Perronda saxlanıldı, üzərindən 2 kilodan çox narkotik çıxdı... - FOTO

Dəmir yolu perronunda gəzən şəxsdə narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Bəxtiyar Şəmsi Şəmkir rayon Dəllər qəsəbəsindəki Dəmir yolu Vağzalının perronunda saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki torbadan 2 kq 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı XPŞ-də araşdırmalar davam etdirilir.