İnsanlığın qarşısında duran hazırkı qlobal problemin narkomaniya olduğunu desək, yanılmarıq. Hansı ki, qarşılaşdığı böhranı reallığın işığında həll etməkdən aciz olan insanlar hissə qapılır, narkotiklərin qaranlıq dünyasına qərq olur, batdıqca daha da dərinliklərə ilişib qalır. Bəziləri zamanında özündə güc tapıb narkotiklərdən imtinaya qərar verə bilir, bəziləri çıxış yolunu antidepresantlarda, yaxud trankvilizatorlarda tapır. Bu, narkotikdən xilas olmanın optimal qurtuluş yoludur. Bu vasitələrlə “tərəvəz”ə çevrilən insan özünü və ətrafındakı insanları müvəqqəti olaraq məhv etməyi dayandırır.
Amma demək olar ki, bura qədərki mənimsədiyi bütün pis vərdişlər eyni şəkildə davam edərək, aşağıdakı asılılıqlara çevrilir:
- Alkoqolizm;
- Narkomaniya;
- Siqaret çəkmək;
- Kompüter oyunlarından asılılıq (qumar);
- Seriallara və tok-şoulara bağlılıq (daha çox qadınlarda);
- Acgözlük. Böyük miqdarda yemək, şirniyyat yemək asılılığı;
- Porno asılılığı;
- Sosial şəbəkələr, lenti sürüşdürmək;
- Shopaqolizm və s.
Beləliklə, bunlar, insanda toplanan bədxahlıq potensialını söndürmək üçün müvəqqəti vasitədir.
Əlbəttə, bütün hallarda insanları pis vərdişdən əl çəkməyə məcbur edərək sındırmaq olmaz. Xəstəliyin səbəbinin harada olduğunu daha dərindən axtarmalıyıq. Çünki şər üzə çıxmaq üçün həmişə bir yol tapacaq.
Məsələn, hansısa qadın ailədə pisxasiyyətdir, amma hirsini narkoman kimi seriallarla və ya həddən artıq yeməklərlə söndürür, yaxud özünü görmədən psevdo-mənəviyyata qapılır, guya mənəviyyatını inkişaf etdirir. Ər eyni vəziyyətdədir (ər və arvad bir bədəndir), lakin pis əhval-ruhiyyəsini spirtlə söndürür. Özünü haqlı və düzgün hesab edən arvad sərxoş ərini çürütməyə başlayır, amma başa düşmür ki, özü onunla eyni durumdadır. Əslində, hər ikisinin müalicəyə ehtiyacı var. Eynilə, ailədə laqeydliklə qarşılaşan, yaxud valideynlik vəzifəsini uşaqları yedirtmək, geyindirməklə bitmiş hesab edən ata-anasına “yetişə bilməyən” uşaqlar da bu durumdadır. Uşaqlıqda yaşananlar travma şəklində onların kimliyində öz əksini tapır.
Olanlara parazitar ətraf mühitin varlığını da əlavə etsək, deyə bilərik ki, narkoman tərcümeyi-halı olan fərdlər valideynlərin, ətraf mühitin, məktəblərə qədər ayaq açan narkotik alverçilərinin, yanlarında “cool” görünmək istədikləri sinif yoldaşlarının onlara “döşədikləri” zərbələrin ağırlığı altında təqdirə, bəyənilməyə ehtiyacdan xilas yolunu narkotiklərdə tapan fərdlərə çevrilirlər.
Dünyanın çox hissəsi bu cəhənnəmi yaşayır.
Spirtli içkilərin, siqaretlərin, pornoqrafiyanın və s. satışını məhdudlaşdırsanız, o zaman cəmiyyətin insanları bir-birini öldürməkdən qoruyan təbii müdafiə reaksiyası çökəcək. İnternet, işıq kəsilsə, cəmiyyət necə olacaq? Sosial şəbəkələr, televiziya şouları, kompüter oyunları və s. kimi antidepresanlarla qəzəb potensialını söndürən milyonlarla ruhi xəstə çıxıb emosiyaları üçün çıxış yolu axtaracaqlar.
2021-ci ildə dünyada 296 milyon insan narkotikdən istifadə edib. Son on il ərzində bu rəqəm 23% artıb. Eyni zamanda 13,2 milyon nəfər narkotik vasitələrdən venadaxili istifadə edib. Maddə istifadəsi pozğunluğu olan insanların sayı 10 il əvvəllə müqayisədə 45 faiz artaraq 39,5 milyon nəfərə çatıb. Hazırda narkotikdən istifadə edən 35 milyona yaxın insanın psixi və fiziki sağlamlığının qayğısına ehtiyacı var, onların 7 milyonu isə venadaxili yoluxucu xəstəliklərdən (HİV və virus hepatitləri) əziyyət çəkir. Hər il 500 000-dən çox insan doza həddinin aşılmasından və ya narkotik maddə qarışıqlarından ölür. Üstəlik, bu cür ölüm faktlarının sayı durmadan artmaqdadır.
Ölkəmiz də payına düşən narkotik alüdəçisi kontingentlə mübarizənin yollarını axtarır. Hər probelmin nəticəsi ilə mübarizə aparmaqdansa, onu yaradan səbəbləri ləğv etmək daha effektiv çıxış yoludur. Necə deyərlər, problemi “beşiyində” boğmaq lazımdır. Yəni ilk fazada valideyn-uşaq münasibətlərinə müdaxilə etmək lazımdır.
Valideynlərin diqqətə almalı olduğu məsələlər:
1. Yeniyetmə uşağınızın həyatını maraqlı və rəngarəng edin ki, orada cansıxıcılığa, boşluğa yer olmasın;
2. Uşağınıza ünsiyyət sənətini öyrədin: həmyaşıdları ilə münasibətlərdə yaranan çətin vəziyyətlərdə necə davranmalı olduğunu bilməlidir. Ona qarşı diqqətli olun – o, əmin olmalıdır ki, siz onu dinləməyə, anlamağa və kömək etməyə hazırsınız;
3. Uşağınıza ona təhlükəli, qəbuledilməz gələn şeylərdən imtina edərək “yox” deməyi öyrədin;
4. Uşağınıza öz əməyindən, nəyəsə əmək sərf etməkdən həzz almağı öyrədin, hobbisini tapmasına kömək edin. Uşağın hobbisinə hörmət edin, onun bilgilərinə maraq göstərin;
5. Uşağınızın özünə inamını gücləndirin. Onun uğurlarını və nailiyyətlərini vurğulamağı unutmayın. Uşağınızı digər uşaqlarla müqayisə etməyin. Onun dünəni ilə bu gününü müqayisə edin. Daha yaxşı, daha ağıllı, daha güclü olmağa can atmasında ona dəstək olun;
6. Sizin irəli sürdüyünüz tələblər uşağın gücü çərçivəsində olmalıdır. Unutmayın ki, sizin nümunəniz hər sözdən güclüdür;
7. Uşağınızın dostları ilə tanış olmağa çalışın. Unutmayın ki, ünsiyyət qadağası yalnız ekstremal hallarda, bu şəxsin təsirinin uşağınız üçün təhlükəli olduğuna əmin olduğunuz zaman istifadə edilməlidir;
8. Uşağa müstəqillik nümayiş etdirmək imkanı verin. Ailə problemlərini müzakirə edərkən onunla məsləhətləşin, onun ev işlərində iştirakının vacibliyini vurğulayın;
9. Narkotik aludəçisi olan insanın hansı problemlərlə üzləşdiyini nümunələrlə övladınıza başa salın. Yeniyetmə mühitində böyük əhəmiyyət kəsb edən bir amilə diqqət yetirin;
10. Uşağınızı təhlükəli və ya təhlükəsiz narkotiklərin olmadığına inandırın. İstənilən narkotik insanın psixikasına və fiziki sağlamlığına mənfi təsir göstərir.
Hazırladı: Asya ŞÜKÜROVA
Stopnarkotik.az