Əsabəli Mustafayev: “Narkobaronların hüquq-mühafizə orqanlarına çıxışının qarşısı kəsilməlidir”
“Əgər indiyə qədər böyük baronlardan heç biri tutulmayıbsa, demək bizdə mübarizə zəifdir…”
3 ilə yaxındır ki, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılsa da, ortada qənaətbəxş nəticənin işartısı da yoxdur. Necə deyərlər, dəyirman öz işindədir… Və təəssüf ki, narkoticarət dövriyyəsi öz “dəyirmanı”nda minlərlə gənc həyatı üyüdür, çürüdür. Narkotik tacirlərinə qarşı mübarizənin çanağı isə “xırda balıqlar”ın başında çatlayır, il ərzində yüz milyonlarla manatlıq narkotik dövriyyəsinin başındakı “dirijorlar” toxunulmaz olaraq qalırlar. Belə ki, sayları heç də az olmayan narkobaronlardan, eləcə də narkobiznesi himayə edən yüksək çinli məmurlardan bir nəfərin belə, indiyədək yolu həbsxanadan keçməyib. Məhbəs həyatı yalnız narkoticarətin xırda “vintcikləri”nə qismət olur, o da müvəqqəti, bir neçə illik. Təbii ki, bu halda da hansısa effektiv mübarizədən danışmaq mümkün deyil. Yəni nə qədər ki, ayrı-ayrı baronların “dirijor çubuğu” bütün gücü ilə “narkoansambla” yön verəcək, yaxın gələcəkdə də bu sahədə ciddi nailiyyət əldə etmək mümkün olmayacaq.
Belə bir vəziyyətdə qanunların daha da sərtləşdirilməsinə, hətta yeri gəlsə, narkotik tacirlərinin, eləcə də onları himayə edən vəzifəli şəxslərin əmlaklarının müsadirə olunmasına ehtiyac yaranmırmı? Bu və digər suallara tanınmış hüquqşünas Əsabəli Mustafayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Deputat Fazil Mustafa saytımıza müsahibəsində narkoticarətlə məşğul olan şəxslərə qarşı qanunun sərtləşdirilməsinin əleyhinə olduğunu bildirdi. Fikrini bununla əsaslandırdı ki, qanunun sərtləşdirilməsi ilə narkoticarətin arxasında duran iri fiqurlar yenə də arxa planda qalacaq, yenə kiçik alverçilər “qurban” olacaqlar. Bəs, sizcə, necə etməliyik ki, narkoticarəti idarə edənlər cəzadan yayına bilməsinlər?
- Bu vəzifə, missiya hüquq-mühafizə orqanlarının üzərinə düşür. Çünki, bilirsiniz, bütün dünyada belədir - o ölkələrdə ki, narkotik çox sürətlə yayılır, genişlənir, orada narkoticarət başçıları ilə mütləq hüquq-mühafizə orqanlarının əlaqələri var, onlarla əlbir işləyirlər. Dünya təcrübəsində də belədir, istər Meksika, istər Kolumbiya, istər də digər ölkələr olsun. Yəni mən də bir vətəndaş kimi fikirləşirəm ki, əgər hüquq-mühafizə əməkdaşları onlara, belə deyək də “krışalıq” etməsələr, baronların çoxu tutulmuşdu. Bax, görürsünüz, deputat da deyir ki, narkoticarətin əsl sahibləri toxunulmaz qalacaq. Bilir ki, “yuxarı”da kim var və onlar toxunulmazdır. Nə üçün? Çünki əlaqələri var. Toxunulmaz nə vaxt olurlar? Pulları var, pulları sayəsində də əlaqələr qururlar. Bəli, kiçik ticarətçilərin çoxu çörəkpulu xətrinə bunu edir, risk edir, ayrı qazanc yerləri yoxdur.
Ona görə də sosial yönümlü proqramları genişləndirmək lazımdır. Yəni işsizliyin tam aradan qaldırılması, əməkhaqlarının, pensiyaların qaldırılması lazımdır. Təmin olunmuş şəxs heç vaxt narkotik satışına getməz. Bu, aksiomadır. Buna o adamlar gedir ki, bilirlər, təhlükə var, ancaq çörək qazanmaq üçün ayrı çıxış yolları yoxdur. Ona görə, insanların rifahını qaldırmaqla biz o dairəni kiçildə bilərik. İndi bir çox insanlar asanlıqla aldanıb buna gedirlər, çünk məcburdurlar.
Demək, birincisi, hüquq-mühafizə orqanlarının məsuliyyətini artırmaq, bu sahədə onlara qarşı tələbkarlığı qaldırmaq lazımdırı.
İkincisi, burada həm də məhkəmələrin rolu var…
- Necə?
- Son məhkəmə proseslərində bəzən xırda alverçilərə göz yumurlar. İstintaq dərindən getmir, onları buna kimin yönəltdiyini aydınlaşdırmağa cəhd göstərmirlər. Məhkəmələr də bunu edə bilərlər. Yəni təkcə polisi nəzərdə tutmuram, ümumilikdə hüquq-mühafizə orqanları bu sahədə fəaliyyətini sərtləşdirməlidir. Tələbkarlıq artmalıdır.
Üçüncüsü, insanların sosial rifahı qaldırılmalıdır.
Dördüncüsü isə, mən hesab edirəm ki, hər halda narkotik dövriyyəsinə, özü də külli miqdarda dövriyyəsinə görə məsuliyyət artırılmalıdır. Bu bütün dünyada belədir. Məsələn, tutaq ki, İranda narkotikcarətə görə edam edirlərsə, narkobaronlar onu İranda satmayacaqlar, gəlib Azərbaycanda satacaqlar. Çünki burada 6-7 il iş verirlər. Belə olan halda narkobaronlar Azərbaycana köçəcəklər. Bu çox qorxulu tendensiyadır. Məsələn, narkotiklərin böyük dövriyyəsinə görə İranda edam edirlər, Amerikada edam edirlər, ya da ömürlük cəza verirlər, Avropada ömürlük cəza verirlər, bizdə isə cəza nisbətən zəifdir. Dediyim kimi, bu ona gətirib çıxara bilər ki, oradakı dövriyyələr köçsün Azərbaycana.
- Qonşu Gürcüstanda qeyri-qanuni dövriyyəyə görə müddətsiz həbs cəzası var…
- Görürsünüzmü? Gürcüstanda narkotik istehsal etmirlər ki… Haradansa gətirirlər. Gətirənlər də onu Gürcüstana yox, Azərbaycana gətirəcəklər. Bax, bu qorxuludur. Ona görə də, mən hesab edirəm ki, istənilən halda məsuliyyəti də, cəzanı da ağırlaşdırmaq, beynəlxalq səviyyəyə çatdırmaq lazımdır.
- Narkomaniyaya qarşı mübarizənin gedişində indiyə qədər bir nəfər də narkobaronun, yaxud hansısa məmurun ifşa olunmaması, zərərsizlədirilməməsi onu deməyə əsas vermirmi ki, ölkədə mübarizə formal olaraq gedir?
- Əlbəttə, əgər biz bunu dayandıra bilmiriksə, hər gün də eşidiriksə ki, narkotik dövriyyəsi artır, o dövriyyəyə daha çox istehlakçılar cəlb olunur, ölkədə həm satış həm də istehlakçı artır, deməli, mübarizə çox zəif gedir və ancaq “aşağıda gedir”. İstehlakçılarla, xırda alverçilərlə gedir. Bəzən insanların pulu olmur, gedir hansısa balaca narkotacirdən 3-4 dənə büküm alır ki, satsın, birini də özü istehlak etsin. Belə məqamlar da var. Ona görə, dediyim kimi, polis işçilərinin, ümumiyyətlə hüquq-mühafizə orqanlarının məsuliyyətini mütləq artırmaq, gücləndirmək lazımdır. Çünki, siz də bilirsiniz, mən də bilirəm, əgər böyük baronlardan indiyə qədər heç biri tutulmayıbsa, tutulan 3 kiloqramla, 5 kiloqramla tutulursa, onu haradansa “optovoy” yerdən alıblar, demək bizdə mübarizə zəifdir. Demək, buna təkan verən insanlar var. Onları axtarıb tapmaq lazımdır.
- Hüquq-mühafizə orqanları üçün məsuliyyətin artırılması dedikdə, konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Yəni burada kadrlara olan təlabatdan söhbət gedir. İndi hüquq-mühafizə orqanlarında korrupsiya ilə bağlı müəyyən işlər gedir və artırılıb. Xüsusilə də məhkəmələrdə bu sahədə müəyyən işlər gedir. Dəyişikliklər də, irəliləyişlər də var. Demək, istəyəndə nəticə əldə etmək olur. Yəni elə onların içində olan mütəxəssislər bunun yolunu kəsməyin qaydalarını da bilirlər - neyləmək lazımdır ki, narkobaronların hüquq-mühafizə orqanlarına çıxışı olmasın. Məsələn, indi adi insan hakimlə görüşə, salamlaşa bilmir. Elə bir sistem yaradılıb ki, bu mümkün deyil. Görünür, belə bir sistem də digər hüquq-mühafizə orqanlarında yaradılmalıdır ki, bu əlaqələr tamam itsin. Ola bilsin ki, burada müəyyən ciddi tədbirlərə də keçilsin. Məsələn, vəzifəsi olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirlərinə. Məsələn, Amerikada, Qərbdə belə şeylər var. Əgər korrupsiya şübhələri varsa, dövlət qulluqçularının güdülməsi, dinlənilməsi var. Yəni əməliyyat-axtarış tədbirləri birinci növbədə elə hüquq-mühafizə orqanlarının içərisində aparılmalıdır. O adamlar müəyyən olunmalıdırlar ki, kimlər narkobaronlara “krışalıq edirlər…” Mənə elə gəlir ki, ondan sonra bu, yaxşı bir praktika, yaxşı bir təcrübə kimi özünü doğrultsa, bunu tətbiq etmək olar.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az