Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş cinayətlərin sayı ilbəil artmaqdadır. Bunun üçün Dövlət Statistika Komitəsinin göstəricilərinə baxmaq yetərlidir. Hansı ki, rəqəmlər vəziyyəti bütün çılpaqlığı ilə əks etdirir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə gəlincə, 2022-ci ildə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əlddə etmə, saxlama, daşıma, göndərmə və ya satma üzrə cinayətlərin sayı 10157 (maddə 234), qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə üzrə cinayətlərin sayı isə 392 (maddə 237) olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayı 8587 nəfər olmuşdur ki, onlardan da əvvəllər cinayət törədənlər 2953, işləməyənlər və oxumayanlar 6248, qadınlar 229, işləyən qadınlar 225, əcnəbilər 43 nəfər olmuşdur.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin yaş bölgüsü belə olmuşdur: 8587 şəxsdən 13 nəfəri 14-17 yaşda, 2034 nəfəri 18-29 yaşda, 6540 nəfəri 30 və yuxarı yaşda olanlardır.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunanlara tətbiq olunmuş cəza tədbirlərinə gəlincə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunanların sayı 7498 nəfər olub ki, onlardan da cərimə edilənlər 10 nəfər, ictimai işlərə cəlb olunanlar 13 nəfər, islah işləri ilə cəzalandırılanlar 6 nəfər, azadlığın məhdudlaşdırılması ilə cəzalandırılanlar 2111 nəfər, müəyyən müddətə azadlıqdan məhrum olunanlar 5322 nəfər, şərti məhkum edilənlər 35 nəfər, digər cəza tədbirləri ilə cəzalandırılanlar 1 nəfər olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı azadlıqdan məhrum edilənlərin cəza müddətinə görə bölgüsünə, yəni müəyən müddətə azadlıqdan məhrum olunanların sayına gəlincə, bu, 5322 nəfər olub ki, onlardan da 2 ilə qədər həbs cəzası alanlar 2763 nəfər, 2 ildən 5 ilə qədər həbc cəzası alanlar 1061 nəfər, 5 ildən 10 ilə qədər həbs cəzası alanlar 1336 nəfər, 10 ildən 20 ilə qədər həbs cəzası alanlar 162 nəfər olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunanların tərkibi barədə isə deyə bilərik ki, bu, 7498 nəfər təşkil edir. Onlardan da 7338 nəfəri kişilər, 160 nəfəri qadınlar, 14 nəfəri 14-17 yaşda olanlardır. Bu təqdim olunan rəqəmlər 2022-ci ilin statistikasıdır.
2023-cü ilin statistikasına gəlincə isə, il tamamlanmadığına görə yekun statistika təqdim olunmayıb. Amma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış 19533 cinayət hadisəsinin 5884-ü və ya 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çoxdur.
Bildirilib ki, onların 61,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 şəxs müəyyən edilib. Onların 35,7 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Yəni göstərilən 4225 rəqəminin 35,7%-i residiv cinayətlərdir ki, bu da az cüzi göstərici deyil, əksinə “SOS” həyəcan siqnalı verilməli məsələdir. Cinayət törətmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunub, 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 71,3 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
Bunlar rəsmi statistikanın verdiyi rəqəmlərdir. Nəzərə almaq lazımdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayının 5884 olması və bunun da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çox olması vəziyyətin düzəlməyə doğru deyil, əksinə daha da pisləşməyə doğru getdiyini göstərir.
Yeri gəlmişkən, Penitensiar Xidmətdən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunanların sayına dair 2023-cü ilin yanvar-iyun aylarının statikstikası haqda ətraflı məlumat əldə etmək istəsək də, buna nail olmadıq. Çünki, nədənsə, bu rəqəmlər “dövlət sirri” kimi saxlanılır. Bəs, bu məxfiliyin prosesin çözümündə hansısa müsbət rolu qeyd oluna bilərmi? Xeyr! Prosesin vurduğu zərərin miqyasını görmək üçün onun rəqəmlərdə əks olunmuş real durumunu görməliyik.
Bəs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı ilə yanaşı, narkotik istifadəçilərinin sayı ilə bağlı real statistika nə yerdədir? Rəsmi statistikaya görə, hazırda ölkədə 35 600 nəfər narkoman qeydiyyatdadır. Əslində isə real rəqəmlər daha çoxdur. Çünki çox narkotik istifadəçiləri rəsmi qeydiyyatdan yayınırlar. Bu günlərdə narkoekspert Emil Maqalovun Stopnarkotik.az saytında yazdığı məqalədə də bildirdiyinə görə, hazırda Azərbaycanda statistikanın görə bilmədiyi təxminən 300 min insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir. Yəni narkomaniya ilə bağlı rəsmi statistikada 36 min civarında narkoman olduğu bildirilir, lakin bunlar könüllü və ya məcbur olaraq tibbi reyestrə daxil olanlardır.
Emil Maqalov
Ekspert bildirir ki, tibb müəssisələri ildə 5 mindən çox insanı narkomaniyadan müalicə edə bilməz. Maqalov qeyd edir ki, onun statistikasına görə, Azərbaycanda narkomanların ümumi sayının 10%-i məktəblilər, 50%-i 16-30 yaşlı gənclər, 40%-i yaşlı insanlardır.
Narkotik istifadəsinin “cinayətə açılan potensial qapı” rolunu oynadığını göz önünə alsaq, deməliyik ki, elə potensial narkotik cinayətkarlığına namizdələrin sayının da 300 min civarına yüksələcəyi ehtimalını diqqətdən qaçırmamalıyıq. Bir sözlə, təhlükənin miqyası vahimə doğurur. Hələ ilin əvvəlində Milli Məclisin deputatı Jalə Əhmədova da rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirərək, “Regionlarda narkotik problemi bu gün əsas məsələdir. Bu məsələni sırf DİN-in öhdəsinə buraxa bilmərik. QHT və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu, böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu, genofondun məhvi deməkdir”, - deyə açıqlamışdı. Əgər rayonlarda hər 10 evdən 9-da narkotik problemi varsa, böyük ehtimalla problemin miqyası 300 min rəqəmini də “aşır”.
Jalə Əhmədova
Vurğulamaq yerinə düşər ki, ölkədə reabilitasiya mərkəzlərinin günbəgün artması da təşviş yaradan nüanslardan biridir. Hazırda Azərbaycanda 150-yə yaxın reabilitasiya mərkəzi fəaliyyət göstərir. Onların hər birində orta hesabla 20-40 arası narkotik aludəçisinin müalicə olunduğunu nəzərə alsaq deməliyik ki, həm artım tempi, həm onların dolu olması reabilitasiya mərkəzlərinin fəaliyyətinin zərurətindən xəbər verir. Bu da o deməkdir ki, narkomanların sırasına yenilərinin qatılması prosesi ləngimir.
Daha bir məqam. 2022-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 8587 şəxsdən 2953 nəfəri təkrar cinayət törədənlər, yəni residivdirsə, 2023-cü ilin ilk 6 ayında isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 şəxsdən 35,7 faizini əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edibsə və bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdursa, fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Belə təəssürat yaranır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin mühüm hissəsinin residiv olmasında hakimlərin bir çox narkotik alverçilərini bəraətlə azadlığa buraxması da öz "töhfəsini verir". Əlbəttə, məhkəmə zalından azadlığa çıxacağına zəmanəti olan şəxsi “ağ ölüm ticarəti”ndən heç nə çəkindirə bilməz. Odur ki, “ölüm tacirləri”ni azadlığa buraxan hakimlərin fəaliyyəti də ayrıca araşdırılmalıdır.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az
P.S. Mövzunu davam etdirəcəyik.