TOY KARVANINDA AĞIR QƏZA - Ölən və xəsarət alanlar var / Yenilənib

Qubada toy karvanında ölən və yaralananların kimliyi məlum olub.

Məlumata əsasən, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.

***13:36

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. /apa