Narkotiklərə qarşı mübarizənin təməl dayaqlarndan biri, bəlkə də birincisi narkoticarətin qarşısını almaqdır. Çünki narkotik yoxdursa, istifadə etməyə “mal” da olmayacaq.
Bu baxımdan, narkomanlığa və narkotik ticarətinə qarşı mübarizə kampaniyasının ən zəruri tərəfi satıcıların, xüsusilə də iri ranqlı satıcıların – baronların önünü kəsməkdir. Bunun üçün isə əsas zərbə vurulmalı cinah rüşvətlə ələ alına bilən, hansısa şəxsi maraqlar naminə narkotikin ölkəyə ayaq açmasına göz yuman səlahiyyətli şəxslərdir.
Nəzərə alsaq ki, Azərbaycana narkotikin 99 %-i qaçaqmalçılıq yolu ilə İrandan gətirilir və dəfələrlə rəsmi şəxslərin də diliylə ölkəmizdə narkoticarətin meydan sulamasının İranın bizə qarşı apardığı "narkotik müharibəsi" olduğu fikri ifadə olunub, demək, hədəf bəllidir. Yəni qəbul etməliyik ki, dövlətin müxtəlif pillələrində qərar tutmuş səlahiyyətli şəxslərin qatıqısı olmasa, faktiki bağlı olan quru sərhədlərindən nəzarətsiz bir iynə də keçirmək mümükün deyil.
Əlbəttə, rüşvət və korrupsiya bataqlığında “üzən” məmur üçün narkotikdən gələn dodaquçuqladan həcmdə pullardan imtina etmək çətindir. Odur ki, əgər tezliklə belə şəxslər üzə çıxarılıb ifşa olunsalar, ölkədə narkoticarət də “ayaq tutub yeriməz”. Narkotiklərin qarşısının tam kəsilməsi bəlkə də mümkünsüzdür, amma, bununla ən azı narkotik axınını zəiflətmək mümkün olar. Bu anlamda zərbə hədəfinə öncə tərəzinin ağır gələn tərəfi - yuxarı çinli şəxslər qoyulmalıdır. Proses isə alqoritmik şəkildə tənzimlənməlidir.
Narkotiklərlə mübarizənin tərkibində ümumi olaraq prosesin kortəbii yox, sistemli idarəedilməsi, profilaktikası, becərilməsi, istehsalı, ticarətinin qadağan edilməsi və s. yer alır. Doğrudur, məlumatlara görə, Azərbaycanda narkotik becərilməsi kütləvi xarakter daşımır, olsa da kiçik həcmdədir. İstehsaldan da söhbət getmir, çünki rəsmi versiya narkotkin İrandan gətirilməsi faktı üzərində dayanır. Amma narkoticarət şəbəkəsinin idarəetmə sxeminin varlığı, ticarətinin qarşısının alına bilməməsi inkaredilməzdir.
Mübarizənin uğuru üçün qurumların öz səlahiyyətləri daxilində çalışmaları var, amma bura ictimaiyyətin iştirakı da qatılmalıdır. Narkomaniyanın pislənməsi son zamanlar reabilitasiyaların işinin işıqlandırılması ilə müşayiət edilir. İrandan PUA-larla keçirilən narkotiklər aşkarlanır və ictimailəşdirilir. Amma, yuxarıda dediyimiz kimi, səlahiyətli şəxslərin "töhfə"si olmadan narkoticarəti bu qədər qüsursuz yönəltmək qeyri-mümkündür. Nədənsə, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlarda indiyə kimi narkotik ticarətinin ərsəyə gəlməsində, "saat kimi" işləməsində həmin "töhfə"ni verməkdə olan bir nəfər də vəzifəli şəxs ifşa edilməyib. Halbuki, paytaxt Bakı başda olmaqla, ölkənin istənilən güşəsində "daşı daş üstünə” qoyan kimi müxtəlif dövlət qurumlarının səlahiyyətli şəxsləri peyda olurlar. Bəs, necə olur ki, narkotik əməliyyatlarında ancaq “kiçik balıqlar” ələ keçir, amma onları narkoticarət çarxında "geniş assortimentli malla" təmin edənlər, malı ölkəyə axıdanlar görünməz qalır? Bu anlamda hansı addımları atmaq olar ki, hüquq-mühafizə orqanları "böyük balıqları” tora salmaqda maraqlı olsunlar?!
O ki qaldı mübarizənin digər tərəflərinə, zənnimizcə, lap aşağıdan başlasaq, məsələn, narkotik satıcıları barədə məlumat verən vətəndaşları həvəsləndirmək, mükafatlandırmaq, onların müdafiəsini təmin etmək olar. Yaxud narkotiklərlə mübarizə ilə məşğul olan könüllülər hazırlamaq, onlarla koordinasiyalı şəkildə işləmək də mümkündür.
Burada haşiyə çıxaraq qeyd edək ki, narkomaniyaya qarşı mübarizə təhsil müəssisələri tərəfindən tərtib edilən təlim-tərbiyə proqramlarına daxil edilməli, ixtisaslı müəllimlərin üzərinə şagirdlər, tələbələr arasında təbliğat aparmaq öhdəçiliyi qoymaq lazımdır. Hətta dəsrliklərə də bu barədə məlumat - əks-təbliğat xarakterli ayrıca fənn salmaq olar.
Narkotikin daşınma ehtimalının olduğu bütün yerlərdə - sərhəd zonalarında, nəqliyyat-kommunikasiya qovşaqlarında və marşrutlarında, liman və hava limanlarında, dəmir yolu və avtovağzallarda, əyləncə məkanlarında nəzarət sistemləri yaradılmalıdır. Narkotiklərlə əlaqəli cinayətlərdə iştirakda şübhəli qismində çıxış edən şəxslərin (o cümlədən, vəzifəli şəxslərin) bank hesabları xüsusi nəzarət tələb edir.
Quru sərhədləri bağlı olduğu halda, hazırda narkoticarətin yüksələn xətlə inkişafı bu nəticəyə gəlməyə əsas verir ki, müvafaiq hüquq mühafizə orqanları bu problemin qarşısını almaqda ortaya qənaətbəxş fəaliyyət qoya bilmirlər. Deməli, narkotiklə mübarizə yetərli getmir. Odur ki, ümumi mübarizə sistemində yeniliklər vacibdir. Məsələn, bu tipli addımlar atıla bilər:
- Narkotik əməliyyatları üçün ayrıca əlahiddə qurum yaradılsın, belə əməliyyatlar onlara həvalə edilsin. Digər qurumların apardığı narkoəməliyyatlar, müsadirələr bu qurum tərəfindən müqayisəli şəkildə analiz edilsin, narkotikin sərhəddən keçirilməsindən bazarda satışa çıxana qədər rolu olan şəxslər bu qurum tərəfindən ifşa edilsin, açıqlansın, ictimailəşdirilsin, tutduğu vəzifədən asılı olmayaraq sərt cəzalandırılsın. Bu proses üçün mexanizmlər hazırlansın.
Çünki hazırda səthi, belə desək, mübarizə xətrinə mübarizənin effektiv olmadığı göz qabağındadır.
- Narkomanların sayı nisbətilə onlara satılan narkotiklərin çeşid və xərclənən pulun miqdarı, bazarda sərbəst dövriyyədə fırlanan narkotiklərin maddi dəyəri, müsadirə olunan narkotiklərin miqdarı, çeşidi və maliyyə dəyəri müqayisə edilsin. İstiqamət olaraq, harada daha çox hansı narkotkin nə qədər satılması, buna necə, kimlər tərəfindən şərait yaradılması, kimlərin səhlənkarlıq edərək, yaxud hansısa maddi maraq üzündən bu ticarətə göz yumması, bu bölgəyə məsuliyyət daşıyan hüquq-mühafizə orqanının hansı səbəbdən narkotik alverinin qarşısını almaqda "uğursuzluğa düçar olması", yaxud buna tərəflər arasında hansı rüşvət amillərinin səbəb olduğu üzə çıxarılsın. Niyə ərazilərdə az narkotikin müsadirə olunmasının səbəbləri axtarılsın. Mütləq şəkildə bazarda satılan narkotiklə müsadirə edilən narkotikin miqdarı tutuşdurulsun, məsələyə aidiyyətu qurumların yarıtmaz fəaliyyət baxımından hüquqi qiymət verilsin.
- Narkotik alverinin şıdırğı getdiyi ərazilərdə nəzarəti təmin edə bilməyən polis şöbələrinə töhmət verilsin, onlarla narkotik alverçiləri arasında hansısa maddi maraq güdülməsinin, korrupsiya əlaqəsinin olub-olmaması müəyyən edilsin. Məlumdur ki, istənilən uğursuz idarəçilikdə əsas səbəb korrupsiya və rüşvətdir amilidir. Hansı rayonda narkotik alveri çoxdur, niyə çoxdur, səbəb nədir, bu səhlənkarlıqdan, yoxsa maddi maraqdan qayanqlanır, bütün bunlar üzə çıxarılsın. Nəzarət etdiyi rayonda narkotk satışı güclü olan hüquq-mühafizə orqanları rəsmilərinin rütbəsi aşağı salınsın, işdən kənarlaşdırılsın və s.
- Məhəllələrdə narkotik alverinə imkan verməməsi üzərinə öhdəçilik şəklində qoyulan sakinlər (könüllülər şəklində) təyin edilsin, onların "Narkotik əməliyyatları üçün ayrıca əlahiddə qurum"la koordinasiyalı fəaliyyəti, həmçinin anonimliyin qorunması təmin edilsin. Məhəllələrdə narkofonu aşağı salmaq üçün aktiv insanlar motivasiya edilsin, bu insanlar seçilmiş əməliyyatçılar tərəfindən təlimatlandırılsın, təşkilatlandırılsın, gələcək əməliyyatlarda onların informasiyalarından istifadə edilsin.
Narkotik vasitələrin istifadəsi üçün yerin təmin edilməsi də istifadəçilərin ifadələrində rast gəlinən məqamlardır. Bu da özü-özlüyündə cəza gərəkdirən cinayətdir. Nəzər alsaq ki, gecə klubları kimi əyləncə məkanları narkotik satışı üçün əlverişli yer sayıla bilər, oranın işçiləri tərəfindən həmin müəssisələrdə narkotik vasitələrin kütləvi istifadəsi və ya satışı barədə ictimai təhlükəsizlik orqanlarına məlumat verilməməsi, əksinə "mal almaq üçün" gələn şəxslərə şərait yaratmaq da cinayət tərkiblli əməlidr. Bu baxımdan, istifadəçilərin hansısa narkomanın yaşayış yerində qrup şəklində narkotik istifadəsi də həmin ev sahibinə qarşı cinayət əməlinin qaldırılmasına səbəb sayıla bilər.
Qeyd edək ki, narkomaniyadan müalicə olunan şəxslərin öz dillərindən səsləndirilən hekayələrində narkotiki onlara kimlərsə tərəfindən təklif edilməsi, narkotiklə tanış olmayan şəxslərin ona dadandırılmasına da rast gəlinir. Çox vaxt belə şəxslər narkotik alverçilərin yan-yörəsində olan əlaltı qismində görünürlər. Müalicə alıb sağalmış şəxslər bildirirlər ki, onlara yalnız təklif olur, amma məcburiyyət olmur. İnsan mahiyyətcə hər şey maraq göstərən varlıq olduğundan narkotik alverçiləri öz işlərini elə bu marağı oyandırmağın üzərində qururlar. "Bariqa”ların əlaltılarının insanlarda maraq oyandıraraq narkotikə dadandırması prosesə girişdir. Bu, narkotikin reklamı və cinayət əməli hesab olunmalıdır.
Ümid edirik ki, bu addımlar atılsa, insanlar narkotikin yayılmasına səy göstərməkdən, ondan maddi maraq güdməkdən çəkinəcəklər, gözləri qorxacaq, çünki cəzasızlıq cinayətin yayılmasına şərait yaradır.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az