Azərbaycanda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayı artır – ARAŞDIRMA / STATİSTİKA

2025-ci ilin yanvarında, gözlənilənlərin əksinə olaraq, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayının 3 dəfə artdığı haqda məlumat vermişdik. Bu artımın ona görə gözlənilən olmadığını qeyd etmişdik ki, 2024-cü ilin son aylarında, xüsusilə də sentyabr, oktyabr, noyabr və dekabrda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayı azalan xətt üzrə getməkdəydi.

Belə ki, sentyabrda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı 389, noyabrda 254, dekabrda isə 287 nəfərə çatmışdı. Bu statistik rəqəmlər belə qənaətə gəlməyə əsas verirdi ki, 2025-ci ilin yanvarında da ötən ayların nəticəsinə uyğun rəqəmlərin şahidi olacağıq. Lakin təəssüflə qeyd etməliyik ki, yanvarda bu göstərici əvvəlki aylarla müqayisədə təxminən 3 dəfə artıq oldu. Hansı ki, DİN-in gündəlik açıqladığı rəsmi məlumatlara əsasən, 2005-ci ilin ilk ayında ölkəmizdə narkoticarətlə məşğul olan 728 nəfərin qoluna qandal vurulub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab oluna bilər.

**

Bəs, fevralda necə, bu artım davam edib, yoxsa statistik rəqəmlər yenidən azalmağa doğru yön alıb? Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Stopnarkotik.az saytının araşdırması fervalda ümumi mənzərənin heç də ürəkaçan olmadığını ortaya qoyur. Yəni fevralda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayında yanvara nisbətən 17 nəfər artım olub ki, bu da ay ərzində ümumilikdə 745 nəfərin qandallandığı deməkdir.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

**

Sonda isə bir daha qeyd edək ki, ölkəmizdə narkoticarət dövriyyəsinin azalması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. İlk baxışdan belə düşünmək olar ki, daxil olan narkotikin “həcmi azaldığından”, daxili bazarda da “alver zəifləyib”. Lakin, təəssüf ki, yanvar və fevral aylarının statistik göstəricisi tamamilə fərqli mənzərəni ortaya qoyur.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımıza xatırladaq ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik. Nəzərə alsaq ki, adətən real rəqəmlər rəsmi statistik göstəricilərdən 5-7 dəfə çox olur, deməli, ölkədə vəziyyət daha acınacaqlıdır...