Azərbaycanda təkrar cinayətkarlıq faktları sürətlə artmaqdadır. 2023-cü il statistikasına görə, 234-cü maddə (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə törədilən cinayətin sayı 9671 ədəd olub. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslər isə 2023-cü ildə 8697 nəfər olub. Və bu 8697 nəfərdən 3100 nəfəri əvvəllər də bu cinayəti törətdiyinə görə həbsdə yatıb(Cədvəl aşağıda oxuculara təqdim olunur-red.).
Narkotikin təsiri altında törədilmiş cinayətlərin sayı 2023-cü ildə 5, bu cinayətləri törətmiş şəxslərin sayı 10 nəfər olub. DİN-in rəsmi açıqlamalarına əsasən, 2025-ci ilin yanvarında narkoticarətlə məşğul olan 728 nəfər həbs olunub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab oluna bilər.
Eləcə də, 2024-ci ilin ilin noyabrında 38 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 8-i narkotiklə, 30-u isə digər cinayətlərlə əlaqəli faktlar olub. Dekabrda isə ümumilikdə 48 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 8-i narkotiklə, 40-ı isə digər cinayətlərlə bağlı olub. 2025-ci ilin yanvarında ölkəmizdə ümumilikdə 62 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunlardan 34 nəfər bilavasitə narkotiklə əlaqədar, 28 nəfər isə digər cinayət faktları ilə bağlı saxlanılıb. Bəs, sürətlə artan təkrar cinayətkarlıq hallarının səbəbləri və çıxış yolları nələrdir? Hüquqşünas Tural Həsənli ilə müsahibəmizdə bu və digər suallara cavab tapmağa çalışdıq.
- Tural bəy, Azərbaycanda xüsusilə narkotiklə bağlı təkrar cinayətkarlıq faktları artır. Bunun səbəblərini nədə görürsünüz?
- Ümumiyyətlə, sizin qeyd etdiyiniz statistikadan aydın görünür ki, narkotiklə əlaqədar təkrar cinayətkarlıq hallarına çox rast gəlinir. Bunun səbəbi ondan ibarətdir ki, narkotikdən istifadə asılılıq yaradır. Həmin şəxslərin müalicə olunması, onların barəsində tibbi xarakterli tədbirlərin artırılması daha məqsədəmüvafiqdir, nəinki cəmiyyətdən təcrid edilməsi.
Narkotik vasitələrin spesifikliyi ondan ibarətdir ki, onlar asılılıq yaradır. Narkotik istifadəçilərinin cəmiyyətdən təcrid olunması o anlama gəlmir ki, cəzalarını çəkib qurtardıqdan sonra bir də heç vaxt o vasitələrdən istifadə etməyəcəklər. Bu, bədənin təlabatı kimidir. Problemin çarəsi tibbi yoldur. Məsələn, narkotik vasitə aludəçisini bir həftə qapalı otaqda saxlamaq o demək deyil ki, bir həftədən sonra o, həmin vasitədən istifadə etməyəcək. Şəxsin barəsində tətbiq olunan tədbir ona yönəlməlidir ki, bu şəxs müalicə olunsun, narkotikdən xilas olsun, asılılıq vəziyyətindən çıxsın. Yəni tədbirlər bu istiqamətdə aparılmalıdır.
Narkotiklə bağlı təkrar cinayətin törədilməsi də onun təlabatı ilə bağlıdır ki, şəxs cəzasını çəkib bitirir, amma bədən tələb edir deyə, yenə bu vasitədən istifadə edir.
- Narkotiklə bağlı təkrar cinayət edən şəxslər istifadəyə qayıtdıqları üçün əsasən satışla bağlı həbsə gedir, çünki asılı olduqlarından öz narkotik payını təmin etmək üçün onu satırlar...
- Ümumiyyətlə, satış faktı odur ki, bu, başqa şəxslər arasında olmalıdır. Yaxud həmin şəxsin əməllərində digər şəxsə alqı-satqısı ilə bağlı xarakterik hərəkətlər olmalıdır. Bu halda satışla bağlı əməllərə qiymət verilir. Mənim şəxsən rast gəldiyim hallarda satışla bağlı da faktlar var. Amma istifadə ilə bağlı hallar daha çoxdur.
- Yeri gəlmişkən, son illərdə dələduzluq halları da həddən çox artıb. Bunun səbəbləri haqda nə düşünürsünüz?
- Bu, sosial və maddi səbəblərlə bağlıdır. Digər səbəbi isə qurbanların, yəni zərərçəkmişlərin kifayət qədər savadlı olmamaları ilə bağlıdır. Məsələn, hansısa bir yalançı şəxs digər bir şəxsə özünü təqdim etməklə öz istəyini bildirirsə, həmin şəxs də heç bir istinad və əsas olmadan, hətta qarşısındakı şəxsin kimliyini bilmədən tam səmimiyyət göstərib məbləği ona verir. Burada iki faktor var. Birincisi, bu sahədə maarifləndirmə azdır. Bir şəxs gəlib özünü təqdim edirsə ki, mən filan yerdə işləyirəm, filan məbləğdə pul ver, səni filan yerə işə düzəldim, qarşısındakının da bu istəyi yerinə yetirməsi o deməkdir ki, onun kifayət qədər savadı yoxdur və sadəlövh insandır ki, ona inanır. Bir də dələduzlar görürlər ki, iş yeri tapa bilmirlər, hər hansı bir qazanc yeri yoxdur, asan yol kimi dələduzluğa üz tuturlar.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az