“Hizbullah” 40 ilə ərzində müxtəlif siyasi cinayətlərin, terror aktlarının iştirakçısı olan bir təşkilatdır. Başqa sözlə, onu münaqişə zonalarında əsasən yəhudiləri hədəf alan terror təşkilatı, İranın maşası olan terror qurumu, qlobal siqaret qaçaqmalçılığında "ağalıq edən" qaçaqmalçı qrup, yaxud çirkli pulların yuyulması funksiyasını daşıyan, eləcə də dünya miqyasında kokain ticarəti ilə məşğul olan bir təşkilat kimi də xarakterizə edə bilərik. İran rejiminin "silah tutan əli” olan “Hizbullah” Yaxın Şərq, Latın Amerikası və ABŞ-da öz təsirini yaymağı bacarıb.
Mənşəyi və maliyyə qaynaqları
“Hizbullah” 1982-ci ildə Livanda 15 illik vətəndaş müharibəsi zamanı yaranıb. Pəhləvi sülaləsini devirən 1979-cu il inqilabı ilə İranda yeni qurulan rejimin dəstəyi ilə Livan şiələri İsrail işğalına qarşı silaha sarıldı. Ruhullah Xomeyni tərəfindən qurulan, vəzifəsi "islam inqilabını qorumaq olan" SEPAH, yaxud Pasdaran maliyyə təmin edərək şiə döyüşçülərə təlim keçərək, nəticədə “Hizbullah”ı "ərsəyə gətirdi". Qrup fəaliyyətini Livan hüdudlarından kənarda həyata keçirərək, İran üçün "həyati orqan"a çevrildi və onun bütün Yaxın Şərqdəki "etibarlı simaları"na xidmət etdi.
Çox tezliklə “Hizbullah” müxtəlif mənbələrdən maliyyələşən transmilli və transregional təşkilata çevrildi.
Birincisi, İran təşkilata silah və pul verir. ABŞ Dövlət Departamentinin terroru maliyyələşdirən ölkələrlə bağlı hesabatına görə, “Hizbullah” İrandan hər il 700 milyon dollar alır.
İkincisi, Aİ ölkələri tərəfindən tam sanksiyaya məruz qalmayan qrup ABŞ və Avropadakı sadiq tərəfdarlarından milyonlarla dollar toplayır.
Üçüncüsü, talançılıq, yaxud bir növ "vergi" “Hizbullah”ın gəlirlərinə töhfə verir. Belə ki, “Hizbullah”ın Livan diasporu üzvlərinin idarə etdiyi bizneslərin qazancını təmin etmək üçün Afrika və Latın Afrikasında diaspor icmaları ilə əlaqələr qurması və biznes məsələlərini "düz-qoş etməsi" əvəzində Livan diasporunun "biznesmen üzvləri" təşkilata "vergi verir".
Dördüncüsü, kommersiya müəssisələrindən və kənd təsərrüfatından "vəsaitlərin silinməsi" “Hizbullah” əməkdaşlarına təşkilat üçün pulların yuyulmasına imkan verir.
Beşincisi, maliyyə cinayətləri, bank sisteminin istismarı təşkilata böyük gəlir əldə etməyə imkan verir. Məsələn, "Livan Kanada Bankı" ABŞ-dakı banklar vasitəsilə “Hizbullah” üçün yüz milyonlarla narkotik pulunu yuyub.
“Hizbullah” narkotik ticarəti və siqaret qaçaqmalçılığı kimi cinayətkar fəaliyyətlərdə birbaşa iştirak edir və bu fəaliyyətlər sayəsində külli miqdarda pul qazanır.
Qlobal şəbəkələri
“Hizbullah” geniş təhlükəsizlik aparatı, siyasi təşkilatı və sosial xidmətlər şəbəkəsinə görə “dövlət daxilində dövlət” kimi bilinir. Bu təşkilat İranın ən vacib və ən uzunmüddətli qeyri-rəsmi tərəfdaşıdır. “Hizbullah” İranın maraqların güdən öz həyati mühüm kadrlarını İraq, Yəmən və Suriyadan İsrailə yönləndirir. SEPAH-QF komandiri general Qasim Süleymaninin öldürülməsindən sonra “Hizbullah” Yaxın Şərqdə şiə yaraqlılarının koordinasiyasında liderlik rolunu öz üzərinə götürüb.
Suriyada “Hizbullah” SEPAH-ın ciddi əmri altındadır və Bəşər Əsəd rejimini qoruyub saxlamağı hədəfləyir. Qrup eyni dövrdə 14 hücumda iştirak edib, burada İŞİD yaraqlıları ilə silahlı qarşıdurmalar da olub. Suriyada dükanları qarət edib, Türkiyə və Rusiyanın dəstəklədiyi üsyançı qrupları, eləcə də türk hərbi maşınlarını hədəf alıb. “Hizbullah”ın qeyri-qanuni fəaliyyətlərdə iştirakı son bir neçə onillikdə əhəmiyyətli dərəcədə artıb. Onun kokain şəbəkələrində iştirakı 2007-ci ildə başlanan və qrupun ABŞ və Avropaya narkotik vasitələrin daşınmasını dayandırmaq məqsədi daşıyan "Cassandra layihəsi"ndən sonra genişləndi. Təşkilatın Qərbi Afrika, Avropa və Latın Amerikasındakı cinayətkar fəaliyyətləri ilə yanaşı, Yaxın Şərqdə də güclü narkotik ticarəti şəbəkələri var. Məsələn, Livan və Suriya sərhədində yerləşən laboratoriyalarda "Captagon" alveri ilə məşğuldur. Bundan əlavə, Türkiyə “Hizbullah”ın türk narkotik tacirləri ilə əlaqələrini nümayiş etdirən narkotik alveri hallarını sənədləşdirib. ABŞ-da “Hizbullah” Amerika ordusunu və hüquq-mühafizə orqanlarını hədəf almağa cəhd edib. Məsələn, 2018-ci ildə Miçiqan və Nyu Yorkda hücumlar planlaşdıran iki “Hizbullah” yaraqlısı həbs edilib. Bundan əlavə, məhkəmə işləri “Hizbullah”ın ABŞ-da siqaret qaçaqmalçılığı ilə məşğul olduğunu göstərir. Bu hallardan birində “Hizbullah” hüceyrəsi Şimali Karolinadan Miçiqan ştatına siqaret satışı həyata keçirib ki, bu da iki ştat arasında siqaret vergisi dərəcələrindəki fərqdən gəlir əldə etmək məqsədi daşıyırdı. 2023-cü ilin aprelində son məhkəmə işində yerli prokurorlar ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa cəhd edən “Hizbullah”ın maliyyəçisinə qarşı ittiham irəli sürdülər. Şübhəli ABŞ-a mal idxalı və əsasən brilyant və incəsənət əsərləri ixracı da daxil olmaqla, sanksiyaları pozan 440 milyon dollardan çox maliyyə əməliyyatlarında iştirak edib.
Latın Amerikasında fəaliyyəti
"Hizbullah”ın Latın Amerikasındakı təsirini Livandakı vətəndaş müharibəsi ilə üst-üstə düşən ərəb miqrasiyasının ən son dalğasına aid etmək olar. Hazırda təxminən 18 milyon latın amerikalının əcdadları ərəb bölgəsindəndir. Bu əhalinin əksəriyyəti əvvəlcə 20-ci əsrin əvvəllərində Suriya və Livandan miqrasiya edib. Ərəblərin Cənubi Amerikaya köçünün bu erkən dalğasının səbəbi regionda hökm sürən söz azadlığı olub, çünki bu amil ziyalılara öz ideyalarını senzuradan azad dərc etmək imkanı verirdi. Əslində, bu illərdə Braziliya, Argentina və digər Latın Amerikası ölkələrində mühüm sayda ərəb mətbuatı yaradılıb və mütərəqqi ideyaların yayılmasında və ərəb dünyasında müəlliflərin təbliğində əsas rol oynayıb. 20-ci əsrin ikinci yarısına qədər Latın Amerikasına ərəb miqrasiyasının hərəkətverici qüvvəsi təbiətcə dəyişdi. Təhsil sisteminin dağılması gənclərin və ailələrin miqrasiyasına səbəb oldu, çünki Livan ailələri ənənəvi olaraq təhsilə böyük əhəmiyyət verirdilər. Ailələr xaricdə yenidən birləşməyə çalışdıqca, Beyrutda artan terror hücumları dünya səviyyəsində diqqəti cəlb etdi və nəticədə livanlı miqrantlar üçün viza və milliləşdirmə prosedurları xeyli çətinləşdi. Bu, müvəqqəti olaraq köçənlərin hamısını standart proseslər və ya saxtakarlıq yolu ilə öz ölkələrində yeni vətəndaşlıq əldə etməyə sövq etdi. Korrupsiya yolu ilə Latın Amerikası ölkələrində vətəndaşlıq əldə etmək, Kolumbiya və Venesueladakı son qalmaqalların göstərdiyi kimi, regionda davam edən ənənədir. Məhz bu müddət ərzində “Hizbullah” və İran rejimi Amerika qitəsində ərəb və müsəlman mühacirləri arasında çoxsaylı ikili vətəndaş agentləri yerləşdirmək üçün bu qaçqın köçündən istifadə etdilər. “Hizbullah”ın Latın Amerikasında ilk terror aktları ərəb-İsrail münaqişəsinin beynəlmiləlləşdirilməsinin bir qismi idi. Bunlardan birincisi 1992-ci ilin martında İsrailin Buenos-Ayresdəki səfirliyinin bombalanması oldu. Məqsəd İsrailin hava hücumu nəticəsində 16 fevral 1992-ci il - Livan hüdudlarından kənarda həlak olan lider Abbas əl-Musəvi və onun beş yaşlı oğlu Hüseynin qisasını almaq idi. İki il sonra 1994-cü ildə Argentina İsrail Qarşılıqlı Dərnəyində (Asoción Mutual Israelita Argentina - AMIA) yəhudi mərkəzində böyük partlayış baş verdi, nəticədə 85 nəfər həlak oldu və üstəlik 150 nəfər yaralandı. Argentina ədaləti hücumu kimin planlaşdırıldığını və maliyyələşdirildiyini müəyyən etdi. Bəyan edildi ki, bu, İran İslam Respublikası hökuməti və Livan “Hizbullah”ı tərəfindən törədilib. Sonrakı illərdə “Hizbullah”ın bütün bölgədə terror fəaliyyətlərində iştirakı qeydə alınıb. Məsələn, Limada terror aktı planlaşdıran bir qrupun əməliyyatçısı 2014-cü ildə Peru polisi tərəfindən həbs edilib.
Başqa bir polis araşdırmasında Çili polisi həmin il “Hizbullah”ın terror planını pozdu. 2017-ci ildə Boliviya hüquq-mühafizə orqanları “Hizbullah”a bağlı anbarda iki ton yarımlıq bomba hazırlamaq üçün kifayət qədər partlayıcı maddə ələ keçirdi. 2021-ci ildə Kolumbiya polisi İranın Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin yanvar ayında öldürülməsinin qisasını almaq üçün “Hizbullah”ın İsrail vətəndaşını və amerikalıları öldürmək planının qarşısını aldı.
Terror hərəkətləri ilə yanaşı, “Hizbullah”ın Latın Amerikasındakı cinayətkar fəaliyyəti də 1990-cı illərin əvvəllərinə gedib çıxır və əsasən Braziliya, Argentina və Paraqvay arasındakı "Üç sərhəd" Bölgəsində cəmləşib. Rəsmi kəşfiyyat agentlikləri bütün regionda digər maliyyə mənbələri kimi qaçaqmalçılıq, sənəd saxtakarlığı, çirkli pulların yuyulması, proqram təminatı və musiqi piratçılığı, silah və narkotik ticarətini göstərir. Paralel olaraq qeyd olunub ki, “Hizbullah”ın fəaliyyətləri həmçinin "vergi yığma" və prozelitizmi (insanların inancını dəyişmək-missionerlik) də əhatə edir.
“Hizbullah”ın kokain ticarəti
(Ardı var)
Hazırladı: Stopnarkotik.az