, bir qrup uşaq hüquq müdafiəçiləri valideynləri həbsdə olan və evsiz qalan bir neçə uşağın vəziyyətini Şərqi Azərbaycan vilayətinin o zamankı prokuroru, hazırda vilayətin baş hakimi olan “Musa Xəlilullahi”yə dəfələrlə çatdırıblar. Amma hər dəfə prokuror məktub yazmaqla kifayətlənib və iş Təhlükəsizlik və Kəşfiyyat Xidmətinə verilib.

Ərşay deyir: “Onların [məhkəmə orqanlarının] canfəşanlıq səbəbi problemli ailələri və uşaqlarını tapmaq deyildi, onların yeganə narahatçılığı və sualı bu idi ki, niyə bu uşaqları axtarırsınız və bu məsələlərlə məşğul olursunuz? Niyə bu məsələləri qurdalayırsınız?” Onun sözlərinə görə, nəticədə vətəndaş fəallarına töhmət verilib.

İranwire”in jurnalistlərdən aldığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin marjinal bölgələrində bir çox uşaq çox çətin vəziyyətdədir. Bu uşaqların əksəriyyəti narkotiklərin yayılması və alqı-satqı şəbəkələrində iştirak edir və təhsildən kənarda qalırlar. Həmin uşaqların bəziləri pedaqoji kollektiv tərəfindən müəyyən edilərək sosial fonda təhvil verilib. Ərşay deyir ki, Şərqi Azərbaycan əyalətinin şəhərətrafı ərazilərində qızlar narkotik almaq, satmaq və yaymaq üçün kişi həmkarlarına nisbətən daha çox istifadə olunur. Qaçaqmalçılar hesab edirlər ki, qızların əşyalarında, pal-paltarında və bədənində narkotik maddələrin gizlədilməsi şübhə doğurmur.

Təcrid olunmuş ərazilərdə könüllü fəaliyyət göstərən bu uşaq hüquqları müdafiəçisinin sözlərinə görə, narkoman və ya narkotik alverçisi olan valideynlər həbs edildikdə, məsul qurumların uşaqlarının taleyi ilə bağlı əvvəlcədən müəyyən edilmiş planları yoxdur. Hər halda, bu sosial ziyanın uzun tarixi var və bir gecənin, bir neçə ayın nəticəsi deyil.

Ərşay hesab edir ki, valideynləri həbsdə olan uşaqlara kömək etməyin bir yolu ən azı 18 yaşından kiçik uşaqları olan anaların onları azad etmək üçün elektron bağlama xidmətlərindən istifadə etmələridir. O əlavə edir ki, ölkənin məhkəmə sistemi bu qadınların uşaq sahibi olmasını tamamilə unudub. Bu uşaqların bəziləri qonşu və ya uzaq qohumlarının himayəsindədir və çoxlu cinsi və emosional zorakılığa məruz qalır: “Bəzən bu uşaqları uşağa təhdid yaradan adamlara etibar edirlər. Baxmayaraq ki, məhkəmə, ədliyyə orqanları bu şəxslərin narkotik satışı şəbəkəsində olmasından xəbərdar olsalar da, yenə də uşağı onların öhdəsinə buraxırlar. Məsələn, ailədə uşaqların qəyyumluğu narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan nənəyə həvalə edilib və o, bunu uşaq hüquqları uğrunda mübarizə aparanların gözü qarşısında edib və çəkinməyib. Bütün uşaqları narkotiklərin satışında fəal iştirak edən tanınmış şəxsKraliçaləqəbli nənə idi.

Hökumət sağlam cəmiyyətdənsə, həddən artıq dolu həbsxanalara üstünlük verir

Ərşay deyir: “Həbsxanada olan uşaq hüquqları müdafiəçiləri etiraf edirlər ki, dövlət insanların həbsxanada saxlanması xərclərini, o cümlədən yemək, çarpayı, isti və soyuq su pulunu ödəməyə hazırdır, lakin vəsaiti bu adamların həbsə düşməməsi üçün təhsilə xərcləmək istəmir.

Bir müddət qadın həbsxanalarından birində yatmış hüquq müdafiəçisi Ərşayın əhvalatını təsdiqləyir və deyir: Mənimlə birlikdə karantində olan qadınlar həbsxanada qalmalarına haqq qazandırırdılar ki, həbsxana çox yaxşı, rahat və istidir. Onlar azadlıqdansa həbsə üstünlük verirdilər. Həmin qadınlar dedilər ki, burada yemək verirlər, gecələmək üçün yerimiz var”.

Deyilənlərdən belə nəticə çıxır ki, İran rejimi insanların təhsil alması, savadlanmasından oddan qorxan kimi qorxur, çünki öz hakimiyyətinə alternativ qüvvənin ortaya çıxmasını istəmir. Alternativ qüvvə üçün ayıq düşüncə mütləqdir, ayqı düşüncənin ən təsirli zəhəri isə narkotikdir. İran rejimi bilməyərəkdən deyil, qəsdən, həm də ayılmasını, ayaqlanmasını istəmədiyi Bəlucistan, Güney Azərbaycan kimi etnik bölgələrdə narkotik satışını, istifadəsini genişləndirir, buna bilərəkdən şərait yaradır.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az