“Azərbaycanda narkotikdən də böyük təhlükə “din narkotiki”dir” – MİLLƏT VƏKİLİ

Fazil Mustafa: “İran özünün “din narkotiki”ni Azərbaycan cəmiyyətinə yönəldib”

“Narkotik istifadə edənlərin əksəriyyəti şüursuz, nadan, cahil insanlardır”

“Narkomaniyaya qarşı mübarizədə hər kəs özünə polis kimi baxmalıdır”

Stopnarkotik.az saytının araşdırmasına əsasən, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 28 min məhbus cəza çəkir ki, onların da ən azı üçdə biri məhz narkotik ittihamı ilə həbs olunanlardır. Söhbət ondan gedir ki, cinayətkarlığın artmasında narkotik ticarəti ilə bağlı həbs olunanların önəmli payı var. Şübhəsiz, bu fakt həm də Azərbaycan həbsxanalarında kifayət qədər sıxlıq yaradır. Təsadüfi deyil ki, artıq ölkəmizdə yeni cəzaçəkmə müəssisələrinin tikilməsi gündəmdədir.

Bəs, həbsxanaların sayının artırılması çıxış yoludur? Azərbaycanda “narkotik məhbusları”nın sayını azaltmaq üçün daha hansı tədbirlər görülməlidir? Stopnarkotik.az saytının əməkdaşı bu və digər suallara millət vəkili Fazil Mustafa ilə müsahibədə cavab tapmağa çalışıb.

- Fazil bəy, əldə etdiyimiz məlumata əsasən, Azərbaycanda cəza çəkən 28 min məhbusun ən azı üçdə biri narkotik ittihamı ilə həbs olunanlardır. Hansı ki, onların sayının günbəgün artması nəticəsində həbsxanalarda da böyük sıxlıq yaranıb və hazırda bu probelmin həlli ilə bağlı yeni cəzaçəkmə müəssisəsi tikilir. Sizcə, bu, vəziyyətdən çıxış yoludur?  

- Xeyr. Yeni həbsxanaların tikilməsi nəzərdə tutula bilər. Amma burada daha çox narkotiklə bağlı narahatçılığın ortadan qaldırılması üçün profilaktik müalicə istiqamətini təmin etmək lazımdır. Bunun üçün də müalicə profilaktik müəssisələrin tikilməsinə ehtiyac var ki, narkotik asılılığı olan şəxslər həbsxanada həm də başqa şəxslərin həyatına problem yaratmasınlar. Ona görə, həbsxanaların modernləşməsi üçün yenilərinin tikilməsinə ehtiyac var, məsələn elə yerlər var ki, orada həbsxanalar modern xidmət imkanlarına malik deyil, xeyli çətinliklər yaşanır.

Son dövrlərdə Penitensiar Xidmətdə daha peşəkar şəxslər rəhbərliyə gələndən sonra burada daha çox yenilənmə şəraiti yaranıb. Milli Məclisdə çox yaxşı əlaqələri var. Xüsusi olaraq həbsdə olan insanlar üçün görüşlərin sadələşməsi baş verir. Müəyyən dərəcədə sosial-mədəni tədbirlərin sayı artmaqdadır. Bu müsbət bir tendensiyadır və narkotiklə bağlı müxtəlif şəxslərin də bura daxil olması müəyyən dərəcədə həbsxanada mühiti də korlayır. Ona görə də bunların böyük əksəriyyəti müalicə müəssisəsinə göndərilməlidir, həbsxanaya yox. Həbsxanaya ancaq narkoticarətlə məşğul olan şəxslər göndərilməlidir.

İndi əksəriyyəti narkotik aludəçisi olan insanlardır ki, qadınların da bu sahəyə cəlb olunması insanı narahat edir. Çox sayda qadın narkotik ticarətinə görə həbsdədir. Məsələyə kompleks baxılmalıdır. Narkomaniyaya qarşı mübarizə daha effektli aparılsa, onun qarşısını almaq olar. Daxili İşlər Nazirliyi bu istiqamətdə çox ciddi işlər aparır, amma mübarizə bir qurumun işi deyil, bütün cəmiyyətin bu sahəyə səfərbər olmasına ehtiyac var. İndi hər bir məktəblinin yanına bir polis qoymayacağıq ki. Ona görə də məsələlərə kompelks baxış dəyişməlidir və narkomaniyanın nə qədər böyük bir zərər vurduğu anlaşılmalı, bu istiqamətdə işlər görülməlidir.    

- Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci illə bağlı açıqladığı rəsmi statistikaya görə, ölkədə “qara bazar” qiymətlərinə əsasən təxminən 14 milyon manatlıq marixuana, 32 milyon manatlıq heroin, 6 milyon manatlıq metamfetamin dövriyyədən çıxarılıb. Bu da külli miqdarda vəsait deməkdir. Lakin onu da nəzərə almalıyıq ki, “qara bazar”da yalnız marixuananın 22 faizi, heroinin 13 faizi, “patı”nın isə 11 faizi müsadirə olunub. Deməli, ölkədə böyük narkotik dövriyyəsi var və bu da əsasən kriminal qrupların əlində cəmləşir…

- Hər halda bu məsələyə qarşı yenə də cəmiyyətin duyarlılığı artmalıdır. Məsələn, tutaq ki, heç kim qonşusunda baş verənləri polisə məlumat vermir. Hamı sanki bu məsələnin özündən uzaq olmasına çalışır. Bu da böyük problemlər yaradır. Çünki qonşuda baş verən sabah sənin evinə keçən bir prosesdir. Dövriyyə də kifayət qədər böyükdür. Burada həm də qonşu xarici ölkələr xüsusi bir qurum yaradıblar ki, narkotikin ötürülməsi ilə məşğul olurlar. Hətta bir çox hallarda bunun pulsuz ötürülməsi ilə məşğul olurlar. Bunu da bazarda əldə edənlərin bir qismi ona görə şirniklənir ki, pulsuz narkotik əldə edir və onu baha qiymətə satır. Ona görə də bu ticarət növü çox sayda insanı, xüsusilə də məsuliyyətsiz insanları öz sıralarına cəlb edir. Buna qarşı sadəcə kəskin mübarizə aparmağın təkcə həlledici bir məsələ olduğu doğru deyil. Yəni narkomaniyaya qarşı maarifləndirici xarakterli işlər görülməlidir. Maarifləndirici fəaliyyət olmasa, bu məsələlərin qarşısını almaq da çətin olacaq. Çünki orta məktəb illərindən bir çoxları bu vərdişə yiyələnir. Sonra siqaret, tütünçəkmə var, məktəblərdə bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Artıq qızlar arasında siqaret çəkənlərin sayı artmağa başlayıb. Oğlanlar yetkinlik yaşına çatarkən daha çox kimyəvi tərkibli siqaretə üstünlük verib, özlərini bir az da təsdiqləmək istəyirlər.

- Elektron siqareti nəzərdə tutursunuz?

- Bəli, elektron siqaretin özü də böyük zərər yaradır. Bütövlükdə bu məsələ cidd fəsadlar törədəcək. Onun qarşısını indidən almasaq, sadalanan miqdardan daha çox aşkarlanmayan narkotik vasitələrin dövriyyədə zərər vurması daha çox müşahidə olunacaq.      

- Digər tərəfdən, “qara bazar”da milyardlarla narkotik pulları da “fırlanır”. Bu pullar dövlətimiz üçün təhlükə mənbəyi hesab olunurmu? Siz, bu haqda necə düşünürsünüz?

- Yox. Narkotikdən gələn pullar təbii ki, müəyyən mənada təhlükə mənbəyidir. Amma görürsünüz ki, onu yandırırlar, yoxa çıxarırlar. Yəni “qara bazar”dan, yaxud da elə aydın şəraitdə müəyyən dərəcədə gizlədilən narkotik vasitələrin ələ keçirilməsi, onların məhv edilməsi dövlətin bir vəzifəsidir. Bu, dövlətin itkisi kimi sayılsa da, amma elə dövlətlər var ki, narkotikdən qazanırlar. Qonşu ölkələrdə guya narkotik ticarəti ilə məşğul olanlar edam cəzasına məhkum olunur, xüsusilə bəzi müsəlman ölkələrində, amma faktiki olaraq dövlət buradan gəlir götürür, böyük bir məbləğdə vəsait qazanır, başqa ölkələrə də bunu ixrac edirlər. Bir sıra ölkələrin nümunəsi bəllidir.

- İranı nəzərdə tutursunuz?

- İran, Əfqanıstan və başqa ölklərdə bu, ciddi narahatedici amilə çevrilməkdədir. Bu baxımdan mən hesab edirəm ki, məsələyə diqqət yetirilməlidir və dövlət burada itkisini nəzərə almır, vətəndaşın qarşılaşdığı zərəri nəzərə alır. Dövlətin vəzifəsi vətəndaşı xilas etməkdir. Ona görə, burada yüz milyon da itə bilər, amma bu məhvetmə ilə itməlidir. Dövriyyədə olan pul əslində sıradan çıxmış vətəndaş deməkdir.

- Bir daha o məsələyə qayıdaq ki, müsadirə edilərək dövriyyədən çıxarılan narkotikin həcmi ən yaxşı halda 15-20 faizdir. Rəsmi mənbələrə əsasən deyə bilərik ki, bu narkotikin böyük hissəsi İrandan daxil olur. Hansı ki, İran bununla həm ölkəmizdə böyük pullar qazanmaqla molla rejiminin büdcəsini artırır, həm də narkotik ticarəti vasitəsilə ölkəmizdə böyük bir şəbəkə formalaşdırıb ki, onun da bir çox üzvləri kriminal ünsürlərdir. Sizcə, bu şəbəkə dövlətimiz üçün təhlükə hesab olunurmu?

- Əlbəttə, bu böyük təhlükədir. Amma narkotikdən də böyük təhlükə “din narkotiki”dir. İran həm də özünün “din narkotiki”ni Azərbaycan cəmiyyətinə yönəldib. Bunun da sıxıntıları bizim dünyəvi dövlət üçün böyük təhlükədir.

- Dini təbliğatı nəzərdə tutursunuz?

- Əlbəttə, həm narkotik vasitə ilə ayrı-ayrı insanları zəhərləyir, həm də cahil insanlarımızın beynini bölücü, məzhəbçi təbliğatı ilə zəhərləyirlər. Ona görə də hərtərəfli Azərbaycana ziyan vurur və ölkəmiz bu istiqamətdə daha sərt formada öz tədbirlərini görməlidir ki, onu genişləndirə bilməsinlər. 

- Siz zaman-zaman istər parlamentdə, istər mətbuatda narkotik ticarətinə qarşı çıxışlarınızla yadda qalmısınız. Paralel olaraq İrana qarşı mövqeyiniz də bəllidir. Hesab edirsinizmi ki, sizə qarşı olan hücumların arxasında həm də narkotik mafiyasının əli var?

- Yox, narkotik mafiyasının olduğu düşüncəsində deyiləm. Bunlar “din narkotiki”nin təmsilçiləridir. İrandan vəsait alaraq xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirdilər. İstintaqda da bu sübuta yetirildi. İlkin mərhələdə 30 min dollar vəsait alıblar və sonra da ardıcıl vəsaitləri almalı idilər. Amma onlar məqsədlərinə nail ola bilmədiklərinə görə Azərbaycan hüquq mühafizə orqanları, xüsusilə də DTX və DİN peşəkarlıq göstərdi və onları həbs etdilər. Ona görə də onların niyyətləri hər hansı bir şəkildə gerçəkləşmədi. Amma mən ən azı hüquqi baxımdan deyirəm, istintaqa bəlli olan göstərici də odur ki, bunlar daha çox “din narkotiki”nin təmsilçiləridir. Bunlar o xəttdən gəlirlər. Amma bəlkə digərləri ilə də əlaqələri ola bilər. Yəni mən hüquqşünas olduğuma görə, istintaqda sübuta yetirilmiş hansı variant varsa, onun əsasında bunu söyləməyə daha çox üstünlük verirəm.

- Azərbaycanda narkotik ticarətinə qarşı mübarizə ilə bağlı 5 illik tədbirlər planı yekunlaşır və yeni mərhələ başlayır. Bu mərhələdə sizin görmək istədiyiniz nələr var? Növbəti 5 illik planda hansı dəyişikliklər olmalıdır ki, narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizə daha effektiv olsun? Məsələn, sizcə, qanunların sərtləşdirilməsi məsələsi nə dərəcədə aktualdır və parlamentdə müzakirəyə çıxarıla bilərmi?

- Yox, qanunu nə sərtləşdirəcəksən?.. Qanun kifayət qədər sərtdir. Konkret detallarına qədər izah olunur ki, hansı əməllər bu kateqoriyaya daxil olur. Mən orada əsas total olaraq orta məktəbdə maarifləndirici işə diqqət etməyi vacib bilirəm. Narkomaniya ilə bağlı xüsusi tədbirlərin keçirilməsi, maarifləndirici, aydınlandırıcı proqramın verilməsi, televiziyada gündəlik 10 dəfələrlə bu mövzuda insanları müəyyən dərəcədə bundan çəkindirə biləcək hansısa kliplərin verilməsi, bu faciəni yaşamış insanların taleyi ilə bağlı açıq verilişlərin verilməsi və s. bunları göstərməklə insanları çəkindirmək olar. Çünki əksəriyyəti şüursuz, nadan, cahil insanlar narkomaniyaya gedirlər. Buna da cəmiyyətin duyarlılığı artmalıdır.

- Yəni hesab edirsiniz ki, insanlar narkotiklərin sonrakı fəsadlarından məlumatlı olmadıqları üçün buna gedirlər...

- Çoxu məsələnin mahiyyətini bilmirlər. Burada əsas məsələ cəmiyyətin özünü hər bir şəxsin narkomaniyaya qarşı mübarizədə polis rolunu oynaması kimi görməsidir. Özünə bir polis kimi baxmalıdır.

- Mən nəyə görə qanunun sərtləşdirilməsini misal gətirdim, məsələn, Gürcüstanda Saakaşvilinin hakimiyyəti dönəmində ilk verdiyi qərarlardan biri narkotik tacirlərinə qarşı qanunların dəfələrlə sərtləşdirilməsi oldu. Kiçicik narkotik dövriyyəsi ilə tutulan şəxslər o zaman 20 il müddətinə azadlıqdan məhrum olunurdular. Azərbaycanda da analoji addımı atmaq olmaz?

- Burada da onu etmək olar. Amma onu etdinsə, çox vaxt həbs olunanlar belə, bu əməli törədənlər deyil, bunlar onların qurbanlarıdır. Arxa planda qalan insanlar var ki, onlar gizlənirlər, biri İranda, biri orada-burada. Bunlar daha çox kuryerlər rolunu oynayanlardır. Ona görə də biz bununla əsas cinayətkarı çox da ələ keçirmək imkanı əldə etmirik. Biz daha çox əsas cinayətkar üzərində durmalıyıq. Bunun üçün də artıq bu mərhələ keçib, biz narkomaniyaya düçar olmuş insanların müalicəsi istiqamətində də ciddi tədbirlə görməliyik. Bu sahədə bizdə boşluq var.

- Boşluğu nədə görürsünüz?

-Boşluq, məsələn, narkomüalicə müəssisələrinin yetərli səviyyədə olmamasıdır. Özəl sektorda olan müəssisələrin stimullaşdırılmaması.

- 150-yə yaxın özəl reabilitasiya mərkəzi var…

- Bəli, özəl mərkəzlər açılıb, amma bunlara dəstək vermək lazımdır, qrantlar ayırmaq lazımdır. Onlardan hansı uğurludursa, şərait yaratmaq lazımdır ki, bunlar aludəçiləri cəlb edib müalicə etsinlər. Yoxsulluqdan, imkansızlıqdan, yaxud da bir sahibkarın cibindən asılı olmasınlar. Məncə, bu istiqamətdə çalışmalar artırılsa, qanunların sərtləşdirilməsindən daha faydalı nəticə ala bilərik.   

- Ümumiyyətlə, ekspertlər narkomaniyanın səbəblərindən biri kimi işsizliyi qeyd edirlər...

- Tamamilə doğrudur. Birinci növbədə işsizlikdir. İkinci növbədə cahillikdir. İnsanlar təhsil səviyyəsi aşağı düşdükcə narkotik aludəçiliyinə daha çox meyl edirlər, onun mahiyyətini anlamırlar.

- Sizcə, narkomaniyaya qarşı tədbirlər planında əhalinin məşğulluq səviyyəsinin qaldırılmasına da yer verilməldirmi?

- Orada o nəzərdə tutulmur. O hökumətin nəzdində yaradılan qurumdur. Hökumət məşğulluqla bağlı ciddi bir siyasət yerinə yetirməlidir, bu da özlüyündə özəl sektoru inkişaf etdirməlidir. Çünki özəl sektor zəif vəziyyətdə olanda dövlətin əli ilə, DOST mərkəzi ilə iş yeri açmaq uğurlu siyasət kimi görünmür. Çünki sən az maaşa hansısa bir iş yeri açırsansa, insanlar oraya getmir. Amma sən hansısa yüksək maaşa özəl sektora şərait yaradıb iş yeri açırsansa, ora daha çox insan cəlb olunur.

- Bu günlərdə bir məlumata da rast gəldim, ekspert açıqlama verdi ki, Azərbaycanda uşaq doğumu kəskin azalıb. Bir tərəfdən doğum azalır, digər yandan da yeniyetmələr narkomaniyanın toruna düşür...

- 2500-ə yaxın yetkinlik yaşına çatmamış qızların doğuş faktı var. Bu, çox təhlükəli faktdır. Digər tərəfdən, evlənmə sayı azalıb. Maraqlıdır ki, boşanmanın sayı 7 minədək artıb. Bu ailə institutunun çox ciddi deformasiyaya uğramasını göstərir. Ona görə də, məncə, bu sahədə daha sərt, amansız tədbirlər görmək lazımdır. Çünki bunun sonu doğru istiqamətə getmir. Evlənməməyin səbəblərinin böyük bir qismi də 30-35 yaşa qədər xeyli insanlar var ki, ev və işləri, sabaha zəmanəti olmadığına görə bu addımı atmır. Bir də beyin köçü çox baş verir. Xaricə gedənlərin sayı çoxdur. Gələcəyə təminatlı həyat əldə edə bilməyən insanlar, ola bilsin ki, daha çox aludəçiliyə meyl edirlər, həm də ailə qurmaqdan uzaq dururlar. Bunu təmin etmək lazımdır. Bu da birinci növbədə rifahı qaldırmaq, işsizliklə bağlı problem çözməkdir. İş həyatını canlandırmaq lazımdır ki, artıq müəyyən dərəcədə ailənin sosial səbəblər üzündən dağılmasına gətirib çıxaran proses baş verməsin. Təhsil ölmüş vəziyyətdədir. Təhsil çox bərbad vəziyyətdədir. Orta məktəb hədəfi olan uşaq yetişdirmir. Ona görə də hədəfsiz uşaqlar mütləq haradasa narkomaniyanın girdabına düşür.

- Yəni hər şey ideoloji boşluqdan qaynaqlanır?

- Əlbəttə. Bir çox boşluqlar var, hələ təhsilin fəlsəfəsini biz tapa bilməmişik ki, nə yetişdiririk? Hamısı da gəlib sonra bu cür ağır nəticəyə çıxarır.

- Fazil bəy, biz narkomaniyanın Azərbaycan seqmentinə toxunduq. Xarici ölkələrə baxanda hətta rifah səviyyəsi şox yuxarı olan ölkələrdə də narkomaniya geniş yayılıb…

- Məsələ burasındadır ki, komfortdan da narkomaniyaya meyllilik var. Digər tərəfdən, orada bir sıra narkotik vasitələrin çəkilməsi leqallaşıb, açıq satışda da var. 

- Sizcə, bu doğru qərardır? Məsələn, qonşu Gürcüstanda marixuana istifadəsi leqaldır...

- Elə yerlər var ki, orada aludəçi adamların xəstəliyinin müalicəsi kimi bunu qəbul etməsi daha doğrudur. Amma bunu müzakirə etmək lazımdır. Cəmiyyətin də rəyi burada önəmlidir.

- Bizdə də nə vaxtsa belə bir qanun qəbul edilə bilər?

- Ola bilər. Aludəçi olan şəxslərin müəyyən dərəcədə problemini çözmək üçün bunu etmək olar. Amma sonrakı mərhələdə ancaq narkomandır deyə istifadəçini həbs etmək çıxış yolu deyil.  

- Bəs leqallaşdırma cəmiyyətə nə verə bilər?

- Leqallaşdırma odur ki, bir var ancaq qeyri-rəsmi şəkildə, gizli şəkildə onu tapır… Bizdə narkomanın əslində cəmiyyətdə tanınmasına ehtiyac var. Bizdə tanınmır, bizdə gizli narkomaniya daha böyükdür. Xüsusilə də müəyyən orqanlarda bu hallar aşkara çıxarılıb. Ona görə də biz gizli narkomaniyadan əslində xilas olsaq, ən azından səviyyəni bilərik, insanlardan daha çox ehtiyatlı davranış əldə edə bilərdik.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az