"Bütün növ asılılarda “sağalma” sözü yoxdur..." - PSİXOTERAPEVT

Ramin Allahverdiyev: “O üzdən “saxlama müddəti” deyirik, “sağalama” sözündən narkomaniyada istifadə etmirik”

“Vətəndaş istəyərsə, 21 gün sonra da müalicəni davam etdirə bilər”

“Gündə bir villa götürüb, reabilitasiya mərkəzi kimi işlədənlər vətəndaşların sağlamlığına daha da çox zərər vururlar”

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə çərçivəsində dövlət səviyyəsində tədbirlər görülür. Bu baxımdan, həm dövlət büdcəsindən maliyyələşən narkoloji mərkəzlər, həm də özəl reabilitasiya mərkəzləri səfərbər olunub. Amma bu da onu deməyə əsas vermir ki, mübarizənin tam qələbə ilə sonuclandığını düşünək. Dövlət narkoloji mərkəzlərində müalicə istənilən nəticəni vermir. Özəl reabilitasiya mərkəzlərində isə narkotikdən tam, yaxud uzunmüddətli remissiya əldə olunsa da, burada da kifayət qədər qüsurlar var. Bu səbəbdən, ekspertlər qeyd edirlər ki, dövlət tam təchizatlı və vətəndaşlara əlçatan olan  reabilitasiya xidmətləri vermək üçün işə qarışmalı, o cümlədən özəl reabilitasiya mərkəzlərinə də nəzarəti dövlət həyata keçirməlidir.

Bu arada, Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşa edilməsi də tam yerinə düşdü. Odur ki, bu mövzular ətrafında asılılıq üzrə mütəxəssis, psixoterapevt, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevlə söhbətləşdik.

- Ramin bəy, ölkəmizdə narkomaniyanın müalicəsi istiqamətində həm dövlət büdcəsindən maliyyələşən narkoloji mərkəzlər, həm də özəl reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Maraqlıdır, narkoloji dispanserlərdə 21 günlük müalicədən sonra birdəfəlik narkotikdən uzaqlaşma nəticələri mövcuddurmu?

- Tək Azərbaycandakı dövlət narkoloji mərkəzlərində yox, bütün dünyada belə 21 günlük, yaxud şərti olaraq müddətli müalicə verən mərkəzlərdə narkotikdən uzaqlaşma deyilən bir proses yoxdur. Remissiya müddəti başlayır. O üzdən “saxlama müddəti” deyirik, “sağalama” sözündən narkomaniyada istifadə etmirik. Tək narkomaniyada yox, bütün növ asılılarda “sağalma” sözü yoxdur. Çünki asılılıq xroniki xəstəlik olduğuna görə, buna saxlama deyirik, sağalma demirik.

Artıq pasientimiz narkoloji mərkəzdən çıxandan sonra mərkəzdə nə dərəcədə psixoterapiyalar alıb, nə dərəcədə özünənəzarəti təmin edir, bir o qədər də remissiyanın müddəti uzun ola bilər. On il də, on beş il də ola bilər. Şərti olaraq qeyd edirəm, ömrünün axırına qədər də ola bilər. Bu o demək deyil ki, gedib narkotik istifadə edəcək. Amma mütləq burada prosedur narkoloji mərkəzin fəaliyyəti ilə kifayətlənməməlidir. Davamlı şəkildə müalicə həm medikamentoz, həm də psixoterapevtik, həm də sosial işin davamlı şəkildə həyata keçirilməsi ən vacib məsələrdən biridir. Çünki narkoloji mərkəzdə əsas aparıcı xidmət detoksikasiyadır. Adından da göründüyü kimi, toksik maddələrin bədəndən çıxarılmasıdır. Orqanizmdən toksik maddələr həkim nəzarətində çıxarılır, şəxs ağrıdan xilas olur, bu 12-14 gün çəkir, bu müddətdən sonra həkim bir həftəlik, on günlük nəzarət müddəti təyin edir ki, görsün şəxsin davranışları, yuxu, iştah necə formalaşıb. 21 gündən sonra psixoterapiya başlayır. Narkoloji mərkəzdə belə bir konkret qayda yoxdur ki, şəxs 21 gündən sonra çıxmalıdır. Burada könüllü müalicədir, şəxs istədiyi vaxt çıxa bilər. Amma prosedur davam edirsə biz şəxsin vəziyyətinə, dəyişiminə, müalicənin effektivliyinə baxırıq, ondan sonra bu addımlar atılır ki, bəli, şəxs öz istəyilə evə buraxıla da, müalicəni davam etdirə də bilər. Bu artıq könüllüdür.

- Bəs detoksikasiyadan sonra xəstə psixoloji reabilitasiya üçün narkoloji mərkəzdə nə qədər qala bilər?

- Əgər şəxs qalmaq istəyirsə, qanunvericilik onu tələb edir ki, şəxs qəti olaraq məcburi şəkildə narkoloji mərkəzdə saxlanılmamalıdır. 21 gün bitib, amma şəxs terapiyanı davam etdirmək istəyirsə, dövlət müəssisəsi  olduğuna görə, vətəndaşın istəyi nəzərə alınır və müalicə davam edir. 

- Yəni şəxs dispanserdə qalır, yoxsa evə gedib gələrək müalicənii davam etdirir?

-Burada belə bir məsələ var ki, Respublika Narkoloji Mərkəzində narkoloji xidmət ancaq stasionar şəraitdə həyata keçirilir. Şəxs mərkəzdə müalicə almalıdır. Əlbəttə, məcburi müalicə də ola bilər. Məcburi müalicə odur ki, mütləq hüquq-mühafizə orqanları tərəfindən şəxs narkoloji mərkəzə, komissiyaya yönləndirilir. Komissiya qərar verir ki, şəxsin məcburi müalicəyə ehtiyacı var. Şəxs davranış pozğunluğu sərgiləyə, oğurluq edə, ailədə diskomfort yarada bilər. Ancaq və ancaq birinci dərəcəli qohumlar tərəfindən müraciət həyata keçirilə bilər. Və digər hüquqi pozuntuları aşkara çıxarılarsa. İkincisi də könüllü müalicədir. 21 günlük müalicə faktoru könüllü müalicə alan vətəndaşlar üçün keçərlidir. Orada məcburi müalicə minimum 6 ay, maksimum 2 il müddətində məhkəmə tərəfindən təyin olunur. Amma 21 günlük, 12 günlük, yaxud digər şərti vaxt çərçivəsində baş tutan müalicə könüllüdür. Şəxs istədiyi vaxt deyir ki, qalmaq istəmirəm, ona görə onun tələbləri nəzərə alınmalıdır.

- Səhiyyə naziri açıqlama verdi ki, Bakıda iki böyük narkoloji xəstəxana inşa edilir. Gözləntiniz nədir, bu xəstəxanalar da narkoloji dispanserlərdəki ənənəvi 21 günlük detoks və müalicə prinsipi ilə işləyəcək, yoxsa asılıların müalicəsində yeni yanaşma ortaya qoyulacaq?

- Düşünürəm ki, cənab nazirin açıqladığı məsələ cəmiyyət üçün vətəndaşların əlçatanlığı baxımından çox faydalı bir proses olacaq. Məsələn, narkoloji mərkəzdə növbəyə durulur, yer olmursa bu xəstəliyin irəliləməsinə, ağırlaşmasına gətirib çıxara bilir. İki böyük xəstəxana tikiləcəksə, müalicənin əlçatanlığı və daha rahat getməsi baxımından bu yerində verilən mükəmməl bir qərardır. Amma düşünürəm ki, dövlətimiz də inkişaf etmiş ölkələrdəki təcrübəyə uyğun olaraq, daha çox stasionar müalicə ilə paralel, həm də psixoterapiya, reabilitasiya, resosializasiya, əmək fəaliyyətinin yenidən bərpası, ailə münasibətlərinin qaydaya düşməsindəki professional tələbləri bu yeni mərkəzlərdə tətbiq etməyə çalışacaq. Əgər bu formada davam edəcəksə, düşünürəm ki, asılılıqla bağlı mükəmməl şəkildə mübarizə apara bilərik.

- Sizcə, iş preosesi özəl reabilitasiya mərkəzlərindəki kimi olacaq?

-Özəl reabilitasiya mərkəzlərində iş əsasən “12 Addım” proqramı üəzrindən aparılır. Amma dövlət nəzarətində olan iki xəstəxananın fəaliyyəti mütləq akademik əsaslı psixoterapiya ilə olacaq. Burada həm detoksikasiya olacaq, həm də detoksikasiyadan sonra şəxsin reabilitasiya prosesi həyata keçiriləcək.

Bir haşiyə çıxım ki, hal-hazırda Respublika Narkoloji Mərkəzində abmbulator reabilitasiya mərkəzi var. Bu nə deməkdir? Bu ambulator reabilitasiya mərkəzi bir il-bir il yarımdır ki, açılıb. Məsələn, həkim pasientin detoksikasiya prosesini edir. O pasient 14 gündən sonra anlaqlı vəziyyətə gələndən sonra narkoloji mərkəzin daxilindəki ambulator reabilitasiya mərkəzinə yönləndiririk. Şəxsdə müəyyən bir tənqidi fikrin formalaşması, korrektələr, konsultasiyalar həyata keçiririk, şəxs narkoloji mərkəzdən çıxanda ambulator şəkildə gəlib narkoloji mərkəzdə öz psixoterapiyasını alıb gedir. Həftədə bir dəfə, iki həftədən bir bu proses baş verir. Nə qədər effektivdir, nə qədər qalıcıdır, onu zaman göstərəcək. Amma narkoloji mərkəz tərəfindən bu xidmət həyata keçirilir.

- İnanmaq istərdik ki, inşa edilməkdə olan yeni xəstəxanalarda müalicə 21 günlük yox, daha uzun müddətli və əhatəli olacaq. Daha professional yanaşma tətbiq ediləcək...

-Bəli, düşünürəm ki, bu işlər dövlət tərəfindən nəzarətə alındığı təqdirdə daha effektiv olacaq. Azərbaycanda 200-ə yaxın reabilitasiya mərkəzi var. Reabilitasiya nədir - sıradan çıxmış vərdiş və bacarıqların aktivləşdirilməsidir. Burada sosial iş, psixoloq, psixoterapevt, “12 Addım” proqramı, dietoloq, hamısı kompelks, miltidisiplinar şəkildə işləməlidir. Ötən dəfəki müsahibəmizdə də qeyd etmişdim ki, mütləq şəkildə reabilitasiya mərkəzləri də olsa, dövlət nəzarətində professionallar tərəfindən həyata keçirilməlidir. Burada vətəndaşların əlçatanlığı və sağlamlıqla bağlı zəmanəti professionalların nəzarətində olmalıdır. Yoxsa gündə bir villa götürüb, reabilitasiya mərkəzi kimi işlədənlər vətəndaşların sağlamlığına daha da çox zərər vururlar.

- Bu xəstəxanaların yüksək səviyyədə təchizatla təmin edilməsi ümumi işin xeyrinə və asılıların azalmasına nə qədər təsirli ola bilər?

- Əlbəttə, bu ilk olaraq vətəndaşların hadisəyə professional və məntiqi tərəfindən baxışına yol açacaq. Burada şəraitin nəzərə alınması, professional kadrların çalışması, həkimlərin və psixoloqların bu mövzuya daha dərindən hakim olması, peşəkar yanaşma vətəndaşlara daha rahat olmalarını təmin edəcək. Bu, işin psixoloji tərəfidir. İnam və etibar baxımından, əlbəttə, bizim üçün vacib olan düzgün mütəxəssislərin yetişdirilməsidir. Mən bunu çıxışlarımda da qeyd etmişəm, düzgün mütəxəssislər olmadığı təqdirdə boşluqlar yaranır.

O ki qaldı şəraitə, hazırda Respublika Narkoloji Mərkəzində də stasionar şərait tələblərə uyğun olaraq təchizatlanıb. Bu işin daha çox tibbi prosesinin həyata keçirilməsini ön planda saxlayır. Psixoterapiyaların həyata keçirilməsi üçün bizim geniş təmirli otaqlara ehtiyacımız yoxdur. Psixoterapiyanın həyata keçirilməsi üçün oxuyan, araşdıran, akademik elmi bilikləri zəngin olan insanlara ehtiyacımız var. Məsələ bundadır. Bununla bağlı isə universitetlərimizdə tədris dövlət tərəfindən nəzarətdədir. 

- Sizcə, yeni xəstəxanaların iş əmsalının yüksəldilməsi üçün hansı ölkələrin təcrübəsindən istifadə olunmalıdır? Məsələn, İsraildə reabilitasiya mərkəzlərində müalicə olunan şəxslər sonra təhsilə, peşəyə, ehtiyacı varsa digər işlərə yönləndirilir...

- Siz qeyd etdiyiniz təcrübə təksə İsraildə yox, inkişaf etmiş ölkələrin əksəriyyətində, hətta 50-60 il bundan öncə həyata keçirilən təcrübədir ki, fərdi asılılığa xərclənən bu qədər maddi vəsait daha çox onların sosiallaşmasına, əmək fəaliyyətinin bərpasına, ailə münasibətlərinin daha effektiv olmasına yönləndirilir. Bu reallıq var. Amma bu bizim coğrafiya üçün, bizim adət-ənənəyə, bizim mentalitetə, yanaşma tərzinə hansı formada təsir edəcək, bununla bağlı uzunmüddətli tədqiqatlar aparılmalıdır. İsraildə, ABŞ-da, digər inkişaf etmiş ölkələrdə olan təcrübəni konkret olaraq burada bir günün içində tətbiq edə bilmərik. Bunun üçün tədqiqatlar aparılır, pilot layihələr təyin olunur və ortaq bir qərara gəlinir ki, bu modeli Azərbaycana gətirsək, ölkəmiz üçün daha effektiv olar.

O ki qaldı digər məsələlərə, əlbəttə, inkişaf etmiş ölkələrlə təcrübə bölgüsü, mütəxəssislərin təlimlərə yönləndirilməsi, müəyyən mütəxəssislərin Azərbaycana dəvət olunması, onların hansı modellərdən, hansı terapiyalardan, hansı texnikalardan istifadə etməsi - bunlar çox vacib məsələlərdir. Bir yenilik olduğu təqdirdə biz də mübarizə modellərini daha asan şəkildə ortaya çıxarırıq. 30-40 ildir ki, inkişafa yönümlü modellərə addım atmağa çalışırıq ki, asılılara mediakmentoz müdaxilə hansı formada yeniliklərlə tanış olub, psixoterapiya hansı yeniliklərlə tanış olub. Amma baxırıq ki, günü-gündən yeni model ortaya çıxır. Çünki bu ən aktual mövzulardandır.

- Ola bilsin ki, yeni xəstəxanalar itirilmiş insan resurslarını geri qaytarmaq üçün bir mərkəz rolunu da oynayacaq.

-Bəli, belə də olacaq.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az