DÜNYANI MƏHVƏ APARAN “AĞ ÖLÜM” – Və yaxud Ərdoğan nə üçün gənclərə yalvarmağa məcbur oldu...

“İnternetin, sosial medianın, zorakılığı əks etdirən serialların və bizə yad olan populyar “mədəni meyllər”in yayılması ilə bərabər artan mənfi hadisələrin üzərinə qətiyyətlə gedirik. Övladlarımızı tütün, siqaret, spirtli içki, narkotik başda olmaqla, asılılıq yaradan hər cür pis vərdişlərdən qorumaqda qətiyyətliyik. Gənclər, bir prezident və ata olaraq yox, böyüyünüz olaraq sizdən xahiş edirəm, hətta yalvarıram ki, bu pis vərdişlərdən uzaq olun, bunlara fürsət verməyin”.

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyə Prezidenti R.T.Ərdoğan ötən həftə gənclərə müraciətində bildirib.

“Gəncliyimizin həyatını qaraldan zəhər tacirlərinə möhlət verməyəcəyik, bu əclafların yaxasından yapışacağıq. Ekran asılılığı da gündəmimizdədir. Rəqəmsal medianın xaotik mühitində uşaqlarımızı nəzarətsiz qoya bilmərik”, - deyə prezident Ərdoğan bildirib.

**

Türkiyə prezidentinin sadaladığı mənfi amillərin evimizə girdiyi, əlini ailəmizə uzatdığı danılmaz gerçəkdir. Təəssüf ki, narkotik ticarəti bizim ölkədə də internet məkanını, sosial medianı öz bazarına çevirib. TV kanallarında səviyyəsiz verilişlər, sosial mediada vulqar personajların təbliği toplumu cılızlaşdırır. Əslində tütün, siqaret, spirtli içki, narkotik kimi artan mənfi hadisələrin internetin, sosial medianın, TV məkanında əxlaqa zidd yayımların trend olması və dəyərlərimizi gözdən salan bizə yad mədəni meyllərin yayılması ilə artması onu deməyə əsas verir ki, birincilər nəticə, ikincilər isə səbəblərdir. Bu səbəblərin qəsdən körükləndiyi, nəinki fərdlərin toplumların cəm halda narkomaniyanın girdabına salınmasının məqsədyönlü şəkildə aparılması onu deməyə əsas verir ki, bu pərakəndə gedən proses deyil, əksinə, hazırlıqlı və təşkilatlanaraq aparılan işdir.

Əgər tərəzinin bir gözündə sağlam toplum, güclü dövlət, güclü vətəndaş, bir gözündə isə tütün məhsulları, alkoqol, narkotikdən gələn dodaq uçuqladan fantastik qazanc varsa, “qalstuklu köstəbəklər”in tamahı sayəsində tərəzi qazanc tərəfə əyiləcək. Çünki sağlam vətəndaş, sağlam toplum, güclü dövlət həmin “qalstuklu köstəbəklər”in işinə yaramır. Çirkli qazanca isə yalnız cəmiyyəti təşkil edən fərdlərin daxili ahəngini onların mənəvi tərəzisini alt-üst edərək, toplumu əxlaqsızlığa sürükləyərək, dəyərləri pismiş kimi göstərərək gözdən salmaqla çatmaq olar. Çünki prezident Ərdoğanın da dediyi kimi, toplumu pis vərdişlərin bataqlığında boğmağın yolu “internetin, sosial medianın, zorakılığı əks etdirən serialların və bizə yad olan populyar “mədəni meyllər”in yayılmasından keçir.

Siqaret, alkoqol və narkotikin gətirdiyi çirkli qazanc fantastik məbləğlərlə ölçülür. Məsələnin bir tərəfi də onların gətirdiyi xəstəliklər və səhiyyə sistemində o xəstəliklərin müalicəsinə sərf edilən farmaseftika bazarıdır. Farmaseftika əməlii-başlı nəhəng bir qazanc sektorudur. Məsələyə pis vərdişlərin gətirdiyi ölümdən də baxa bilərik.

"The Lancet" nəşrində yayımlanan məlumata görə, dünyada 60.000.000 insan narkotik asılılığından əziyyət çəkir və hər il 100.000-dən çox insan narkotik dozasının həddini aşmasından ölür, onların çoxu heroin və ya morfindən 50-100 dəfə daha güclü olan fentanildən ölür.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə isə narkotik və alkoqol hər il 3,3 milyondan çox insanı, əsasən də kişiləri öldürür. Hər il 2,6 milyon insan (bunlardan 2 milyonu kişidir) alkoqola bağlı səbəblərdən ölür. 600 mindən çox ölüm psixoaktiv maddələrin istifadəsi ilə bağlıdır ki, onlardan 400 mini kişilərdir. Eləcə də bu ölümlərin təqribən 80%-i opioid istifadəsi ilə əlaqədardır, onların təxminən 25%-i isə həddindən artıq dozadan törənir. Amma Azərbaycanda narkotikdən doza həddi aşılmasından ölümün statistikasına rast gəlinmir. Görəsən, belə hallar mövcud deyilmi?

Dünyada ölümlərin 4,7%-i spirtli içkidən baş verir

ÜST-nin "Alkoqol, Narkotiklər və Asılılıq Davranışı Departamenti"nin göstəricilərinə görə, spirtli içki içənlər arasında adambaşına alkoqol istehlakının səviyyəsi gündə orta hesabla 27 qram təmiz spirt təşkil edir. Bu, iki stəkan şərab və ya iki şüşə pivə və ya iki porsiya spirtli içkiyə bərabərdir. Dünyada ölüm hallarının təxminən 4,7%-i spirtli içki qəbulu ilə bağlıdır. Buraya avtonəqliyyat vasitələrinin qəzaları və özünə zərər vermə kimi alkoqol ilə əlaqəli xəsarətlərdən ölümlər və alkoqol qəbulu ilə birlikdə yoluxma riski artan HİV kimi yoluxucu xəstəliklər daxildir.  

**

Alkoqol istifadəsinin yaratdığı xəstəliklər kimi, narkotik istifadəsi də doza həddinin aşılması ilə yanaşı, bir sıra xəstəliklərə gətirir. Narkotik sinir sistemini, baş-beyini zədələyir, toksik ensefalopatiya, psixoz və nevroz, sinir sisteminin pozğunluqları kimi ifadə olunan polineyropatiya, həmçinin iflic və parezə gətirir. Ağ zəhər bütün bədəni, o cümlədən beyin toxumasını məhv edir. Narkomanın yaddaşı pisləşir, həyəcanlı olur. Antisosial şəxsiyyət pozğunluğu yaradır, narkomanın zehnindəki bütün davranış normalarını silir. Yaddaş itir, mərkəzi sinir sisteminin hüceyrələri zədələndikdə şizofreniya başlayır. Narkotik imuniteti məhv edir və daxili orqanlara ziyan vurur. Zəifləmiş bədənə hepatit, sepsis və vərəm virusları asan daxil olur. Narkotk xəstəlikləri daha da ağırlaşdırır və ölümlə nəticələnə bilir.

Siqaret də bu baxımdan məsum deyil. Yəni şüurlu insanın sadalanana xəstəlikləri bilə-bilə öz sonunu tezləşdirməsinə doğru getməsinə haqq qazandırmaq olmaz. 

Bəs, bu üç zəhərin gətirdiyi qazanc nə qədərdir? Araşdırma müəyyən edib ki, alkoqol sənayesinin qlobal ÜDM-ə verdiyi töhfə 730 milyard dolları ötür. Sənaye 36 milyon iş yeri təmin edir və işçilərinə hər il 15 milyard dollar maaş verir. Alkoqol sənayesinin vergi gəlirləri 390 milyard dolları ötür. 2020-ci ilə qədər qlobal tütün istehlakının illik 3-5% azalmasına və tütünün insan orqanizminə sübut edilmiş zərərinə baxmayaraq (hər il təxminən 8 milyon ölüm tütün istehlakı ilə bağlıdır, bunun 1,2 milyonu passiv siqaret çəkmə ilə bağlıdır), siqaret sənayesi ən gəlirli sahələrdən biri olaraq qalır. Siqaret sənayesi təxminən 705 milyard dollar təşkil edib ki, 2020-ci ildə qlobal tütün bazarının həcmi 2028-ci ilə qədər gözlənilən orta illik artım tempi 1,8% olmaqla 932,11 milyard dollar səviyyəsində qiymətləndirilir. Maraqlıdır ki, siqaret çəkənlərin 80%-i aşağı və orta gəlirli ölkələrdə yaşayır və tütün məmulatının hər onuncusu qeyri-qanuni olaraq satılırdı. 2018-ci ildə siqaret kötükləri dünyada ən çox yayılmış tullantı növü oldu. Hesablamalara görə, siqaret çəkənlər hər il 4,5 trilyon siqaret kötüyü atıblar ki, bu da 760 min ton zəhərli tullantı təşkil edir.

Qlobal narkotik ticarəti hər il 800 milyard dolları ötür

Qlobal narkotik ticarəti isə hər il 800 milyard dollar qiymətləndirilir ki, bu da onu neft bazarı ilə müqayisə etməyə imkan verir. Narkopulların əsas benefisiarlarından biri də bank sistemidir. Narkotik satışından əldə edilən vəsaitin cəmi 0,5%-i müsadirə olunur. Sözsüz ki, "narkosənaye"də də qazanc paylaşılır - malın istehsalından alıcıya gedişinə qədər bütün "evyıxanlar" daxil olmaqla. Narkotiki laboratoriyalarda hazırlayanlardan tutmuş daşıyanlara, onu "bomba" şifrəsi ilə gizli yerlərdə saxlayanlara, "mina" kimi tanınan pərakəndə narkotik partiyalarını şəhərlərdə satış nöqtələrində paylayanlara, iri narkotik yüklərini "sərhədləri aşaraq" ölkəyə keçirənlərə, məhsulun "bazarda rahat satışı"nı, həbsxanalarda belə narkotik satışını reallaşdıran narkoşəbəkəni himayə edən səlahiyyətli "qalstuklu köstəbəklər"ə qədər. Narkotik qazancından ən yüksək pay isə sözsüz ki, "damın dirəyi" rolunu oynayan "qalstuklu köstəbəklər"dir. Siqaretlə alkoqol da indi həddə qadağalardan keçərək gəliblər. Belə təsəvvür yaranır ki, elə narkotiki leqallaşdırmaq istəyənlərlə siqaret və alkoqol sənayesinin başında duranlar - insanlığı ölümə sürükləyənlər illər öncə "ölüm sənayesi"ni çiçəkləndirən eyni cinahdır. Onlar üçün qazanc vasitəsi dəyişib, yəni illər öncə hədəf isə eynidir. Alkoqol təsirinə görə indi də narkotik vasitə hesab edilir. Sadəcə ölüm gətirmək və tezləşdirmək qabiliyyətinə görə narkotik daha əlverişli olduğundan "ölüm satan" güclər ona üstünlük verirlər.

**

ABŞ narkotik epidemiyasının cəngində aciz qaldıqdan sonra hərəkətə keçməli oldu. Amerika qitəsində opioid böhranı xüsusilə ABŞ və Kanadanı vurdu və əsasən gənc və orta yaşlı insanlara təsir etdi. 2019-cu ildə ABŞ və Kanadada 100.000 nəfərə 15,8 və 6,4 ölüm narkotikdən oldu. Bu fövqəladə vəziyyət 2022-ci ildə "Stanford-Lancet Komissiyası"nın işə salınmasına səbəb oldu. Araşdırma göstərdi ki, Şimali Amerika opioid böhranı çox sistemli tənzimləmə çatışmazlığından qaynaqlanır. Ekspertlər əczaçılıq şirkətlərinin təsirinə, qeyri-adekvat tənzimləmələrə, tibbi peşə tərəfindən həddən artıq reseptlərə və qeyri-qanuni heroin və sintetik opioidlərdən istifadənin artmasına diqqət çəkirlər. Stanford-Lancet Komissiyası opioid böhranı ilə mübarizə üçün bir sıra tədbirlər - narkotik dövriyyəsinin daha çox nəzarətə alınmasını, təhsil (narktoiklərin təhlükəsiz utilizasiyası və zərərli təsirləri haqda məlumatlılığın artırılması), opioid reseptinə məhdudiyyətlər - burada litium tərkibli dərman preparatları köməyə gələ bilər - profilaktik maarifləndirici kampaniyaların təşviqi - məsələn, mahiyyətcə opioid asılılığının azaldılması strategiyası olan sağlam mühitin yaradılması zərurəti.

Statistik məlumatlar göstərir ki, ABŞ-da opioid böhranında əsas amil  opioidlərin reseptlə həddən çox yazılması olub. Yəni başqa sözlə, tərkibi daha çox narkotikdən ibarət olan dərman preparatlarının həkimlər tərəfindən reseptlə yazılması ilə xəstələr narkotikə alışır, onlarda asılılıq yaranır, sonra isə onlar özləri narkotikləri qeyri-qanuni yollarla əldə edirlər. Əczaçılıq şirkətlərinin hələ COVİD19 epidemiyası dönəmində vaksinlərdən milyadrlarla pulu necə qatlayıb ciblərinə qoyduqlarını gördük.

Xatırlayırsınızsa, bir neçə il öncə Azərbaycanda da narkotiklərin apteklərdə açıq satılması qalmaqal yaratmışdı. Elə Azərbaycanda da insanlar israrla onlara yazılan firma dərmanlarının keyfiyyətsizliyindən gileylənirlər. Bu qazanc zəncirinin maraqlı nüansı kimi ölkəyə dərman gətirən şirkətlərin kimliyini, sahiblərini araşdırmaq yerinə düşər. Elə illər öncə rahat şəkildə narkotik tərkibli preparatları satan apteklər də araşdırılmalı idi. Eləcə də bizdə xəstələrə reseptlə uyuşdurucu tərkibli dərmanların yazılıb-yazılmadığına baxmaq lazımdır. Amma bizdəki vəziyyət bundan qaynaqlanmamış da ola bilər.  

"Stanford-Lancet Komissiyası"nın ekspertləri narkoepidemiyanın cilovlana bilinməməsinin səbəbləri kimi böhranı dərinləşdirən problemlərin həllni tapmamasını, yetərli qədər nəzarətin olmamasını, çevik reaksiyanın verilməməsini, səmərəsiz maarifləndirmə kampaniyalarını, narkotikin qara bazarının qarşısının alına bilməməsini, doza həddinin aşılmasına qarşı nalokson preparatının reseptsiz satılmamasını, qeyri-adekvat səhiyyə siyasətini irəli sürüülər. Təəssüf ki, biz də cəmiyəyyətə narkotikin əyləncə, yaxud arıqlama vasitəsi olmadığının aşılanmasını, onların narkotiki "dərd-qəmin çarəsi" kimi istifadəsindən tam çəkindirə bilməmişik. Hələ insanları narkotikə qədər ilkin profilaktikaya tam həcmdə cəlb edə bilmirik, hansı ki, burada nəhəng işlər görülməlidir - kiçik yaşlıları maarifləndirmədən, onların neqativə yox, pozitivə, həyata köklənməsinə nail olmaqdan tutmuş "ölüm satan" ədalət məhkəməsinin qarşısında rəzil vəziyyətdə durmuş "qalstuklu köstəbəklər"in qandallanmasına qədər...

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az