“... bu, Azərbaycandan ümumi istehlak məqsədilə çıxan vəsaitin 10 faizinə yaxındır”
2023-cü ildə ölkəmizdə müsadirə edilən 7,058 tondan artıq müxtəlif növ narkotik vasitələrin 4,211 tonunu, yəni 59,6 %-ni marixuana təşkil edib. Bu narkotikin 3,666 tonu (87%-i) xarici ölkələrdən, şübhəsiz ki, böyük əksəriyyəti İrandan gətirilib. Rəsmi mənbələrə görə, 545 kiloqramı (13 %-i) isə Azərbaycan ərazisində qanunsuz kultivasiya edilib.
İran istehsalı olan marixuananın 1 klioqramının qiymətini 6 000 manatdan hesablasaq (6000 X 3 666 kiloqram = 21 996 000 manat (21 milyon 996 min manat), təxminən 22 milyon manat, maksimum qiymətlə isə (8000 X 3666 kiloqram = 29.328.000 (29 milyon 328 min manat) 30 milyon manata yaxın vəsait edir. Qeyd edək ki, hazırda “qara bazar”da İran marixuanasının topdan qiyməti hər kiloqrama görə 6-8 min manat, pərakəndə qiyməti isə 20-25 min manatdır. Buradan da belə anlaşılır ki, İran narkotiki ölkəyə gətiriləndə ilkin mərhələdə topdan qiymətə bazara paylanır, sonra isə tək-tək müştərilərə “xırıd edilir”.
Əlbəttə, biz sadəcə “qara bazar”da ən ucuz qiymətə satılan marixuana haqda rəsmi rəqəmləri diqqətə çatdırdıq. İrandan gətirilən digər nov narkotik vasitələrin, məsələn, heroinin qiyməti bundan on dəfələrlə çoxdur ki, onun satışından əldə olunan gəlir milyonlarla deyil, yüz milyonlarla ölçülür.
Məsələnin ən təhlükəli tərəfi odur ki, bu pulların bir qismi kriminal qrupların əlində cəmləşir. Hansı ki, onlar hər zaman ölkəmizdəki stabillik üçün böyük başağrısına çevirlə bilərlər.
Digər tərəfdən, təkcə rəsmi statistikalara əsasən deyə bilərik ki, ötən il - 2023-cü ildə Azərbaycanda müsadirə olunan 7 ton 058 kq narkotikin və psixotrop maddələrin ümumilikdə dəyəri 281 milyon 484 min AZN kimi qiymətləndirilir. Nəzərə alsaq ki, bu məbləğ təkcə müsadirə olunan narkotikin qiymətidir, realizasiya olunan və alıcısına çatan narkotikə sərf edilən məbləğ, daha doğrusu, buradan əldə olunan gəlir fantastik həddə çatır, bəlkə də milyardlarla ölçülür. Belə olduğu halda, daha bir məsələ gündəmə çıxır ki, narkotikdən gələn pullar ölkənin iqtisadi sferasında nə qədər təsir gücünə malikdir? Bu və digər suallara iqtisadçı Rəşad Həsənovla söhbətimizdə cavab tapmağa çalışdıq.
- Rəşad bəy, rəsmi məlumata əsasən, Azərbaycanda il ərzində müsadirə olunan narkotik vasitələrin ümumi dəyəri 281 milyon manatdan çoxdur. Nəzərə alsaq ki, müsadirə olunan narkotik vasitələr ölkəyə daxil olan narkotikin çox az hissəsidir, deməli, narkomafiyanın əlində daha böyük pullar cəmləşir. Sizcə, bu vəsaitin Azərbaycan iqtisadiyyatına təsir mexanizmi varmı?
- Düzü, bu barədə danışmaq istəməzdim. Çünki bəzi şeylər var ki, onu iqtisadi faydalarla heç cür izah etmək olmaz. Bundan başqa, bu mənim sahəm deyil. Həm də bu sahədə araşdırmam yoxdur. İstənilən halda sərt mübarizə aparılmalıdır. Bəsit bir şey deyim. Azərbaycan vətəndaşı ölkədə ümumi dərman məhsullarına il ərzində 1,2-1,5 milyard manat pul xərcləyir. Yəni ən bəsit nisbətdə götürsək, tutulan narkotikin həcmi təxminən beşdə birə nisbətdə olsa - burada çox böyük bir dövriyyə olduğu ilə bağlı statistikam yox, şəxsi müşahidələrim var – yəni bu miqyasda götürsək, bu o deməkdir ki, Azərbaycandan dərman vasitələrin alışına çıxan vəsaitin həcmi qədər təxminən bu ölkədə narkotik vasitələrin istifadəsinə pul çıxır. Bu kifayət qədər ciddi faktdır. Təsəvvür edin ki, Azərbaycanın ümumi idxalı təxminən 17-18 milyarddır, yaxud 20 milyard manat ətrafındadır. Və dövlət idxalını da nəzərə almasaq, daha doğrusu, əhalinin istehlak məqsədli idxalı 13-14 milyard manat, maksimim 15 milyard manat olub, ölkədən narkotik vasitələr üçün 1,5 milyard manat vəsait çıxırsa, bu o deməkdir ki, Azərbaycandan ümumi istehlak məqsədilə çıxan vəsaitin 10 faizinə qədər vəsait çıxır. Bu kifayət qədər iri göstəricidir. Bu, eyni zamanda tədiyyə balansında mili valyutanın məzənnəsi üzərində müəyyən təzyiqlər formalaşdırır. Dediyim kimi, bunlar daha çox texniki məsələlərdir. Aydındır ki, bunun ən böyük fəsadı insanların həyatını məhv etməsidir.
- Sizcə, Azərbaycandan narkotikə axan bu vəsait ölkədə qiymətlərin dəyişməsinə təsir göstərirmi?
- Xeyr, bu tamamilə başqa məsələdir. Bu məqsədlə çıxan pul pomidorun bahalaşmasına təsir göstərmir. Bu məsələni bir az daha dərindən təhlil etsək, görərik ki, əslində, bu məqsədlə çıxan pul ölkədə real alıcılıq gücünü aşağı salır. Kimsə evindən pulu aparıb narkotikə verirsə, onun alıcılıq gücü düşür. Alıcılıq gücü düşdüyünə görə, bazar da aşağıya gedir, nəinki yuxarı qalxır. Bu amilin qiymətlərə aşağı düşmək təzyiqi ola bilər, amma bu pozitiv təzyiq deyil.
- Təxmini hesablamalara görə, narkotik ticarətindən gələn vəsait milyonlarla deyil, milyardlarla ölçülür. Azərbaycan kimi ölkələrdə bu vəsaitin kriminogen durumu gərginləşdirmək imkanı varmı? Nəzərə alsaq ki, bu narkotik pullarının bir hissəsi kriminal ünsürlərin əllərində cəmləşir.
- Xeyr, mən belə düşünmürəm. Mən düşünmürəm ki, bu tam nəzarətsiz bir sahədir. Mən bilmirəm həmin vəsait kimin əlində cəmləşir, bu mənim üçün mübahisələndirilə bilən sahədir. Bəlkə mənim əlimdə cəmləşir? Ola bilər ki, bəlkə mən səlahiyyətliyəm və səlahiyyətimdən sui-istifadə edib, belə bir bazar formalaşdırıram, oradan faydalanıram? Yəni bu kifayət qədər mürəkkəb məsələdir.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az