Azərbaycanda təkrar cinayətkarlıq halları 60 faizi keçib – BU, RƏSMİ STATİSTİKADIR, QEYRİ-RƏSMİ İSƏ…

Mahmud Hacıyev: “Bu, təcili müzakirə olunmalı, hansısa tədbirlər görülməli, sosioloqlar, psixoloqlar işə qarışmalıdır…”

Azərbaycanda təkrar cinayətkarlığın statistikası insanı sözün gerçək mənasında şoka salır. Belə bir təəssürat yaranır ki, keçmiş məhbuslar cəzaçəkmə müəssisələri ilə evləri arasında “səyahət etməkdədirlər”. Bu “var-gəl” onların islah olunmasından çox, cinayət aləmində təkmilləşməsinə, belə desək, “yeni kriminal” peşə qazanmasına da səbəb olur. Məsələn, daha bəsit səbəbdən yolu həbsxanaya düşmüş şəxslər məhbəs divarları arasından peşəkar narkotik alverçiləri, criminal ünsürlər və s. kimi çıxırlar. Bu məsələni sabiq polis rəisi Mahmud Hacıyevlə müzakirə etdik.  

- Azərbaycanda təkrar cinayətkarlıq halları 60%-in üzərindədir. Sizcə, hər 100 nəfərdən 60 nəfəri təkrar cinayət törədirsə, ölkə həbsxanalarını islah müəssisələri kimi təqdim etmək nə dərəcədə doğrudur?

- Bunu etmək doğru deyil. Bilirisnizmi niyə? KİV-lərdə də, TV kanallarında da belə bir xroniki xəstəlik var. Bu qurumlarda tez-tez cinayətkarlıqla bağlı məlumatlar verilir ki, filan yerdə cinayət baş verdi, tutuldu, oğurluq belə gəldi, quldurluq belə getdi. Bu cümlələrin arxasınca verilişi aparan jurnalist tez sevincək deyir ki, bilirsinizmi, həbs olunan əvvəllər məhkum olunmuş şəxsdir. Elə bil əvvəllər məhkum olunmuş şəxsin sonra yenə cinayət törətməsi bir az yüngülləşdirici haldır, sanki bununla təskinlik tapırlar. Ona görə, məlumatı elan edəndə onun ardınca tez sevincək deyir ki, filan yerdə quldurluq hadisəsi oldu, işin üstünü isti izlərlə açdılar, bəs bu filankəs idi, əvvəllər məhkum olunub. Yəni bu sevincək deyiləsi məlumat deyil. Deyilməsə daha yaxşı olar. Niyə? Çünki orada ortalığa nüanslar çıxır, bu adam bir dəfə tutulub, həbsdə yatıb.

1936-cı ildən üzübəri bütün KİV-lər də hüquq-mühafizə orqanları rəhbərləri də deyirdi ki, bizdə həbsxanalar, istintaq təcridxanaları da, cəzaçəkmə müəssisələri də tərbiyələndirici rol oynayır, adam həbsə düşür, islah olunur və çıxır. Yəni belə bir tendensiya varsa ki məhbus həbsə düşür, orada islah olunur və çıxır, bəs KİV-lərin təzədən onun təkrar cinayət törətməsini deməyi düzgün gəlmir axı.

- Deməli, məhbus islah olunmur...

- Həm islah olunmur, həm də bunu sevinərək demək öz eybimizi açmaqdır. Yəni insan həmişə çalışır ki, eyibini açmasın. Üstüörtülü saxlasa daha yaxşı olar. Öz eyibinin üstünü sevincək açmaq düzgün gəlmir. Bu acı gülüş doğurur, gülüncdür. Yəni bu məsələ gizli deyil ki. Qəzetlər də, KİV-lər də bütün günü bar-bar bağırır ki, filan yerdə quldurluq cinayəti açıldı, çox gözəl. Mənzil oğurlandı, onun da üstü açıldı, çox gözəl. Qəsdən adamöldürmənin də üstü açıldı, çox gözəl. Bunlara da yazırlar ki, əvvəllər məhkum olunmuşdur, yaxud narkotiklə əlaqədar böyük bir dəstə tutuldu və deməzsənmi bunlar əvvələr məhkum olunmuşlardır. Bu adamda ikrah doğurur.    

- Onu da deyim ki, qeyd olunan göstərici sadəcə rəsmi statistikada əks olunur. Qeyri-rəsmi olaraq təkrar cinayətkarlığın 60 % deyil, daha yüksək faiz göstəricisi ilə əhatə olunduğunu deyə bilərik. Sizcə, bütün bunlar ölkədə həyəcan siqnalı verilməli olduğunu göstərmirmi?

- Bəli, göstərir. Əvvəllər məhkum olunmuşları çıxandan sonra təkrar cinayət törətməsi artan rəqəm üzrə gedirsə, bu, əlbəttə ki, SOS-dur. Bu, təcili müzakirə olunmalıdır, hansısa tədbirlər görülməlidir, sosioloqlar, psixoloqlar işə qarışmalıdır. QHT-lər işə qarışmalıdır. Keçmiş hüquq-mühafizə orqanları əməkdaşlarının çalışdığı QHT-lər işə qarışmalıdır. Təhlil olunmalıdır, düşünülməlidir ki, keçmiş məhbus təkrar cinayəti niyə törədir, ola bilərmi ki, törətməsin. Vəziyyət təhlil olunmalıdır. Yenə deyirəm, bu xoşagəlimli hal deyil. 

- Penitensiar Xidmətin həbsxanalarında hazırda 27 min nəfər məhbus var ki, onların da 55-60%-i narkotiklə bağlı cəza çəkir. Halbuki cəmi bir neçə il əvvəl, konkret olaraq 2019-ci ildə bu göstərici 28,1 % təşkil edirdi. Belə demək olarmı ki, təkrar cinayətkarlığın faiz göstəricisinin artmasında narkotik cinayətinin “çiçəklənməsi” mühüm rol oynayır?

- Aydın məsələdir, əlbəttə ki, artım varsa, belə demək olar. Bilirsinizmi, cinayətin növləri var. Hansı növ cinayətdə artım varsa, tədbir görülməlidir. Məncə, beynəlxalq təşkilatların statistikasında da Azərbaycanda islah-əmək müəssisələrində narkotiklə bağlı cinayət faktı getdi. Fakta görə, hansısa narkobaron həbsxanada cəza çəkə-çəkə məhbəsdən kənarda narkotikin realizasiya olunmasına rəhbərlik edirmiş.

- Yəni həbsxanaya düşmək onu narkobiznesi kənardan idarəetməkdən uzaqlaşdırmayıb...

- Bəli. Haradasa 15 gün bundan əvvəl yerli KİV-lərdə mən bu səpgidə məlumata rast gəldim. Bu fakt varsa, xoşagələn hal deyil. Bu narkobaron cəza çəkə-çəkə həbsxanadan kənarda yenə narkotik realizatorlarına “krışalıq edir”. Kənardan rəhbərlik edib narkobiznesi idarə edir. Bunlar diqqətçəkən məsələlərdir.

- Sizcə, cəzaçəkmə müəssisələri islah-əmək müəssisələrindənsə daha çox ilk dəfə həbsxanaya düşmüş adamın təkmilləşmə müəssisəsi rolunu oynamırmı?

- Mən elə deməzdim. Siz dediyiniz fakta birtərəfli yaxınlaşmaq düzgün deyil. Çünki bunu hamıya şamil etmək olmaz. Məsələn, mənim işlədiyim müddətdə Nizami, Nəsimi, Yasamal rayonunda həbsdən sonra nəzarətdə olan, özünü çox ağılla-kamalla aparan şəxslərdən xəbərim var. İnsanın xarakterik xüsusiyyətindən də çox şey asılıdır. Onun psixoloji durumundan, iradəsindən, səbrindən, intellektindən də çox şey asılıdır. Yəni bu deyiləni hamıya şamil etmək olmaz.

- Mahmud bəy, məncə, cəzaçəkmə müəssisələrində islaholunma faktı sovet dövründəkindən daha azdır. Elə olmasaydı həbsxanalar təkrar cinayətlə məhkum olunmuşlarla dolub-daşmazdı. Sizcə, başqa ölkələrin, o cümlədən keçmiş sovet dönəminin təcrübələrindən necə istifadə edə bilərik ki, təkrar cinayətkarlıq halları azalsın?

- Sovetlər dönəmini biz daim qamçılayırıq, tənqid edirik. Onun pis, tənqid olunası tərəfləri də var idi. Amma ondan götürülməli müsbət nüanslar da var idi. Sovetlər dönəmində Moskva, yəni mərkəz eşidəndə ki, hansısa müttəfiq respublikada keçən illə müqayisədə əvvəllər məhkum olunmuşun həbsdən çıxandan sonra cinayət törətməsinin sayı artıb, o muxtar respublikanı yoxlamağa başlayırdılar. Komissiya gəlib yoxlayırdı ki, axı bu niyə belə olsun. Adam 3 il həbsdə qalıb, çıxıb, niyə təkrar cinayət törədir? Keçən ilki statistika ilə müqayisədə 20-30% artım var, belə olmalı deyil, niyə olsun ki. Bu məsələyə böyük əhəmiyyət verirdilər. Çox kəskin reaksiya verirdilər. Elə olurdu ki, təkrar cinayət törətmiş şəxs hansı ərazidə yaşayırdısa, o ərazinin sahə inspektorunu cəzalandırırdılar. Həmin sahə inspektorlarının tabe olduğu bölmə rəsini cəzalandırırdılar. Rayon üzrə polis idarə rəisini də cəzalandırırdılar ki, sizin rayonda təkrar cinayət törədiblər, keçən ilki göstərici ilə müqayisədə bu ilki göstərici artıb. Niyə belə olmalıdır, sahə inspektoru, sən niyə onu vaxtında işlə təmin etməmisən? Niyə yaxşı nəzarət etməmisən, niyə yaxşı tərbiyə etməmisən? Niyə onun psixoloi gərginliyini, sosial-iqtisadi gərginliyini həll etməmisən? Düşürdülər sahə inspektorunun üstünə. Mən fakt bilirəm ki, sovet dönəmində məhkum olunmuşların arxasınca düşüb ona iş tapırdılar, o da işi bəyənmirdi. Sahə inspektroları yalvarırdı ki, sənə iş tapmışam, gəl işlə. Bu da sonda nəyə gətirib çıxarırdı – keçmiş məhbusun başı qarışırdı, müəyyən iqtisadi problemlərini həll edə bilirdi, təkrar cinayətə əl atmırdı.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az