“İntihar hallarının səbəblərindən biri valideynlərlə uşaqlar arasında olan uçurumdur...” – PSİXOLOQ RAUF NƏBİYEV

“İntiharların qarşısını almaq üçün bu mövzunu az işıqlandırmaq lazımdır”

İntihar halları, xüsusilə gənc və yeniyetmələrin öz canlarına qəsd etməsi, eləcə də onların narkomaniya bataqlığına düşməsi ağrılı mövzudur. Bu iki məsələ həm də cəmiyyəti təhdid edən mövzulardır. Bu sahədə problemlərin artması, gənclərimizin narkomaniyanın ağuşuna düşməsi gələcəyimiz baxımından bizə rahatlıq vermir, verməməlidir də. Bu ağrılı mövzuları psixoloq Rauf Nəbiyevlə müsahibəmizdə müzakirə etdik. 

- Rauf bəy, son zamanlar yeniyetmələr arasında intihar hallarının artmasının şahidi oluruq. Sizcə, bu halların artması nədən qaynaqlanır?

- Mən çıxışlarımda da demişəm, sosial şəbəkələrdə də yazıram, qeyd edirəm, son zamanlar intihar hallarının artmasının səbəbi valideynlərin uşaqlarına olan münasibətidir. Birinci səbəb budur. Yəni uşaqlar istədiklərini dilə gətirirlərsə valideynlərin basqısı ilə üzləşirlər. Valideynlər deyirlər ki, mütləq biz deyən kimi olmalıdır. Məsələn, mən bu yaxınlarda öz sinif yoldaşlarımın ailəsində atalar ilə oğullar arasında böyük bir problemin olduğunun şahidi oldum. İki-üç seansa o problemi aradan qaldırdım. Birinci növbədə uşaqlarla yox, valideynlərlə işləmək lazımdır.

Qarşılaşdığım problemli halların birində uşaq universitetə daxil olmaq istəmir, başqa bir sahəyə yönəlmək istəyirdi. Atası deyirdi ki, yox, mütləq bu universitetə girməlisən. Aralarında konflikt yaranmışdı, uşaq da acığa düşüb atasının dediyinin tam əksini edirdi. Səbəblərdən biri budur: valideynlərlə uşaqlar arasında olan böyük bir uçurum. Valideynlər uşaqların istəklərini nəzərə almırlar.

İkinci səbəb də budur ki, indi sosial şəbəkələrdə başqalarının həyatı çox işıqlandırılır. Məsələn, bu yaxınlarda şəhidin nişanlısı olan bir xanım intihar etmişdi. Bunu çox geniş işıqlandırdılar. İntihara meyl edən bir xanım da fikirləşir ki, mən də intihar edəcəyəm, mənim haqqımda da hər kəs danışacaq. Təsəvvür edirsiniz, ölümü fikirləşmirlər, ancaq onu düşünürlər ki, valideyn ona qarşı çıxıbsa o da valideynlərinin acığına özünə qəsd etməlidir.

Yeniyetmələri, gəncləri affekt vəziyyətinə gətirib çatdırırlar. Onlar da fikirləşirlər ki, kimsə intihar etdi, bütün sosial şəbəkələr, efirlər onun haqqında danışdılar, hətta sosial şəbəkələr, ictimaiyyət bu haqda danışır, o da intihar etsə bütün cəmiyyət danışacaq, valideynlərini qınayacaqlar, onlar cəzalanacaqlar. Yəni bu yolla valideynlərini cəzalandırmağı düşünürlər.

Yaxud düşünürlər ki, evdən qaçıb gedəcəyəm, itkin düşəcəyəm, gizlənəcəyəm, beləliklə, valideynlərimi cəzalandıracağam. Onlar sanki dolayısı ilə bu yolla valideynlərini cəzalandırırlar. Rəhmətlik Habil Əliyevin belə bir kəlamı var idi, deyirdi ki, insan öləndən sonra onu o qədər tərifləyirlər, o qədər göylərə qaldırırlar, adamın lap ölməyi gəlir. Habil Əliyev bunu yumorla deyirdi, amma bu yumorun içində həqiqət də var. Yəni insan öləndə onun haqqında o qədər xoş söz danışırlar, onu qəhrəman kimi elə qələmə verirlər ki, yerdə qalanlar da sanki həvəslənirlər. İntiharları artıran səbəblərdən biri də budur.

- Bu halın qarşısını almaq üçün cəmiyyət olaraq hansı perventiv tədbirləri görməliyik? Ümumiyyətlə, cəmiyyət olaraq yeni nəsli doğru tərbiyə edə və yönəldə bilirikmi?

- Onun qarşısını almaq üçün bu mövzunu – intihar faktlarını az işıqlandırmaq lazımdır. Haqqında az yazılmalıdır, sosial şəbəkələrdə az yazılmalıdır. Məktəblərə yeniyetmə yaşda olanlarla söhbətlər aparılmalıdır, psixoloqlar işləməlidir. Məktəblərdə psixoloqlar var, amma burda da həqiqəti demək lazımdır, danmaq lazım deyil, psixoloqların özləri də vəzifələrini tam yerinə yetirmir, yeniyetmələrlə söhbət aparmırlar. Problemli hal varsa, özünə qapanmış uşaqlar varsa məktəbdəki müəllimlər tərəfindən hiss olunur. Bir şagirdin digəri ilə konflikti varsa, bu, dərhal hiss olunur. Məktəb psixoloqu o şagirdi çağırmalı, onunla işləməli, seanslar aparmalıdır. O uşağın valideynlərini çağırmalıdır. Onlarla danışmalı, uşağı bu vəziyyətdən çıxartmalıdır.

Lakin indiki məktəb psixoloqları da bu duruma biganə yanaşırlar. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Amma belə uşaqlar özünə qapanır, heç kimə heç nə demir. Ən çox o yeniyetmələrdən qorxmaq lazımdır ki, onlar qapalı uşaqlardır, yəni çox ünsiyyətcil deyillər, sosial deyillər. Onlarla daha çox maraqlanmaq lazımdır ki, bəlkə nəsə dərdin var, nəsə problemin var. Yaxud bəlkə hansısa istəkli rəfiqənlə konflikt yaşamısan, təzyiq altındasan. Özünə qapanan uşaqlarla psixoloqlar daha çox işləməlidir, müəllimlər onlarla maraqlanmalıdır, nəinki daha sosial uşaqlarla. Sosial uşaqlar deyib-gülən, ünsiyyətcildirlər, müşkül durumdan tez çıxırlar. Problem də olsa sosial uşaqlar özlərini bu vəziyyətdən çıxarırlar, çünki onların ətrafında da özləri kimi deyib-gülən uşaqlar olur. Amma özünə qapanan uşaqlar, sakit təbiətli uşaqlarla daha çox maraqlanmaq lazımdır. Məktəblərdə də həmin uşaqlarla işləməlidirlər.

- Sizcə, məktəb psixoloqları özünə qapalı uşaqlarla niyə maraqlanmırlar? Bu nədən irəli gəlir?

- Məncə, onlar vəziyyəti düzgün analiz etmirlər. Onlar düşünürlər ki, özünə qapalı uşaq sakit, ağıllı uşaqdır, səs eləmir. Elə bilirlər tərbiyəli uşaqdır. Belə uşaqlar haqda düzgün fikir formalaşmayıb. Düzdür, elə uşaqlar var ki, sakit təbiətlidirlər. Amma onlarla maraqlansalar, görəcəklər ki, belə uşaqların 5-i sakitdirsə, 3-ü intihara meylli uşaq ola bilər. Hər bir yeniyetmənin, sizin də, bizim də həyatımızda ən azı bir dəfə də olsa ağlımızdan özümüzə qəsd etmək keçib. Bəlkə də dəfələrlə olub - ya ailəmizdə konfliktdən sonra, ya sinif yoldaşlarımızla konfliktdən sonra. Yeniyetməlik dövründə yaşadığımız problem bizə faciəli gəlir, amma yaşa dolandan sonra baxırıq ki, adi bir şeyə görə mən özümə niyə qəsd etmək istəyirdim, özümə niyə qapanırdım, yemək-içməkdən niyə kəsilirdim?! Müəyyən yaşdan sonra bu şeylər bizə primitiv gəlir, amma o yaşlar üçün adi şeyləri böyük bir faciə kimi qarşılayırdıq. Ona görə, bəzilərində kiçik səbəblər böyük faciələrlə sonlanır.  

- Ümumiyyətlə, cəmiyyət olaraq yeni nəsli doğru tərbiyə edə bilməməyimizin səbəbi nədir?

- Mən müəyyən tədbirlərdə oluram, gənclərimizi də görürəm. Ziyalıların iştirak etdiyi tədbirlərə gənclər gəlirlər. Onların aktivliyi xoşuma gəlir. Gələcək planları olur. Onlara suallarım bu olur ki, sənin gələcək planların nədir? O yeniyetmə özünün gələcəklə bağlı planlarını dilə gətirirsə mən sevinirəm. Deməli, onun yaşamaq eşqi, ümidi var, gələcəyini görür. Hansı gənc deyir ki, mənim planım yoxdur, heç nə fikirləşməmişəm, o, hardasa intihara meylli ola bilər. Çünki gələcək arzuları, planları yoxdur. Universitet tələbələrində ümid var. Onlar dövlət tədbirlərində iştirak edirlər, könüllü kimi qatılırlar, baxıram ki, həqiqətən bizim potensiallı gənclərimiz var. Onlar gələcəkdə özlərinə yer tutacaqlar. Yaxşı yerlərdə olacaqlar. Əfsuslar olsun ki, o yaxşı yerlərə özünə qapanan uşaqları çəkib-aparan yoxdur. Amma 20 il, yaxud 10 il bundan qabağa baxsaq vəziyyət bir az dəyişib, irəliləyiş var.

(Ardı var)

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stoprnarkotik.az