Mart ayının əvvəlində Gürcüstan parlamentində anti-narkotik qanununa sərt cəzalar nəzərədə tutan dəyişikliklərin parlamentə təqdim edilməsi ölkədə ciddi müzakrə mövzusu oldu. Artıq qanunun qəbulu istiqamətində “ilk meyvələr” ola biləcək addımlar da atılıb.
Məsələn, ötən həftələrdə qonşu ölkədə 10 narkotik alverçisi uzun müddətə azadlıqdan məhrum edildi. Bildirildi ki, 2022-ci ildə adı açıqlanmayan əcnəbi vətəndaş narkotik vasitələrin satışından əldə etdiyi qanunsuz gəlirləri leqallaşdırmaq məqsədi ilə bu alverçiləri təşkilatlandıraraq cinayətkar qrup təşkil edib. Cinayətkar qrupun lideri başqalarının tapşırığı ilə narkotik vasitələrin satıldığı bir neçə gecə kluba və restorana rəhbərlik edib. Yəni narkotki gətirənlə onun satıldığı obyektlərin sahibi əməkdaşlıq ediblər və “şərikli narkoticarət”lə məşğul olublar. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən ikisi 18 il, qalanları isə 15-16 il müddətinə azadlıqdan məhrum edilib. Onlara məxsus dəyəri 4 milyon laridən çox olan daşınmaz əmlak və nəqliyyat vasitələri də müsadirə edilib.
Ümumiyyətlə, bu kimi faktlar gürcü mətbuatında kifayət qədərdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Gürcüstan dövləti narkoticarətin qarşısını almaq üçün qarşısına ciddi məqsəd qoyub.
Yeri gəlmişkən, məhkəmə hakimlərindən yeni qanunun bəzi müddəalarına qarşı etiraz edənlər oldu. Bu etirazlar əsasən də alıcıların aldığı narkotikin miqdarı ilə bağlı idi. Hakimlərin fikrincə, narkotikin bir dozasının alınması cinayət sayılmamalıdır və narkotilərin bir dozasını saxlamaq, satın almaq fundamental insan hüququdur, yəni bu cinayətə görə həbs cəzası konstitusiyaya ziddir.
Amma məsələ iki tərəflidir - bir qram narkotiki alan varsa, onu satan da var. Yəni yeni qanun istifadədən çox, narkotikin alqı-satqısının qarşısını almağa və cinayətkarların cəzalanmasına yönəlib.
Stopnarkotik.az-ın xəbər verdiyi kimi, Gürcüstanla eyni vaxtda Qazaxıstanda da narkoticarətə qarşı mübarizə qanununda bəzi dəyişikliklər gündəmə gəldi. Post-sovet ölkəsi olmaq baxımından bizə yaxın olan Gürcüstanla Qazaxıstanın anti-narkotik qanunundakı dəyişikliklər məsələsi bizim üçün də maraq doğurur. O baxımdan ki, burada həyata keçirilən müsbət dəyişikliklər ölkəmizi üçün də müsbət təcrübə ola bilər. Haqqında söhbət gedən dəyişikliklər ən çox da o tərəfdən cəzbedicidir ki, mübarizənin nişangahında qurbanlardan çox, narkoticarətin başında duranlar, ondan qazanc götürənlər dayanır. Yəni dəyişikliklər bu yöndədir. Hər iki ölkədəki yeniliklərdə iki əsas məqam qabardılır: narkoticarət edənlərə qarşı amansızlıq və gənc nəslin cəzadan çox reabilitasiya - islaha yönəldilməsi.
Məsələn, Gürcüstandakı dəyişikliyə əsasən, bütün növ narkotik vasitələrin satışına görə cəzalar maksimum dərəcədə sərtləşdirilir, yəni narkotik alverçiləri az miqdarda da olsa satdıqlarına görə, onları 20 ilə qədər həbs və ya ömürlük azadlıq məhrumetmə cəzası gözləyir. Amma burada maraqlı nüanslar da var. Məsələn, alverçi narkotiki “qram-qram” satarsa, nə baş verəcək? Yəni özünü istifadəçi kimi qələmə verib, narkotiki “qram-qram” üstündə gəzdirərək satmaq hüquq mühafizə orqanlarının işini çətinə salmayacaqmı?
Əlbəttə, o da anlaşılandır ki, narkotik alverçiləri uzun müddət istifadəçi kimi maskalana bilməz. Amma ümumi mənzərə onu deməyə əsas verir ki, burada da yenə narkoticarətin “kiçik balıqları” hədəfə gəlir, narkotik baronları yenə hədəfdən yayına bilirlər.
Qazaxıstanda diqqəti cəlb edən bir nüans - yeni qanunda “korrupsiya sxemlərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına nəzarətin artırılmasıdır”. Deməli, hər zaman olduğu kimi, “ağacı içindən qurd yeyər” prinsipi diqqətdən qaçmamalıdır.
İstər Gürcüstanda, istər Qazaxıstanda baş verənlər rəvac verir ki, biz də problemə yeni nəzər nöqtəsindən baxaq. İlk öncə ono qeyd edək ki, Azərbaycanda yanvarda narkoticarətlə məşğul olanların həbs göstəricisi əvvəlki aylarla müqayisədə təxminən 3 dəfə artıq olub. Hansı ki, DİN-in gündəlik açıqladığı rəsmi məlumatlara əsasən, 2005-ci ilin ilk ayında ölkəmizdə narkoticarətlə məşğul olan 728 nəfərin qoluna qandal vurulub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab oluna bilər. Elə fevralda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayında yanvara nisbətən 17 nəfər artım olub ki, bu da ay ərzində ümumilikdə 745 nəfərin qandallandığı deməkdir. Demək, azalma yox, artım tempi çoxdur.
Azərbaycanın gündəmində demək olar ki, hər gün çoxsaylı narkotacirlərin ələ keçməsi haqda məlumatlar açıqlanır. Rəsmi bilgilərə görə, tutulanlar əksər halda narkotiki İrandan keçirən və satanlardır, onlar narkotikin pərakəndə satış etapındadırlar. Doğrudur, PUA ilə yaxud başqa şəkildə İrandan gətirilmiş narkotik satışının aşkarlanması halları da artıb. Amma bu əməliyyatlar narkomaniyanı azalda bilirmi? Görünür ki, azalda bilmir. Əgər müsadirə satışı azalda bilmirsə, deməli, əməliyyatlar mənbəyə gedib çıxa bilmir. Yəni işlər yalnız pərakəndə satışa qismən təsir edir. Belə olduğu təqdirdə bu nəticəyə gəlinə bilər ki, narkobiznes şəbəkəsinin satdığı malın qaynağı yalnız PUA ilə ötürülən, yaxud İranı adı altında maskalanmış şəxslərin kiloqramlarla gətirdiyi narkotik deyil. Üstəlik, keçirilən əməliyyatlar yalnız bəzi narkotik partiyalarını aşkarlayır, hamısını yox. Çünki belə olmasaydı, narkotikcarət dayanardı, narkomaniya da durğunluq yaşayardı.
Belə çıxır ki, əgər bazardan PUA-larla, ya da pərakəndə ötürülmə ilə ölkəyə gələn kənarlaşdırılırsa, satışı reallaşan və alıcısına çatan mənbəyə “toxunula bilmir…”. Yaxud kiçik həcml narkotik müsadirələrinə imkan yaratmaqla, narkoticarətin başında duranlar hədəfi yayındırırlar. Özlərinin həcmcə daha kiçik tutumlu narkoalverçi fiqurlarını güdaza verərək, guya bütün narkoticarəti onların reallaşdırdığı mənzərəsini yaradaraq, hədəfi “böyük balıqlar”dan yayındırır, cəmiyyətə belə fikir aşılayırlar ki, bütün “narkotik bazarı” bu tutulan kiçik narkoalverçilərin “çiyinlərində bərqərar olub”.
Amma bazar da, satış da yerindədir. Deməli, pərakəndə ötürülmədən başqa, Azərbaycana “topdan ötürülmə” də var. Bu topdan ötürülən narkotik axını isə “toxunulmaz” qalır, hələ ki. Elə satışın qaynağı olan bu topdan ötürülmənin ünvanına çatdırıldığı topdansatış məntəqələri də var. Narkoticarətin başında duran, yaxud duranlar prosesi elə tənzimləyirlər ki, müvafiq dövlət qurumları narkotik ötürülməsi əməliyyatlarınına mane ola bilmirlər.
Bundan başqa, narkoticarətin qarısının alınması məsələsində çoxsaylı rəylərin içində elələri var ki, onlar sərt cəzaları gərəksiz hesab edilər. Maraqıdır ki, niyə Gürcüstan və Qazaxıstan bunlara gedə bilir, Azərbaycan yox?! Gürcü məmurlar etiraf edirlər ki, narkosiyasətin liberallaşdırılması effekt vermədi, narkomaniya daha da “ayaq tutub yeridi”. Bu səbəbdən də onlar cəzaların sərtləşməsinə gedirlər. Amma bizdə rəylər haçalanır. Gürcstanda narkosiyasətin və narkoqanunların sərtləşməsi qərarından sonra müsbət nəticələr var, əmlak müsadirəsi də var. Amma sıradan istifadəçilərin yox, məhz narkotiki satanların və bu işdə təşkilatçıların əmlakının satışı gerçəkləşdi.
Maraqlıdır, bizdə nəticə necə olardı? Bəlkə, bizim ekspertlər bu tədbirlərin effektivliyinə ona görə inanmırlar ki, kiçik narkotik alverçilərinin, yəni “kiçik balıqların tora düşəcəyini düşünürlər”? Yəni “narkoticarət ağsaqqalları”nın aşkarlana, tutula biləcəyinə, onlara “gözün üstündə qaşın var” deyilə biləcəyinə inanmırlar? Buna əsas varmı? Əgər ölkəyə böyük partiyalarla narkotk alveri gəlirsə və topdansatış nöqtələrində saxlanılırsa, işin içində məmur barmağı olmasa, narkoticarətin çökdürülməsi niyə mümkünsüz olsun?
Qazaxıstanda “korrupsiya sxemlərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına nəzarətin artırılması” bəndi qanuna salınırsa, demək, bunun əsası var. İşin içində korrupsiya sxemləri olmasaydı, narkotik axınının qarşısı alına bilərdi.
Bizdə ilk öncə topdansatış narkotik nöqtələri tapılıb məhv edilməli, narkotiki ölkəyə tonlarla gətirənlər qandallanmalı, onların bütün əmlakı əllərindən alınmalıdır. Amma burada narkoticarətin və topdansatış nöqtələrinin, şəbəkəsinin başında duranlar hədəf alınmalıdır. Sözsüz ki, onların başında duran daha kiçik tutumlu narkotacirlər də əmlakı əlindən alınmaqla cəzalanmalıdırlar. Bir sözlə, Qazaxıstan təcrübəsinin bizdə də tətbiqi mütləqdir. Narkoticarətin qarşısı alına bilmirsə, deməli, məntiqlə bu bənddəki sistem bizdə də fəaliyyət göstərir. Əks halda, yuxarıda qeyd edildiyi kimi, narkoticarətin başında duran, yaxud duranlar ölkəyə iri həcmli narkotik ötürülməsi prosesini aidiyyəti dövlət qurumlarının “gözündən qaçıracaq şəkildə” tənzimləyə bilməzdilər. Çünki bu qədər keçirilən əməliyyatlara rəğmən, ölkəmizdə hələ də narkoticarətin və narkomaniyanın “at oynatması” məntiqə sığmır.
Narkomaniyaya qarşı mübarizədə sağlam həyat tərzini təbliğ etmək, narkomaniyadan əziyyət çəkən insanlara dəstək vermək xətti də məqbuldur. Amma bu mübarizə narkotikin topdansatış nöqtələrini İrandan, yaxud hansısa xarici ölkədən narkotik axıdaraq dolduran şəxslər, eləcə də kriminal qruplar tərk-silah edilmədən yarımçıq və qeyri-effektiv olacaq.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az