XOŞBƏXT NARKOMAN OLMUR! - Öz zəlalətinə pul xərcləyənlər...

İnsanlar müxtəlif səbəblərdən narkotiklərin qurbanına çevrilirlər. Bəziləri dərddən, ümidsizlikdən, bəziləri problemlər qarşısında gücsüz qalanda təskinlik axtarışında çıxış yolu tapa bilmədiyi üçün özünü narkotiklə ovutmağa çalışır. Bəzilərinin maraqdan, bəzilərinin isə dünyada hər bir həzzin dadına baxdıqdan sonra yeni həzz sorağında narkotiklə yolu kəsişir.

Bəs narkotikdən təskinlik uman qurbanların "tunelin sonunda" onu nə gözlədiyi haqda təsəvvürü olurmu? Yəqin ki, yox. Çünki olsaydı, hələ də narkomanların sırasına yeni-yeni insanlar dəstə-dəstə qatılmazdı. Düzdür, demək olar ki, KİV-lərdə anti-narkotik təbliğatı aparılır. Amma narkotiklərin qapısı hələ "BAĞLANMAYIB". Bu qapını bağlamaqla birgə narkomanın necə çürüdüyü, necə canlı ölüyə çevrildiyi haqda bilgi də zəruridir. Ən azından gənc nəslin narkotiklərə immunitetli olması baxımından.

Narkotik istifadə etdikdən 2-3 ay sonra insan oxumaq və məhsuldar işləmək qabiliyyətini itirir, özünə qulluq etməyi dayandırır. İsitfadə müddəti artdıqca dərmanların təsiri adi gözlə görünməyə başlayır.

Görünüş dəyişir: süst mimika, laqeyd, "özünü itirmiş" üz ifadəsi, mənasız, hərəkətsiz donuq baxış, monoton nitq, pozulmuş və ya keyləşmiş motorika, solğunluq, sarımtıl rəng, dərinin elastikliyini itirməsi, gözlərdə, dırnaqlarda, saçlarda parıltının itməsi, dırnaqların parçalanması, saç tökülməsi, çəki itkisi. Çəki 10-15 kiloqram düşür. Narkomanlar öz yaşlarından çox yaşlı görünürlər.

Sinir sistemi (əsasən beyin) zədələnir. Tipik şəxsiyyət pozuntusu baş verir: yaddaş itkisi, düşüncənin pozulması, əhval-ruhiyyənin əsəbilikdən apatiyaya, depressiya və melanxoliyadan arxayınlıq vəziyyətinə keçməsi baş verir. İstəklər tədricən sönür, normal insan emosiyaları və iş bacarıqları itir, əxlaqi-mənəvi keyfiyyətlər çox tez azalır. Yalançılıq, aldatma, cavabdehlik hissini itirmə, özünü qiymətləndirmə narkomanların xarakterik xüsusiyyətlərinə çerilir. Şəxsiyyətin deqradasiyası gedir, insanın fikri-zikri yalnız və yalnız narkotik olur. Narkotik geri dönüşü olmayan əqli zəifliyə gətirir.

Psixoz. Həm narkotik qəbul etdikdən sonra, həm də “lokma” zamanı psixoz narkomanın qalıcı xüsusiyyəti olur. Kəskin psixozlar şiddətli narahatlıq, qorxu, şübhə, şüurun pozulması, o cümlədən vizual, eşitmə və toxunma halüsinasiyalar və sayıqlama ilə özünü biruzə verir.

İmmun sistemi dağılır. Orqanizm gigiyena qaydalarına əməl edilməməsi nəticəsində yaranan müxtəlif xəstəliklərlə çox pis mübarizə aparır: irinli-infeksion ağırlaşmalar, hepatit B və C, QİÇS, sepsis baş verir.

Həzm sistemi dağlır. Həzm pozulur, bu da çox çəki itkisinə və ciddi tükənməyə səbəb olur. Tez-tez qəbizlik, qusma və ürəkbulanma olur. Həzm orqanlarının nekrotik lezyonlarına, mədə xoralarına, yemək borusuna tez-tez rast gəlinir.

Qaraciyər. Qaraciyərin zədələndiyinə görə, onda iltihablı, konjestif və ya distrofik proseslər özünü göstərir.

Ürək. Narkotik aludəçiləri üçün infarkt riski kəskin şəkildə artır.

Tənəffüs sistemində xroniki iltihab gedir, iybilmə hissi azalır və itir. Narkomanlarda qıcıqlandırıcı öskürək ilə müşayiət olunan bronxial astma, xroniki bronxit, traxeit baş verir.

Nəsilartırma orqanları. Bütün kişi narkomanlarda gec-tez impotensiya, qadınlarda isə cinsi frigidlik inkişaf edir. Narkoman olan analarda hamiləlik çətin olur, fəsadlarla müşayiət olunur, düşük və vaxtından əvvəl doğuş riski yüksəkdir. Doğuşdan sonra uşaqlar zəif inkişaf edir, inkişafdan geri qalırlar, tez-tez xəstələnirlər. Narkoman anadan doğulan uşaqda həyatının ilk saatlarından narkomaniya əlamətləri görünür.

Digər insanlarla müqayisədə narkotik istifadəçilərində intihar meylləri 5-20 dəfə artır.

Müxtəlif bədbəxt hadisələr, intiharlar, həddindən artıq dozadan ölüm, zorakılıq, xəsarətlər, həmçinin müxtəlif somatik xəstəliklər nəticəsində vaxtından əvvəl ölüm yüksək olur. Gənc yaşdan narkotik istifadəsindən ölənlərin orta yaşı 36-nı keçmir.

Sosial nəticələr və ya sosial asılılıq insanın cəmiyyətin bir hissəsi olmaqdan çıxmasında özünü göstərir. Əvvəllər əhəmiyyətli, əziz və sevimli olan hər şey mənasını itirir. Valideynlərin övladına kömək etmək cəhdləri onu qıcıqlandırır və qəzəbləndirir. İşdə və təhsildə problemlər yaranır. Əxlaq normaları anlayışları bulanıqlaşır ki, bunun da nəticəsi həbs olur. Narkoman öz həyatını narkotikə, dost-tanışa çıxışı asanlaşdırmaq üçün uyğunlaşdırır, onun bütün sosial fəaliyyəti narkotiklə bağlıdır və o, narkotik olmadan cəmiyyətlə necə münasibət quracağını bilmir.

İndi deyin əziz gənclər yaxud narkomaniya yolunun lap başında duranlar – bütün bunlara dəyərmi? Bu zəlaləti pulla almağa dəyərmi?

Stopnarkotik.az