Əlibaba Rzayev: “Cəza yox, onu törədən səbəblər aradan qaldırlmalıdır ki, ümumiyyətlə cinayət törədilməsin”
“Narkobaronlar ya vəzifəli şəxslər tərəfindən himayə olunurlar, ya da bu işləri təşkil edən, onunla məşğul olan elə bilavasitə vəzifəli şəxslərin özləridir”
Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin əsas hədəflərindən birinə çevrilib. Çünki bu bəla əsasən yeniyetmə və gənclərimizi hədəf alıb ki, dövlətimizin gələcəyi də məhz onlardan asılıdır.
Lakin təəssüflə qeyd olunmalıdır ki, müvafiq qurumlar bu sahədə ardıcıl mübarizə aparsa da, illərdir problemin həllinə nail olmaq mümkün deyil. Bu isə cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, ölkəmizdə narkoticarət yüksək səlahiyyətli məmurlar tərəfindən himayə olunduğundan, bu bəlanın kökünü kəsmək olmur. Bu, həm də onunla izah olunur ki, indiyədək narkotiklə əlaqədar on minlərlə insan həbs olunsa da, aralarında bircə nəfər də vəzifəli şəxs yoxdur. Deməli, problemin həlli üçün ilk növbədə narkotiki himayə edən məmurları ortaya çıxarmaq lazımdır. Bəs, bu, necə mümkündür? Ümumiyyətlə, qanunvericilikdə narkomafiyanı himayə edən vəzifəli şəxslərlə bağlı ayrıca cəza mexanizmi nəzərdə tutulur? Stopnarkotik.az-ın bu və ya digər suallarına tanınmış hüquqşünas Əlibaba Rzayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Əlibaba müəllim, narkotik ticarətini himayə edən şəxslərlə bağlı qanunda hansı cəzalar nəzədə tutulub?
- Burada himayədarlıq yox, ümumiyyətlə iştirakçılıqdan söhbət gedir. Cinayətdə “iştirakçılıq” anlayışı var. Cinayətin təşkilatçısı, köməkçisi, təhrikçisi və icraçısı var. Yəni bu “iştirakçılıq” anlayışına daxil olan məsələlərdir. İştirakı da konkret olaraq hadisədə olan roluna görə müəyyənləşdirilir. Yəni bu şəxs cinayətin təşkilatçısı, köməkçisi, təhrikçisi, yoxsa icraçısıdır? Bu, onun roluna görə müəyyənləşdirilir.
- Bəs iştirakçılar vəzifəli şəxslər olanda?
- Fərq etməz, istər vəzifəli şəxs olsun, istər də vəzifəsi olmasın, orada söhbət iştirakçlıqdan gedir. Bir də, ola bilsin ki, bu cinayət hadisəsi qabaqacadan hazırlanmış mütəşəkkil dəstə, cinayətkar təşkilat tərəfindən törədilə bilər. Burada cinayətin məzmun məsələsi ortaya çıxır. Cinayətkar təşkilatın yaradılmasının özü də cinayət məsuliyyəti doğurur. Bu da cinayət əməlidir. “Narkobaronlar” deyilən məfhum var. Narkobaronlar adətən bu işin təşkilatçıları olurlar. Onlara el arasında narkobaron deyirlər. Narkobaronlar cinayət təşkilatları yaradaraq bu işlə məşğul olurlar, buna rəhbərlik edirlər. Fərqi yoxdur, vəzifəli şəxs olsun, qeyri-vəzifəli şəxs olsun, o “iştirakçılıq” anlayışına daxil olan məsələdir.
- Amma nəzər alaq ki, vəzifəli şəxslər bu işləri törədərkən dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə edirlər...
- Bu iştirakçılıqdır. Ola bilsin ki, o vəzifəli şəxs səlahiyyətindən istifadə edərək cinayətin törədilməsinə kömək göstərsin. O, burada köməkçi olacaq. Yaxud cinayəti təşkil edərək, o işin başında dayana bilər. O, həm cinayətkar təşkilatın yaradılmasına rəhbərlik etdiyinə, həm də narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə cinayət əməlində konkret iştirak etdiyi üçün məsuliyyət daşımalıdır. Vəzifəl şəxslər əsasən səlahiyyətlərindən sui-istifadə edərək bu işləri görə bilirlər. Səlahiyyət sahibi olan şəxslərin bu işləri görmək imkanları daha çoxdur.
“Səlahiyyət sahibi olan şəxslərin bu işləri görmək imkanları daha çoxdur”
- Səlahiyyətləri olmayan şəxslər də himayəçi ola bilməzlər...
- Narkotik dövriyyəsi o qədər mürəkkəb məsələdir ki, himayə olmadan onu təşkil etmək, ona rəhbərlik etmək mümkün deyil. Mütləq orada müəyyən səlahiyyət sahibəri olmalıdır ki, bu işə yardımçı olsunlar. Xüsusilə bu işlərlə məşğul olan narkobaronların cinayət məsuliyyətinə cəlb edilməməsi... Son dövrlərdə mən xatırlamıram ki, belə cinyətkar təşkilatın qurulması ilə məşğul olan bir adam məsuliyyətə cəlb olunub. Bu da onu göstərir ki, həmin adamlar ya vəzifəli şəxslər tərəfindən hmayə olunurlar, ya da bu işləri təşkil edən, onunla məşğul olan elə bilavasitə vəzifəli şəxslərin özləridir.
- Məhz vəzifəsindən istifadə edərək bu cinayəti törədənlərə qarşı işçtirakçılıqla bağlı cəzalar nəzərdə tutulur, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə yox?
- İştirakçılığın 4 növü var. Bu adam iştirakçıdırsa, ya təşkilatçıdır, ya köməkçidir, ya təhrikçidir, ya da icraçıdır. Qanunvericilik iştirakçılığın təsnifatını belə verib. Yəni vəzifəli şəxslər burada ya köməkçi, ya da təşkilatçı ola bilirlər. Təhrikçi də ola bilirlər. Yaş həddi çatmayan müəyyən adamların cinayətə cəlb olunması təhrikçilik kimi də qiymətləndirilə bilər. Həm də cəzalarda icraçılıq kimi də qiymətləndirilməsi mümkündür. Bu, iştirakçılıq səviyyəsində araşdırılıb qiymət verilməli məsələdir.
- Əlibaba müəllim, bu sualı təkrar-təkrar verməyim səbəbsiz deyil. Sizcə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək narkobiznesi himayə edənlərə xüsusi cəzalar tətbiq olunnmalıdırmı?
- Bunun üçün də ayrıca normalar var. Məsələn, Cinayət Məcəlləsində 308-ci maddə var, 309-cu maddə - vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma kimi normalar var. Əgər onun əməlində konkret olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə halı varsa, burada artıq cinayətlərin məcmusu dəyişir, ona cinayət işi açılmaldıır.
- Bu normalar nə qədər sərtdir?
- Ən sərt olan narkotik maddələrin qanunsuz dövriyyəsidir. Cinayətkar təşkilat yaratmaq da ən sərt məsuliyyət yaradan cinayət əməlləridir. 308-ci maddənin də ağır sanksiyası var. Amma narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə müqayisədə böyük sanksiya nəzərdə tutulmayıb.
“Cəzanın sərtləşməsi cinayətlərin qarşısını almaq üsulu deyil...”
- Sizcə, cəzalar daha da sərtləşdirilməlidirmi?
- Mən hesab edirəm ki, bu normalar kifayət qədər sərtdir. 308-ci maddə - vəzifə səlahiyyətlərindən sui-istifadə - 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Düzdür, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə sanksiya daha böyükdür, maddənin miqdarına uyğun olaraq. Cinayətkar təşkilat yaratmağın özü də, səhv etmirəmsə, 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Əslində, bu cəzaların sərtləşdirilməsi probemin həll yolu deyil. Cəza sərtləşsə belə, tutaq ki, 308-ci maddə ilə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulursa, lap qoy bu cəza 7 ilə qədər yox, 14 ilə, 20 ilə qədər olsun, cəzanın sərtləşməsi cinayətlərin qarşısını almaq üsulu deyil. Bu cinayətin yaradılma, törədilmə səbəbləri araşdrılmalıdır. Bu səbəblərin aradan qaldırılması istiqamətində işlər görülməlidir. Və cəzanın ağırlığı heç də o cinayət əməlinin azalmasına gətirib çıxaran faktor deyil. Cəza yox, onu törədən səbəblər aradan qaldırlmalıdır ki, ümumiyyətlə cinayət törədilməsin.
- Siz dediyiniz səbəbləri necə aradan qaldırmaq lazımdır?
- Konkret olaraq onu yaradan səbəb nədir, onu araşdırmaq lazımdır. Bu, bir-iki cümlə ilə izah ediləsi məsələ deyil. Məsələn, narkotik maddələrin qanunsuz dövriyyəsinə insanlar nəyə görə cəlb olunurlar? Xüsusilə, sadə insanlar... Əslində maddi ehtiyac üzündən cəlb olunurlar...
- Bəli, amma sadə insanlar. Təəssüf ki, bu fikri məmurlar haqda demək mümkün deyil...
- Bunu gərək həmin insanları vəzifəyə seçəndə müəyyən edəsən ki, kimləri seçirsən. Onun təhsili, şəxsiyyəti, keçmiş həyatı və s. nəzərə alınmalıdır. O şəxsə səlahiyyət verirsənsə, onu tanımalısan, bilməlisən. Yəni onun həm imkanlarını, bilik və bacarıqlarını, eyni zamanda şəxsi keyfiyyətlərini bilməlisən, bələd olmalısan. Ona səlahiyyət verirsənsə, mütləq bunlar yoxlanılmalıdır. Sadəcə əlində diplom olduğuna görə hansısa şəxsə səlahiyyət vermək olmaz. Araşdırma olmalıdır, onun şəxsiyyətini xarakterizə edən hallar da nəzərə alınmalıdır. Özü də, baxır, hansı səlahiyyətlərin verilməsindən söhbət gedir. Daha geniş səlahiyyətlərə malik olan insanlar, təbii ki, daha çox təftiş olunmalıdırlar. Bu da səbəblərdən biridir.
“Əgər əmlak cinayətkar fəaliyyət nəticəsində əldə edilibsə, müsadirə olunmalıdır”
- Bəs narkobiznesi himayə, yaxud idarə edən şəxslərin əmlakının müsadirəsi qanun halına salınmalıdırmı?
- Ümumiyyətlə, müsadirə məsələsi təkcə konkret narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə tətbiq oluna bilməz. Bu, ümumi bir məsələdir, ya olmalıdır, ya da olmamalıdır. Bu məsələ artıq həm də siyasi yanaşma tələb edir. Qanunvericilikdən əmlak müsadirəsi cəzalarını çıxarıblar. Bu, əvvəllər var idi. İndiki qanunvericlikdə əmlak müsadirəsi yoxdur. Xüsusi bir müsadirə anlayışı var, onu saxlayıblar. Xüsusi müsadirə cinayətkar fəaliyyət nəticəsində əldə olunan əmlakın müsadirəsidir, buna yol verilir. Əslində, bu, normaldır, bunun saxlanılması kifayət edir. O əmlak ki cinayət yolu ilə əldə olunub, əlbəttə, onun müsadirəsi qanuni əsaslıdır. Amma o əmlak ki cinayət yolu ilə əldə olunmayıb, şəxs 35-40 il öz zəhməti ilə çalışıb və əmlak əldə edib, törətdiyi cinayət əməlinə görə nəyə görə onun 30 ildə qazandığı əmlak müsadirə olunmalıdır?! Bu, düzgün yanaşma deyil. Əgər o əmlak həmin cinayətkar fəaliyyət nəticəsində əldə edilibsə, əlbəttə, müsadirə olunmalıdır. Cinayət Məcəlləsində bu norma saxlanılıb. Bu məsələlər o çərçivədə tənzimlənə bilər.
Mən hesab edirəm ki, əmlak müsadirəsi ilə bağlı indiki vəziyyət normaldır. Əvəllər sui-istifadə var idi. Əmlak cinayətkar fəaliyyət nəticəsində qazanılıb-qazanılmayıb, buna çox əhəmiyyət verilmirdi. Bir çox cinayətlərdə əlavə cəza kimi əmlak müsadirəsi nəzərdə tutulurdu. Sonradan onu çıxardılar, düzgün də etdilər.
- Sözsüz ki, narkobizneslə məşğul olanlar sahib olduğu əmlakı cinayət yolu ilə qazanırlar...
- Əlbəttə. Amma onu istintaq müəyyən edir. Yəni əmlakın cinayətkar yolla qazanılıb-qazanılmadığı istintaqın müəyyən etdiyi bir məsələdir.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az