“ÖLÜM BAZARI” UĞRUNDA SAVAŞ - Narkotik marşrutuna nəzarət necə vətəndaş müharibəsinə çevrilir?

Bəzən vətəndaş müharibəsi kimi görünən savaşların pərdə arxasında ağlagəlməyən məqamlar olur. Elə məqamlar ki, onlar bir dövlət rəsmisinə yaraşdırıla bilmir. Ağla da gəlmir ki, siyasi, yaxud daxili çəkişmələrin real səbəbləri fantastik maddi gəlirlər, yaxud həmin çirkli pulların axdığı yollara nəzarətdir. Bu çəkişmə hansısa məhsulun bazarına nəzarət də ola bilir. Buna "ölüm bazarı", "ölümün satıldığı bazar" da demək olar ki, dünyanın bütün ölkələrində var. Bizim ölkəmiz də istisna deyil.

İnid isə "ölüm bazarı"na nəzarət uğrunda bütün çılpaqlığı ilə özünü ortaya qoyan bir neçə nüansı qeyd edək. Məlumdur ki, dünya narkotik istehsalının əsas bazalarından biri Latın Amerikasıdır. Bölgəyə aid sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kolumbiyanın Katatumbo şəhərində vətəndaş müharibəsi alovlanıb. Belə fikir səsləndirilir ki, hər şey bəzi əks-agentlərin bir partiya kokaini itirməsi ilə başlayb. Amma region əslində kokainin Avropaya və ABŞ-a göndərildiyi əsas nöqtələrdən biridir. Marşrut bir neçə ölkənin, o cümlədən Venesuelanın cəngəlliklərindən keçir. Marşrutun təxmini gəliri ildə altı milyard dollardır.

**

Müxalifət mediası yazır ki, bütün bu qarşıdurmanı Venesuela prezidenti Nikolas Maduro törədib. Deyilənlərə görə, prezident Maduro həqiqətən də Katatumbonu Kolumbiyadan almaq istəyir və bu məqsədlə marksist ideologiyalı partizan döyüş dəstəsi olan "ELN"dən (National Liberation Army) radikallar gətirərək bölgəyə, dolayısı ilə yerli narkotik ticarətinə nəzarəti ələ keçirməyi planlaşdırır. Digər tərəfdən, Kolumbiya prezidenti Kolumbiya prezidenti Qustavo Petronun, “kokain heç də viskidən pis deyil” replikası yayılıb. Onun açıqlaması sanki şərabı mədh edən saqilərin bihuşluğuna haqq qazandıran sözlərini xatırladır. Qustavo, "Kokain ona görə qanunsuz deyil ki, o viskidən daha ziyanlıdır. Kokain ona görə qanunsuzdur ki, o Latın Amerikasında istehsal olunur. O viskidən daha zərərsizdir, bunu alimlər təsdiqləyir. Kokain viskidən pis deyil. Və məhz Amerikanın payına düşən kokain viskidən daha zərərsizdir. Fentanilə gəlincə isə, bu, onları həqiqətən də öldürür", deyə kokainə tərif üstündən tərif deyir.

**

Əgər bir prezident narkotik marşrutuna nəzarət uğrunda ölkəni qan çanağına bulayırsa, başqa bir prezident kokaini bahalı içki kimi mədh edirsə, hansı ki, dövlət başçısının vəzifəsi dövləti qorumaqdır, burada sözlər yetərsiz qalır.

Belə görünür ki, istənilən ölkədə narkoticarətin vüsət almasının arxasında yüksək çinli rəsmilər durur. Bizə gəlincə, Azərbaycanda narkomaniyaya qarşı mübarizə Prezidentin rəsmi göstərişi ilə dövlət səviyyəsində gedir. Narkomaniyanın tam çökdürülməsi Azərbaycanın milli təhlükəsizlik məsələsi və hədəfidir. Amma bir halda ki, ölkədə narkotik alveri çökdürülə bilmir və "ölüm bazarı"nda tam gücü ilə şıdırğı alver gedir, demək, sözün mənfi mənasında "qalstuklu köstəbəklər" məqsədlərinə nail ola bilirlər. Amma hələlik...

Stopnarkotik.az