"Zombi", yaxud canlı meyit... - Narkotikin gətirdiyi fəlakət / VİDEO, FOTOLAR

Bir neçə gün əvvəl ABŞ-ın Filadelfiya şəhərində pik həddə çatmış narkomaniya, narkotik istifadəsinin, xüsusilə sintetik narkotk istifadəsinin faicəvi fəsadları haqda yazı paylaşmışdıq. Sosial şəbəkələrdə və YouTube platformasında paylaşılan yeni video görüntülər yazılanların sübutu kimi çıxış edə və istinad materialı ola bilər.

Görüntülərdə də aydın şəkildə narkotik istifadəsinin insanı öz kimliyindən necə məhrum etdiyi, insanlıqdan çıxardığının aydın mənzərəsi ortaya çıxır. Bu görüntülər hazırda ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərinin insanlıqdan çıxmış və "zombi"lərə çevrilmiş evsiz və narkotik asılılarının mərkəzinə dönməsinin bariz nümunəsidir.

"Zombi"ləri xatırladan ABŞ-lıların ağrı-acıya qərq olmuş halları bir şəxs tərəfindən qeydə alınıb.

Görüntülər sözün əsl mənasında insanı məyus edir. Görün, narkotik insana öz kimliyini unutdurub, onu necə rəzil duruma salır.

Bu arada narkomaniya ilə mübarizədə narkotiki leqallaşdırmağı məsləhət görənlərin isə xoşniyyətli olduğu şübhə doğurur, çünki  nəticə göz qabağındadır. Bu metod effektiv olsaydı ortada nəticə olardı. Narkotiklər özünüməhv mexanizmidir. Silahsız-sursatsız, məsrəfsiz. Fikrimizcə, narkotiklə mübarizədə bu ağ zəhəri, xüsusilə sintetik narkotikləri leqallaşdırmağı məsləhət görmək, sadəcə, əlini ağdan qaraya vurmaq istəməyən, bu işə heç bir əmək sərf etmək istəməyənlərin tərcih etdiyi yol ola bilər.

Hesab edirik ki, iş bu məcraya gələnə qədər prosesə müdaxilə etmək mütləqdir. Prosesi başlı-başına qoymaq, iradəsi zəif, yaxud psixoloji travmaları, ya da hansısa şəxsi "gərəkçələri" üzündən sığınacağı narkotikdə görən, yan alacağı sahili narkotik alverçilərinin mərhəmətində görən insanları taleyin ixtiyarına buraxmaq olmaz. Və heç bir "gərəkçə" narkotik istifadəsinə haqq qazandıra bilməz. 

Stopnarkotik.az