Etibarımızdan sui-istifadə edənlər... – ÖLKƏDƏ DƏLƏDUZLARIN SAYI NİYƏ ARTIB? / MÜSAHİBƏ

Əlibaba Rzayev: “Dələduzluq hallarının artmasının səbəblərindən biri insanların bu cinayətləri ehtiyacdan törətməsidir”

“Dövlətin milyonlarla manatımı mənimsəyəni şərti məhkum edib azadlığa buraxırlar, amma onunla müqayisədə 100 dəfə aşağı cinayət törətmiş şəxsə ondan ağır cəza verirlər...”

Azərbaycanda dələduzluq hallarının sayı sürətlə artır. Stoprnarkotik.az-ın əldə etdiyi məlumata əsasən, hazırda ölkə həbsxanalarında dələduzluq maddəsi ilə 1000 (min) nəfərdən çox şəxs cəza çəkir. Bu isə sözügedən sahədə vəziyyətin heç də ürəkaçan olmadığını ortaya qoyur. Maraqlıdır, ölkəmizdə dələduzluq hallarının artmasına səbəb nədir? Bu və digər suallara tanınmış hüquqşünas Əlibaba Rzayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Əlibaba müəllim, əldə etdiyimiz məlumata əsasən, Azərbaycanda dələduzluq halları xeyli artıb. Bunun sosial tərəfi haqda bir çox səbəblərdən danışmaq olar. Biz həm də məsələnin hüquqi tərəfini aydınlaşdırmağa çalışırıq. Söhbət ondan gedir ki, bu gün insanların dələduzluq etməkdən çəkinməməsi nəylə bağlıdır, qanunvericilikdəki boşluqlarla, yoxsa cəzasızlıq mühitinin olması ilə?

- Qanunlarda boşluq yoxdur, qanunlar əslində kifayət qədər məsələləri tənzimləyir. Dələduzluq cinayətlərinin artmasının səbəblərindən biri insanların buna ehtiyacdan getməsidir. Yəni onlar ehtiyacdan bu cinayətləri törətməli olurlar. Daha doğrusu, təhrikedici amillərdən biri insanların maddi ehtiyaclarının olmasıdır. Amma, bilirsinizmi, burada məsələ necədir: dələduzluq cinayətlərində borcla,  məsələnin kriminal tərəfləri ilə bağlı bir az mübahisəli məqamlar var. Bir çox hallarda bunu borc kimi qiymətləndirirlər. Yəni borc istəyib, alıb, qaytara bilməyib, get mülki qaydada iddial qaldır, al. Amma burada incə bir nüans var: bu doğrudan da borcdurmu, yoxsa şəxsin əvvəlcədən niyyəti olub ki, onu aldatsın, etibarından sui-istifadə etsin, əmlakını mənimsəsin?! Yəni, əslində, bax bu məsələyə aydınlıq gətirilməlidir. İncə məqam burdadır ki, bu doğrudan da borc münasibətləridir, yoxsa borc deyil, elə qabaqcadan planlı şəkildə həmin şəxsin etibarından sui-istifadə edərək, aldatma yolu ilə onun əmlakını mənimsəyib. İncəlik oradadır. Bir çox hallarda praktikada, hətta orada məsələnin kriminal tərəfi olsa belə, yəni qabaqcadan məqsədli şəkildə pulu mənimsəmək niyyəti olsa da, cinayət işi açmaqdan yayınırlar. Göndərirlər ki, gedin, məsələni mülki qaydada araşdırın. Amma araşdırırsan, görürsən ki, əslində burada borc münasibətləri yox, kriminal məsələ, yəni cinayət var. Yanaşma belədir.

Praktikada biz bir çox hallarda bunun şahidi oluruq ki, istintaq orqanları məsələni başlarından edirlər. Cinayət işi qaldırmaqdan imtina qərarı qəbul edib, göndərirlər ki, bu müki məsələdir, gedin məhkəməyə verin.

- Bəs, sizcə, bu məqamı hüquqi müstəvidə necə həll etmək lazımdır?

- Hər bir halda bu məsələyə tam aydınlıq gətirilsə, daha yaxşı olar. Düzdür, qanun bu məsələləri tənzimləyir. Nə qədər ki, praktikada belə hallar baş verir, bir çox hallarda şəxsin əməlində cinayət tərkibi olsa belə, onu yönəldirlər ki, gedin, mülki müstəvidə aydınlaşdırın. Amma hər halda buna dəqiq bir aydınlıq gətirilə bilər. Heç olmasa, Konstitusiya Məhkəməsinin qərarı səviyyəsində buna bir aydınlıq gətirilə bilər ki, hansı hallarda mülki məsələdir, hansı hallarda etibardan sui-istifadədir və burada cinayət tərkibi var. Bu məsələdə bir qədər boşluq var. Ona bir qədər aydınlıq gətirilsə, daha yaxşı olar.         

- Qanunvericilikdə “xeyli miqdarda” və “külli miqdarda” zərərvurma ifadələri öz təsdiqini tapıb. Lakin təəssüf ki, bəzi hallarda “xeyli miqdarda” və “küli miqdarda” zərər vuran şəxslərə verilən cəzalar bir-birindən çox da fərqlənmir. Məsələn, bir neçə min manatla bir neçə milyon manat mənimsəyən şəxslər arasında fərq qoyulmur. Bu proses necə tənzimlənməlidir?

- 5 min manatdan 50 min manata qədər məbləğ “xeyli miqdar”dır, 50 min məbləğdən 500 minə qədər məbləğ “külli miqdar”dır. 500 min manatdan yuxarı isə “xüsusilə külli miqdar”dır.

- Bəs məbləğlərin fərqinə görə cəzaların arasında fərqlər necə tənzimlənməlidir?

- Əlbəttə ki, cəza təyinində fərq qoyulmalıdır. Düzdür, aldatmada “xeyli miqdar”, “külli miqdar” aydınlaşdırılıb, amma orada da 5 mindən 50 minə qədər interval var. Cəza təyinində, əlbəttə, bunlar nəzərə alınmalıdır. Yəni 5 min manat zərər vuranla 50 min manat zərər vuran arasında fərq olmalıdır. Tutaq ki, 5 min manat zərər vurana ağır cəza verirsənsə, 50 min manat zərər vurana aşağı cəza verirsənsə, bu ədalətli deyil. Amma orada cəzanın fərdiləşdirilməsi məsələsi də var. Yəni həmin şəxsin xarakterik halları da nəzərə alınır. Cəza təyinində onun təhsili, xidmətləri və s. kimi məsələlər də var. Amma hər bir halda onun vurduğu ziyan da əsas götürülməlidir. Vudurğu zərər birinci amil kimi nəzərə alınmalıdır ki, 5 min ziyan vurub, yoxsa 50 min ziyan vurub. Yaxud 50 min ziyan vurub, yoxsa 500 min ziyan vurub. Digər yüngülləşdirici hallarla yanaşı cəza tətbiqində bu amil də nəzərə alınmalıdır. Bilmirəm, praktikada bu amil nəzərə alınır, ya alınmır, amma cəza təyinində müəyyən səhvlər, yayınmalar var.

“11 il cəza almış bir şəxsi 5 il sınaq müddəti təyin etməklə şərti qaydada məhkum edirlər, həbsxanaya göndərmirlər, evdə oturub cəzasını çəkir. Hər hansı bir qanun pozuntusuna yol vermirsə, həmin cəza da tamamilə üstündən götürülür. Amma tutaq ki, 10 min, yaxud 50 min ziyan vurmuş adama şərti məhkumetmə də tətbiq etməklə, 8-9 il iş verirlər...”

- Bəs, ümumiyyətlə ilk dəfə külli miqdarda dələduzluq əməli həyata keçirən şəxs maksimum neçə il müddətinə azadlıqdan məhrum edilə bilər? Etibardan sui-istifadə etməklə külli miqdarda dələduzluq əməli həyata keçirən şəxsdən söhbət gedir. Hansı ki, bu zaman da bir neçə min manatla bir neçə milyon manat mənimsəyən dələduzlara heç bir fərq qoyulmaması ədalətsizlik deyilmi?

- Əlbəttə ki, ədalətsizlikdir. Cəza tətbiqində biz eşidirik ki, milyonlarla vəsait mənimsəmiş şəxs barəsində şərti məhkumetmə tətbiq edirlər. Yəni 11 il cəza almış bir şəxsi 5 il sınaq müddəti təyin etməklə şərti qaydada məhkum edirlər, həbsxanaya göndərmirlər, evdə oturub cəzasını çəkir. Hər hansı bir qanun pozuntusuna yol vermirsə, həmin cəza da tamamilə üstündən götürülür. Amma tutaq ki, 10 min, yaxud 50 min ziyan vurmuş adama şərti məhkumetmə də tətbiq etməklə, 8-9 il iş verirlər, baxmayaraq ki, digər yüngülləşdirici hallar da var. Bu halları nəzərə alıb, onu barəsində şərti məhkumetmə tətbiq etmək olar, amma nəzərə alınmır. Yəni biz təcrübədə belə şeylərə çox rast gəlirik. Dövlət büdcəsindən milyonlarla manat mənimsəyən adama 11 il iş verirlər, 5 ilini də sınaq müddəti tətbiq etməklə cəzasını şərti edirlər. Əlbəttə, bu ədalətsizlikdir. Cəza tətbiqində bu məsələlər gözlənilməlidir.

Keçən dəfə də islahla bağlı bir söhbətimiz oldu ki, həbsxanaya düşmüş şəxslər niyə islah olunmur. Əlbəttə ki, cəza ədalətsiz olanda özünün islahedici məqsədinə çata bilmir. Yəni bu da cəzanın islah etməməsinə təsir edən amillərdən biridir. Şəxs görür ki, ona təyin edilən cəza ədalətli deyil, dövlətin milyonlarla büdcəsini mənimsəyənə şərti məhkumetmə verir, şərti məhkum edib azadlığa buraxırlar, amma onunla müqayisədə 10 dəfə, 100 dəfə aşağı cinayət törətmiş şəxsə ondan ağır cəza verirlər. Ədalətsizlik özünü həm də burada göstərir.

- Əlibaba müəllim, yenə əvvəlki sualıma qayıdıram, külli miqdarda dələduzluq edən şəxs maksimum neçə il müddətinə həbs olunmalıdır?

- Külli miqdarda məbləğdə törədilmiş dələduzluq əməlinə görə sanksiyada nəzərdə tutulmuş cəza 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmədir. Xeyli miqdarda vurulmuş zərərə görə nəzərdə tutulan cəza 2 ildən 5 ilədək azadlıqdan məhrumetmədir. Orada alternativ cəzalar da, cərimə də, azadlığın məhdudlaşdırılması da var, Xüsusilə külli miqdarda dələduzluğa görə isə, 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

- Tutaq ki, külli miqdarda mənimsəmə əməli həyata keçirərək, həmin vəsaiti bu və ya digər şəkildə ölkədən çıxaran şəxs zərərçəkənə dəyən ziyanı ödəməkdən imtina edərsə, yaxud ödəmək imkanında olmazsa, o zaman ədaləti hansı şəkildə bərpa etmək olar?

- Şəxs o vəsaiti mənimsəyibsə, fərq etmir onu evində gizlədib, ya başqa yerdə, iddia qaldırılır, zərərvurulan məbləğin həcmində, tutaq ki, 1 milyon manat ziyan vurulub, yaxud 5 milyon, ya da 10 min manat ziyan vurulub, fərq etməz, ona cinayət işi açılmaqla yanaşı, eyni zamanda zərərçəkmiş şəxs cinayət işi açılmış şəxsə qarşı mülki qaydada iddia ərizəsi irəli sürür. Cinayət-mühakimə icraatında mülki iddia bölməsi var, cinayət işi açılan şəxsə qarşı eyni zamanda mülki iddia irəli sürülür ki, bax, sən bu cinayəti törətməklə mənə 50 min, 100 min ziyan vurmusan, yaxud bir milyon ziyan vurmusan. İstər dövlət orqanı olsun, istər vətəndaş olsun, o, mülki iddia qaldırır, eyni zamanda məhkəmə həmin şəxsi məsuliyyətə cəlb etməklə, barəsində ittiham hökmü çıxarmaqla yanaşı, eyni zamanda həmin mülki iddianı da təmin edir və onun üzərinə öhdəlik qoyur ki, sən bu vəsaiti qaytarmalısan. Amma indi o qaytaracaq, ya qaytara bilməyəcək, bu icra məsələsidir. Onun qaytarmağa vəsaiti yoxdursa, icra orqanı axtarır ki, onun harada, nə əmlakı var-yoxdur, ona uyğun olaraq işi icra edir. Əgər əmlakı yoxdursa, tapılmırsa, təbii ki, onun icrası mümkün olmur.

- Deməli, ölkədə heç bir əmlakı, gəliri və s. mal varlığı olmayan dələduz mənimsədiyi vəsaiti xaricə köçürməyə fürsət tapıbsa, azadlığa çıxandan sonra o pulu rahat şəkildə xərcləyəcək...

- Əlbəttə ki. Dövlətin o vəsaitə əli çatmır. Dövlət o vəsaitə əl qoya bilmirsə ki, həmin vəsaiti müsadirə edib zərərçəkənə ödəsin, zərər ödənilməmiş qalır. O, həmin vəsaiti xaricdə gizlədibsə, öyrənmək lazımdır, öz adındadır, ya başqasının adındadır… Belə çətinliklər var. Vəsait öz adına olsa, haradasa məsələ qaldırıb tələb etmək olar. Amma o cür cinayətkarlar bu cür vəsaitləri öz adlarına rəsmiləşdirmirlər.

- Bəs, bu fəndin qarşısını almaq üçün qanunda dəyişiklik, yaxud icraatda dəyişiklik etmək olar?

- Cinayət işi açılan ərəfədə, yəni istintaq dövründə dələduzun daşınar-daşınmaz əmlaklarına həbs qoyula bilər. Qanun buna imkan verir. Əslində, mexanizmlər var. Bu, ancaq şəxs tərəfindən cinayət əməli törədildikdən sonra ortaya çıxır. İstinaq dövründə müstəntiqin ixtiyarı var ki, məhkəməyə dələduzun əmlaklarına həbs qoyulması üçün müraciət etsin, dələduzun vurduğu zərər həcmində əmlaklara həbs qoyulsun. Gələcəkdə iddia tərəfinin təmin olunması ilə bağlı tədbirlərin görülməsi qanunvericilikdə nəzərdə tutulur. Burada elə bir boşluqlar yoxdur. Sadəcə olaraq, cinayəti törədən şəxslər bunu başa düşürlər. Əksər hallarda əmlaklarını öz adlarına rəsmiləşdirmirlər. İstər avtomobil, istər mənzil, istər torpaq sahəsi olsun, bir çox hallarda başqa-başqa qohum-əqrabanın adına rəsmiləşdirirlər. Ona görə də bu məsələdə çətinlik yaranır. Qanun əslində tənzimləyir, amma cinayətkarlar da yayınmanın bir yolunu tapırlar da.

“Bəzən cinayət məsuliyyətinə cəlb olunan şəxsin qohum-əqrəbasının adına olan əmlaklar üzərinə də həbs qoyulur. Əslində, bu, qanunvericiliyə uyğun deyil. Yəni başqasının əmlakına digər şəxsin törətdiyi cinayət əməlinə görə həbs qoyula bilməz…”

- Dələduz vəsaitini hansısa uzaq qohumunun adına rəsmiləşdiribsə, o qohumun qazandığı pula baxmaq olmaz ki, qazancı həmin əmlakı əldə etməyə imkan verir, ya yox?

- Biz praktikada bəzən buna rast gəlirik. Amma, əslində, onu etmək olmaz. Bəzən cinayət məsuliyyətinə cəlb olunan şəxsin qohum-əqrəbasının adına olan əmlaklar üzərinə də həbs qoyulur. Əslində, bu, qanunvericiliyə uyğun deyil. Yəni başqasının əmlakına digər şəxsin törətdiyi cinayət əməlinə görə həbs qoyula bilməz. Əgər araşdırılarsa, müəyyən edilərsə ki, doğrudan da alqı-satqı müqaviləsi var, hansı ki, əmlak alınarkən müqavilə qohumunun adına bağlanıb, o yalan əqddir… Qanunvericilikdə “yalan əqd” anlayışı var, tutaq ki, mənzili dələduzluq törətmiş şəxs alıb, amma əmlakı öz qohumunun adına rəsmiləşdirib, buna “yalan əqd” deyirlər. Araşdırma zamanı müəyyən edilsə ki, əqd “yalan əqd”dir, o ləğv oluna, əsas mülkiyyətçi o cinayətkar sayıla bilər. O zaman onun əmlakına həbs qoyula, dəyən zərərin əvəzi kimi müsadirə oluna və zərərçəkmişə ödənilə bilər. Amma bu uzun bir prosesdir. Həm də çətin bir prosesdir. Onu gərək kimsə təsdiq etsin ki, bəli, bu yalan əqd olub. O qohumlardan kiminsə birinin adına rəsmiləşibsə, gəlsin özü desin ki, bəli, bu mənzili mənim qohumum alıb, amma mənim adıma alıb. Və yaxud da satan adam desə ki, əslində mən bu mənzili cinayəti törətmiş şəxsə satmışam, amma onun xahişi ilə məsələn, qardaşının adına rəsmiləşdirmişəm, bu qəbul oluna bilər. Yəni məhkəmə qaydasında sübut olunduğu təqdirdə, əmlak cinayət törətmiş şəxsin mülkiyyətinə qayıda, üzərinə həbs qoyulub zərərin ödənilməsinə sərf oluna bilər. Amma bu ağır, uzun məsələdir, onu sübut etmək çətin olur. Lakin çox təəssüflər olsun ki, biz praktikada bu kimi hallara rast gəlirik ki, bunun əmisi oğlunun adında bahalı bir əmlak var, o, bunu ala bilməz, o yəqin cinayət törətmiş şəxsin əmlakdır. Belə-belə həbslər qoyulur və dediyim kimi, əslində bu düzgün deyil. Mən hər bir halda qanunvericiliyin düzgün tətbiq olunmasının tərəfdarıyam. Bu cür hallara yol vermək olmaz. Amma mülki qaydada müəyyən olunsa ki, doğrudan da əmlakı özü almayıb, o cinayəti törətmiş şəxsə məxsusdur, əlbəttə, onun üzərinə həbs qoyula, zərərin ödənilməsinə sərf oluna bilər.

- Şəxsin maaşı araşdırılsa və aşkar olunsa ki, o, yalan əqddə iştirak edib, ona hər hansı cərimə, yaxud cəza düşürmü?

- Yox, onunla bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıb. O adamın deməyə haqqı var ki, bu maşın, yaxud mənzil mənimdir. Amma səmimi etiraf etsə ki, mənim deyil, tutaq ki, əmim oğlunundur, onun üçün heç bir məsuliyyət yoxdur. Sadəcə əmlakı geri qaytarmalı olur, bununla da məsələ bitir.       

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az