Əlibaba Rzayev: “Bəzən hansısa şəxsi narkotiklə əlaqədar saxlayan əməliyyatçılar məhkəmədə suallara cavab verə bilmirlər”
“Adam nə içki içəndir, nə siqaret çəkəndir, guya, üzərində narkotik vasitə aşkarlanıb…”
Narkotik ticarətinə qarşı mübarizənin əsas hədəflərindən biri - bu şəbəkənin hərəkətverici çarxlarından olan narkodilerlərin – “ağ ölüm” satanların “aradan qaldırılması”dır. Düzdür, bundan da vacib məsələ narkoticarətin başında duran şəxslərin həbs edilməsidir. Amma madam ki, hazırda buna gücümüz çatmır, yaxud hansısa səbəblərdən onlar “əlçatan” deyillər, ən azı bu çirkli alverin “ortabab vintləri”nin təmizlənməsinə çalışmaq olar.
Əlbəttə, Azərbaycanda indiyə qədər keçirilən narkotik əməliyyatları zamanı xeyli sayda “bariqa” dəmir barmaqlıqlar arasına salınıb. Lakin nədənsə bu vəziyyət narkotik alverini “söndürmür”, əksinə, ölkəmizdə narkobiznes getdikcə “çiçəklənir”. Halbuki, sadə məntiqlə bunun əksi müşahidə olunmalı idi. Belə deyilsə, demək, həbsə atılan “bariqa”lar ya içəridə islah olunmurlar, müəyyən yollarla qısa müddətdə azadlığa qovuşub yenidən öz qanunsuz əməllərini davam etdirirlər, ya da narkotacir adı altında qoluna qandal vurulanlar bu biznesin əhəmiyyətsiz fiqurlarıdır. Hətta bəzi hallarda günahsız insanların da “narkotik alverçisi” adı altında zindana atıldığı iddia olunur…
Bir daha o məsələyə qayıdırıq ki, ölkədə narkotik vasitələrin ticarəti dayanmırsa, deməli, onun çarxları olan alverçilər içəridə deyil, çöldədir. Bəs, necə olur ki, əsl “bariqa”lar həbsdən yayına bilir və tam təhülkəsiz bir şəraitdə şıdırğı alverlərini davam etdirirlər? Onları himayə edənlər kimlərdir?
Bu və digər suallara tanınmış vəkil Əlibaba Rzayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Əlibaba müəllim, narkotiklə bağlı saxlanılanların içərisində qurama ittihamlarla həbsə atılanların olduğu haqda iddialar var. Sizcə, belə hallar mövcuddursa, onların qarşısını necə almaq və ümumiyyətlə, bu sahədə şəffaflığa nail olmaq üçün qanunvericllikdə hansı yenilikləri etmək olar?
- Əsasən qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Xüsusilə o məqamda ki, əməliyyatçılar başqa bir cinayətlə bağlı gəlirlər, amma əllərində tutarlı əsasları yoxdur, şəxsi saxlayırlar, sonra aktlaşdırırlar ki, guya onun üzərindən narkotik vasitə aşkarlanıb. Bununla cinayət işi açır, sonra əsas hədəfə getməyə başlayırlar. Ki, hansı səbəblə onu saxlamaq, məsuliyyətə cəlb etmək istəyirdilər. Bax, belə hallar, faktlar mövcuddur.
Yəni əməliyyatçılar şəxsi saxlayırlar, sonra guya aktlaşdırdılar ki, axtarış etdilər, üzərindən narkotk vasitə çıxdı. Bunu da sonradan sübut etmək bir az çətin olur. Düzdür, müəyyən sorğu-suallarla hiss edirsən ki, məsələ şübhəlidir. Həmin əməliyyatçılar məhkəmədə gəlib ifadə verəndə görürsünüz ki, suallara cavab verə bilmirlər və yaxud cavablarında ziddiyyətlər olur. Nəticədə, hiss edirsən ki, doğrudan da bu yalan, qurama bir şeydir.
Bəzən də elə adam olur ki, ümumiyyətlə, heç siqaret çəkmir, amma üzərindən narkotik aşkar edirlər. Yəni adam nə içki içəndir, nə siqaret çəkəndir, amma onun üzərində guya narkotik vasitə aşkarlanıb… Biz təcrübədə belə hallarla çox rastlaşmışıq. Ona görə, bununa bağlı qanunvericiliyin bir az təkmilləşdirilməsinə ehtiyac var.
- Sizcə, nə kimi təkmilləşdirmələr etmək olar?
- Məsələn, qanunvericilikdə belədir ki, baxış keçirilməsi üçün hal şahidlərindən, yaxud görüntülərdən istifadə olunmalıdır. Dəqiq bir qayda qoyulmalıdır ki, səxsi harada saxlayırlarsa, mütləq orada onun üzərinə baxış keçirməlisən. Əgər sənə hansısa bir etibarlı mənbədən məlumat daxil olubsa ki, kimsə qanunsuz narkotik dövriyyəsi ilə məşğuldur, bu əməliyyat tapşırığı üzrə gedirsən, şəxsi harada saxlayırsansa, orada onun üzərinə baxış keçirməlisən və baxışı videogörüntülərlə keçirməlisən. Amma bunlar adamı küçədə qandallayırlar, aparırlar polis idarəsinə, orada bir neçə saat saxlayırlar, danışdırırlar, qərara gəlirlər ki, hə, bunun üzərindən narkotik vasitə çıxmalıdır. Ondan sonra polis idarəsinin binasında bunu sənədləşdirirlər, telefonla, yaxud kamera ilə videogörüntüyə alırlar. Yəni polis idarəsinə gedəndən bir neçə saat sonra bunu həyata keçirirlər, hansı ki, orada şəxs köməksiz vəziyyətdədir, nəzrət altındadır, orada onlara təzyiq imkanları var. Yəni orada sənədləri saxtalaşdırma imkanları genişdir. Amma dəqiq belə qayda qoyulsa ki, şəxsin mütləq saxlandığı yerdə üzərinə baxış keçirilməlidir, videogörüntülər alınmalıdır, bax, bu qayda əksər belə cinayətlərin, bu cür pozuntuların qarşısını almağa imkan verər.
- Bəs, sizə, əməliyyatçıları belə hərəkətlər etməyə vadar edən nədir?
- Onu demək olmur. Yalnız onu deyə bilərəm ki, bu cür cinayətlərin sayı çoxdur. Bizim müştərilərimiz var, açıq şəkildə deyir ki, mən narkotik vasitənin nə olduğunu belə bilmirəm, tanımıram, amma mənim üzərimdən heroin, metamfetamin çıxarıblar, mən bunların heç adlarını bilmirəm. Çox təəssüf ki, bu cür cinayət işlərinin sayı çoxdur. Bilmirəm məqsəd nədir. Məsələn, bu yaxınlarda mənim icraatımda bir iş olmuşdu - başqa hər hansı bir cinayət əməlinin törədilməsi ilə əlaqədar olaraq həmin cinayət əməlinin sanksiyası, yəni cəzası aşağı olduğuna görə, şəxsin barəsində həbs qəti imkan tədbirinin seçilməsi mümkün deyildi. Ona görə də bunlar qabaqcadan planlı şəkildə həmin şəxsi, daha doğrusu bir neçə şəxsi narkotik vasitə ilə günahlandırmışdılar ki, həbs qəti imkan tədbiri seçməyə imkanları olsun. Həbs qəti imkan tədbiri seçəndən sonra artıq orada digər məsələləri həll edə bilirlər. Yəni belə niyyət də var. Sonra, ümumiyyətlə, narkotik vasitə ilə bağlı cinayət hadisəsilə əlaqəsi olmayan məsələlər olur, hansı ki, çox hallarda narkotik vasitə aşkar edirlər. Amma bunun səbəbini konkret şəkildə deyə bilmirəm. Özü də bir deyil, iki deyil, bu hadisələri daim müşahidə edirik, görürük, eşidirik. Hər gün çox sayda belə qanunsuz cinayət işlərinin açılması halları olur.
-Ümumiyyətlə, narkotiklə bağlı həbslərdə qəsdən şərlənmə halları neçə faiz olur və burada “bariqa”ların əli olurmu?
- Əlbəttə, olur. Düzdür, bu cür “bariqa”lar rol oynayır, amma onlardan daha çox başqa məqsədlər üçün istifadə edirlər. Məsələ orasındadır ki, əməliyyatçılar əsasən özləri, konkret müxtəlif səbəblərdən, ola bilər, tanıdığı, bildiyi adamları şərləyirlər. Bunun arxasında hansı məqsədin dayandığını mən bilmirəm. Bilirlər ki, bu adam imkanlı ola bilər, yaxud da hansısa mövqeyi ola bilər... Bunu qabaqcadan planlı şəkildə edirlər. Bu məqsəd üçün “bariqa”lardan da istıfadə edə bilərlər. “Bariqa”lar deyə bilərər ki, belə adamlar var, şübhəlidir, bu işlərlə məşğuldurlar, qanunsuz olaraq gedib o şəxsi saxlaya bilərlər. Sonra müəyyən oluna bilər ki, o adamların üzərində ümumiyyətlə narkotik vasitə yoxdur, bu işlə məşğul olan adam deyillər. Onlar da öz qanunsuz hərəkətlərini pərdələmək üçün yenidən bu şəxsi şərləyə bilərlər ki, guya üzərindən narkotik vasitə aşkar olunub. Yəni səbəblər müxtəlifdir, amma onunla bağlı konkret bir söz demək olmur.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az