Narkotiklə əlaqədar həbsə düşənlər necə islah oluna bilər? - TƏHLİL

I YAZI

Kimsəyə sirr deyil ki, ölkəmizdə narkomanların faktiki sayı rəsmi rəqəmlərdə əks olunanlardan dəfələrlə çoxdur. Bu, rəsmi səviyyədə də etiraf edilir. Əlbəttə, statistik rəqmlərlə real mənzərə arasında 5-7 dəfə fərq olması da anlaşılandır. Ən azı onu deyə bilərik ki, cəmiyyətdə narkomana, narkomanlığa münasibət haqlı olaraq mənfi olduğundan istifadəçilər qınaqdan, stiqmadan qaçmaq üçün özlərini gizlədirlər. Hətta narkotiklə yaxalansalar belə, rəsmi qeydiyyata düşməmək üçün müxtəlif yollara əl atırlar...

Əlbəttə, narkotik istifadəsinin istənilən an kriminala açıq qapı olduğunu nəzərə alsaq, cəmiyyətin narkomanlardan uzaq durmasını başa düşmək olar. Amma burada bir haşiyə çıxmaq lazımdır ki, narkotikin tələsinə düşdüyünü anlayıb peşmançılıq keçirən, yenidən sağlam həyata qayıtmaq istəyən istifadəçilərin qınaq və stiqmaya məruz qalması ifrat reaksiyadır, əksinə mənəvi dəstək onların sağlam həyata qayıtmasına stimul verir deyə, biz də, cəmiyyət olaraq, dəstəyimizi əskik etməməliyik.

Burada əsas zərbə quru sərhədlərin bağlı olduğu halda narkotiki ölkəyə gətirmək qüdrətində olan, narkotik satış şəbəkəsini idarə edən, proses gedişində korrupsiya yoluyla dövlət idarəetmə strukturlarının içində lazımlı məmurları satın alan narkoticarətin sahiblərinə vurulmalıdır. Sözsüz ki, dövlət qurumlarının içində oturuşmuş, amma dövlətin mənafelərinə yox, narkoticarət sahiblərinə xidmət edən yüksək rütbəli məmurlar unudulmamalı, əksinə, xüsusi amansızlıqla cəzalandırılmalıdır. Ona görə ki, onlar narkoticarətə qulluq məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər.

Bəllidir ki, narkomanların müalcəsi uzunmüddətli və külli miqdarda xərc tələb edən, çətin prosesdir. Üstəlik, artıq həbsə düşənlərin bəziləri cəzaçəkmə müəssisələrində narkotik istifadəsinə davam edirsə, azadlığa çıxandan sonra “peşəkar bariqa”ya çevrilirsə, yaxud başqa cinayətlərlə həbsxanaya düşən məhbuslar burada narkotiklərlə tanış olur, daha sonra narkotiklə bağlı cinayətlər üzündən həbsə düşürsə(siyahını uzatmaq olar), residiv edən məhbusların islahı daha çətin olur. Bəs, narkotiklə bağlı cinayətlərin kökünü kəsmək tam mümkün olmasa da, minimuma endirmək üçün hansı vasitələri tətbiq etmək mümkündür?

Bu suala cavab axtarmazdan öncə qeyd edək ki, narkomanların rəsmi sayına demək olar, hər gün sükan arxasında narkotik istifadə etdiyi halda saxlanılan şəxsləri də əlavə etmək gərəkdir. Onların cərimə ilə canını qurtarması yolu doğru deyil. Narkoman hesab olunmaq üçün narkotik istifadə etmək yetərlidirsə, onlar da bu siyahıdan yan keçməməlidirlər.

**

Reabilitasiyaya gəlincə, proses müayinə, diaqnostika, dərman və peşəkar psixoterapevtik müalicə (əsasən 12 Addım proqramı) olmaqla psixoloji, davranışı, düşüncəni korreksiyaedici terapiya, sosial xarakterli hərtərəfli reabilitasiya qismində altı aydan 1,5 ilə qədər çəkə bilir. Cəmiyyətə reinteqrasiya daha 6 ay çəkir. Reabilitasiyadan sonra keçmiş narkomanların sosial reintqrasiyası ictimai sferada iş-əmək terapiyası ilə yekunlaşmalıdır. Narkomanların hərtərəfli reabilitasiyası və sosiallaşması üçün müalicə etaplarını özündə ehtiva edən standartın müəyyənləşdirilməsi və təsdiq edilməsi zəruridir. Yeni qanunvericiliyin hazırlanması, müalicənin təşviq sisteminin həyata keçirilməsi sxemini - narkomanlara alternativ müalicənin təyin və təmin edilməsi sistemini hazırlamaq lazımdır. Alternativ müalicə kimi Səhiyyə Nazirliyinin nəzdində çöldə olan narkomanları müalicəyə təşviq edən işlər aparılmalıdır. Amma ümumən qeydə alınan narkomanlar məcburi reabilitasiyaya cəlb oluna bilər. Yəni onların cinayətə bulaşmasından, hansısa cinayət əməlini törədəndən sonra həbsxanaya getməsindənsə məcburi reabilitasiyanı məcburi şərt kimi irəli sürmək daha faydalı olar. Narkoman olub-olmamağı onların öhdəsinə buraxmaq məntiqsizdir, üstəlik, bilə-bilə ki, narkotiklər kriminala gedən yoldur, yaxud da “peredoz”dan ölümdür…

Qeydiyyatda olan və könüllü olaraq müalicəyə müraciət edənlərin sayı ilə yardımın mütləq olduğunu dərk etməyən narkomanların sayı arasında böyük fərq var. Gerçəkdə nə qədər narkomanın olmasını aydınlaşdırmaq üçün narkotik sərxoşluğu halında olan şəxslərin qeydiyyatını aparmaq çıxış yolu ola bilər. Məsələn, narkotik sərxoşluğu halında avtomobil idarə edərkən və ya əyləncə obyektlərində reyd zamanı saxlanılan şəxsləri məcburi narkomüalicə müəssisələrində qeydiyyata almaq lazımdır. Beynəlxalq təcrübə göstərir ki, erkən narkomaniyaya qarşı tibbi, psixoloji, maarifləndirici və sosial tədbirlər kompleksi islah baxımından həbsdən daha çox müsbət nəticə verir. Aydındır ki, həbsxana özü insanı narkomaniyadan sağalda bilməz. Bunu Stopnarkotik.az-ın videomateriallarında sərgilənən insan hekayələri də sübut edir. Həbsxanada narkotikdən uzaq qalmış məhbus azadlığa çıxanda əvvəlki həyatına qayıdır, narkotikin qucağına atılır. Həbsdən çıxan insan cəmiyyətə küskün, sosial adaptasiyası bərbad olmuş, narkotik həvəsi əvvəlki ilə müqayisədə heç də azalmamış halda sərbəst buraxılır.

**

Həbsxanaya narkotiklə bağlı cinayətlər üzündən yolu düşmüş məhbuslar üçün reabilitasiya mərkəzi tipli mühit yaradılması yerinə düşər. Bu məqsədlə narkotik cinayətinə bağlı şəxslərin həbsxanasının ayrı olması məqsədəuyğundur. Digər tərəfdən, bu fəaliyyət Penitensiar Xidmətə aid cəzaçəkmə müəssisələrində ölkədə narkomaniyanın qarşısının alınmasını və profilaktikasını həyata keçirən quruma həvalə edilməli, oradan yönəldilməlidir.

Bu qurumun işinə müxtəlif sosiallaşma proqramları, məhbusların təhsili və peşə hazırlığı üçün resursların ayrılması, narkomaniyadan xilasetmə qruplarının və mərkəzlərinin yaradılması daxildir. Yeri gəlmişkən, bizdə bu sahə hələ ki, inkişaf etmədiyindən həbsdəki narkotik cinayətkarlarına ölkədəki reabilitasiya mərkəzlərindən təcrübəli kadrlar ödənişli şərtlə cəlb oluna bilər.

Haşiyə çıxaraq qeyd edə bilərik ki, digər cinayətlərə görə məhkum olunmuşlar üçün reabilitasiya bölmələri yaradılması da mümkündür.

Narkotkdən sağalmış ayıq insanların dinə laqeyd olmadığı, əksinə onların arasında xeyli insanların həyatlarına imanı daxil etdikləri sezilir. Çünki insan yalnız ətdən-sümükdən ibarət deyil, o mənəvi sferası olan varlıqdır. Türmə-reabilitasiya xarakterli təsisatda bu nüans nəzərə alınmalı, bu məqamın onların reabilitasiyalarında müsbət rolu varsa, müəyyən çərçivələrdə tətbiq oluna bilər. Onsuz 12 Addım proqramı mahiyyətcə mənəvi inkişaf, özünü cilovlama, insan olaraq özünü təkmlləşməni aşılayır.    

Bütün bu fəaliyyəti “Məhkumların Reabilitasiyası İdarəsi” adlı dövlət orqanı yaradaraq aparmaq olar. Bu qurum sosial müdafiə nazirliyinin tabeliyində, Penitensiar Xidmətlə koordinasiyada narkotik məhkumlarının və cəza müddətini başa vurmuş şəxslərin reabilitasiyası, onların cəmiyyətə uyğunlaşdırılması ilə məşğul olan tibbi-reabilitasiya üzrə müstəqil dövlət orqanı olaraq yaradıla bilər. İlk növbədə "bariqa" ləqəbli narkotik alverçilərinə könüllü təslim olacağı təqdirdə onlara güzəşt ediləcəyi, vəziyyətlərinin yüngülləşdiriləcəyi, reabilitasiya və sosial şərait yaradılacağı çağırışı edilməlidir. Qurumun onlarla fəaliyyətinə məhkumların özləri ilə yanaşı, həyat yoldaşları və uşaqları ilə iş də daxil olmalıdır. Qısacası, idarə məhbuslarla hələ həbsdə olarkən işə başlayır, onları həbsdən azadlığa hazırlayır və azadlığa çıxdıqdan sonra onlara bələdçilik edir. Psixoloji problemləri olan azadlığa buraxılmış məhbuslar da nəzərə alınmalıdır.

Yekun olaraq vurğulayaq ki, məhkumların məşğulluğu məqsədilə sahibkarlara həbsxanalarda fabrik və istehsalat müəssisələri açmağa imkan yaratmaq olar. Bunun üçün istehsalat prosesini elə cihazlarla etmək olar ki, məhbusların qrup halında və sifarişlə işləməsinə icazə verilsin, bununla da onlar gəlirlərini artırsınlar, həm də iş adamlarını buna həvəsləndirməkdən ötrü müvafiq işlər ərsəyə gətirilsin.  

“Məhkumların Reabilitasiyası İdarəsi”nin əsas funksiyaları bu istiqamətdə tənzimlənə bilər:

- Məhkumların reabilitasiyası strategiyasının formalaşdırılması;

- Onlar üçün azadlığa çıxmazdan əvvəl reabilitasiya proqramının hazırlanması;

- Məhkumların reabilitasiyası məsələlərində ictimai maarifləndirmənin formalaşdırılması;

- Keçmiş məhbusların sosial adaptasiyası və bundan irəli gələn problemlərinin həlli;

- Məhkumların ailələrinə cəza müddətində və azadlığa çıxdıqdan sonra dəstək, məhbusların ailəsinə, övladlarına yönəlmiş sosial layihələrinin hazırlanması.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az