ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) Meksika və ABŞ-da narkotik kartelinin əsas tendensiyalarını vurğulayan yeni hesabat yayıb.
Stopnarkotik.az xəbər verir ki, hesabat çox maraqlı və olduqca böyükdür. Odur ki, gəlin ən vacib məqamlara keçək.
Meksika narkotik kartelləri ABŞ-ın əsasən Kaliforniya, Arizona, Texas, İllinoys, Florida, Nyu-York və Massaçusets ştatlarında fəaliyyət göstərir.
"Sinaloa" narkokarteli 47 ölkədə fəaliyyət göstərən dünyanın ən güclü narkobandalarından biri olaraq qalır. Amerika bazarının ən böyük fentanil tədarükçüsü olmaqla, onlar öz mənfəətlərini milyardlarla dollar artırdılar və "Sinaloa" Kartelinin laboratoriyalarında istehsal olunan metamfetamin həmişəkindən daha təmiz və güclü oldu. Amma təbii ki, onların heç biri kokain, heroin və marixuana satışını dayandırmadı.
Narkokartelin Cənubi Amerikadakı kokain istehsalçıları ilə uzunmüddətli əlaqələri var və xaşxaş ilə marixuana yetişdirməkdə böyük təcrübəsi var. Bununla belə, onların lideri yoxdur, əvəzində isə kartel “dörd ayrı, lakin işbirliyi edən 4 banda”nı əhatə edir və "Ambrella" adlanır. Ambrellanın tərkibinə 4 narkobaronun idarə etdiyi banda daxildir:
1. İvan və Alfredo Qusmanın başında durduğu Los-Çapitos bandası;
2. İsmael Zambada Qarsiyanın başında durduğu “El Mayo” bandası;
3. Aurellano Qusman Loeranın başında durduğu "El Quano" bandası;
4. Rafael Karo Kintero (hazırda həbsdədir).
Bu struktur müstəqil qrupların rəhbərlərinə gəlirləri bölüşdürmədən və ya əsas komandanlıq zəncirinə hesabat vermədən qaçaqmalçılıq marşrutlarını, məmurlarla əlaqəni, kimyəvi tədarükçülərə və çirkli pulların yuyulması şəbəkələrinə çıxışı bölüşməyə imkan verir.
Lakin son vaxtlar hakimiyyətdaxili mübarizələr və alyansların qeyri-sabitliyi sözügedən strukturun həyat qabiliyyətini sual altına qoyub. Belə ki, Xalisko Yeni Nəsil Karteli (CJNG) də 40 ölkədə fəaliyyət göstərən ən nüfuzlu narkobandalardan biri olaraq qalır. Son illərdə CJNG ABŞ-a və xüsusən də Şərq Sahilinə ən böyük kokain tədarükçüsünə çevrilib. Bununla belə, onların fentanil ticarəti Sinaloa Karteli ilə müqayisədə xeyli aşağıdır. Xalisko Yeni Nəsil Karteli narkotik pullarının çoxunu Avropa, Yaponiya və Avstraliyada narkotik tədarükçüləri ilə rəqabət aparmaq üçün yeni bazarlara sərmayə kimi yatırır.
Məsələn, CJNG 2023-cü ildə Avropa narkotik bazarına yayılmaq üçün alverdən gələn pullarına İspaniyada paylama mərkəzləri qurdu. Kartelin strukturuna gəlincə isə, ona hələ də El Menço ləqəbli Nemesio Oseqera Servantes və birbaşa ona hesabat verən yüksək rütbəli komandanlığın azsaylı üzvləri nəzarət edir. Komandanlığın ikinci səviyyəsi yüksək rütbəli komandanlıq üzvlərinə tabe olan bölgə komandirlərindən ibarətdir. Sürətlə genişlənmək üçün CJNG həm də “françayzinq modelindən” istifadə edir - ölkə daxilində müəyyən bir marka və istiqamət altında fəaliyyət göstərən, lakin eyni zamanda yarı müstəqil olaraq öz françayzinqlərini yaradır.
2023-cü ilin əvvəlində Los Çapitosun tabeliyində olanlara fentanil istehsalını və satışını dayandırmağı açıq şəkildə əmr etdiyi iddia edilir.
Bununla belə, qadağa əsasən PR gedişinə və narkotik istehsalının kartelin ən etibarlı üzvləri arasında nizamlanması cəhdinə çevrildi, digər istehsalçılar isə cəzalandırıldı. Yəni narkotik istehsalı monopoliyaya çevrildi. 2023-cü il ərzində sərhəddə əvvəlki illərdə olduğu kimi eyni və ya daha çox miqdarda fentanil ələ keçirilib.
Hesabatın digər maraqlı təfərrüatlarına aşağıdakılar daxildir:
- Təhlükəli olmaqda fentanildən heç də geri qalmayan Nitazen adlı narkotik getdikcə Amerika küçələrində daha çox peyda olur.
- Meksikalı kartellər həb formasında metamfetamin istehsal etmək üzərində təcrübə aparırlar.
- Meksika kartelləri çirkli pulların yuyulması üçün getdikcə daha çox kriptovalyutadan istifadə edirlər.
Narkokartelin lideri və “El Çapo”nun oğlu Texasda həbs edildi
Yeri gəlmişkən, iki gün əvvək “Sinaloa” kartelinin lideri İsmael Sambada (El Mayo) Texas ştatının El Paso şəhərində həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, 76 yaşlı Sambada karteli hazırda ABŞ həbsxanasında olan Xoakin Quzmanla (El Çapo) birlikdə qurub.
Həmçinin ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Quzmanın oğlu Xoakin Qusman Lopes Sambada ilə birlikdə həbs edilib.
Amerika mediası xəbər verir ki, saxlanılanların hər ikisi Texasdakı özəl hava limanlarından birində saxlanılıb.
ABŞ-ın baş prokuroru Merrik Qarland Sambada və Lopesin “dünyanın ən qəddar və güclü narkotik kartellərindən birinə” rəhbərlik etdiyini qeyd edib.
Sambada onilliklər ərzində ABŞ səlahiyyətlilərindən qaçıb, lakin görünür, təkbaşına Texasa uçub. Onun saxlanılmasının təfərrüatları məlum deyil.
Stopnarkotik.az