Azərbaycanda oğurluq halları sürətlə artır – Tanınmış vəkil: “Məhkumluq sayına görə ilk yerlərdən birini tuturuq...”

Əsabəli Mustafayev: “Həbsxanaları sosial evlərə çevirmək üçün xarici ölkələrdəki təcrübəni öyrənmək lazımdır”

“Yeni cəzaçəkmə müəssisələrinin tikilməsi ilə kriminogen mühitin genişlənməsinin qarşısını ala bilməyəcəyik”

Azərbaycanda məhbusların sayı günbəgün artır. Məhzu bunun nəticəsidir ki, hazırda həbsdə 28 200 nəfər məhbus cəza çəkir. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu məhbusların təxminən yarısı narkotiklə əlaqədar həbs olunub. Lakin son günlər diqqətimizi çəkən başqa bir məqam da var ki, oğurluqla (177-ci maddə) əlaqədar cəza çəkənlərin sayı da sürətlə artmaqdadır. Belə ki, hazırda 2600 nəfərin oğurluqla bağlı həbsdə olduğu haqda məlumatlar var. Maraqlıdır, son vaxtlar ölkəmizdə oğurluq hallarının sayının artması nə ilə bağlıdır? Bu mövzunu tanınmış vəkil Əsabəli Mustafayevlə müzakirə etdik.

- Əsabəli müəllim, əldə etdiyimiz məlumata əsəsən, hazırda həbsdə olan 28 200 nəfər məhbusdan 10 200 nəfəri narkotiklə əlaqədar cəza çəksə də, ikinci yerdə oğurluqla bağlı azdlıqdan məhrum olunanlar gəlir. Hansı ki, hazırda 2600 nəfər oğurluqla əlaqədar cəza çəkir. İlk öncə oğurluq faktlarının sayının hansı səbəbdən artması ilə bağlı fikrinizi bilmək istərdik.

- Bütün dünyada belədir. Hüquqda kriminologiya elmi var. Kriminologiya cinayətin səbəblərini öyrənən elmdir. Kriminologiya elminin araşdırmasına görə, belə cinayətlər - oğurluq, dələduzluq, talama - iqtisadi cinayətlərə aiddir. Bunlar hamısı iqtisadiyyata, maddiyyata, maliyyəyə bağlıdır. Xüsusilə də oğurluq. Həmin məhkumların sosial vəziyyətinə baxsaq görərik ki, onların hamısı maddi təminatı aşağı olan insanlardır. Ona görə, harada ki müəyyən mənada kasıbçılq var, ya maliyyə təminatı aşağı olan əhali qrupu çoxdur, orada oğurluq da çoxdur. Bütün ölkələrdə belədir. Bu, bizə işarədir ki, əhalinin, xüsusilə də aztəminatlı əhalinin maddi təminatını yüksəltmək, gənclər arasında işsizliyi aradan qaldırmaq, işləyən əhalinin, xüsusilə də gənclərin, orta yaşlıların maaşlarının yüksəldilməsinə fikir vermək, əmək qabiliyyəti olmayan əlillərin, xəstələrin sosial təminatını gücləndirmək lazımdır. Mən oğruların sosial tərkibini deyirəm… Pensiyaçıların sosial təminatını yüksəltmək lazımdır. Belə olduğu halda mən əminəm ki, iqtisadi cinayətkarlığın, o cümlədən də ilk növbədə oğurluğun sayı azalacaq. Bu, sübut olunmuş bir haldır. Mən əminəm ki, bizdə belə bir proqram işlənib hazırlansa oğurluğun sayı azalacaq.     

- Necə düşünürsünüz, narkotiklə bağlı həbs olunanların sayının artması cəmiyyətdəki oğurluq faktlarının çoxalmasına təsir göstərirmi?

- Bəli. Bilirsiniz, oğruların bir qismi narkotik aludəçiləridir. Onlar işləmədikləri, sosial təminatları olmadıqları, lakin narkotikdən asılılıqları olduğu üçün daha iri həcmli narkotik satışı edən insanlardan narkotiki alırlar, onun bir qismini satırlar, əldə etdikləri gəlir hesabına öz təlabatlarını ödəməyə məcbur olurlar. O insanların digər hissəsi isə bunu edə bilmədikləri üçün oğurluğa baş vurur və narkotikə lazım olan vəsaiti oradan əldə edirlər. Bayaq da dediniz ki, oğurluq edənlərin içində narkoitklə bağlı olanların sayı çoxdur, onların da içində daha çox satışla məşğul olanları tuturlar. Aludəçiləri demək olar ki, artıq həbs etmirlər, müalicəyə göndərirlər. Narkotik satışına görə tutulanların da böyük əksəriyyəti xırda narkotik alverçiləridir. Və onların da satışı həyata keçirməkdə əsas məqsədi gəlir, qazanc əldə etmək deyil. Qazancı narkobaronlar əldə edirlər. Külli miqdarda gəliri onlar əldə edirlər. Bütün dünyada ən böyük qazanc gətirən fəaliyyət narkotik ticarətidir.

- Sizin də qeyd etdiyiniz kimi, bizdə narkobaronlar tutulmur...

- Bizdə tutulanların böyük əksəriyyəti öz təlabatlarını yerinə yetirirlər. Bizdə hüquq-mühafizə orqanlarına məlumdur ki, bunlar əslində satıcı deyil, aludəçidirlər. Bu yola ona görə gedirlər ki, öz təlabatlarını təmin etməyə məcburdurlar. Narkotik məhkumlarının sayını azaltmaq üçün birinci məsələ olan narkotik istehlakçılarını azaltmaq lazımdır. Bu yöndə proqramlar işləyib hazırlamaq lazımdır. Biz də vəkillik fəaliyyətimizlə bağlı şahidi olmuşuq ki, narkotik aludəçilərini bir qismi maddi vəziyyəti zəif olan ailələlərdəndir. İşsizdirlər, məşğuliyyətləri yoxdur, mədəni tədbirlərlə məşğul olmurlar, asudə vaxtlarını səmərəli keçirmirlər, kitab oxumurlar. Boş vaxtları çoxdur, onların 5 nəfəri bir yerə toplananda bir nəfər aludəçidirsə, qalan 4 nəfəri də aludəçi edir. Kiçik dozalarda olan ağır narkotklərin qiyməti çox ucuzdur. 1-2 manata belə boş adamlar bütün gün kef çəkirlər, həyatları yüngülləşir, özlərini göydə hiss edirlər. Bu, qorxulu tendensiyadır. Ona görə qayıdırıq oğurluğun qarşısnın alınması haqda təkliflərə ki, işsizliyi aradan qaldırmaq, təhsili gücləndirmək, gəncləri müxtəlif mədəni tədbirlərə cəlb etmək lazımdır. Onları müxtəlif ictimai fəaliyyətə cəlb etmək olar. Müxtəlif QHT-lərin vasitəçiliyi ilə boş vaxtı olan gəncləri ictimai fəaliyyətə cəlb etmək, onlarda bu işlərə maraq oyatmaq, idmanla maraqlandırmaqla, onların boş vaxtının səmərəsiz keçirməsinin qarşısını almaq olar. Onda oğurluq da, narkotik aludəçiləri də, narkotik satışına görə məhkum olunmuşların sayı da azalacaq. Narkotik istifadəçilərini də sayı azalacaq. Yəni iş yenə gedib maddiyata dayanır.     

- Qəsdən adam öldürmə, quldurluq və dələduzluq hallarının sayı da artan templə getməkdədir. Burada da eyni faktor – narkoitklə bağlı cinayət faktlarının sayının artması rol oynayırmı?

- Mən dəqiq statistikanı bilmirəm ki, qətl hadisəsi törədənlərin arasında narktoik aludəçilərinin sayını müqayisə edim. Bu iqtisadi məsələlərlə bağlıdırsa, pul əldə etmək, soyğunçuluq məqsədilə törədilirsə, oğurluq zamanı qətl törədilirsə, belə hallar genişlənir. Maliyyə məqsədi, qazanc məqsədi ilə qətl törədilirsə, səbəb yeni gedib maliyyəyə çıxır. İnsanlar arasında kasıbçılıq varsa, işsizlik varsa, çıxış yolunu tapmamaq varsa nəticə bu olur. Bizdə psixoloji xidmət də zəifdir. Xarici ölkələrdə ailə üzvlər görürlərsə ki, gənc üzvündə problem var, kriminala meyllilik, narkotik aludəçiliyi var, onu göndərirlər psixoloqa.

- Xarici ölkələrdə ailə həkimləri olduğu kimi, ailə psixoloqları da var...

- Məsələn, onlarda pulsuz psixoloji yardım göstərən şəbəkələr var. Necə ki, narkotiklə mübarizə aparan QHT-lər var, həmin QHT-lərin pulsuz yardım göstərən psixoloqları, pulsuz kömək göstərən hüquqşünasları var. Düzdür, bizdə də bu var, amma bizdə o qədər də inkişaf etməyib. Bizdə donorlar da azdır. Xaricdə istənilən özəl şirkətlər, dövlət qurumları donor ola bilirlər. Ona görə şəbəklər genişdir. Bizdə isə donor olan bir dövlət agentliyidir. Bir də bir neçə nazirlik belə layihələr verir, bunu da müəyyən məqsədlə edirlər. Donorluq da onların məqsədlərinə uyğun gəlmir. QHT strukturunu, ictimai strukturları bu işə cəlb etmək lazımdır. Bu təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Kriminalın qarşısının alınması, insanların düz yola qayıtması, onların psixoloji bərpa olunmasına təkcə hüquq-mühafizə orqanlarının gücü çatmaz. Hətta onlar bunu istəsə də. Bunu mütləq ictimaiyyətin iştirakı ilə etmək lazımdır. Özü də mətbuatda maarifləndirmə, məlumatlandırma kampaniyalarının aparılması ilə. Ancaq təəssüf ki, bizdə belə kampaniyalar, proqramlar yoxdur. Belə bir istək, ictimaiyyətin iştirakı da yoxdur. Ola bilsin ki, bir neçə QHT bunda iştirak edir, ancaq onlar da istisnadır, geniş şəbəkə deyil. Bu da ona gətirir ki, narkomanların sayının artmasını görürük. Narkotik alverçilərini sayı artır, hansı ki, gedirlər həbsə. Məhbusların sayı 25 000 olanda biz bu barədə danışırdıq, həyəcan təbili vururduq, ancaq vaxtında tədbirlərin görülməməsi ona gətirib çıxarıd ki, məhbusların sayı 28 000-i keçdi. Biz bu rəqəmlə hər yüz min nəfərə düşən məhkumluq sayına görə Avropada ilk yerlərdən birini tuturuq. Bu say çoxdur, həddən artıq çoxdur. Yeni cəzaçəkmə müəssisələrinin tikilməsi, yeni həbslərin aparılması, məhkəmə proseslərinin keçirilməsi ilə kriminogen mühitin artmasının, genişlənməsinin qarşısını ala bilməyəcəyik. Mütləq yaxşı proqramlar lazımdır, bu sahəyə investisiyalar yatırılmalıdır. İcitmaiyyətin, mətbuatın, medianın birgə iştirakı ilə xüsusi proqramlar işə düşməlidir, səylər göstərilməlidir. Hökumət buna pul xərcləməlidir. 28 200 məhbusun saxlanılması çox böyük xərcdir. Bu işdən ötrü cəzaçəkmə müəssisələri tikilir, türmədəki kadrların sayı artırılır, məhbusların yemək xərcini, onların saxlama xərcini əvvəlcədən qabaqlayıcı tədbirlərə yönəldək də. Onda məhkumların da sayı azalar. Bəzən mətbuatdan oxuyub qibtə edirsən ki, bəzi xarici ölkələrdə həbsxanalar bağlanıb, çünki adam yoxdur. Bu həbsxanaları sosial evlərə çevirirlər. Xarici ölkələrdəki təcrübəni öyrənmək lazımdır.

- Siz oğurluq, qəsdən adamöldürmə, quldurluq, dələduzluq hallarının artmasında bir sıra amilləri sadaladınız. Belə mənzərə ortaya çıxır ki, iqtisadi faktorlarla yanaşı, insanların ictimai həyatında disbalansın artması da toplumun gərəksiz şeylərə meyllənməsində rol oynayır. Yəni insanların boş vaxtı var, amma onu faydalı yox, yanlış istiqamətlərə sərf edirlər.

- Bizdə insanların boş vaxtı olduqca, kriminal artır. Məsələn, indi xaricdə insanları 4 günlük iş rejiminə keçirirlər. Əgər bu, sabah bizdə tətbiq olunsa, kriminal fon bir az da genişlənəcək. Çünki, insanlarda boş vaxt əmələ gələcək, ancaq onu səmərəli keçirmək üçün heç bir şərait yoxdur. Ona görə də beynəlxlaq təcrübələri öyrənmək lazımdır. İndi bizdə əməkhaqqında saat rejiminə keçirlər. Amma mən bilmirəm, bu, iş saatlarının artmasına gətirəcək, yoxsa azalmasına. Bunu təcrübə göstərəcək. Amma indi onsuz da insanların vaxtı çoxdur, bu boş vaxtı dolduran, səmərəli edən elə bir vasitələr, məşğuliyyətlər yoxdur. Tutaq ki, indi haralardasa parklar yaradılıb, Sumqayıtda bulvar yaradılıb, ancaq bu yüz minlərlə əhalisi olan şəhərlər üçün cüzidir. Milyonlarla əhalisi olan Bakı üçün bu, heç nədir. Ona görə də hansısa bir proqram olmalıdır ki, xüsusilə gənclər üçün, müxtəlif tədbirlərə, müxtəlif səmərəli fəaliyyətlərə, könüllülük fəaliyyətinə cəb olunsunlar. Bizdə könüllülük demək olar ki, yoxdur, bəzi QHT-lərdə 2-3 nəfər var. Bizdə olan azsaylı könüllülərin müsbət təsirini, könüllülüyün gələcəyi necə dəyişdiyini biz görürük. Bu fəaliyyətləri genişləndirmək lazımdır. Onda əminəm ki, bizdə məhkumların da sayı azalar, cinayət faktlarının da sayı azalar.   

Asya ŞÜKÜROVA

Stopnarkotik.az