Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU - FOTOLAR

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. İdarə etdiyi nəqliyyat vasitəsinin tanınmaması üçün dövlət qeydiyyat nişanlarını açan həmin şəxs müəyyən edildikdən sonra inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

"