Əfqanıstandan start götürən narkotik marşrutunun izlənməsi onu deməyə əsas verir ki, bazara çıxarılan heroinin miqdarında azalma var. Bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatları göstərir. İddia olunur ki, hazırda Əfqanıstandan gələn opiatların təyinat ölkələrinə daşınması bir neçə aydan il yarıma qədər vaxt apara bilir. Bu gecikmə tədarük çatışmazlığına səbəb olur.
2023-cü il üçün ümumi müsadirə məlumatları mövcud deyil, lakin məlumatlar göstərir ki, bu ildə Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa istisna olmaqla, əksər regionlarda 2022-ci ildə müşahidə olunan azalma davam edib. Bu durumun ciddi nəticələri var, çünki təbii heroinin “qəhətə çıxması” ilə sintetik narkotiklər, o cümlədən "nitazen" bazarı ələ alıb.
ABŞ və Qərbi Avropa bazarlarında, eləcə də Cənubi Amerika və Okeaniya bazarlarında "nitazen" getdikcə geniş yayılmaqdadır.
Artıq çoxlarına bəlli olduğu kimi, "fentanil" təsiretmə gücünə görə heroindən 50 dəfə güclüdür. "Nitazen"lər isə "fentanil"dən daha güclüdür və Qərbi, Mərkəzi, Şimali Avropada ölüm səbəbidir.
Xatıladaq ki, "nitazen" 1950-ci illərdə ağrıkəsici kimi ortaya çıxdı, amma o qədər güclü uyuşdurucudur və güclü asılılıq yaradır ki, heç vaxt tibbi istifadə üçün təsdiqlənmədi. Avropa bazarında ümumilikdə 78 yeni nəzarətsiz opioid, o cümlədən 13 yüksək təsirli "benzimidazol" ("nitazen") opioidləri var. Son illərdə getdikcə daha çox yeni "nitazen" çeşidlərinin sayı 2021-ci ildən bəri "fentanil" çeşidlərinin sayını ötüb.
Məsələn, İrlandiya narkotik bazarlarında heroinin azalması səbəbindən, 2023-cü ilin sonunda Dublin və Cork şəhərlərində "nitazen"in çeşidi olan "etonitazepin" (N-pirrolidin "etonitazepin") və "protonitazepin" (N-pirrolidin "protonitazepin") heroin kimi satılmağa başlayıb. Bu növlər isə həddindən artıq dozada ölümlərə səbəb olur: bu iki şəhərdə təkcə 2023-cü ilin dekabrında 77 belə hal qeydə alınıb. "Etonitazepin"in istifadəsi ilə bağlı çox sayda doza həddinin aşılması halları bildirilib. Bu təkcə ABŞ-da və Kanadada yox, Belçika, Sloveniya və Böyük Britaniyada da aşkarlanıb.
Əfqan heroininin çatışmazlığı ilə onu Estoniyada "fentanil" və törəmələri, Finlandiyada isə "buprenorfin" əvəz edib. Norveçdə doza həddi aşılması heroin saflığının azalması, metadon müalicəsinə çıxış imkanlarının artması və metamfetamin istifadəsinin artması ilə üst-üstə düşür. Heroin çatışmazlığının nəticələrindən biri opiat qiymətlərinin artmasıdır və bu, heroinə tələbi azalda bilir. Yəni bazarda sintetik narkotikə daha çox təlabat yaranır. Görünür, elə bütün baş verənlər də ona hesablanıb ki, bazarda sintetik narkotiklərin payı çoxalsın, çünki onlar daha tez və rahat öldürür.
Heroin qiymətinin oynamasının 2020-ci ildə sistematik nəzərdən keçirilməsi (dünyada 1995-2018-ci illər arasında aparılan 19 araşdırmaya əsaslanaraq) müəyyən etdi ki, keyfiyyətli heroinin qiymətində 10 faiz artım ondan istifadəni orta hesabla 9,4 faiz azaldır, yəni 2 ilə -21 faiz.
Bunun digər nəticəsi, qlobal bazarın getdikcə mürəkkəbləşdiyini və çox yerlərdə təklif olunan çoxsaylı narkotiklərin, o cümlədən bəzi depressantların, opioidlərin oxşarı olan preparatların qiymətlərinə də təsir göstərir. Heroini əvəz edəcək sintetik narkotiklər ölkədəki tələb və təklifin dinamikasından asılı olacaq. Xüsusilə bazarlarda narkotikin tərkibcə keyfiyyətinin aşağı düşməsi ona gətirir ki, narkotik alverçiləri pərakəndə satış zamanı onsuz da keyfiyyətsiz narkotikə əlavə kimyəvi qatqılar qarışdıraraq satmaq yoluna əl atırlar. Əlavə qatqıların narkotikə qarışdırılması da həddən artıq dozadan ölümə səbəb olur. Yəni bu, konkret zəhərin bədənə yeridilməsidir.
Narkotikin tərkibinin keyfiyyətsiz hala gəlməsi ilə istifadəçilər onun inyeksiya ilə qəbuluna əl atırlar ki, bu üsullar HİV/QİÇS və ya hepatit C kimi qanla ötürülən xəstəliklərə yoluxma riskini artıra bilər. Yəni təbii narkotk baha olduğuna görə, istifadəçilər narkotiki paylaşırlar, bir-birinin şpritsindən istifadə edirlər.
İstifadə olunan metadon və "buprenorfin" göstərir ki, opioid əvəzedici terapiya bir çox əfqan narkotikinin alıcısı olan Mərkəzi Avropa, həmçinin İran İslam Respublikasında çıxış yolu olur, eləcə də heroin əldə edə bilməyənlər daha ucuz sintetik opioidlərə keçirlər, hansı ki, bu opioidlər öldürücülüyünə ğörə heroindən daha kəskin və çevik ola bilirlər. Bu maddələr qanuni və ya qeyri-qanuni bazarlardan paylana bilər.
Yekunda isə belə nəticəyə gələ bilərik – əfqan heroini asta templə narkotik bazarından yığışdırılır, “qəhətə çəkilir”, bu da heroinin qiymətini bahalaşdırır. Asılı insanlara daha ucuz və tez öldürən sintetik narkotik təklif olunur. Heroin “elita üçün narkotik” statusuna gəlir, aşağı təbəqə əhali ucuz sintetik narkotikə möhtac edilir, çünki ucuz sintetik narkotik insanları daha tez öldürür. Narkotik “həzz”ə şirniklənən “ağ ölüm”ə “nabələd” insan kütlələrinin özünüməhv mexanzimidir. Bu ölümü gətirənlər isə bazarı sintetik narkotiklə dolduraraq, onu daha da ucuzlaşdırır və tezləşdirirlər. Narkotik bazarının tənzimlənməsi göstərir ki, o xaotik deyil, əksinə “qüdrətli” və “qəddar” əllər narkotik bazarını insan həyatlarını üyüdən “ölüm dəyirmanı” kimi idarə edirlər.
Stopnarkotik.az